Lars von Trier Danimarkalı rejissor və ssenaristdir. Qırx ildən artıq müddətdir kino sənətindədir. Trier texniki və tərz yenilikləri ilə eksperimentlər edir; ekzistensial, sosial, siyasi mövzuları, psixi sağlamlıq kimi məsələləri öz filmlərində qabardır. Dünya miqyaslı festivallarda 100-dən çox mükafat alıb. 350 milyondan çox bilet satıb ve son 25 ildə 7 Akademiya mükafatına namizəd göstərilib. Beynəlxalq kino istehsalatı şirkəti Zentropa Films-in təsisçisidir.
Lars von Trier Breaking the Waves, Dancer in the Dark, Dogville, Manderlay, Antichrist, Melancholia, Nymphomaniac və nəhayət son əsəri – The House that Jack Built kimi, artıq kultlaşmış filmlərin müəllifidir.
Lars, son zamanlar sən çox sakit və elə bil nurlanmış görünürsən. Həyatda sənə güclü təsir edən və bizim bilməyimizdə bir qəbahət olmayan nəsə baş veribmi?
Deməzdim ki, hansısa konkret hadisə baş verib, yox. Həyatımı və… filmlərimi dəyişməyə çalışdım. Bilirsən, o iri büdcəli amerika filmlərinin dramaturgiyasından çıxmaq istəyirəm, bu da çox çətindir mənə, elə bil uşaqlıqdan beyninə hansısa formulanı soxublar, sən də o vaxtdan öz hekayəni danışırsan.
Mən çalışıram ki… başa düşürsən, elə bil iki nöqtə qoymusan filmində, tamaşaçı da götürür onların arasından düz xətt çəkir. Buradan yamsılama, imitasiya qoxusu gəlir. Mənim kumirim – Tarkovskidir. «Güzgü» haqda deyə bilərlər ki, dəhşətli dərəcədə anlaşılmaz filmdir, lakin mənim üçün bu, azadlığın cövhəridir, «Güzgü» – möhtəşəmdi.
Fərd və Sənət
Lars, bəs sənin bu üslubun hardan gəlir? Nədir bu belə?
Üslub deyəndə ki… Bilirsən, mən kino məktəbinə yazılmaq istədim, alınmadı. Sonra kinonu universitetdə öyrəndim. 16mm. ploynkada çox filmlərə baxdım. Bunlar da əsl kino idi, xalisindən. Onlar bizə çox filmlər göstərdilər, həddindən çox filmə baxdım. Mən onda anladım kinonun nə olduğunu. Hardan öyrənmək olar, hardan olmaz – bunu özüm üçün müəyyən etdim. Beləcə üslub yarandı.
Bir az inadkar olacam, yenə də – bu üslubun konteksti hardan gəlir, onu belə unikal edən nədir?
Düşünürsən unikaldır? Mən deməzdim. Əslində məsələ bilirsən nədir… elə bir vəziyyətdəyəm, ya da ən azından, illər əvvəl elə bir vəziyyətdə idim ki, harda istəyirdim, nə istəyirdim maliyyələşdirə bilirdim, yəni pulum var idi. Bu da mənə məsuliyyət yükləyirdi. Mənə elə gəlir ki, hədsiz maliyyə imkanlarını havayı sərf eləmək olmaz, nəsə başqa bir istiqamət götürmək lazımdır. Məncə biz, burada tam azadlıqdan danışa bilərik və bu azadlıqdan doğan məsuliyyət, məsuliyyətdən doğan üslub, onu sənin sözünlə desək – belə unikal edib. Mən deməzdim ki, «mən kimdənsə yaxşıyam», sadəcə çox spesifik vəziyyətdəyəm və ümid edirəm gələcəkdə də, hər istədiyimi yaratmaq imkanlarım tükənməyəcək.
Nə qədər sadə imiş, yəni azadlıqdır uğurun sirri və ilk növbədə maliyyə azadlığı…
Əlbəttə. Sənin statusunda başqa yaradıcı adamlar varsa, onlarla mütləq yolların kəsişəcək, kompromis tapmalı olacaqsınız. Ya da tapılmayacaq. Amma sən tək olanda və bütün qərarları müstəsna olaraq özün verəndə, bu da təbii olaraq unikallıq yaradır.
Əla. İntervülarından birində gələcək planlarından danışmısan və demisən ki, 10 dəqiqəlik qısametrajlı «Etud»-lar çəkəcəksən. İşlər necə gedir?
Ölüvay gedir. Hazırda «Krallıq»-ın sonuncu sezonunu yazıram. Çətindir. Bilirsən, iyirmi il əvvəl «Krallıq»-ın birinci və ikinci sezonunda oynayan aktyorların çoxu öldü, onlarsız da seriala davam etmək çətin idi. İndi gərək yeni rakurs götürülsün, mən də bunu etməyə çalışıram. Hekayət mənasında olduqca ənənəvi süjetdir. Yəqin ora nəsə dolaşıqlıq, intriqa qatmalı olacam.
