Qloballaşma və inteqrasiya ilə bağlı fəaliyyətlər 20-ci əsrin sonlarından etibarən bütün dünyada geniş yayılsa da, bu sahədə ən çox uğur qazanan qurumun Avropa İttifaqı olduğunu qeyd edə bilərik. Müxtəlif genişlənmə mərhələləri nəticəsində hazırda 28 ölkəni özündə birləşdirən birlik dünyanın ən önəmli iqtisadi və siyasi mərkəzlərindən biri hesab edilir. 1957-ci ildə yaradılan Avropa İqtisadi Birliyini rəsmiləşdirən Roma müqaviləsinin 237-ci maddəsində istənilən Avropa ölkəsinin birliyə üzvlük üçün müraciət edə biləcəyi göstərilirdisə, ötən zaman ərzində birliyin güclənməsi və maraq göstərən ölkələrin çoxalması səbəbiylə, 1992-ci ildə imzalanan və Avropa Birliyinin yaranmasını şərtləndirən Maastrixt sazişində birliyə üzv olmaq üçün tələb olunan kriteriyaların siyahısına Avropa ölkəsi olmaqla yanaşı, üzv ölkələr üçün azadlıq, demokratiya, insan hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi kimi prinsiplərin vacibliyi də əlavə edilmişdi.
Sazişin təsdiqlənməsindən sonra, 1993-cü ildə baş tutan Kopanhagen Zirvəsində birliyə namizəd ölkələrin üzvlük üçün müəyyən kriteriyaları yerinə yetirməsinin vacibliyi müəyyən edildi. Kopanhagen kriteriyaları adını alan həmin kriteriyalar siyasi, iqtisadi və qanunverici (?) (legislative) kriteriyalar olmaqla üç qrupa bölünür. Burada siyasi kriteriyalar dedikdə insan haqlarının və azlıqların hüquqlarının qorunması, hüququn aliliyini və demokratiyanın davamlılığını təmin edəcək siyasi sistemin qurulması, iqtisadi kriteriyalar dedikdə tələb və təklifin uzlaşdığı azad bazarın və qiymətlərinin sabitliyinin təmin edilməsi və Avropa Birliyi daxilində rəqabət apara bilmə potensialının yaradılması, qanunverici kriteriyalar dedikdə isə, birliyin qanunlarının, standartların və siyasətlərin effektivliyini təmin edən üzvlük öhdəliklərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Kopenhagen zirvəsində quruma üzv olmaq üçün cavab verilməsi gərəkli olan kriteriyalarla yanaşı, birliyə üzv ölkələrin yerinə yetirməsi tələb edilən kriteriyalar da müəyyən edilmişdir. Birliyə üzv ölkələrin Avropa İttifaqının İqtisadiyyat və Monetar Birliyinə daxil olması və Avronun tətbiqinə uyğunlaşdırılması məqsədiylə hazırlanan bu kriteriyalar Maastrixt Kriteriyaları adlandırılır. Bu kriteriyalar makroiqtisadi sabitliyin təmin olunmasına və birliyə daxil olan ölkələr arasında monetar gərginliklərin qarşısının alınmasına xidmət edir. Qeyd etmək lazımdır ki, həmin kriteriyalar Avropa İttifaqı Sazişinin (European Community Treaty) 121- ci maddəsinə əsaslanır və bəzən uyğunluq kriteriyaları olaraq da adlandırılır.
Bəzi hallarda, xüsusilə insan haqlarıyla bağlı məsələlərdə tərəflər fikir ayrılığı yaşasa da, Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olması hökümət rəsmiləri tərəfindən tez-tez vurğulanır. Bu istiqamətdə zaman-zaman müəyyən addımların atılması da müşahidə edilir.
Bəs Azərbaycan iqtisadiyyatının Maastrixt kriteriyalarına əsasən dəyərləndirilməsinin önəmi nədən ibarətdir və bu dəyərləndirmənin nəticələrinin hansı əhəmiyyəti var? Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti kriteriyanın tələblərinə cavab verirmi və uyğunsuzluqları ortaya çıxaran səbəblər nələrdir? Azərbaycanın avrointeqrasiya siyasətini sürətləndirməsi ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?
