Xankəndi haqqında ilk məlumat 1797-ci ildə Ağa Məhəmməd Şah Qacarın hücumları zamanı məlumat verilir. O zaman İbrahimxəlil xanın yaylağı olan Xankəndidə Qacar dövləti ilə Qarabağ xanlığı arasında həlledici döyüş baş vermişdi. Qalib gələn Ağa Məhəmməd Şah Qacar xanlığın önəmli şəxslərini Xankəndidə edam elətdirmişdi (Novitski,1851:431). Bura kənd kimi Qarabağ xanı Mehdiqulu xanın hakimiyyəti illərində əsası qoyulub (Qeybullayev,1986:61). Qarabağ xanlığının ləğv edilməsindən sonra Çar hakimiyyəti bu kəndi xanın həyat yoldaşı Pəricahan bəyimə hədiyyə etdi. Erməni mənbələrində isə Xankəndinin əsl adının Vararakn olduğu qeyd olunub. Erməni əsilli amerikalı tarixçi Robert Hyusen öz yazdığı kitabda kəndin adının 1847-ci ildə dəyişdirildiyini iddia edib (Hewsen,2001:265). Lakin bu iddia tamamilə əsassızdır. Dövrün heç bir Çar mənbəsində Vararakn adlı kəndə rast gəlinmir. Bunu hətta bəzi erməni tarixçiləri də etiraf edib (Balayan,2020:13). 1823-cü ildə general Yermolovun əmri ilə tərtib edilmiş Qarabağ quberniyasının təsviri əsərində kəndin adının Xankəndi olaraq qeyd edilməsi bu iddianı tamamilə yalanlayır. 1823-cü ildə əsası qoyulmuş Xankəndi 25 evdən ibarət idi. Bunlardan sadəcə 3-ü ərazidə yaşayan köhnə sakin idi, 17 ev yeni tikilmişdi (Moqilevski, 1866:291).
Kəndin ərazisi 1847-ci ildən etibarən böyüməyə başladı. Bura Sunjin alayının dislokasiya yeri kimi nəzərdə tutulmuşdu (Məmmədov,2011:37-38). Qısa müddətə Xankəndidə kazarma, qərargah, yaşayış evləri, kilsə tikilməyə başladı. Əraziyə Rusiyadan xeyli rus ailəsi gətirildi. Kəndin böyüməsi ilə bura Kərkicahan, Şuşa, Bəhlul, Aşağıkənd və Ballıcadan 60 erməni ailəsi köçdü. (Balayan, 2020:15). Ərazidə Zəngəzurdan olan erməni ailələri də məskunlaşdı (Qeybullayev,1986:61). Çar Rusiyası dövründə Xankəndidə rus əhali arasında nəzərə çarpacaq artım olmadı. Əhalinin əksəriyyətini təşkil edən əsgərlər xidmətlərini başa vurduqdan sonra buranı tərk edirdilər. Sadəcə Xankəndiyə köçürülən molokan əhalidə müəyyən artım müşahidə olunurdu (Kozlov,1995:136). Kənd get-gedə böyüdü və erməni, rus əhalisindən ibarət yaşayış məntəqəsinə çevrildi. Bir müddət sonra ətraf ərazilərdən Xankəndiyə azərbaycanlılar yerləşməyə başladı. Bununla belə, onların sayı nəzərə çarpacaq dərəcədə az idi. 1875-ci ildə Xankəndinin əhalisinin əksəriyyəti ermənilərdən təşkil olunmuşdu. Yerli əhalinin əsas məşğuliyyəti üzümçülük və şərabçılıq idi (Zeydlitz,1875:472).
Xankəndi 1905-1920-ci illərdə
20-ci əsrin əvvəllərində Xankəndidə əhalinin sayında bəzi dəyişikliklər baş verdi. Azərbaycanlılar sayca artaraq rusları keçdi. Bu dövrdə Çar Rusiyasında baş verən proseslər Zaqafqaziyaya öz təsirini göstərdi. Rusiyanın 1905-ci ildə Yaponiyaya məğlub olmasından sonra ölkədə böyük etirazlar başladı. Zaqafqaziyada vəziyyətin nəzarətdən çıxması ermənilər və azərbaycanlılar arasında toqquşmalarla nəticələndi. Bu toqquşmalardan biri də Xankəndidə yaşandı. Həmin hadisələri kənddə yaşayan erməni sakin Ohannes Apresyan belə xatırlayırdı: “Şuşa şəhərinin sakinləri də mənim kəndim Xankəndi kimi yarı türk və ermənilərdən ibarət idi. Qarışıqlıq vaxtı məktəbə gedə bilməmişdim, evdə oturmuşdum. Türk qulluqçularımız qaçdıqları üçün fermamızda iş dayanmışdı. Asayiş bərpa olunanda Şuşaya baxmağa getdim. Şəhərin türk məhəlləsində dağıntı qalıqlarından başqa heç nə qalmamışdı. Xankəndindəki türk məhəlləsi də bu vəziyyətdə idi” (Hartill,1990:18).
