[…] homo sit instabilissimum atque variabilissimum animal, nec durabilis nec continua esse potest [scil. loquela], sed sicut alia que nostra sunt, puta mores et habitus, per locorum temporumque distantias variari oportet. – De vulgari eloquentia (I, 9), Dante
İnsan olduqca dayanıqsız və dəyişkən varlıq olduğuna görə, dil də dayanıqlı və davamlı ola bilməz, əksinə bizim adət və ənənələr qismində digər nəsnələr kimi zaman və məkan aralarında dəyişir.
Dante kimilərindən, bir də mətni latınca mayalayan adamlardan heç xoşlanmıram, ancaq neyləyək, hələ elə dövrümüzdəyik ki, toplumumuzda deyilən sözə Dante kimiləri qüvvət verməsə heç kim inanmayacaq. Təəssüf. İçib Məsciddə fransız himni oxumaq kimi, bunun da daha geniş bilimə, daha iti ağıla, yaxud daha üstün insanlığa heç bir aidiyatı yoxdur. Hər halda sözüm bunda deyil.
Azərbaycan dilinin [d͡z] və [t͡s] tələffüsünə deyinən adamlar sözlərin yanlış səslənməsindən gileylənirlər. “Yanlış” dəyərləndirməsinin dayaq nöqtəsini “məktəbdə öyrəndiyimiz qaydalar çərçivəsi” kimi qavrayıram. Yanıla bilərəm. Hər halda dil tarixində yüzlərlə minilliklərdir durmayan bu qarşısıalınmaz evrimin ölçüsündə hətta bir insan ömrü qədər danışıq yükü heç cıqqırtı böyüklüyündə də deyil. (Asan oxunuş üçün qalan yazıda Beynəlxalq Səs Əlifbasından istifadə olunmayacaq, əvəzində səslər dilimizdə anlaşılan cür yazılacaq.)
Haşiyə: Bu yazını yazar ikən “Planet Parni iz Baku” youtube kanalında Tahir İmanovun “Azərbaycan dilində düzgün danışaq 2 ci hissə” qısa videosu qarşıma çıxdı. Lap təsirləndim. Hər şeydən əvvəl, azərbaycanlılar söz deyərkən burun kötüyünü, qaşlarını və səslərini qısmır, ölçüdə və sanda kiçilmir. D.d. ölçü və san kiçikliyi dillə bağlı deyil. Hansısa fikri irəli sürərkən dartışılan fikri kiçiltməyin nəyə əsaslandığını buna görə anlaya bilmədim. Dilçilik anatomiyasında belə bir bağ yoxdur. Tahir İmanovun səsləndirdiyi “Nəcəflə Qızyetər zənbildən (fars) iki bükülü konfet (latın), bir qutu (yunan) peçenye (slavyan) və bir qutu şokolad (nahuatl, Astek dili) çıxarıb, stolun (rus) üstünə…” cümləsində nəyin doğru, nəyin yanlış nəzərdə tutulduğunu doğru-dürüst anlaya bilmədim. Peçenye, stol, “skaçat”, “kulçatel” kimi rus sözləri arasındakı fərq mənə müəmmalı qaldı. Belə bir qabartma dilin “təmizliyi” ilə bağlıdırsa, onda “peçenye” və “stol” niyə doğru sanılmalıdır? Yox, əgər peçenye və stol qəbuldursa, onda “skaçat” və “kulçatel” niyə qəbul deyil? Hər halda dilin söz yığını ayrı mövzudur deyə, yalnız [dz] və [ts] səslənməsi üzərində qalacağam.
İş burasındadır ki, azərbaycandilli, d.d. oğuzdilli bir toplum ilə bağlı bizə çatan yazılı qaynağa görə bu dil ən azı 1.500 il öncə özünə yetişkin, öz toplumunu aydın və yüksək çeviklikdə düzənləyə bilən bir dil olmalı imiş, yəni Sovet dağılanda yaranmayıb bu dil. Ehtimal olunan yaşı 5.500 ildir, çox istəyən üçün 55.000 yaşı olsun, ancaq iş dilin yaşında deyil, yaşayan nəslə faydasındadır. Aşağı-yuxarı 117 arxa ulu doğanlarımızdan bircəciyi dirilib bizimlə Azərbaycan dilində danışsaydı bir-birimizi anlamayacaqdıq. Görəsən niyə heç kim soruşmayır, “görəsən Azərbaycanlılar niyə durduğu yerdə C [dj] > [dz] və Ç [tş] > [ts] kimi səsləndirməyə başladılar?” Əgər soruşan olsaydı, onda Nəsimi adına Dilçilik İnstitutunda bununla bağlı da yığcam elmi araşdırmalar aparılardı, güman. Nə yaman, bunu soruşan yoxdur. Özümüzü “görəsən niyə?” sualına öyrəşdirməyimizi tövsiyyə etmək istərdim, ancaq bilmirəm, haqqım çatırmı. Hər halda bu sual qara (geniş) topluma təsadüfi müəllimlik etməkdən daha faydalı sanılmalıdır; bir halda ki, sualı özüm verdim, müəllimlik etmədən özüm də bacardığım qədər cavablandırmağa çalışacağam.