Yuxarıdakı sualları cavablandırmaq üçün ilk növbədə Maastrixt kriteriyalarınının tələblərini izah etməyə və Azərbaycanın malik olduğu göstəriciləri Avropa Birliyinə üzv və üzvlüyə namizəd olan ölkələrin nəticələri ilə müqayisə etməyə çalışmalıyıq. Eyni zamanda, kriteriyaların tələblərinə cavab verilməsinin Azərbaycan üçün Avropa İttifaqına üzv olmağın bir şərti olmaması, ancaq, iqtisadiyyatın həmin kriteriyaların tələblərinə uyğunlaşdırılmasının Azərbaycanın avrointeqrasiya prosesini asanlaşdıracağı və iqtisadiyyatda qeydə alınan struktur problemlərinin aradan qaldırılmasına təkan verməsi baxımından önəmli olması qeyd edilməlidir. Avrointeqrasiya siyasətinin sürətləndirilməsi ticarət məhdudiyyətlərinin aradan qaldırıldığı böyük bazara çıxış imkanını, yeni investisiya imkanlarını, böyük maliyyə bazarlarına və asan texnologiya transferlərinə çıxışı , qanunun aliliyinin və şəffaflığın təmin edilməsinə nəzərət edilməsini təmin etməsi baxımından ölkənin dayanıqlı inkişafına səbəb ola bilər.
Maastrixt kriteriyaları
Üzv və namizəd ölkələr Avro zonaya daxil olmaq üçün ölkə iqtisadiyyatları arasındakı fərqliliklərin aradan qaldırılmasına və qiymətlərin sabit saxlanılmasına xidmət edən aşağıdakı kriteriyaların tələblərinə cavab verməlidirlər:
1. İnflyasiya dərəcəsi. Bu kriteriyanın tələblərinə görə, namizəd ölkənin inflyasiya dərəcəsi birliyin bu sahədə ən yaxşı göstərəciyə malik 3 ölkəsinin inflyasiya göstəricisinin orta dəyərinin 1.5 % bəndindən çox ola bilməz.
2. Dövlət Maliyyəsi. Bu başlıq altında 2 göstəriciylə bağlı tələblərə cavab verilməlidir. Bunlardan ilki dövlət büdcəsinin kəsri ilə bağlıdır. Belə ki, bu kriteriyanın tələblərinə əsasən, dövlət büdcəsinin illik kəsri, illik ÜMD-in 3 faizindən çox olmamalıdır. Kriteriyanın digər tələbinə əsasən isə, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yol verilən maksimum həddi 60 %-ə bərabərdir.
3. Valyuta məzənnəsi. Bu kriteriyanın tələblərinə əsasən, müvafiq ölkə ardıcıl iki il Avropa Monetar Sistemi (EMS) çərçivəsində valyuta məzənnəsi mexanizminə (ERM II) qoşulmalı və bu müddət ərzində valyutası avroya qarşı devalivasiyaya uğramamalıdır.
4. Uzunmüddətli faiz dərəcəsi. Bu kriteriyaya görə, müvafiq ölkənin uzunmüddətli faiz dərəcəsi birliyin inflasiya sahəsində ən yaxşı göstəriciyə malik 3 ölkəsinin bu sahədəki göstəricilərinin orta dəyərindən maksimum 2 % bəndi çox ola bilər.
Cədvəl: Maastrixt kriteriyaları üzrə 2018-ci ilin sonuna olan məlumatlar əsasında göstəricilər (2018-ci ilin göstəriciləri ona görə istifadə edilib ki, bəzi ölkələrdə 2019-cu il üzrə bəzi göstəricilər hələ açıqlanmayıb).