Bu hadisələr nəticəsində Xankəndidəki əhalinin sayı 282 nəfərə kimi azaldı. Qısa müddət sonra regionda sürətli artım başladı. Birinci dünya müharibəsi ərəfəsində artıq regionda 1550 nəfər yaşayırdı və ilk dəfə olaraq azərbaycanlılar sayca erməniləri keçdi. Lakin 3 il sonra regionda başlayan qarışıqlıq kəndə ikinci ağır zərbəni endirdi. Rusiyada baş verən inqilabdan sonra region erməniləri Dağlıq Qarabağ Milli Şurasını (DQMŞ) yaratdılar. Onların məqsədləri Ermənistan respublikanının tərkibinə daxil olmaq idi. 1918-ci ilin yay aylarında regionda baş verən müharibələr və qarşılıqlı etnik təmizləmə ərazidə böyük dağıntılara səbəb oldu. İngilislərin Azərbaycana gəlməsindən sonra təşəbbüsü ələ alan Müsavat bölmələri 1919-cu ilin yanvarın 27-də Xankəndiyə daxil oldular (Balayan,2020:20). Azərbaycan Ordusunun Qarabağda əsas qarnizonu Xankəndiyə köçürüldü. Bu qarnizona Davud bəy Yadigarov rəhbərlik edirdi (Mahmudov, 2004:439).
Xosrov bəy Sultanovun bölmələri 1919-cu ilin yaz aylarında DQMŞ bölmələrini ağır məğlubiyyətə uğratdı. Beləliklə, 1919-cu ilin avqustun 22-də DQMŞ muxtar formada Azərbaycan tərkibində qalmağa razı oldu. 1920-ci ilin fevralında Xosrov bəy Sultanov Qarabağın statusuna xitam vermək qərarına gəldi. O, Qarabağın Azərbaycana tam inteqrasiyası məsələsini müzakirə etmək üçün Şuşada DQMŞ-nin 8-ci məclisini çağırdı. Məclisin toplanmasına az qalmış, fevralın 22-də Xankəndidə Azərbaycan əsgərinə aid olduğu güman edilən meyitin tapılmasından sonra vəziyyət gərginləşdi. Belə bir şəraitdə 8-ci məclisə gedən erməni nümayəndələrindən bəziləri Şuşaya getmək əvəzinə yaxınlıqdakı Şuşakənd kəndində toplandı. Nəticədə tamamilə fərqli iki qətnamə çıxarıldı. Şuşadakı nümayəndələr Sultanovun təzyiqi ilə Azərbaycana inteqrasiya haqqında razılıq verdilər, erməni emissarların başçılığı ilə Şuşakənddəki nümayəndələr isə bunu rədd etdilər (Saparov,2014:94). Həmin nümayəndələrin təhriki ilə erməni dəstələri 1920-ci ilin mart ayında Azərbaycan hökumətinə qarşı üsyan təşkil etdilər. Həmin üsyan zamanı erməni dəstələri Xankəndidəki qarnizonu mühasirəyə alaraq Azərbaycan ordusuna təslim olmaq barədə ultimatum verdilər. Lakin ultimatumu rədd edən AXC qarnizonu əks-hücuma keçərək mühasirəni yara bildi. Döyüş zamanı erməni dəstəsinin lideri Aleksan Balasanyan öldürüldü (Balayan,2020:20).
Gəncədən gələn digər qoşunların köməyi nəticəsində üsyan yatırıldı. Bu döyüşlər zamanı Şuşa demək olar ki, tamamilə, Xankəndi isə qismən dağıldı. Həmin dövrdəki vəziyyəti Ohannes Apresyan belə xatırlayırdı: “Doğulub boya-başa çatdığım və məktəbə getdiyim Şuşa şəhərinə gəldim. Şəhərin vəziyyəti məni kədərləndirdi. Şuşanın böyük bir hissəsi tamamilə xarabalığa çevrilmişdi. Ətrafda türklərdən başqa heç kim yox idi. Çox kədərlə düşünürdüm ki, burada yaşayan insanların taleyi necə olub. Burada yaşayan türklərə özümü göstərməyə cəsarət etmədən, tərk edilmiş bir evin xarabalığında gecələdim. Ertəsi gün səhər günəş çıxanda yenidən yola düşdüm. Öz kəndim olan Xankəndiyə çatanda axşam idi. Kənd mənə boş görünürdü. Evlərin çoxu, o cümlədən atamın evi dağılmışdı.” (Hartill,1990:272).
Mart üsyanından sonra ölkədə siyasi vəziyyət dəyişdi. 1920-ci ilin aprelində Bakıda həyata keçirilən çevriliş nəticəsində iqtidara bolşeviklər gəldi. Yeni qurulan Azərbaycan SSR bölmələri 1920-ci ilin may ayında Şuşa və Xankəndiyə daxil oldu. Bu dövrdə Xankəndidə əhali 5 dəfə azalmışdı. Yarıdağılmış kənddə 300 nəfər yaşayırdı (Koçaryan,1925:46). Xankəndi 1 il sonra Dağlıq Qarabağla bağlı Azərbaycan SSR və Ernənistan SSR arasındakı mübahisə zamanı əsas predmet kimi ortaya çıxdı. 1921-ci ilin iyununda Dağlıq Qarabağ muxtar formada Azərbaycan SSR tərkibində saxlanılsa da mərkəz məsələsi bir müddət problemli məsələ kimi gündəlikdə qaldı. Şuşa şəhəri tamamilə türkləşdiyi üçün ermənilər mərkəz kimi Xankəndini seçdilər. Kəndə erməni bolşevik Stepan Şaumyanın adı verildi. Azərbaycan SSR hökuməti həmin dövrdə şəhərin rəsmi adını Stepankənd kimi qeyd etsə də bir müddət sonra ermənilər bunu Stepanakert olaraq dəyişdirə bildilər (Həsənli,2011:169).
