Jurnalist Sona Martirosyanın imzası ilə JAM News saytında çıxan bu məqalə, hələ 23 yanvar tarixində erməni və rus dillərində, 24 yanvar tarixində gürcücə (!), 25 yanvar tarixində isə ingiliscə dərc edilib. Məqalənin dərcindən iki həftə vaxt keçsə də, JAM News saytı onun azərbaycanca versiyasını dərc etməyib. Hansı ki, sözügedən sayt vaxtaşırı olaraq öz məqalələrinin azərbaycanca tərcümələrini də oxuculara təqdim edir. O cümlədən, Sona Martirosyanın bir çox məqaləsi ilə də azərbaycanlı oxucu birbaşa tanış ola bilər. Bəlkə də JAM News hesab edib ki, Qarabağ münaqişəsi mövzusunda yazılmış bu məqalə azərbaycanlı oxucular üçün maraqsız olacaq. Biz isə JAM News redaksiyası ilə razılaşmırıq və hesab edirik ki, münaqişə barədə dərin məlumatlara malik olan jurnalist və ekspert Tatul Hakobyanın bu məqalədə getmiş səmimi və maraqlı fikirləri ilə azərbaycanlı oxucular da tanış olmalıdır. JAM News və çox güman ki, elə Tatul Hakobyanın özü istəmədikləri halda, yazını azərbaycancaya tərcümə etməyə qərar verdik.
AzLogos
Həqiqəti bulandıran miflər,
müharibədə ermənilərin məğlubiyyətinə səbəb oldu
Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan cəmiyyətində vəziyyətin təhlili mərhələsi başlayır. Nə baş verdi və niyə baş verdi suallarına cavab tapmaq üçün jurnalistlər və ekspertlər müxtəlif izahlar irəli sürürlər.
Siyasi icmalçı, Qarabağ münaqişəsi üzrə ekspert Tatul Hakobyan hesab edir ki, 44 günlük müharibə erməni cəmiyyətində dərin kök atmış beş mifi boşa çıxardı. Jurnalistin fikrincə, məhz bu miflərin rəsmi səviyyədə propaqandası erməni ictimaiyyətinin sayıqlığını əlindən almışdı.
Məğlubiyyətə aparan ilk mif – status-kvonu əbədi saxlamaq mümkündür:
“Status-kvo haqqında mif hələ 2016-cı ilin aprelində hərbi eskalasiya zamanı ilk zərbəni almışdı. Sanki Azərbaycan cəbhə xəttinin nə qədər möhkəm olduğunu yoxlayırdı. Onlar xüsusi bir uğur əldə etmədilər, sadəcə bir neçə yüz hektar ərazi və onlarla dayaq məntəqəsi ələ keçirdilər, amma həm də öyrəndilər ki, ermənilərin müdafiə xətti keçilməz deyil.
2020-ci ilin sentyabrında elə müharibənin ilk günlərində Azərbaycan tərəfi Horadiz istiqamətində cəbhə xəttini yarmağı bacardı. Əgər Xudafərin su anbarına kimi olan ərazidə erməni qüvvələri böyük itkilər hesabına olsa da müdafiə döyüşləri apara bilirdisə, su anbarından Meğri sərhədinə kimi 50 kilometrlik məsafəni düşmən müqavimət görmədən bir neçə saat ərzində qət etmişdi.”
İkinci mif – erməni ordusunun məğlubedilməzliyi:
“Dünyada məğlubedilməz ordular olmayıb və indi də yoxdur. Erməni ordusunun məğlubedilməzliyi mifi 1991-1994-cü illərin müharibəsində qələbədən sonra yaranmışdı. O zaman müharibədə qalib gələn nizami ordu deyildi, könüllü hərəkatın dalğasında yaradılan çoxsaylı qruplaşmaların hərbi birliyi idi.
Bu qələbə bir sıra şərtlər hesabına, o cümlədən erməni könüllülərinin və Qarabağ kəndlilərinin qorxmaz mübarizəsi, amma həm də o illərdə Azərbaycanda baş verən daxili siyasi xaos və hakimiyyət uğrunda mübarizə sayəsində əldə edilmişdi.”
Hətta erməni ordusunun həqiqətən məğlubedilməz olduğunu qəbul etsək də, bir sıra obyektiv faktorları nəzərə almaq vacibdir:
- Azərbaycanı və onu dəstəkləyən Türkiyəni və cihadçı birləşmələri məğlub etmək mümkün deyildi, çünki faktiki olaraq 20-ci əsrin ordusu 21-ci əsrin ordusu ilə vuruşdu;
- Üç milyon əhalisi olan Ermənistan və Dağlıq Qarabağ 10 milyonluq Azərbaycan və onu dəstəkləyən 80 milyonluq Türkiyəyə qarşı mübarizə aparırdı.
Erməni tərəfi ona görə məğlub oldu ki, qüvvələr bərabər deyildi. Azərbaycan Türkiyənin, muzdlu terrorçuların və İsrail istehsalı olan dronların köməyi ilə hücumun ilk günlərində hərbi üstünlük qazanmağı bacarmışdı və Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırıldığı ana qədər bu üstünlüyü qoruyub saxlayırdı.