Yeni azərbaycancanın tələffüsü ilə bağlı yan və xarici təsirlərin qaynaq və üsul fərqi yoxdur – hamı bir-birinə necəsə təsir edir. Məsələn Rusca ц [ts] səsi olsa da, [dz] səsi yoxdur, yalnız saitinə görə belə səsi xatırladan dX var. İran dilində bu səslər yerli-dibli yoxdur. Buna baxmayaraq Güney Azərbaycan danışığında da /dz/ və /ts/ səsləri yaranıb, halbuki Qafqaz və Əcəm arasında dəyirmi 200 ildir doğru-dürüst dil alış-verişi baş tutmayır. Burada dili hamı Rus əlifbası ilə öyrənirdi, orada isə hamı Fars əlifbası ilə öyrənir, Fars dilini. Danılmaz və böyük təsirdir. Ancáq necə olur ilk baxışdan iki fərqli gerçəkliklərdə yaşayan Azərbaycanın danışığında eyni səs olayı yaşanır?
“Oğuz tayfası dilində Dədə Qorqud kitabı” 14. əsrdə yazılmış olmalıdır. Üstündən ~700 il keçir, başqa ailələrdə belə bir arada adətən yeni dil qolu yaranır, ancaq bizim dil çox gecikir. Özü bilər. Hər halda:
Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü – Qayıya dəgə […]. Bu dedügi Osman nəslidür, işdə sürilüb gedə-yürir”. Və daxı neçə buŋa bəŋzər söz söylədi.
Harada isə anlamaq olur. Bu dili Bakı və İrəvan ləhcələri yaxşıraq anlaya bilməlidir, ancáq ~700 il keçdiyinə görə bir sıra sözlər ayrı anlamlar almış, bəziləri isə ağızdan düşmüşdür. Daha erkən çağın, Dədə Qorqud yazısından 600 il öncəki Türk dilinə baxanda isə təxminən belə bir dillə uğraşarmalı oluruq:
Tiyinmeküg kalur erse bo ök kərgəksüz, üçün beşkə yüzyıl ilgə bir otuzka yüzyıl tiller ara ök bedük adrıg kertüçekler ermiş, eski öd ilgə yaŋı öd utru udumsuz ermiş. Söyleşigi kara kamug ertürir, azu yeriŋ üze til kimig kərgək? Ança munçuk teg itinmiş bitiglerde aŋladuk, til sayu beŋgü ebrilür, ebür ermez erse öd birlə keçkig taşıg erür. (8. əsrdən bizə Oğuz yazısı çatmadığından bizə çatmış Göytürk dilində bildiyim qədər yazmağa çalışdım. Tərcüməsi ən sonda.) Göründüyü kimi 8. əsrdə yaşamış Türk dilini anlamaq olduqca çətindir.
Doğrudanmı kütləvi səs dəyişimi bir dilin gorunu qazır, yoxsa dil öz yeni çağına doğulur, özünü yeniləyir, və görəsən niyə?
buŋa sözündəki sağır qırtlaq-gənizli [ŋ] səsi Azərbaycan dilində ağızın ardından önünə daşınaraq diş-damaq gənizli [n] səsinə çevrilmişdir. Başqa bir misalda be:n > mən olub, erkən türkcə yönlük hala düşəndə be:n +Xg = 1. və 2. şəxsin təkində: -g > 0, -n > -ŋ = bXŋX ~ ba:ŋa > ma:ŋa, ba:na, mənə olub, halbuki qaydaya görə *bənig [bəniq] “mənə”, *sənig [səniq] “sənə” olmalı idi. Yeni dildə [ŋ] səsi və onunla bağlı qrammatik qaydalar itdi, GÜN KEÇDİ filmində Oktayın danışığında eşitdiyimiz bu səs indi dil tarixi sərgisi ünsürlərindən biridir. Yalnız ləhcələrdə qalıb bu dadlı dil naxışı, onu da “Şəhərləşmə” olayı dağıtmaqdadır.