Şəhər statusunun verilməsi və inkişafı
MVDQ (Muxtar Vilayət Dağlıq Qarabağ) qurulduqdan sonra Stepanakert şəhəri sürətlə inkişaf etməyə başladı. Yaşayış məntəqəsinin ümumi ərazisi 1667,21 hektara kimi böyüdü. (Ghahramanyan,2015:19). İlkin dövrlərdə Stepanakert şəhəri Xaçın rayonunun mərkəzi olub. Bu rayonda 1921-ci ildə 34.355 nəfər yaşayırdı. Onlardan sadəcə 1285 nəfəri azərbaycanlı idi. Stepanakert şəhərinə yaxın olan Kərkicahan kəndi ərazidə azərbaycanlıların yaşadığı əsas məntəqə hesab olunurdu (Moqilevski, 1866:78). 1926-cı ildə Stepanakert şəhərinin əhalisi 3189 nəfərə yüksəldi. Şəhərin 85,4%-ni erməni, 10,8%-ni azərbaycanlılar təşkil edirdi. Şəhərdə əhalinin artması onun mədəni və iqtisadi inkişafı ilə paralel gedirdi. Həmin il memar Aleksandr Tamanyanın rəhbərliyi altında Stepanakertin planı təsdiqləndi. Şəhərdə yeni tekstil fabrikləri, zavodlar açılmağa başladı. 1932-ci ildə Bakıda fəaliyyət göstərən erməni teatrının aktyoru Karo Alvaryan Maksim Qorki adına Stepanakert Dövlət Dram Teatnnı təşkil etdi. Həmin teatr 1932-ci ilin avqustun 11-də Vaqarş Vaqarşyanın “Mühasirə” pyesi ilə açıldı. 1933-cü ildən isə teatra Vaqram Papazyan rəhbərlik etməyə başladı. Şəhərin inkişafı o dövrdəki Azərbaycan SSR liderlərinin gözündən qaçmırdı. Mircəfər Bağırovun çıxışlarından birində bu məsələyə toxundu: “Keçmişdə Xankəndi adlanan bugünki Sovet Stepanakertinə bir nəzər salın. Doğrudur, onun əhalisi o qədərdə çox deyil, çoxmilyonlu şəhərə çevrilməyib, cəmi 15.000 əhalisi var. ancaq mən arzu edərdim ki, İsveçrənin ən gözəl şəhəri bugünkü Stepanakertə bənzəsin.” (Məmmədov, 2008:133).
Böyük Vətən müharibəsindən sonra şəhərdə iqtisadi və mədəni inkişafı daha da sürətləndi. Yeni beton, elektrotexnika, ipək fabriklərı açıldı. 1961-ci ildə Kərkicahan kəndinin Stepanakertə birləşdirilməsi ilə şəhərdəki azərbaycanlı əhalinin sayında artım müşahidə olundu. 1959-cu ildə azərbaycanlılar Stepanakert şəhərinin 5,9%-ni təşkil edirdisə 1979-cu ildə bu rəqəm 9,1%-ə kimi yüksəldi. 1960-cı illərə qədər şəhərdə texnikum olsa da ali dövlət müəssisəsi yox idi. Bu geriliyi aradan qaldırmaq üçün 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Stepanakert filialı açıldı. 1973-cü ildə filial müstəqil pedaqoji instituta çevrildi. İnstitutda erməni, Azərbaycan və rus bölmələri fəaliyyət göstərməyə başladı. Şəhərdə böyüdüyü üçün memar Dadaşyanın rəhbərliyi altında yeni plan tərtib edildi. 1960-cı ildə memar Həsən Məcidovun layihəsi əsasında mərkəzi Lenin meydanı olmaqla vilayət partiya komitəsinin binası, 1972-ci ildə memar Nəsrulla Kəngərlinin layihəsi əsasında vilayət icraiyyə komitəsinin binası istifadəyə verildi (“Azərbaycan” qəzeti, 26.12.2013:11). 1978-ci ildə Stepanakert şəhəri Əsgəran rayonunun tərkibindən çıxarıldı və respublika tabeli şəhərə çevrildi (Ghahramanyan,2015:19).
1 il sonra Ağdamdan Stepanakertə dəmiryolu xətti çəkildi. 1970-1985-ci illərdə Stepanakert şəhəri dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə təkcə Bakı və Sumqayıt şəhərlərindən geridə qalırdı. (Məmmədov,2011:81). Həmin dövrdə əhalinin sayına görə Gəncə Stepanakertdən altı dəfə böyük olmasına baxmayaraq büdcədən daha az vəsait almışdı. Bu, Azərbaycan SSR rəhbərliyinin DQMV paytaxtına olan diqqətini göstərirdi. Lakin iqtisadi inkişaf separatçı əhval ruhiyyəni azaltmaq əvəzinə daha da artırdı. Bunun üçün münbit şərait 1988-ci ildə yetişdi.
