Tələbəlik ömrün ən əhəmiyyətli illəridir. Bu əhəmiyyətli dövr özündə tələbənin gələcəyini müəyyənləşdirir. Tələbə adını qazanan adamı çox vacib döngələr gözləyir, fərəsəti olanlar bu döngələri vaxtında dönür, fərəsətsiz olanlar isə döngənin tininə çırpılaraq yerə dəyir. Mən Azərbaycanda iki üniversitet bitirmişəm. Mənə elə gəlir ki, lazimi döngələrdən dönə bildiyimdən, indi tələbələrə bəzi məsləhətlər verməyə haqqım var. Amma hələ səbrli olaq. Məsləhətlərimi sonda yazacam. Odur ki, zəhmətdən keçib, sona qədər oxuyun.
Dövlət İmtahan Mərkəzinin ixtisas seçiminin nəticələrini açıqladığı bu günlərdə, məncə, yazım yerinə düşəcək, təbii ki, yazının yerinə düşüb düşməyəcəyinə oxucular qərar verir, mən öz sübyektiv fikrimi bildirdim. Ekstarsenslikdə də gözüm yoxdu.
Hər il təxminən bu ərəfələrdə sosial şəbəkələrdə universitetlər öz rəsmi hesablarında belə statuslar paylaşır.
“Universitetimizə qəbul olan tələbələr bu statusun şərh bölməsində istədikləri sualları yaza bilərlər, cari tələbələrimiz onların suallarını cavablandıracaq”
Statusun altında isə çox ibtidai, hətta iyrənc deyə təsnifatlandıracağımız şərhlər yazılır. Məsələn
“Allah qapıvızı açsın” “Bura bir girən, bir də çıxan sevinir” “Filan ixtisas düşənlərə allah səbr versin” “Gəlin, gəlin))”
Düşünürəm ki, universitet rəhbərliyi bu tip şərhlərdən, əsla narahat olub, utanmırlar. Özlərini məzəmmət etmirlər ki, niyə özümüzü, universitetimizi tələbələrimizə sevdirə bilməmişik. Axı ən azından buna borcluyuq, heç olmasa, bizə hörmət edəydilər. Təhsil elə bir sahədir ki, tərəflər arasında qarşılıqlı hörmət olmalıdır. Universitetə pul ödəməyən tələbələrin belə davranışı hardasa, başa düşüləndi. Çünki Azərbaycanda pul bərabərdir hörmət.
Ödənişli əsaslarla təhsil alan tələbələr isə, ümumiyyətlə, universitetə tamam başqa gözlə baxır, onlar genetik olaraq, pul ödədikləri hər şey kimi, bundan da, zövq və xeyir almaq əvəzinə, özlərini sürüyə qoşurlar. Universitetə pul ödəyirlər, dərs oxumurlar. Universitetə pul ödəyirlər bir qram məsuliyyət hiss eləmirlər. Universitetə pul ödəyirlər, keflərindən qalmırlar. Belə olan halda da, universitet rəhbərliklərinin özlərini günahkar saymamaqları anlaşılandır.
Universitet rəhbərlikləri bu tip şərhləri öz güclərini təzahürü kimi yozurlar. Onlar hakimiyyətdən zəhərləniblər. Bu tip şərhlər universitet rəhbərliyinin tələbələr üzərindəki sonsuz və qəddar hakimiyyətini gözlər önünə sərir. Bu tip şərhlər yeni tələbə adını qazanmış adamı mühitə hazırlayır. Yeni tələbə adını qazanmış adam da növbəti il bu şərhlərdən birini yazmaq üçün universitetdə istismara və loru dildə deyim qaz kimi yolunmağa razılıq verir. Elə bilir ki, belə də olmalıdır. Tələbə universitetdə qaz kimi yolunmalı, istismar olunmalıdır. Onun hər hansı bir hüququ, haqqı yoxdu. Axı o yazıq tələbəliyi eyş-işrət periodu, universiteti hərəmxana, dekanı da şah bilir. Əlbəttə, bəzi ləzzətlər üçün bədəl ödməyə hazır olmaq lazımdır.