Ölkələr
|
İnflyasiya dərəcəsi (%) | Büdcə kəsrinin ÜDM-ə nisbəti (%) | Dövlət borcunun ÜDM-ə nisbəti (%) | Uzunmüddətli faiz dərəcələri |
Göstəricinin tələb edilən həddi | 2.1 % | Max. 3% | Max 60% | 3.7% |
Avstriya | 2.0 | 0.1 | 73.8 | 0.7 |
Belçika | 2.1 | -0.7 | 102.0 | 0.8 |
Bolqarıstan | 2.8 | 2.0 | 22.6 | 0.9 |
Xorvatiya | 1.5 | 0.2 | 74.6 | 2.2 |
Kipr | 1.4 | 4.8 | 102.5 | 2.2 |
Danimarka | 0.8 | 0.6 | 34.1 | 0.5 |
Estoniya | 3.4 | -0.6 | 8.4 | – |
Finlandiya | 1.1 | -0.8 | 58.9 | 0.7 |
Fransa | 1.9 | -2.5 | 98.4 | 0.8 |
Almaniya | 1.7 | 1.7 | 60.9 | 0.4 |
Yunanıstan | 0.6 | 1.1 | 181.1 | 4.2 |
Macarıstan | 2.9 | -2.2 | 70.8 | 3.1 |
İrlandiya | 0.5 | 0.0 | 64.8 | 0.9 |
İtaliya | 1.1 | -2.1 | 132.2 | 2.6 |
Latviya | 2.5 | -1.0 | 34.2 | 0.9 |
Litva | 2.7 | 0.7 | 35.9 | 0.3 |
Lüksemburq | 1.5 | 2.4 | 21.4 | 0.6 |
Malta | 1.2 | 2.0 | 46.0 | 1.4 |
Hollandiya | 1.7 | 1.5 | 52.4 | 0.6 |
Polşa | 1.8 | -0.4 | 48.9 | 3.2 |
Portuqaliya | 1.0 | -0.5 | 121.5 | 1.8 |
Rumıniya | 4.6 | 2.88 | 35.0 | 4.7 |
Slovakiya | 2.5 | -0.7 | 48.9 | 0.9 |
Sloveniya | 1.7 | 0.7 | 70.1 | 0.9 |
İspaniya | 1.7 | -2.5 | 97.1 | 1.4 |
İsveç | 2.0 | 0.9 | 38.8 | 0.7 |
Böyük Britaniya | 2.3 | -1.5 | 86.8 | 1.5 |
Çexiya | 2.1 | 0.9 | 32.7 | 2.0 |
Çernoqoriya | 2.6 | 3.65 | 72.07 | – |
Ş.Makedoniya | 1.5 | 2.7 | 39.52 | – |
Serbiya | 2.0 | -0.6 | 53.8 | – |
Türkiyə | 16.3 | 1.9 | 56.7 | – |
Albaniya | 2.0 | 1.74 | 67.2 | 12.8 |
Azərbaycan | 2.3 | -0.38 | 19.0 | 9.8 |
Mənbə: Eurostat, OECD, European Central Bank
İnflyasiya dərəcəsi
2018-ci il üzrə nəticələrə baxdıqda, Azərbaycandakı inflyasiya dərəcəsinin kriteriyanın tələblərindən bir o qədər də geri qalmadığını müşahidə edirik. Ancaq, unutmaq lazım deyil ki, 2017-ci ildə Azərbaycanda orta illik inflyasiya səviyyəsi 12.9%, ərzaq məhsulları üzrə inflyasiya isə 16.4%-ə bərabər olmuşdu. Bu baxımdan, inflyasiya məsələsinin Azərbaycan iqtisadiyyatı üçün vacib sahələrdən biri olduğunu qeyd edə bilərik. Bu səbəbdəndir ki, Mərkəzi Bankın ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, “ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcəkdir”.