Stepanakert 1988-1991-ci illərdə
SSRİ KP MK-nin Baş katibi Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra başlatdığı “yenidənqurma” ideologiyası ilə totalitar respublikanın dayaqlarını sarsıtdı. “Aşkarlıq” siyasətinə keçidlə birlikdə ölkədə yaranan liberal mühitdən millətçilər istifadə etdi. Miatsum hərəkatı 1987-ci ildə başladı. Stepanakert şəhərindəki bu qrupa Arkadi Karapetyan rəhbərlik edirdi. 1987-ci ilin avqustunda DQMV ərazisində 75 min nəfərin imzası toplanıldı və Mixail Qorbaçova göndərildi. 1988-ci ildə Qarabağdakı ictimai-siyasi elita tamamilə dəyişmişdi. Fevralın 11-də Stepanakert şəhərində ermənilərin böyük mitinqi keçirildi, nümayişdə DQMV-nin Ermənistana birləşdirilməsi tələb edildi. 1 gün sonra Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov, 2-ci katib Vasili Konovalov və DQMV vilayət komitəsinin sədri Boris Kevorkov prosesə mane olmaq istəsələr də buna nail ola bilmədilər. Artıq irredentist hərəkat tam istəyinə çatmışdı. İlk dəfə olaraq fevralın 14-də Qarabağda yaşayan azərbaycanlılara təzyiq edilməsinə başlandı. Stepanakertdə vəziyyətin pisləşməsi ilə əlaqədar 4 gün sonra azərbaycanlıların bir qismi ərazidən çıxarıldı. Deputatların tələbi ilə fevralın 20-də DQMV Vilayət şurasının növbədənkənar sessiyası çağırıldı və böyük səs çoxluğu ilə (110 lehinə, 17 əleyhinə, 13 bitərəf) olmaqla DQMV-nin Ermənistana birləşdirilməsi üçün hər iki respublikanın Ali Soveti qarşısında vəsatət qaldırıldı (Cornell,1999:14). Stepanakert şəhərindəki pedaqoji institutun azərbaycanca sektoru fəaliyyətini tamamilə dayandırdı. Həmin günlərdə institutda oxuyan iki azərbaycanlı qızın zorlanması vəziyyəti daha da pisləşdirdi (De Vaal,2008:24).
Bu hadisə münaqişədə ilk ölümlə nəticələnən hadisəyə – Əsgəran toqquşmasına gətirib çıxardı. SSRİ rəhbərliyinin passivliyi ilə vəziyyət tamamilə nəzarətdən çıxdı. Yalnız Sumqayıt hadisələrindən sonra Moskvanın münaqişədə rolu hiss edilməyə başladı. Mərkəz Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırovu vəzifədən kənarlaşdırdı və onun yerinə Əbdürrəhman Vəzirovu təyin etdi. Erməni siyasətçilərin və ziyalıların davamlı təzyiqinə baxmayaraq Mixail Qorbaçov fevralın 20-də qəbul edilmiş aktı qəbul etmədi. Sov.İKP MK Politbürosunun 6 iyun 1988-ci il tarixli iclası zamanı Qorbaçov bu açıqlama ilə yadda qaldı: “DQMV-nin sadəcə olaraq Azərbaycan SSR tərkibində muxtar respublika statusuna yüksəldilməsi mümkündür. Ermənistanın tərkibinə verilməsi isə müzakirə mövzusu belə ola bilməz. Bu addım soyqırım deməkdir. Status məsələsi isə Azərbaycanla danışılmalıdır.” (Daşdəmirov,2008:148).
Bu çıxışdan 8 gün sonra Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi haqqında DQMV Xalq Deputatları Sovetinin xahişini rədd etdi (Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu, 1989:62-63). Həmin addım DQMV rəhbərliyini daha da radikallaşdırdı. Əraziyə SSRİ DİN Daxili qoşun bölmələrinin gətirilməsi vəziyyəti nisbətən sabitləşdirsə də bu vəziyyət çox qısa müddət davam etdi. Azərbaycan SSR və Ermənistan SSR rəhbərliyinin birbaşa danışıqları uğursuz nəticələndiyi üçün mərkəz sərt tədbirə əl atdı. 1989-cu il yanvarın 12-də Sovet rəhbərliyi Azərbaycan SSR-lə məsləhətləşmədən Qarabağda “xüsusi hökumət idarəsi” tətbiq etmək qərarına gəldi. Beləliklə, bölgənin hüquqi cəhətdən Azərbaycana mənsub olması ilə bağlı heç bir dəyişiklik edilməsə də, region birbaşa Moskvanın nəzarətinə keçdi. DQMV lideri Henrix Poqosyan milliyyətçi olduğu üçün vəzifədən kənarlaşdırıldı. Moskvanın münaqişədə vasitəçisi Arkadiy Volski vilayət müvəqqəti hökumətinin başçısı təyin edildi (Cornell,2005:72).
Azərbaycan SSR rəhbərliyi bu qərara soyuq yanaşdı, lakin Stepanakert qaçqınlarının şəhərə geri qaytarılacağını ümid etdiyi üçün etiraz etmədi. Ancaq Xüsusi komitə özünü doğrultmadı. Volskinin mətbuat katibi Vadim Bırkin həmin dövrü belə xatırlayır: “Ermənilər və azərbaycanlılar demək olar ki, hər bəhanəyə görə mübahisə edirdilər. Misal üçün, “kim quyudan istifadə edə bilər, kim istifadə edə bilməz?” Məsələn, Kərkicahanda yerli azərbaycanlılar bunu həmkəndli ermənilərə qadağan etmişdilər. Və ya “bu yolla kim gedə bilər, kim gedə bilməz?” Bu cür mübahisəli məsələlər vəziyyəti daha da gərginləşdirirdi. Bir dəfə Volski məni bu işi araşdırmaq üçün Kərkicahana göndərdi. Mən fotoaparat götürdüm və sakinlərin quyudan istifadə etmək imkanını araşdırmağa getdim. Azərbaycanlılar mənə hücum etdilər, fotoaparatı alıb, lenti məhv etdilər.” (De Vaal,2008:286).