Üçüncü sezonu çəkməyə başlayırsan yəni.
Yəqin ki, gələn il çəkilişlərə başlayarıq, yazda və ya payızda. Ağaclarda gərək yarpaqlar olmasın.
Uğurlar.
Təşəkkür edirəm.
Yante qanunu haqqında nə düşünürsən?
Mən ondan ilham alıram.
Necə ilham?
Mənim ən yaxşı əsərlərim, axına qarşı üzərək yaratdıqlarımdır. Bəs sən, Yante qanunu haqqında nə qədər bilirsən?
Bir az məlumatım var. Danimarkada yaşayanda haqqında oxumuşdum. Fərdiyyətçilik məhdudlaşdırılır – əsas məsələ budur. Qanun deyir ki, «xüsusi olduğunu sanma, sən xüsusi deyilsən». Birinci qanundur səhv etmirəmsə.
Bəli, mən isə özümü xüsusi sayıram. Özünü xüsusi sanmaq – insanın fitrətində var. Biz hamımız fərdiyyətçiyik.
Səni yaxşı insan olmağa nə vadar edir?
Ateistəm. Yaxşı insan olmalıyam.
Ateistlik sənin motivasiyandır?
Hə, çox.
İndiyə qədər aldığın ən yaxşı məsləhət nə olub?
Ən yaxşı məsləhəti mənə müəllimlərimdən biri vermişdi. Nuar da çəksən, başqa şey də… qərək, janr kinosu çəkəsən, janrdan çıxmağa çalışmayasan. Başa düşürsən nə deyirəm? Mən həmişə janrdan başlayıram, sonra bu yol məni harasa gətirir. Bu, aldığım ən vacib məsləhət olub.
Ölüm haqqında düşünürsən?
Mən daima ölüm haqqında düşünürəm. Çoxdandır evə həbs eləmişəm özümü. Çünki simptomlarım var…
Nə simptomları? Bunlar faktdır, yoxsa fantom?
Əlbəttə faktdır. Mən – tremoram. Əllərim, bədənim əsir.
Təcrid olunmaq kömək edir?
Hə, köməyi dəyir. Yaxşıdır. İndi mən meşədə çoxlu gəzməyə çıxıram. Məni ağaclar, yarpaqlar çox maraqlandırır. Mən gərək daima, danışmaqda çətinlik çəkdiyim hekayələr, hadisələr üstündə işləyim. Çox çətindir… Bu gün də hava gözəldir. Balaca çayın kənarında yaşayıram. Bir az əvvəl romantik gəzintidən qayıtmışam, evimin ətrafında dövrə vurmuşam. Bilmirəm, bir dənə də bağbanım var, hərdən gəlib kömək edir mənə. Bağım da var, amma görsən deməzsən ki, bağdır. Eşələnirik orda.
Xəstəlik və çılğınlıq
Bir rejissor kimi, daha hansı çılğınlıqlara qadirsən?
Nəyə qadir olub-olmamağımdan asılı olmayaraq, istəməzdim ki, o, çılğınlıq olsun. Çılğın, çılğınlıq – bunda mənə tərs gələn nəsə var…
Yaxşı, çılğınlıq olmasın, olsun…
Maraqlı. Hə, bunu maraqlı adlandıraq.
Yaradıcı adam kimi, xəyalpərəst və döyüşçüsən…
Xəyalpərəst və döyüşçüyəm?
Hə, sənin bütün filmlərinə baxdım və belə qənaətə gəldim.
Əla! Belə qənaət hasil olursa, lap yaxşı.
Bunu eşitməyə şadam, Lars. İndiyə qədər gördüyün ən seksual yuxu haqda danışa bilərsən?
Privat söhbət eləmirik, bu internetə də güvənmirəm.
Yaxşı, mən səni başa düşdüm. Sonra, canlı ünsiyyət zamanı, sənin ən seksual yuxun mövzusuna qayıdarıq. Özünə ən çox hansı yalanı deyirsən?
Yalanların sayı çoxdur. Bunlar da mənim əndişəli halımla bağlıdır. Obsessiv-kompulsiv pozuntum var (OKP – sarışan hallar nevrozu. İfrat vasvasılıq kimi paranoik reaksiyalar müşahidə olunur – red.). OKP isə, özünə mütəmadi yalan danışmaqdır.
Səndə OKP də var?
Bəli.
Gələcəyi nə qədər uzaq planlaya bilirsən?