Azərbaycanda inflyasiya ilə bağlı danışarkən, pul siyasəti ilə bağlı məsələlərlə yanaşı, qeyri-monetar səbəblərə də toxunmaq lazımdır. Bunlardan iqtisadiyyatın yüksək inhisarlaşma səviyyəsini xüsusilə qeyd etmək olar. Bu səbəbdən mətbuatda və rəsmi ritorikada infyasiyanın yüksəlməsinin əsas səbəblərindən biri olaraq tez-tez “işbazlar”ın “süni qiymət artımı”na yol verməsi qeyd edilir. Bu baxımdan Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və ya avrointeqrasiya siyasətini dərinləşdirərək AB ilə Azad Ticarət Sazişi imzalaması kimi addımlar, yerli məhsulların xarici bazarlara daha rahat çıxışını təmin etməklə birlikdə, daxili bazarda inhisarlaşmanın qarşısını almağa da kömək edə bilər.
Dövlət maliyyəsi
Dövlət maliyyəsi başlığı altında nəzərdən keçirilən hər iki kriteriya üzrə Azərbaycan iqtisadiyyatının göstəriciləri tələb edilən həddə cavab versə də, bu məsələyə də yanaşmalar birmənalı deyil. Büdcə kəsirinin həcminin ÜDM-ə nisbətinin tələb edilən yuxarı həddi 3 faiz olsa da, 2018-ci ilin yekunlarına görə büdcə nəinki kəsrlə icra olunub, hətta, 2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti 307,6 mln. manat təşkil edib. Halbuki, 2018-ci ilin dövlət büdcəsi təsdiq edilərkən büdcənin 778.7 milyon manat kəsrlə icra olunacağı proqnozlaşdırılırdı. Bu rəqəm isə ÜDM-in proqnozlaşdırılan həcminə nəzərən (76.8 milyard manat) 1.01 faiz kəsr demək idi. 2018-ci il dövlət büdcəsi layihəsində neftin bir bareli 45 dollardan götürülsə də, il ərzində Azərbaycan neftinin orta qiymətinin 71.64 dollar olması büdcəyə gözləniləndən artıq gəlir daxil olmasına və büdcə kəsrinin profisitlə əvəz olunmasına şərait yaratdı.
Dövlət borcunun ÜDM-ə nisbəti rəsmi göstəriciyə görə 19 faiz olsa da, qeyd etmək lazımdır ki, 2015-ci ilin 1 yanvar tarixində bu göstərici 8.6 faizə bərabər idi. Qeyd edilən zaman ərzində dövlət borcu nominal ifadədə təxminən 11.5 milyard manat və ya 3 milyard dollar artım göstərmişdir. Müstəqil ekspertlər həm də Azərbaycanda xarici borcu hesablama qaydalarının dünya standartlarından fərqli olduğunu qeyd edirlər. Digər bir məsələ də, dövlət zəmanəti ilə alınan kreditlərlə bağlıdır. Belə ki, Azərbaycanda bir çox dövlət şirkətinin xarici borcları dövlət zəmanəti ilə götürülüb və beynəlxalq təcrübədə dövlət zəmanəti ilə götürülən kreditlər də dövlət borcunun tərkibinə daxil edilir. 2018-ci ilin əvvəlinə Azərbaycanın ümumi dövlət borcu 10 milyard 100 milyon ABŞ dolları, dövlət zəmanəti ilə götürülmüş kreditlərin həcmi isə 12 milyard 682 milyon ABŞ dolları olub. Beləliklə, qeyd edilən kateqoriyalar üzrə cəmi borcların həcmi 22.782 milyard dollardır ki, bu da ÜDM-un 55%-nə bərabərdir.
Valyuta məzənnəsi
Valyuta məzənnəsi haqqında kriteriyanın tələblərinə əsasən, müvafiq ölkə ardıcıl iki il Avropa Monetar Sistemi (EMS) çərçivəsində valyuta məzənnəsi mexanizminə (ERM II) qoşulmuş olmalı və bu müddət ərzində milli valyutanın avro qarşısındakı məzənnəsinin dəyişməsi müəyyən edilən faiz dərəcəsindən (±15%) yüksək olmamalıdır. Azərbaycan manatının bu zaman müddəti ərzində avro qarşısındakı məzənnəsinin sadəcə 4.3 faiz dəyişdiyini nəzərə alaraq kriteriyanın tələblərinə cavab verdiyini deyə bilərik. Ancaq, 2015-ci il ərzində manatın iki dəfəyə yaxın dəyər itirməsi Azərbaycan valyutasının məzənnəsinin davamlılığı ilə bağlı sualları gündəmə gətirmişdi. Mərkəzi Bank üzən məzənnəyə keçid istiqamətində işlər görüldüyünü bildirsə də, iqtisadiyyatının hazırkı strukturu, və mövcud maliyyə sistemi sərbəst üzən məzənnəyə keçidi mümkünsüz edir. İqtisadiyyatın hazırkı strukturu dedikdə, əsasən ölkənin qeyri-resurs ixracat potensialının son dərəcə məhdud olması, tədiyyə balansının ümumi saldosunda, eləcə də cari hesablar balansının saldosunda defisitin yaranması riskinin yüksək olması nəzərdə tutulur.
