Bir kəndi Qırmızı Sentyabra aparan yol
Sentyabrın 28-də kəndə ayaq basanda salam vermək istədim. Amma kimə? Toz dumanına çevrilib göyə sovrulan torpaq burulğanlarınamı, ön cəbhədən xəbər gözləyən, rəngi sozalmış əsgər anasınamı, yoxsa yolun sağındakı başdaşların altında yatanlaramı? Artıq mənim üçün xüsusi kimsə yox idi bu kənddə. Ölüm-dirim arasında qalmış kəndim vardı. Bəlkə elə hamısına salam verim!?
Üç aydan çox idi, buranın dağı da, daşı da, yerdəki qurd-quşu da, göydə uçan qarğası da gözləyirdi, bilirdi ki, fırtına yaxınlaşır. Qırmızı Sentyabra doğru 14 iyul, qaynar günəş, bir də dronlar kəndin səmasında tüğyan edirdi. Hamı bir-birindən “kimin dronlarıdır?” deyə soruşurdu. Bir qisim “ermənilərin”, o biri qisim “bizim dronlardır” deyirdi. Düzünü deyən kim idi, onu bilən olmadı.
Aradan bir neçə həftə keçdi, bir axşam bir qrup fəhlə gəlib kəndin ana yolundakı tramplinləri dümdüz elədi. Əhaliyə məlumat verildi: tramplinlər yuxarıdan gələn hərbi maşınların sürətinə mane olur.
28 ildir eşim-eşim olmağa öyrənmiş rəmələr yenidən qazılmağa başlandı. Sonra kəndlinin taxıl zəmiləri, əkin yerləri qazıldı. Tez-tez hərbi sursat daşıyan maşınların sayı artdı. Uşaqlıqdan tank təkərinin səsinə alışmış adamlar bu dəfə tank karvanının uğultusundan başını yastığa qoya bilmədi.
Bir ay, iki ay- hazırlığın ardı-arası kəsilmirdi. Sonra bir gün bir məsul şəxs, əlinə mikrofon alıb xalqa xitab elədi, “kəndin üstündən torpaq yol salmışıq, kəndi tərk edəndə o yoldan çıxarsınız. Əsas yoldan çıxsanız, hərbi maşınların hərəkətinə mane olacaqsınız” dedi. Bu arada Naftalan şəhərində hər gün binaların siçan-siçovul yuvası olan zəmin qatları təmizlənirdi. Söz gəzirdi ki, ermənilər hücum edəndə əhalini o zəmin qatlara dolduracaqlar. Tədricən, hamıya məlum oldu ki, atılan toplar, raketlər kəndin hansı hissəsini görəcək. Yəni kəndin, təxminən, 70%-i dağıntı altında qala bilər. Hardansa xəbər gətirən “quşlar” kənd arvadlarının qulağına pıçıldadı ki, “buraları Suriyadan betər günə qoyacaqlar, ermənilər yuxarı çoxlu texnika yığıb.” Təmkinlilər həssasları sakitləşdirməyə çalışdılar. “İndiyə kimi belə hazırlıq görməmişik, 27 ildir belə şey olmamışdı” – dedilər həssaslar. Kəndlilər əmin idilər: nəsə olacaq, həm də çox ciddi olacaq. Amma hansı gün olacaq? Yeganə yanlış proqnoz müharibənin başlayacağı vaxt idi.
Bəzi qadınlar qorxdular, qorxduqlarından utananda “özümüzə görə yox, uşaqlara görə qorxuruq” dedilər. Sənədləri çantalarda gəzdirsələr də, kəndi tərk etmədilər, amma “hər an çıxa bilərik” fikrini də unutmadılar. O günlərdə sosial şəbəkələrdə “bu hökumət müharibə etməyəcək”, “generalın qanı yerdə qalacaq” kimi nifrinli statuslar meydan sulayırdı.
Bizlər sərhəd bölgəsi sakini kimi, ajiotaj yaratmaq istəmədik, hazırlıqlar haqda nəsə paylaşmadıq, fəqət ürəyimizdə bu “başbilənlər”ə güldük. Bir az da incidik onlardan. Onlar bilməzlər müharibə nədir, pəncərəsi silkələnən evlərdə uşaqlara yemək vermək nədir, “sabaha sağ çıxmaya da bilərik” ehtimalı ilə yatağa uzanmaq nədir. Yeri gəlmişkən, bir dəfə televiziyalardan birində çalışan rəfiqəm bizə gəlmişdi. Qəbiristanlıqdan, anamın məzarını ziyarətdən qayıdırdıq. Birdən top səsləri eşidildi, elə bil torpaq uzaqdan qışqırırdı. Mən bu səsə həmişə “torpağın aldığı yaradan nəriltisi” deyirəm. Rəfiqəm soruşdu ki, top atırlar? “Aha” sözü ağzımdan çıxan kimi məni gözləmədən götürüldü. Evə məndən 15 dəqiqə əvvəl çatmışdı. Yəni bilirik ki, toxun acdan xəbəri olmur. İtirmək qorxusunu birə-beş yaşayan bizlər – ön cəbhə sakinləri bunu yazırıq sizin təcrübəsizliyinizə. Amma siz çox oxumusunuz axı, bizim hiss elədiklərimizi, qorxularımızı, az da olsa, duymalı idiniz. Elə hadisələrin sonrakı mərhələsində də.