1989-cu ilin yay aylarında açıq şəkildə silahlı qarşıdurmalar yaşandı. İyulun 6-dan 7-nə keçən gecə Kərkicahanda bir neçə saat ərzində ov silahlarından atışma başladı, ermənilər azərbaycanlılar yaşayan evləri yandırmağa cəhd etdi. Bu hadisədən sonra qadın və uşaqların çox hissəsi Stepanakertdən çıxarıldı. Həmin atışma zamanı 1 erməni, 2 azərbaycanlı yaralandı. Silahlanmış ermənilər 4 gün sonra odlu silahla 3 nəfər azərbaycanlını qətlə yetirdi (Daşdəmirov,2008:153-154). Əhali qorxuya düşdüyü üçün Stepanakerti tərk etməyə başladı. 1989-cu ilin sentyabrın 21-də sonuncu azərbaycanlı şəhəri tərk etdi (Məmmədov,2011:176). Stepanakert qaçqınları yaxın olduğu üçün əsasən Şuşaya sığınmışdı. Min nəfərə yaxın qaçqın isə dövlət tərəfindən Ağdam rayonunda işlə təmin olundu (Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu, 1989:160-161). Bu hadisələr Volski komitəsinə olan tənqidlərin artması ilə nəticələndi. Mərkəzə təzyiq nəticəsində SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etdi. DQMV-nin idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr 1989-cu il tarixli qərarı ilə DQMV üzrə Respublika Təşkilat Komitəsi yaradıldı. Komitəyə Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko rəhbər təyin edildi (Məmmədov,2008:439).
Azərbaycan SSR rəhbərliyi Təşkilat Komitəsi vasitəsilə faktiki olaraq DQMV-yə nəzarəti bərpa etdi. 1990-cı ilin əvvəlində Ayaz Mütəllibovun Azərbaycan SSR KP MK-nın 1-ci katibi təyin edilməsindən sonra hökumət Kərkicahana Stepanakert tərkibində şəhər tipli qəsəbə statusu verdi. Kərkicahan 320-yə yaxın evdən ibarət, mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı yaşayış məntəqəsi idi (Denber& Goldman,1992:27). Ərazidə milis şöbəsi, xəstəxana tikildi, eləcə də 40 nəfər hərbçidən ibarət 4 post quruldu. Bu tədbir vasitəsilə hökumət azərbaycanlı yaşayış məntəqələrində yerli hakimiyyət orqanları strukturu qurmaq və bütün faktiki səlahiyyətləri ona vermək niyyətində idi (Shaxnazarov, 2009:502). Ermənilər də Kərkicahana önəm verirdi. Hətta Napoleon ordusunun marşalı və Neapol kralı Yoahim Muratın Kərkicahanda doğulduğunu iddia edirdilər (De Vaal, 2008:217). DQMV rəhbərliyi Kərkicahanın şəhər tipli qəsəbə olduğunu qəbul etməsə də onun Stepanakertin bir hissəsi olduğunu düşünürdü. Azərbaycan SSR-in 1990-cı il ərzində həyata keçirdiyi tədbirlər nəticəsində ərazini tərk etmiş azərbaycanlıların əksəriyyəti qəsəbəyə geri qaytarıldı. Kərkicahan Stepanakertin ən hündür kvartalı olduğu üçün çox böyük strateji əhəmiyyət daşıyırdı. Ərazidə Xocalı şəhərində olduğu kimi böyük quruculuq işləri başlandı. Təşkilat Komitəsinin himayəsi ilə il yarım ərzində ərazidə beton “dot”lar[1] , möhkəmləndirilmiş zirzəmilər, keçidlər qazıldı (Shaxnazarov, 2009:614). Beləliklə, həm hərbi, həm də iqtisadi baxımdan Kərkicahana qoyulan maliyyə Azərbaycan hökumətinin DQMV rəhbərliyinə təzyiq etməsi üçün böyük üstünlük yaratdı.
Kərkicahan uğrunda döyüşlər
1991-ci ilin yaz-yay ayları Azərbaycan üçün uğurlu keçdi. Həmin dövrdə DQMV və ətrafında, eləcə də Ermənistan SSR ilə sərhəddə aparılan “Halqa əməliyyatı” nəticəsində ermənilər Azərbaycan tərkibində qalmağa razı oldular. Lakin avqustda Moskvada baş verən hərbi çevriliş bu nailiyyətin üzərindən xətt çəkdi. Əvvəlcə Azərbaycanın, daha sonra DQMV-nin öz müstəqilliyini elan etməsi ilə vəziyyət nəzarətdən çıxdı. DQMV-dəki SSRİ DİN Daxili qoşunlarının passivliyi nəticəsində Stepanakertdə yerləşən Təşkilat Komitəsinin prosesləri təsiri get-gedə zəiflədi. RSFSR və Qazaxıstan SSR rəhbərlərinin sülh missiyası nəticəsində müvəqqəti sabitlik olsa da 1991-ci ilik oktyabrında əvvəlcə Tuğun, daha sonra isə Hadrut rayonunun cənub kəndlərinin, eləcə də Xocavənd kəndinin işğalı tərəfləri müharibə həddinə gətirib çıxardı. Noyabrın əvvəllərində Təşkilat Komitəsinin Stepanakertdən çıxarılıb Ağdama köçürülməsi ilə Azərbaycanın şəhərdəki təsiri tamamilə itdi. 1991-ci ilin noyabrın 20-də Azərbaycan siyasi xadimlərinin olduğu helikopterin ermənilər tərəfindən vurulmasından sonra regionda müharibənin başlanacağı labüdləşdi. 6 gün sonra DQMV ləğv edildi, Stepanakertin tarixi adı Xankəndi ona geri qaytarıldı. Bu qərardan bir neçə gün sonra tərəflər arasında açıq qarşıdurma başladı. Dekabrın 2-də Kərkicahana edilən hücum nəticəsində dinc sakinlərdən Elman Həsənov həyatını itirdi, 5 nəfər ağır yaralandı. Erməni bölmələri qəsəbənin bir hissəsini ələ keçirə bildilər (“Azərbaycan” qəzeti, 12.12.91:5).
