Son bir neçə gündə AzLogos-dakı tənqidi kontentə görə müxtəlif cəbhələrdən bu sözü yenə eşidirik: “filan yazı sifarişlidir”. Yenə də özgüvənsizlikdən, fakta istinad etmədən, məkrdən və qərəzdən qaynaqlanan bu qənaəti Altay Göyüşovla bağlı vloqa münasibətdə bir uğursuz anarxist yazmışdı: “Alik (Ələkbər Əliyev) bu yazını Sevda Sultanovaya sifariş verib”.
“Sifarişli yazıb” ittihamını kinotənqidçi kimi ünvanıma ara-sıra eşitməli oluram. Bunu adətən, iradələrinin əleyhinə filmləri montaj olunub-doğrananda susan rejissorlar yayır.
Ələkbərlə uzun illərin tanışıyıq, münasibətimiz həmişə qarşılıqlı hörmət üzərində qurulub. Ələkbər asan adam deyil, müşahidə etdiyim qədərilə duyğularını ifadə etmək baxımından nifrət edənləri sevənlərindən daha aktivdir. Əsasən ona görə ki, yazı manerası sərtdir; zəkası, sarkazmı, intonasiyası itidir, spesifikdir, adətən çoxluğun əleyhinə gedir və məndə bir əminlik də var ki, nifrət edənlərinin əksəriyyəti onunla yaxın, dost, özününkü olmaq, ünsiyyət qurmaq istəyib də buna nail ola bilməyən (otval alan, ya da alacağını dəqiq bilən) qəzəblilərdir. Bəli, adam kifayət qədər qapalıdır və hər kəsi yaxına buraxmır, öz sözü olmasın “var onda belə şeylər”. Hər şeyə rəğmən çox oxunan müəlliflərdəndir. Sosial şəbəkələrdəki paylaşımlara əsasən, oxucularının bir qismi elə nifrət edənləri, onu ciddiyə almadığını deyənlərdir.
Şəxsi söhbətimizdə “səninlə işləmək ona görə rahatdır ki, heç bir qruplaşmada deyilsən, müstəqilsən” deməsini də vurğulayıram ki, AzLogos-un iş prinsipi oxuculara aydın olsun. AzLogos-un istənilən əməkdaşı mövzu seçimində sərbəst olduğunu təsdiqləyər. Odur ki, mənim haqqımda deyilmiş “sifarişli yazır” ittihamından platforma ilə əməkdaşlıq edən hər kəsə pay düşür və 50-dən artıq müəllif zənn altında qalır ki, bu da ittihamı səsləndirən tərəf üçün yaxşı heç nə vəd etmir. Yəni, adama ən azından və çox pis gülərlər.
Qərəz, AzLogos-da və uzun müddətdir əməkdaşlıq etdiyim Kulis-də yazacağım mövzularla bağlı təşəbbüslər, seçimlər məndən gəlir. İnana bilmirəm ki, bunu vurğulamaq ehtiyacı hiss edirəm.
***
AzLogos-a növbəti “sifariş” damğası yaxında başqa bir cəbhədən gəldi. Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə paylaşdığı statusunda ötən ilin sentyabrında “Cəmil Həsənlinin Səriyyə problemi” adlı vloqumun Fuad Qəhrəmanlının məlum əhvalatı zamanı onlara qarşı total hücumun tərkib hissəsi olduğuna əmindir: “Bəziləri hətta Milli Şura və Xalq Cəbhəsinin qadın azadlığının əleyhinə olduğunun nəzəri, tarixi və ideoloji əsaslarını ortaya qoymaq üçün mənim 2018-ci ildə nəşr olunmuş “Azərbaycanda Sovet liberalizmi” kitabımdakı bir epizoda müraciət etmişdilər. Sevda xanımın təbirincə, burada mənim günahım Fuad Qəhrəmanlının ailəsində baş verən təlatümlərin tarixi kökləri mənim tənqidci Məsud Əlioğlunun Səriyyə obrazına münasibətdə Məsud Əlioğlunun fikirlərinə şərik olmağım idi”.
Həsənlinin “Azərbaycanda Sovet liberalizmi” kitabına müraciətim “Azərbaycan kinosunda qadın obrazı” araşdırmamla bağlıydı. Kitabı mənə Altay Göyüşov məsləhət görmüşdü. Söhbət ötən ilin may ya iyun aylarından gedir. Kitabın ədəbiyyata aid bölümündə “Körpüsalanlar” əsəri haqda M.Əlioğlunun patriarxal fikrilərinə C.Həsənlinin şərik olması diqqətimi çəkdi və mövzu haqda danışmağı qərara aldım. Ancaq həm yay mövsümünə düşdüyündən, həm də digər iş və şəxsi qayğılar səbəbindən vloqun ilk buraxılışı sentyabrda yayımlandı. Hücumlar, tənqidlər adamı şübhəçi və paranoya vəziyyətinə soxanda ortaya məcburi qərəzlilik çıxır. Bu səbəbdən vloqumu Fuad Qəhrəmanlı məsələsinə proyeksiya etməyə çalışan professoru anlayıram. Həmçinin-özünü, təşkilatının maraqlarını nəyin bahasına olursa-olsun qorumaq məsələsi aktuallaşanda- arqumentlərin ehtimallarla əvəzlənməsini, obyektvliyin itirilməsini, müqəddəs saydıqları prinsipləri görməzdən gəlinməsini də.