İndi «Krallıq-3»-ü planlayıram, sonrasına heç bir planım yoxdur. «Etud»-lar isə… Qodar da qısametrajlar çəkir, belə eksperimentlər aparırdı…
Yəni, qısametrajda əvvəl heç kimin eləmədiyi eksperimenti eləyib, sonra həmin xətti gələcək filmlərində tətbiq etmək istəyirsən? Eksperiment deyəndə mən, belə başa düşdüm.
Hə, amma burada əsas məsələ, nəticənin oyun kimi qəbul olunmasıdır… oyun, əyləncə, elə hey oynamaq həvəsin olsun. Marağın itməsi, ona oxşayır ki, it topla maraqlanmır, onunla oynamaq istəmir, atır topu qırağa. Gərək əyləncəli olsun, mən də bunu etməyə çalışıram. Düzdür, «Krallıq»-ın finalı elə də əyləncəli deyil, amma bunun əsas səbəbi məndə psixoloji dəqiqliyin çatışmamasıdır. Sən başqa da nəsə soruşmuşdun…
Bu eksperimentin, xəttin sənin gələcək filmlərində tətbiqini də görəcəyik?
Çox acığım gəlir, mənə eksperiment haqqında sual verəndə. Mən eksperiment aparmıram, öz beynimdə film çoxdan hazırdır. Bu, esikperiment deyil, ifadədir.
Paho!
Bəli, amma mənə elə gəlir ki, «tamaşaçı filmi necə görəcək?» sualı səni narahat etməməlidir. Mümkün qədər az düşünmək lazımdır tamaşaçını. Özün bu filmi necə görürsən – əsas sual budur. Mən də özüm üçün filmlər çəkirəm, onlar da kiməsə faydalı olursa, kiminsə xoşuna gəlirsə, lap yaxşı. Amma mən filmi özüm üçün çəkirəm.
Hansı filmlərin sənin üçün daha xüsusidir?
Mənim sevimli filmim – «Doqvil»-dir. O filmdə mən çoxam. Düzünə qalsa – bütün filmlərimdə mən çoxam. İngmar Bergman müsahibəsində demişdi ki, özünü daha çox istifadə eləməlisən. Mən də belə edirəm. İstənilən filmimin, istənilən səhnəsini götür – onlar mənim səsimlə danışırlar. Odur ki, mən özümü çox qatıram filmə. Bəlkə, Bergmanın dediyi qədər aşkar formada yox. İndiyə qədər zövqlə baxdığım inanılmaz filmlər çəkib.
Bilirsən, mən müasir kinoya baxmıram. Dəqiq deyim ki, kino məktəbində baxdığım filmlər mənə ömürlük bəs eləyib. Yaraşıqlı bir qutum var, filmlər xəzinəsi, mənim dünyam da ordadır. Odur ki, mən müasir filmlərə baxmıram. Məsələ budur ki, onlar məni cəlb edə, həyəcanlandıra bilərlər, bu zaman isə, bir alim kimi sənə güvən itir. Mən isə özümü alim hesab edirəm. Mən – Şərqə getmək istəyirəm. Bunu bəyan edirəmsə, deməli Şərqə getməliyəm. Qərbdə maraqlı nəsə tapsam da, onu iqnor etməliyəm və öz yolumla Şərqə getməliyəm.
Şərq-Qərb
«Şərqə getmək» – həyat prinsipindir?
Bəli.
Şərqdə nə tapmağa ümid edirsən?
Əşi, Şərq deyəndə ki… Bu, bir fikirdir, gümandır, kompüter oyunu kimi bir şeydir. Bilirsən… məni bəlkə başa düşməkdə çətinlik çəkəcəksən, mən görürəm ki, orda nəsə bir xətt var və mən… Şərqə meyil edirəm. Şərqin filmlərini soruşursansa bəli, mən bir neçə yeni filmə baxmışam və onların hamısı son texnoloji nailiyyətlərə əsaslanır. Mən isə mümkün qədər az müraciət edirəm müasir texnologiyalara.
Texnoloji dünyamızda, maraqlı mövqedir. Lars, Danimarkada aktyorluq və ABŞ-da rejissorluq məktəbinin məzunu kimi, sənə öz filmimdə çəkilməyi təklif eləsəm, razılaşarsan? Ümumiyyətlə aktyor kimi səni çəkmək olar?
Yox, yox.
Aydındır. Olmaz.
Sən çox nəzakətlisən, çünki insanlar çox zaman «yox» cavabını qəbul etmək istəmirlər, israr edirlər. Məni hər yerdə izləyirlər. Mən də onlara deyirəm ki, mən Şərqə gedirəm, gərək diqqətimi maksimum toplayım. Bəli, bu maraqlıdır, ola bilər və əlbəttə ki, mən çox eqoist adamam.
Lars, sənə iki sual verəcəm. İstəməsən cavab vermə. Amma istəsən yerinə düşər.
Yaxşı.
Mən sənin bütün intervülarına baxdım və oxudum. Onların arasında qəribə mənada maraqlı olan bir müsahibəni gördüm. Rus bloger Kseniya Sobçakdan danışıram. Yadındadır?