Bütün Oğuz dillərində Xd- adak; udku; boda(g) > Xy- ayaq; uyqu > yuxu; boya (ancaq -t və -d uzun saitlərə birləşər ikən: o:t > od, oda, otaq, ocaq) evrimi baş tutmuşdur. Türk dillərindən olan Xələc dilində isə bir çox sözlərin önündə h+ protezi yaranmışdır: hadak (əslində protez deyil, ancaq sonra/yenidən yarandığından protez sanılır). Dilimizdəki ayaq < erkən türkcə adak < ön-türkcə *hadak < ön-altayca *padak sözündən evrilərək çağımıza çatıb.
Digər bir dəyişim misalında ı:– +lan (hələ aydınlaşmamış müəyyən xassəli heyvanları ayıran şəkilçi) = ı:lan > [ı:] səsinin uzunluğuna görə y– protezi yaranmış, yılan olmuşdur. Bütün Türk dillərində bu evrim aşağı-yuxarı eyni cür baş tutduğundan düzənli səs evrimi sanılır, ancaq azərbaycanca y- > 0, ı:- > i- = ilan düzənsiz evrim deməkdir, halbuki yıl > il, yıldırım > ildırım, ışıltı > işıltı, ılıq > ilıq, ılğım > ilğım, ırak > iraq, ısı > isti, vb. sözlər göstərir ki, ayrıca Azərbaycan dili daxilində özünün düzənli ı:– > i– səs evrimi baş tutmuşdur.
Düzənsiz səs evrimində tanıdığım ən gözlənilməz keçid: (göytürkcə) olur-mak > otur-maq. Məncə sözün kökü ol– “olmaq” deyil, dilimizdə felini itirmiş qədim al– “alt, alçaq; enmək, yenmək” olmuş və gündəlikdə sıxca deyildiyindən dodaqlanan [u] səsi açıq [a] səsini dodaqlanan [o] səsinə yuvarlaqlaşdırmışdır: *alur– > olur– > *o[lş]ur– > otur-. İlk ondan sonra yan-sürtünməsiz ön-damaq [l] səsi özündən sonra gələn titrək axıcı [r] samitinin təsirindən diş-damaq partlamalı [t] səsinə “məcbur” edilmiş ola bilər, ancaq bu fikri dartışan elmi işlə qarşılaşmamışam deyə dayanıqsız sanılmalıdır. Odur ki, düzənsiz səs evrimi baş tutmuş olmalıdır, çünki “(belə şeylər) ol-ur” sözündə də dəyişiklik baş tutmamışdır.
[r] səsinin təsiri həmin məşhur sözdə də vardır: A:teropa:t > A:dhəroba:dh > A:dhərba:dh +ga:n (mənsubiyyət şəkilçisi) > A:dhərba:ygya:n > A:zərba:yca:n > A:zərba:ydzan (yaxud Tahir İmanovun aşkar etdiyi geri evrim: A:dhərba:ygya:n); sözün kökündə bütün samitlər öndədir deyə, kökə sonralar qoşulmuş orta-damaq +gan şəkilçisi də ön-damaq +can olmuşdur. Çağdaş Güney Azərbaycan dilində göz > cöz [djö:z] keçidi yaşanmaqdadır ki, bunu Şəki ağızında çoxdan tanıyırıq. Erkən Türk dillərində, indi dediyimiz göz sözündəki kimi [g] səsi olmayıb, əslində ard-damaq [q] kimi səslənirdi həmin hərf. Sözünün əsli kar ard-damaq partlamalı [k] səsilə düzənlənmiş köz olub. Qafqaz-Əcəm Oğuzlarının dövlətçilik çətirində yaşayan Fars dilindən söz alıntısı və səsləndirməsinə uyaraq gül, gilas, giriftar, əvgərdən sözlərindəki [g] kimi günümüzdə göz səslənir. Farsdilli toplumlarla idari bağı olmayan Osmanlı və Xivə dövlətlərində (günümüzün Türkiyə və Türkmənistanında), hətta uzaq Qaqauz dilində də sözügedən kar samit cingiltiləşsə də damağın ardında qalmışdır, indi göz [qö:z] kimi səslənir (təəssüf ki, Çində Salarların danışdığı Oğuz dili haqqında heç nə bilmirəm, Peçeneq dilinin isə kökü kəsildiyindən bilgim yoxdur). Odur ki, Azərbaycan sözünə sonralar qoşulmuş +ga:n Fars mənsubiyyət şəkilçisindəki [g] səsi göz > cöz düzənində +ga:n > +ca:n > +dza:n səslənməsi aldı və gələcəkdə *+za:n > *+sa:n olma ehtimalı olduqca böyükdür. Nə deyim? “Hazır olun!” deyim?