C.Həsənli statusunda da M.Əlioğlunun bir qadının azad seçimini, düşüncəsini əlxaqsızlıq kimi dəyərləndirməsini görməzdən gəlir, “Körpüsalanlar”ı ideologiyaya bağlayır. “Bu əsəri yazanda İlyas Əfəndiyev Yazıçılar İttifaqının partiya təşkilatı katibi idi. “Körpüsalanları” yazan müəllif 1959-cu ildə İttifaqın plenumunda İsa Hüseynovun “Doğma və yad adamlar” romanındakı qəhrəmanların kommunizm quruculuğu ilə ayaqlaşmadığını çox sərt formada tənqid edirdi…”
Yazıçılar İttifaqı həmişə intriqalar mərkəzi olub. Yazıçıların əksəriyyətinin bir-birinin əsərlərinin tənqidinin əsası daha çox şəxsi qərəzdən, istedada paxıllıqdan doğurdu, nəinki ideologiya qayğılarından. Ona görə bir-birini ideoloji zəmində vurmağa çalışırdılar. Altay Məmmədovun “Tanıdığım Əli Kərim”, Sabir Əhmədlinin “Yazılmayan yazı” xatirələr kitabında bu məqamlar geniş yer alıb.
C.Həsənli haqlı olduğunu isbatlamaqdan ötrü məsələyə İ.Əfəndiyevin özəl həyatı kontekstində də baxır:
“Axı, Səriyyəyə bu qədər geniş “hüquqlar” verən yazıçının öz həyat yoldaşı, ailə-məişət zəminində, öz evində özünü yandıraraq intihar etmişdi. Və bu barədə cinayət işi də başlamaq istəyirdilər. Yalnız Mirzə İbrahimovun müdaxiləsindən sonra məsələ qapanmışdı.”
İntihar faktının detalları haqda müəyyən məlumatlarım olsa da, dəqiqliyinə əmin olmadığımdan və etik səbəblərdən paylaşmağı lüzum görmürəm. İkincisi, söhbət yazıçının əsərindən gedir. Üçüncüsü, İ.Əfəndiyevin yaradıcılığının cəmiyyətə bir siyasətçi qədər təsiri mümkün deyil. Hakimiyyətə gəlməklə ölkəni dəyişmək istəyən bir adamın zorakılıq faktı isə cəmiyyət üçün daha ciddi və təhlükəlidir.
Paradoks ondadır ki, ailə institutunun müqəddəsliyinin fiksiya olması, ərinə ikrah hiss edən qadının ekzistensial durumu motivini geniş şəkildə milli ədəbiyyata ilk dəfə- qadının seçim azadlığını qəbul etməyən Məsud Əlioğlunun qızı Afaq Məsud gətirib. Bu, eyni zamanda yazıçının şəxsi təcrübəsinin, travmalarının izləri olmaya?! Demək istədiyim odur ki, yaradıcı adamların şəxsi təcrübələrinə getsək, hər kəsin şkafından cürbəcür skeletlər çıxar.
Statusda bir məqam da var: “Bir çox gənclərin erotik ehtiyaclarını ödəsə də, “Körpüsalanlar”ı həmin dövrdə cəmiyyətə qəbul etdirmək doğrudan da çətin idi”. Maraqlıdır ki, C.Həsənli əsərdə erotik ehtiyaclara yönələn hansı məqamları görüb? Axı, müəllif qəhrəmanlarının sadəcə duyğularına və son dərəcə incə, qapalı eyham edib. Bilgi üçün deyim ki, erotika janrında yazılan əsərlərdə seksual emosiyalar, bədənlərin təması açıq, amma estetik verilir.
Cümləsindən duyulur ki, C.Həsənli erotikaya nəsə yad element kimi baxır. Mən başa düşürəm ki, tipik azərbaycanlı üçün seksual münasibətlər nəsil artırmağa hesablanıb. Bu barədə AzLogos-da doktor Vasif İsmayılın maraqlı məqaləsi də var. Belə anlayıram ki, toplumun sekslə bağlı düşüncə komplekslərini aşması, erotizmin gözəl duyğu olmasını anlatması üçün Vasif bəyin sistemli mühazirələr deməsinə ehtiyac var.