[Müharibə zamanı Azərbaycan tərəfində guya cihadçıların vuruşması Ermənistan təbliğatının uydurmasıdır. Türkiyə isə Azərbaycana ən yüksək səviyyədə siyasi dəstək nümayiş etdirib, onun hərbi birləşmələri döyüşlərdə iştirak etməyib. – AzLogos]
Erməni tərəfi silah-sursat, canlı qüvvə, hərbi hazırlıq və rəhbərliyin səriştəliliyi baxımından Azərbaycan tərəfinə uduzurdu. Bu, acı həqiqətdir, hərçənd indi bəzi dairələr şirin yalanlar uydurmağa, günahkarlar və xainlər axtarmağa başlayır.”
Üçüncü mif Ermənistanın yeni hərbi doktrinasında formulə edilmişdi – “yeni müharibə – yeni ərazilər”:
“Bu təkəbbürlü bəyanatı Ermənistan müdafiə naziri David Tonoyan dövriyyəyə buraxmışdı.
Erməni əsgərləri, milisləri və rezervistləri səngərlərdə Tonoyanı lağa qoyurdular, ən sonda haqlı olduğunu deyirdilər – sadəcə ölkələrin adlarını dəyişmək lazım idi. Yeni müharibədə yeni əraziləri Azərbaycan fəth etdi – 8,000 kvadrat kilometrdən çox.”
Dördüncü mif erməni tərəfinin düşmənin niyyətləri haqqında fikirlərinə aiddir – “Azərbaycan müharibəyə başlamayacaq”:
“Bu mif 2016-cı ilin aprel müharibəsindən sonra müəyyən dərəcədə zəifləsə də, hələ də yaşamağa davam edir və sayıqlığımızı əlimizdən alırdı.
Əslində müharibə qaçılmaz idi – bunu dərk etmək və müvafiq tədbirlər görmək vacib idi, amma heç bir addım atılmadı. Üstəlik, 1997-ci ilin payızında münaqişənin mərhələli həll yolu qəbul olunsaydı, bu fəlakətli müharibənin qarşısını almaq olardı – indi DQMV və bütün Laçın rayonu, yəni 6,000 kvadrat kilometrdən çox ərazidən ibarət, səs və veto hüququ olan Artsax var idi.
Yəni bu gün əlimizdə olandan iki dəfə daha böyük. Onda biz qalib idik və şərtləri diktə edirdik, amma bu gün başımızı aşağı salıb qarşımıza qoyulan sənədi imzaladıq və Azərbaycanın bütün şərtlərini və ya demək olar ki, bütün şərtlərini qəbul etdik.
Əgər 1998-ci ildə Artsaxı xilas etmək bəhanəsi ilə [Ermənistanın müdafiə naziri] Vazgen Sarkisyan, [Ermənistanın baş naziri] Robert Koçaryan, [Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri] Serj Sarkisyan və [Dağlıq Qarabağın ordusunun komandanı] Samvel Babayan saray çevrilişi etməsəydilər və hakimiyyəti qəsb etməsəydilər, bütün bunların qarşısını almaq olardı.
Nikol Paşinyan, Ermənistanın diplomatik və hərbi-siyasi rəhbərliyi öz güclərini daha realist dəyərləndirə bilsəydilər, bütün bunların qarşısını almaq olardı.”
Beşinci mif iqtisadiyyatla bağlıdır – Ermənistan heç bir güzəştə getmədən, bağlı sərhədlər arxasında da inkişaf edə bilər:
“Bu mifi təkcə ayrı-ayrı fərdlər dəstəkləmirdi, həm də siyasi qüvvələr onun üzərində öz seçki kampaniyalarını qururdular. Halbuki, bu fikrin reallıqla heç bir əlaqəsi yoxdur.”
Nəticə
“Bu vətən müharibəsi zamanı həm 18 yaşlı əsgərlər, həm zabitlər, həm də rezervistlər tərəfindən bir çox qəhrəmanlıq və misilsiz vətənpərvərlik nümayiş etdirildi, amma yekunda erməni tərəfi məğlub oldu.
44 günün içində erməni tərəfi ərazi baxımından Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçının bir hissəsini, həmçinin keçmiş DQMV ərazisi olan Hadrut və Şuşanı itirdi.
Azərbaycan daha üç rayonu – Ağdam, Kəlbəcər və Laçını Nikol Paşinyan, İlham Əliyev və Vladimir Putinin birgə imzaladığı sənədə əsasən əldə etdi. İnsan itkiləri ölçüyəgəlməzdir. Bu, milli faciədir, fəlakətdir.
Üstəlik, bu hadisə son 100 ildə – 1920-ci ildə Ermənistan-Türkiyə müharibəsində Qarsın itirilməsindən sonra ikinci ən böyük məğlubiyyətdir. O zaman Daşnaktsutyun tərəfindən təmsil olunan Ermənistan hakimiyyəti öz vətənlərinin təxminən 30 min kvadrat kilometrini itirdilər. Tezliklə Sovetləşmə baş verdi və Ermənistan müstəqilliyini də itirdi.
Bu gün Dağlıq Qarabağ və Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” alyansının hakimiyyətdə olduğu Ermənistan 1991-1994-cü illərdə min günlük müharibə zamanı erməni xalqının 6,000 insanın həyatı bahasına fəth etdiyi 8,000 kvadrat kilometrlik ərazini itirdi.
Biz öz gücümüzü doğru qiymətləndirmədik. Əlimizdə olan imkanları yox, öz arzularımızı rəhbər tutduq və növbəti fəlakətə düçar olduq.”