Bu arada çörək sözü də ən yayğınlardandır deyə: erkən türkcə çebürek > çöwürək > çö:rəky > tsö:rəy. Hamısında digər səsləri dəyişimə uğradan, özü isə dayanıqlı qalan səs [r] səsidir. Əgər titrək [r] səsi yan-sürtünməsiz [l] səsinə evrilsəydi, yenə də çebürek > *çebülek > *çe:wlək > *çəylək > *tsə:ləy ola bilərdi ki, aralarında tsö:rəy və *tsə:ləy qədər fərq olacaqdır, çünki dilin genetikası adətən çox sərt olur və onu süni dəyişə bilmək üçün dağılmayan bir Sovet İttifaqı gərək.
Müxtəlif səbəblərdən müxtəlif dillərdə [tş] səsi [ts] səsinə; [dj] səsi isə [dz] səsinə sinir. İtalyan dilində [t(t)] səsi pizza [pittsa], [z] səsi isə azzuro [addzuro] səslərinə; erkən Alman dilində isə ön-damaq partlamalı [t] (yəni günümüzün ingiliscəsindəki t) hələ 8. əsrədək [ts] səsinə evrilib. Ona görə də German dillərindəki *tidh- [ti:ð] > hollandca tijt [təyt] “çağ; vaxt”, almancada zit [tsi:t] > zeit [tsa:yt] olub.
Monqolcada belə keçidlər çox yayğındır. Çin dilindən misal gətirməyə ehtiyac yoxdur, çünki çincədəki samitlərin böyük əksəriyyəti minillər boyu yeyilərək vurğulu sait səslərə evrilib. Hindgerman dilləri təməldən düzənsiz və geniş mənada “məntiqsiz” dillər olsa da, onlarda da düzənli və düzənsiz səs evrimi baş tutur. Altay dillərindən ilk(?) [dz] və [ts] səsini mənimsəmiş dil Yapon, Türk dillərindən isə ilk [dz] və [ts] səslərinə keçəni Azərbaycan dili olmalıdır. Bu da Oğuz dilinin öz bətnində bir dil ailəsinə genişlənməkdə olduğunu bildirir.
Beləcə hər dilin özündə sait-samit dartışmaları səbəbindən səs evrimi baş tutur. Bunun baş tutması üçün heç kim heç kimə sosial şəbəkədə video ilə nəyi necə çevirməyi əmr etmir. Bir toplumun yaşam tərzinə uyğun dilin səs vurğusu ehtiyacları da dəyişir. Dolayısıyla dil genetikası insan genetikası ilə birgə dəyişir.
Gərəksiz təşvişə, əsassız hayqırtıya ehtiyac yoxdur. Hər şeydən əvvəl alışmalı olduğumuz gerçək odur ki, dil evrimi dayanıqsız huş eyləmidir və qarşısını heç kim ala bilməz, çünki evrim bir kainat qanunudur. Tanrının qaydasıdır. Qarışmaq istəsək belə, cəzasına, yaxud qəzasına razılaşmadan bunu dəyişməyimiz mümkün deyildir. Ona görə də Azərbaycan dilində təbii baş tutmaqda olan düzənli səs evriminə yanaşmamızı dəyişməkdə böyük fayda, d.d. dinc bir uyut, dərin bir rahatlıq durur.
Gerçəklərinizdən utanmayın.
Vazeh Tatarlı-Mustafa
—–
*Deyinməyə qalarsa, bu doğrudan artıqdır, çünki beşinci yüzil ilə iyirmibirinci yüzil dilləri arasında yetərincə böyük fərqli gerçəkliklər yaranmış, əski çağ ilə yeni çağ bir-birinə qarşı uyumsuzlaşmışdır. Danışığı qara (böyük) camaat oluşdurur, yoxsa yer üzündə dil kimə gərək? O cür muncuq təkin düzənlənmiş yazılardan anladıq ki, hər dil daima evrilir, evrilməzsə zamanla birgə keçmişə daşlaşar.