2 gün sonra əks-hücuma keçən Azərbaycan OMON-çuları erməni dəstəsini ərazidən çıxara bildi. Bu döyüş zamanı milis əməkdaşı Osman Səfərov həlak oldu. Dekabrın 5-6-da qəsəbə yenidən hücuma məruz qaldı. Xankəndinin erməni nəzarətində olan bölgəsindən atılan “Alazan” raketləri zamanı bir çox mülki evə ziyan dəydi. Döyüşlər intensivləşdiyi üçün qadınlar və uşaqlar ərazidən çıxarıldı. Kərkicahan sakinlərindən biri “Helsinki Watch”-a verdiyi müsahibədə bunları deyirdi: “ Məhəlləmizdə iki ev yanır, gecə yarısı əsgərlər qadınları və uşaqları çıxarmaq üçün gəldilər. Həmin gecə qırx-əlli adam Şuşaya qaçdı.” (Denber& Goldman,1992:27).
Dekabrın 11-də Kərkicahanda atışma zamanı daha bir milis əməkdaşı Rizvan Teymurov həyatını itirdi. Həmin dövrdə Azərbaycanla müqayisədə ermənilərdə daha çox təcrübəli hərbçi var idi. Eyni zamanda silahlanma ermənilərdə daha tez başladığı üçün struktur baxımdan çətinlik çəkmirdilər. Xankəndidəki erməni hərbi qüvvələrinə polkovnik Arkadi Ter-Tadevosyan rəhbərlik edirdi. O, həmin dövrü belə xatırayıb: “Dekabrın 12-də Qarabağ Müdafiə Komitəsinin rəhbərliyi Stepanakertin müdafiəsinin təşkilini mənə həvalə etdi. Həmin vaxt şəhəri Aşot Qulyan və Karo Babayanın rəhbərlik etdiyi 2 bölük mühafizə edirdi. Vəziyyətin kəskin şəkildə mürəkkəbləşməsi və Stepanakert üçün real təhlükənin yaranması hərbi quruculuq işlərinin sürətləndirilməsini tələb edirdi. İlk növbədə Stepanakert şəhərinin komendantlığı yaradıldı. Mənim 16 dekabr 1991-ci il tarixli sərəncamımla polkovnik Georgi Petrosyan bir müddət əvvəl yaradılmış Özünümüdafiə Qüvvələrinin Baş Qərargahının rəisi təyin edildi. Qərargahın tərkibində kəşfiyyat şöbəsi, rabitə xidməti, mühəndis xidməti, topoqrafik şöbə yaradıldı. Qərargahın üzərinə Qarabağın müdafiəsi planını hazırlamaq tapşırığı verildi. Düşmən hücumu zamanı Stepanakerti iki dəstənin qoruya bilməyəcəyi aydın idi.” (Ter-Tadevosyan, 2007:565).
Kərkicahanın təkcə milis əməkdaşları ilə mühafizə oluna bilməyəcəyi üçün əraziyə yeni formalaşdırılmış Azərbaycan Milli Ordusunun bölmələri göndərildi. Dekabrın 9-da Seyidağa Mövsümovun komandanlığı ilə tağım Şuşa şəhərinə göndərildi və onlar şəhərə gedən iki yolda mövqe tutdular. Dekabrın 13-də Nəriman Zeynalovun komandanlığı ilə daha bir tağım Kərkicahana göndərildi. Azərbaycan Ordusunun ərazidəki qüvvələrinin ümumi komandanlığını baş leytenant Altay Məmmədov həyata keçirirdi. Dekabrın 14-15-də şiddətli döyüşlər zamanı Kərkicahandakı bölmələr çoxsaylı hücumları dəf edə bildilər (Velimamedov, 2021:272). Həmin gün Azərbaycan Milli Ordusu Qarabağ münaqişəsində ilk hərbi hərbi qulluqçusunu itirdi. Həlak olan Firdovsi Məmmədov xüsusi təyinatlı alayın komandiri idi.
Firdovsi Məmmədov – Azərbaycan Ordusunun ilk şəhidi
Dekabrın ortalarında döyüşlər daha da intensivləşməyə başladı. Ərazidəki erməni hərbçiləri regiondan çıxmağa başlayan SSRİ DİN Daxili qoşunlarının hərəkətinə mane olurdu. Dekabrın 22-də erməni dəstəsi SSRİ DİN Daxili qoşunlarının 81-ci operativ polkunu tərksilah edərək 3 zirehli avtomobil, 8 zirehli transportyor, 40-a yaxın iri yük avtomobili, min avtomat və pulemyotu ələ keçirdilər (“Xalq” qəzeti, 26.12.91:1). Həmin əməliyyat 51 nəfərlə icra edilmişdi (Ter-Tadevosyan, 2007:566). Bununla da onsuz da zəif təminatı olan Azərbaycan Milli Ordusu hərbi texnika baxımdan rəqibindən geri qaldı. Dekabrın 25-də Ermənistandan Xankəndiyə ümumi sayı 100 nəfərə qədər olan bir neçə dəstə gəldi (Ter-Tadevosyan, 2007:566).