Uzunmüddətli faiz dərəcəsi
Uyğunluq meyarları haqqında Protokolun 4-cü maddəsinə əsasən, uzunmüddətli faiz dərəcələri, milli fərqlər nəzərə alınmaqla uzunmüddətli dövlət istiqrazları və ya qiymətli kağızlar əsasında ölçülür. Azərbaycan qanunvericiliyinə görə, uzunmüddətli istiqrazlar dedikdə tədavül müddəti 5 il və daha artıq müddətdə olan istiqrazlar başa düşülsə də, Mərkəzi Bankın müvafiq statistikasında və Bakı Fond Birjasının məlumatlarında, 2018-ci ildə sadəcə bir, iki və üç il müddətinə tədavülə buraxılan dövlət istiqrazları haqqında məlumat yerləşdirildiyindən, Azərbaycanın cədvəldə qeyd edilən göstəriciləri, sadəcə üç illik müddətə tədavülə buraxılan dövlət istiqrazlarının orta ölçülmüş gəlirliliyi əsasında hesablanmışdır. Hesablanmanın nəticəsində Azərbaycandakı faiz dərəcələrinin kriteriyalarının tələblərindən bir neçə dəfə çox olduğu görülür.
Azərbaycan iqtisadiyyatının malik olduğu göstəriciləri Maastrixt kriteriyalarına əsasən dəyərləndirdikdə dövlət borcunun ÜDM-ə olan nisbətinin artımı və faiz dərəcələrinin yüksək olması əsas təhlükəli məqamlar olaraq müşahidə edilir. İnflyasiya göstəricisin rəsmi rəqəmlərə görə nisbətən aşağı olması və milli valyutanın məzənnəsinin müvafiq zaman ərzində dəyişməz qalması nisbi üstünlüklər kimi qəbul edilsə də, nəzərə almaq lazımdır ki, hər iki göstərici yüksək neft qiymətləri ilə birbaşa əlaqəlidir və dünya enerji bazarlarındakı ucuzlaşma təhlükələri bu göstəricilərin stabilliyini sual altında qoyur. Dayanıqlı inkişafı təmin etmək üçün gərəkli institutisional islahatların həyata keçirilməsi və idarəetmənin, qərar qəbuletmə sisteminin keyfiyyətinin artırılması da vacib məsələlər sırasındadır. Bu baxımdan, Avropa Birliyi ilə yaxınlaşma siyasəti özündə hüququn aliliyinin və demokratik prinsiplərin qorunmasını, iqtisadi azadlıqları, digər birlik ölkələri ilə rəqabət aparabilmə potensialının yaradılmasını, siyasət mexanizmlərinin keyfiyyətinin yüksəldilməsini tələb edir ki, istər bu standartların qarşılanması, istərsə də, inteqrasiya prosesinin dərinləşdirilməsi nəticəsində yeni bazarlara rüsumsuz çıxış imkanının əldə edilməsi, maliyyə və texnologiya transferlərinin asanlaşması, investisiya mühitinin əlverişliliyinin artması, qrantların və yardımların əldə edilməsi kimi bir çox məsələlər də, Azərbaycanda qarşıda duran iqtisadi problemlərin həllinə və dayanıqlı inkişafın təmin edilməsinə kömək edə bilər.