27 Sentyabr
Sentyabrın 27-si, səhər saat 7:30-dur. Artıq kəndin əsas yolu bağlanıb, uşaqlarını evdə tək qoyub Naftalan bazarına gələnlər kəndə geri buraxılmır. Kəndlilər birtəhər uzun torpaq yolla evlərinə qayıdırlar. Bir dəqiqə səngiməyən atışma səsləri altında hamı gündəlik həyatına dönür. “Hara gedək, bizim evimiz buradır” deyib, kəndin ətrafına düşən top səsləri altında kimi heyvan otarır, kimi bağını çalır. Ta ki axşam saat 5-6 arası, kəndin şimal çıxışına doğru dalbadal atılan beş top zərbəsindən biri Qurbanovların evinə düşənə qədər..
O anda hamının bir-birini ovcunun içi kimi tanıdığı Qaşaltı Qaraqoyunlu kəndinin iki “uşağı” – Fidanla Şəhriyar, top mərmilərinin zərbəsi altında bir anın içində yox oldular. O ana qədər kəndi tərk etməyən bütün sakinlər hadisə yerinə axışdılar. Və gördükləri mənzərənin təsiri altında evə qayıdıb uşaqları, yaşlıları qısa müddətdə kənddən uzaqlaşdırdılar.
Fəqət Qarabağ müharibəsinin birinci nəsil uşaqları top, raket mərmisi altında parçalanan torpağını tərk eləmədi. Hətta Bakıdan qayıdıb kəndinə, həmkəndlilərinə dəstək duranlar da oldu. “Murovun ətəkləri yalnız əylənmək, gəzmək üçün deyil” dedilər. Bu torpaq – bizim əcdadlarımız, ata-anamız, keçən 28 ildə gənc yaşda bu torpağa qarışan, şəkillərdən gözlərinə baxa bilmədiyimiz minlərlə gəncimizdir.
Biz, Qarabağ müharibəsinin birinci nəsil uşaqları, 92-ci ildə yaşıdlarımızın top mərmiləri altında qaldıqlarını gördük. 92-ci ilin fevralında Tap Qaraqoyunluya düşən top zərbəsi üç məktəbli bacı-qardaşı bir həmlədə qətlə yetirmişdi. 2020-ci ildir və bizdən sonra gələn ikinci nəsil Qarabağ müharibəsi uşaqları da eyni şəkildə ölürlər. Təkcə müharibəni yox, müharibənin gətirdiyi ölümü də özümüzdən sonra gələnlərə biz, məhz biz miras qoyduq.
Necə edək? “No war” deyib üçüncü nəsiləmi ötürək bombalar altında insanı öldürən yox, yox edən ölümləri? Biz dəfn etməyə cəsədi tapılmayan, vücudu parça-parça olmuş qurbanlıq uşaqlar böyütmək istəmirik artıq. Biz – bir qarışqanın ölümünü arzulamayan ön cəbhə insanları, millətin maşın-maşın daşınan şəhid övladlarına, baxıcılardan ikinci istəkan çayı istəməyə üzü gəlməyən saf, yaralı əsgərlərinə rəğmən “yes war” dedik. Ona görə ki, bizim evlərimiz özü səngərdir. Hətta “hamımız ölsək də, ya o tərəflik, ya bu tərəflik olmalıdır”, “müharibə olan yerdə ölüm olacaq” deyən, artıq sevinci də, kədəri də dərindən hiss edə bilməyən varlıqlara çevrildik.
4 Oktyabr, axşam saatlarıdır. Yanımda olan həmkəndlilərimə və qohumlarıma “hazırda Bakıda Madagizin alındığını bayram edirlər. Bakıda atəşfəşanlıqdır” – dedim.
Hamı təəccüblə üzümə baxdı. Oğlu ön cəbhədə olan əsgər atası çaşqın halda “Madağız” budu buradı. Onun alınmasınımı bayram edirlər?” dedi. Sonra “uşaqdan xəbər aldıq (cəbhədəki oğlunu nəzərdə tuturdu), gedək, görək yata bilirikmi” deyib masadan qalxdı.
O gecə Bakı sərhəddəki top, raket səslərini imitasiya elədi. Atəşfəşanlıq səsinə sevindi. Sərhəddəkilər isə gecə atılan uzaq mənzilli silahlardan birinin evlərinə düşə biləcəyi ehtimalına qarşı özlərinə sərvaxt yatmağı tənbeh edib yatağa uzandılar.