Bu üstünlükdən istifadə edən erməni hərbçiləri dekabrın 28-də Kərkicahana hücuma keçdilər. Əsas döyüş istiqaməti 26-cı post deyilən ərazidə oldu. Buradakı döyüşlərdə əsas yükü üzərinə götürən Mehman Hüseynovun rəhbərlik etdiyi 1-ci tağım ağır itkilər verdi. Azərbaycan ordusunun 16 əsgəri həlak oldu, ermənilər Mehman Hüseynovun da olduğu 12 hərbçini əsir aldılar. (Velimamedov, 2021:273). İntensiv döyüşlər zamanı ermənilər “Mayak” radiosunun xüsusi müxbiri Leonid Lazareviçi snayperlə qətlə yetirdilər.[2] Kərkicahan sakini olan bir qadın “Helsinki Watch”-a verdiyi müsahibədə bunları deyirdi: “Demək olar ki, bütün evlər uçurulmuşdu, Stepanakertdə satıcı işləyən 55 yaşlı qadın sənədləri və pullarını götürmək üçün Kərkicahana gəlmişdi. Kənddən çıxarkən əri ilə birlikdə öldürülmüşdü.” (Denber& Goldman, 1992:27). Qəsəbənin təxminən 70 faizini ələ keçirən erməni birləşmələri əməliyyatı sona kimi icra edə bilmədi (“Xalq” qəzeti, 31.12.91:1). Yeni müdafiə naziri Tacəddin Mehdiyev əraziyə hərbi texnika və qüvvə göndərməsindən sonra balans dəyişdi. Əks-hücuma keçən Azərbaycan Ordusu dekabrın 30-31-də Kərkicahan üzərində nəzarəti bərpa edə bildilər. Xankəndi yeni il axşamı BM-13, BM-21 “Qrad” reaktiv raket sistemləri, tank əleyhinə T-12 “Rapira”, eləcə də artilleriya ilə bombalandı (Jiroxov,2012:246-247).
Kərkicahanın işğalı
1992-ci ilin əvvəli Azərbaycan üçün ağır başladı. SSRİ DİN Daxili qoşunlarının tamamilə çıxarılması bir-birindən aralı olan azərbaycanlılar yaşayan məntəqələrin müdafiəsini çətinləşdirirdi. Kərkicahan Şuşadan dəstək alsa da qəsəbənin arxasındakı kəndlərdə ermənilər yaşayırdı. Bu vəziyyətdə qəsəbədəki Azərbaycan bölmələri əlverişsiz vəziyyətdə qalmışdılar. Ermənilər dekabrdakı uğursuzluqdan dərs çıxardılar. Onlar 1992-ci ilin əvvəllərində təxminən min nəfərdən ibarət 10 bölmə formalaşdırdılar (Asratyan, 2001:187). Detallı hücum planı hazırlayan polkovnik Arkadi Ter-Tadevosyan yanvarın 19-da əməliyyatın icrasına başladı. Əməliyyatda iştirak edən ermənilər təcrübəli hərbçilər idi. Onların əksəriyyəti Sovet Ordusu tərkibində Əfqanıstanda iştirak etmişdi. 1-ci bölük komandiri olan Aşot Qulyan nüfuzu ilə seçilirdi. Arkadi Ter-Tadevosyan Kərkicahan döyüşlərini belə təsvir edib: “Kərkicahanda Azərbaycanın 120 nəfər döyüşçüsü var idi. Onlara qarşı 26 qrupdan ibarət 170 nəfərlik qüvvə hazırladıq. Əməliyyat gecə saatlarında başladı və iki istiqamətdə davam etdirildi. Vardan Stepanyanın 40 nəfərdən ibarət dəstəsinin uğuru bizə çox kömək etdi. Düşmənin arxasına keçmək üçün manevr edən dəstə azərbaycanlıları gözlənilmədən yaxaladı. Əsas erməni qüvvələrinin vurduğu zərbə qısa zamanda müdafiə xəttinin çökməsinə gətirib çıxardı.” (Ter-Tadevosyan, 2007:567).
Hücum zamanı Azərbaycan Ordusuna məxsus “KS-19” zenit silahının məhv edilməsi müqaviməti xeyli zəiflətdi. Şuşadan kömək gəlməməsi üçün ətraf ərazilər şiddətli bombardman edildi. Şuşanın Nəbilər kəndinin əhalisi yanvarın 20-də kənddən qaçaraq Şuşa şəhərinə sığınmaq məcburiyyətində qaldı. Əməliyyatın davamında Daşaltı, Mxitarkənd, Şuşikənd istiqamətindən Şuşa şəhəri intensiv artilleriya hücuma məruz qaldı. Şəhərdə 20 ev qismən və ya tamamilə dağılmışdı (“Xalq” qəzeti, 22.01.92:1). Artıq yanvarın 19-da ermənilər Kərkicahanın böyük hissəsini ələ keçirdilər. Çarpaz zərbələrdən sonra geriyə çəkilən Azərbaycan Ordusu yanvarın 20-21-də müqavimət göstərdi. Yanvarın 21-dən 22-ə keçən gecə həyata keçirilən hücum sonrası Kərkicahandakı qüvvələr Şuşaya doğru geri çəkildilər (Asratyan, 2001:188). Beləliklə, intensiv döyüşlərdən sonra Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti tamamilə itirdi.