Yadımdadır.
O sənin soyuducunu açıb içinə girəndə nə hiss etdin? Çox vəhşi hərəkət idi Sobçak tərəfindən, mənim halım pisləşdi baxanda. O niyə girdi soyuducunun içinə?
Girir girsin də, onsuz da orda maraqlı heç nə yoxdur. Doğrudan da mənim soyuducumda maraqlı heç nə yoxdur. Başqa tanıdığım rejissorlar kimi, mən də… bilirsən, kino haqqında, özünün yetişməsi haqqında danışa biləcək rejissorların çoxu ölüb. Mən isə, şəxsi dünyamı privat tutmağa çalışıram.
Bir də ikinci sual. Adolf Hitlerlə 24 saat keçirsəydin davranışların necə olardı? Ona nə edərdin?
Öldürərdim onu?.. Hitlerə heroin və amfetamin vururdular, hər gün. Hitlerin belə «kayf» vəziyyətində, onunla söhbət etmək maraqlı ola bilərdi. Onun belə caniyə çevrilməsində ximikatların rolu böyükdür. Konslagerlərə şəxsən getmirdi, həqiqi zorakılığın nə olduğunu görmürdü, bunkerində oturmuşdu, ya da evində, və qərarlar verirdi. Generalları da onunla razılaşmırdılar… o isə, yəni Hitler də Şərqə gedirdi. Səhvi burada etdi. Sonra ikinci cəbhənin açılması… Hitler müharibə edə bilmirdi.
Ondan nə soruşardım? Soyuducusunda nə var soruşardım. Problem ondadır ki, onun ekstremal addımları… nə isə, köhnə söhbətdir, Cannes Festivalında başıma gələnləri deyirəm. Orda bunu izah eləməyə çalışırdım ki, bütün tarixi kanallara bax – hamısında Hitler haqqında danışırlar. Hər şey onun haqqındadır. Stalin haqqında da filmlər var, bəli. Amma insaf naminə, Hitlerə çata bilməz. Stalin məgər yaxşı idi? Bax, məsələn sən. 24 saat Stalinlə qalsaydın, ondan nə istəyərdin?
Diktatura
Bir xarici pasport xahiş edərdim ki, ölkədən qaçım.
O da səni güllələtdirərdi. Oturub gecələr edam siyahılarını şəxsən tərtib edirdi. Bu, onun gecə oxusu idi.
Lars, müsahibələrinin birində deyirsən ki, incəsənətin senzuraya ehtiyacı var. Diktatura incəsənətin proqresinə xidmət edir. Şərqə də açılmaq istəmişkən, bəlkə problemlərlə dolu regionumuza – Azərbaycana, Ermənistana, Gürcüstana köçəsən? Gəl bax Azərbaycanda yaradıcılıq necə alınır, incəsənət necə çiçəklənir.
Yox, mən öz yerimdə rahatam. Diktatura deyəndə, mən bəzi adamların doğrudan da çiçəkləndiyini nəzərdə tutmuşdum, bu da çox maraqlıdır. Speer haqqında danışmışdım, sonra Leni Riefenstahl haqqında. Onların bəxti gətirmişdi ki, özlərini göstərə bilmişdilər. Məsələn, elə Speerin özü, çox ortabab bir memar idi, amma diktatura şəraitində sərhədsiz fantaziyalarını həyata keçirməyə imkan əldə etdi. Miqyaslı layihələrinə yaşıl işıq yandırıldı.
Diktatura haqqında danışanda, demokratiyanın da problemlərindən danışmaq lazımdır. İndi Avropada nə görürük? Sağa dönüş. İndi Trump da demokratiya nümunəsidir? İnsanlar demokratiya üçün bu qədər gerizəkalıdırsa, onda nə etmək olar? Bəs indi səninlə söhbət elədiyimiz bu interneti nə edək? Belə bir şeyi, heç bir fantastika yazıçısı təxmin edə bilməzdi. Biz indi internetdən istifadə edirik, internet hər kəsə səs haqqı tanıyır və bunu, idarə eləmək çox çətinləşib. Mən isə siyastəçi deyiləm.
Lars, dediyim kimi, ümid edirəm biz səninlə hələ görüşəcəyik və canlı, doyunca söhbət edəcəyik. Bunu çox istərdim Lars, sən bu gün yaşayan nəhəng, əfsanəvi rejissorlardansan, mən sənə heyranam və səni qiymətləndirirəm.
Mən də ümid edirəm, bir neçə il hələ yaşayaram.
Söhbətləşdi: Orxan Ata
Müsahibənin hüquqları qorunur. Tərcümə, çap, elektron daşıyıcılarda yayım AzLogos.eu platformasına istinad şərtinə bağlıdır.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.