Tələbənin universitetdə qaz kimi yolunmasına nümunə kimi bir hadisəni danışacam. Mən Azərbaycan Dillər Universitetinin magistr şöbəsinə qəbul olduğum il, Covid 19-a görə dərslər qəfildən, heç bir rəsmi açıqlama olmadan online rejimə keçdi. Brifinqlərin birində dedilər ki, kim istəyir dərsə qoşulsun, kim istəyir dərsə qoşulmasın. Qərarın heç bir rəsmiliyi olmadığından mən və mənim kimi bir çox tələbə dərslərə qoşulmadı. Nəyə görə qoşulmadıq, bu, artıq öz işimizdi. Əsas odu ki, bizim dərsə qoşulmamağımız qanuna zidd deyildi. May ayının son həftəsində Təhsil Nazirliyi könüllülük prinsipinə əsaslanan, yarımçıq semesterin imtahanlarını keçirməyə qərar verdi. Bu qərara etiraz üçün bir petisiya başlatdım, ərkim çatan tələbə yoldaşlarıma bu petisiyanı imzalamağı təklif etdim və demək olar ki, hamsı boyun qaçırdı. Petisiyanın məzmununu bura yazmaq fikrim yoxdu, sadəcə, onu deyə bilərəm ki, orda təhsil haqqını ödəməmək bəndi belə var idi. Axı, distant təhsil və əyani təhsil eyni qiymətə ola bilməz. Amma azərbaycanlı tələbələr iştirak eləmədiyi dərslərə görə pul veməkdə, qaz kimi yolunmaqda israrlı idilər. İndi reallıq hissini itirməyən oxucular deyirlər ki, güya o petisiya ilə nə olacaqdi ki, kimdi petisiyanı diqqətə alan? Bunu mən də bilirəm amma mövzu o deyil, mövzu Azərbaycan tələbəsinin qaz kimi yolunmaq sevdasıdır.
Bu ölkədə tələbə hələ universitetə qəbul olduğu ilk dəqiqələrdə realığı bütün çılpaqlığı ilə dərk edir. O universitetə, az qala ötən ilin tələbəsi kimi onu nəyin gözlədiyindən xəbərdar gedir. Sadəcə, etika və həya xətrinə özünü yeni sima kimi göstərir. Mərtəbələri qarışdırır, büfetdə nəsə alanda utanır, tualetin yerini soruşur və s. Amma dekanı görən kimi iki qat olur, kostyumlu tələbə görəndə ona həsəd aparır. Bunlar artıq bizim tələbələrin prototip keyfiyyətləridir.
Söz söhbət gəzir ki, bu dərs ili də distant təşkil olunacaq. Ətrafımdakı, sosial şəbəkədəki tələbələr baxıram hamı razıdır. Bütün tələbələr bu qərara ürəkdən sevinir. Çünki bizim tələbələr üçün dərs əhəmiyyətsiz bir prosesdir, onu Timsdə də, sinifdə də keçmək olar. Bir neçə distant təhsil həvəskarı dostumdan soruşdum ki, nəyə görə əyani təhsil yerinə distant təhsilə üstünlük verirlər, cavablar məni zərrəcə təəccübləndirmədi. Tələbələr ona görə distant təhsilə üstünlük verirlərmiş ki, balları əyani təhsildəkindən qat-qat yuxarı yazılır və bu, onlara sərf edir. Onların bəzisi təqaüdə düşür, bəzisi xaricidə təhsil üçün ortalama balı yüksəldir. Qısacası, tələbə distant təhsillə oxumadan bal alır özü də yüksək bal, universitet bu balları yazıb sistemin gözündə xal qazanır, yəni, alan razı satan razı. Universitetlər öhdəliklərinə düşəni sorğulamayan tələbələr istehsal edir, tələbə də pula ya da xaricdə yaşamağa görə nə təklif edirlər razı olur. Vəziyyət belədir. Yəni, ümidsiz.
İndi ilk abzası tamamlayaq. Yeni tələbə adını qazananlara məsləhətlərim aşağıdakılardır. Onlara əməl edin, az-maz maraqlı tələbəlik yaşayın, yazıqsız.
- Sizə maraqlı gələn dərsləri oxuyun. Onsuz da ixtisasınız üzrə işləməyəcəksiniz, heç olmaya sevdiyiniz mövzülardan danışa bilin.
- Dərslərdən qalmayın. Üniversitetlərdə həmişə maraqlı nəsə baş verə bilər. Baş verənlərdən siz də xeyir tapa bilərsiz.
- Sevgili tapmağı dərd etməyin. Çox güman ki, universitet bitəndən sonra tapdığınız sevgilidən ayrılacaqsınız.
- Universitetdə yaxşı dostlar tapın.
- Əyləncəyə çox pul xərcləməyin, özünüzü yay tətilinə saxlayın.
- Dörd ilə heç olmaya 40 kitab oxuyun.
- Məzun günündə iştirak edin, şəkillər çəkdirin, utanmırsızsa, qol-qanad qaldırıb oynayın.
- Özünüzə bir sevimli müəllim seçin. Bu, çox vacibdi.
- Dekanlıqla bir dəfə dalaşın.
- Tələbə olmağın məsuliyyətini dərk edin. Özünüzü Marksla, Eynşteynlə, Mendeleyevlə, Tolstoyla, Pifaqorla, Darvinlə bir dəyərlərin daşıyıcısı kimi aparın. Bu, sizə əlavə məsuliyyət yükləyəcək, yavaş-yavaş sizdən əsl tələbə olacaq.
Ümidvaram ki, tələbələrimiz yuxarıdakıları diqqətlə oxuyub nəticə çıxara biləcək, əks halda, onlar auditoriyada “kurtka” ilə oturan avam və səviyyəsiz tələbələr sırasında olacaqlar. Onlar isə lənətlənmişlərdir.