Nəticə
Ümumilikdə Kərkicahan uğrunda gedən döyüşlərdə 34 nəfər həlak oldu, onlardan 3-ü qadın, 2-i uşaq idi. Kərkicahandakı məğlubiyyət demək olar ki, Xocalı və Şuşanın taleyini həll etdi. Buranın işğalı ilə Xocalı şəhəri ilə əlaqə tamamilə kəsildi. Şuşanın ətrafı tutulduğu üçün gələcəkdə bura hücum üçün əlverişli şərait yarandı (Jiroxov,2012:248). Ermənilər daha sonra bu imkandan istifadə edəcəkdi. Azərbaycan Birinci Qarabağ müharibəsi dövründə bir də heç vaxt Kərkicahana yaxınlaşa bilmədi. Yalnız 1992-ci ilin yay əməliyyatları zamanı Xankəndi şəhərinə 15 km yaxınlaşmaq mümkün olsa da daha sonra ermənilər Azərbaycan Ordusunu geri oturda bildilər. 1992-2020-ci illər arasında Kərkicahan Xankəndinin bir parçası olduğuna görə inkişaf etdi, ərazidə yeni binalar tikildi. 2015-ci ildə “DQR” lideri Bako Saakyan erməni soyqırımının 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə Kərkicahanda böyük xaç abidəsinin açılışında iştirak etmişdi. İkinci Qarabağ müharibəsi ərəfəsində Xankəndidə 13.694 təsərrüfatda ümumi olaraq 53.403 nəfər yaşayırdı (Ghahramanyan,2015:19). İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Şuşa istiqamətindən Xankəndiyə yaxınlaşsa da üçtərəfli bəyanatın imzalanması ilə hücum əməliyyatı yarımçıq dayandırıldı. Müharibədən sonra azərbaycanlı qaçqınların Xankəndiyə qayıtma məsələsi gündəliyə salınmışdı. 2020-ci il rəsmi məlumatlarına əsasən, Xankəndidə 12.024 nəfər azərbaycanlı qeydiyyatdadır. Onların gələcəkdə şəhərə geri qayıtması isə Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından asılı olacaq.
İstifadə edilən ədəbiyyat
Azərbaycan dilində
Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu (1989) Dağlıq Qarabağ: zəka qalib gələcək. Azərnəşr.
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.
Mahmudov, Y. (2004). Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası CI, II. Lider Nəşriyyatı, Bakı.
Məmmədov N. (2008) Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində ictimai-siyasi həyat, iqtisadi və mədəni inkişaf: 1923-1991.
Məmmədov N. (2011) Azərbaycanın Xankəndi şəhərinin tarixi. Təhsil.
İngilis dilində
Cornell, S. (2005). Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge.
Denber, R., & Goldman, R. K. (1992). Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Karabakh (Vol. 1245). Human Rights Watch
Hewsen, R. H. (2001). Armenia. A Historical Atlas. Chicago-London.
Saparov, A. (2014). From conflict to autonomy in the Caucasus: The Soviet Union and the making of Abkhazia, South Ossetia and Nagorno Karabakh. Routledge.
Rus dilində
Kozlov, V. (1995). Русские старожилы Закавказья: молокане и духоборцы.
Асратян, С. (2001). Карабахская война.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус.
Гейбуллаев Г.А (1986) Топонимия Азербайджана: историко-этнографическое исследование. Элм.
Дашдамиров, А. (2008). Карабахский конфликт в контексте перестройки: в преддверии распада. Карательная акция в Баку. В: Вестник аналитики, 2, 32. стр 143-158
Джамиль, Г. (2011). Вопрос о Нагорном Карабахе на Кавказском бюро ЦК РКП (б) в 1920-1923 годах. Кавказ и глобализация, 5(1-2), 139-170.
Жирохов, М. А. (2012). Семена распада: войны и конфликты на территории бывшего СССР. БХВ-Петербург.
Зейдлиц. Н. (1875) Сборник сведений о Кавказе. Том III.
Кочарян, Г. А. (1925). Нагорный Карабах. Общество обследования и изучения Азербайджана. Баку
Мелик-Шахназаров, А. (2009). Нагорный Карабах: факты против лжи. Волшеб. фонарь.
Могилевскій П.И. (1866) Описание Карабахской провинции, составленное в 1823 году, по распоряженю главноуправлявшего в Грузии Ермолова, действительным Статским советником Могилевским и полковником Ермоловым 2-м. Издательство: Типография Главного Управления Наместника Кавказского.
Новицкий, В. (1851). Кавказский календарь на 1852 год. Издательство Канцелярия Кавказского Наместника.
Тер-Тадевосян, А. (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, Вопросы стратегии и безопасности (Армен Айвазян), книга II.
Erməni dilində
Ghahramanyan, H. (2015). Directory of socio-economic characteristics of the administrative territorial units of the Nagorno Karabakh Republic.
https://artsakhlib.am/wp-content/uploads/2018/06/Ghahramanyan-Hakob-NKR-teghekatu.pdf
Balayan, V. (2020) Glimpses on the history of the Artsakh republic settlements. Zangak.
http://www.historyofarmenia-am.armin.am/images/menus/2767/Balayan1.pdf
Türk dilində
Hartill, L. R. (1990). Bir Ermeninin anılarında Azerbaycan olayları:(1918-1922). Kastaş AŞ Yayınları.
Qəzetlər
“Azərbaycan” qəzeti, 1991-1992-ci il, 2013-cü il.
“Xalq” qəzeti, 1991-1992-ci il
[1] uzunmüddətli atəş mövqeləri
[2] Azərbaycan Prezidenti Ayaz Mütəllibov dekabrın 29-da “Mayak” kollektivinə və jurnalistin ailəsinə başsağlığı vermişdi. (“Xalq” qəzeti, 31.12.91:1).