Yəqin ki, çoxumuz bəzən bu sualı düşünmüşük “Nə üçün ermənilər bizə bu qədər nifrət edir?”
Cavablar müxtəlif olsa da, zənnimcə bir məsələni də nəzərdən qaçırmamalıyıq, hansı ki, ermənilər üçün bu kifayət qədər vacibdir: biz, onlar üçün Böyük Ermənistanın qurulması yolunda duran böyük əngəlin DAVAMIYIQ. Belə ki, hadisələrə daha dərindən baxanda bəlli olur ki, Cənubi Qafqazı da əhatə edən erməni dövlətinin əraziləri onların irredentist siyasətinin bir hissəsidir. Əsas “tarixi” ərazilər isə şərqi Anadoluda yerləşir. Buna rəğmən, ermənilər, Anadoludakı torpaqlar da daxil olmaqla, düşündükləri qədər böyük dövlət qura bilməsələr də, Cənubi Qafqazda Ermənistan adlı dövləti qurmağı bacardılar, lakin bu azərbaycanlılara baha başa gəldi və belə demək mümkündürsə, gəlməkdə də davam edir. Səbəb isə bəsitdir – Azərbaycan və azərbaycanlılar onların “böyük və tarixi” dövlətinin yaranması yolunda ciddi əngəl idi.
Erməni tarixşünaslığına inansaq, erməni platosunda yaşayan proto-erməni qəbilələri birləşərək Van gölü ətrafında özlərinə dövlət qurur. Hətta bu dövlət o qədər qüdrətli olur ki, Bərəkətli Hilal (Fertile Crescent) üçün Assuriya ilə mübarizə aparır. Daha sonra isə Əhəmənilərin güclənməsi ilə həmin əraziləri perslər işğal edir və erməni satraplığı yaradılır. Makedoniyalı İskəndərin Qavqamela döyüşundə Əhəməniləri yox etməsi ilə yenidən krallıqlarını bərpa etdilər. II Tiqran və ya Böyük Tiqranın dövründə Böyük Ermənistan krallığının ərazisi geniş bir coğrafiyaya yayıldı: şərqi Anadolu, İranın şimal-qərbi, indiki Suriya və Livan da daxil olmaqla, Cənubi Qafqazın əksər əraziləri (Xəzərə qədər) bu krallığın tərkibinə qatıldı və tarixi erməni əraziləri “oldu”.
Təqribən eramızdan əvvəl I əsrin 60-cı illərindən başalayaraq Roma imperiyasının vassalına çevrilsələr də, daxili idarəetməni saxladıqlarını, eramızın III əsrində isə yüksəlişdə olan Sasani imperiyası ilə Roma imperiyası arasındakı çəkişmənin mübarizə mərkəzlərindən birinə çevrildikləri yazırlar. Eramızın 301-ci ilində xristianlığı dövlətin rəsmi dini elan etməklə bu dini qəbul edən ilk “xalq” kimi də tarixə düşdüklərini iddia edirlər. Nəhayət, Erməni krallığı 387-ci ildə Sasanilərlə Romalılar arasında bölüşdürülür və qərbi Ermənistan Romanın, şərqi Ermənistan isə perslərin nəzarətinə keçir. Bundan sonra isə bir daha dövlət qura bilmirlər, ta ki 1918-ci ilə qədər.
Yuxarıda qeyd olunanlara inansaq, ermənilər Anadolunun aborigenləridir və hətta Cənubi Qafqazın da sahibləridir, amma və lakin tarix elə dövr edib ki, uzun əsrlər boyu dövlət qura bilməyiblər. Bununsa əsas səbəbi hər dövrün özünün böyük güclərinin olmasıdır: Sasanilər, daha sonra Ərəb xilafəti, Bizans impersiyası, Türk dövlətləri, Osmanlı imperiyası və s. Nəticə etibarilə onlar bir daha özlərinə dövlət qura bilmir və fərqli coğrafyalarda dağınıq şəkildə yaşamağa başlayırlar. İtkin düşmüş 10 yəhudi qəbiləsi kimi olmasa da, ermənilər Anadoluda, İranda və az miqdarda Cənubi Qafqazda yaşamağa davam etdilər. Nəzərə almaq lazımdır ki, say etibarilə ən çox erməni Bizans-Osmanlı torpaqlarında yaşayıb.
XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda Rus və İran imperiyalarının arasında gedən (eyni zamanda Rus-Osmanlı) müharibələrin nəticəsi olaraq ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsinə başlandı. Getdikcə sayları artan ermənilər əsasən şərqi Anadolu ilə qonşu olan ərazilərdə: İrəvan, Naxçıvan və Qarabağ bölgəsidə– yəni “şərqi Ermənistan” ərazilərində yerləşdirildilər. Bu yerləşdirmənin fəsadları isə təxminən bir əsr sonra üzə çıxacaqdı.
Əsas hadisələr isə Osmanlı impersiyasının zəifləməsi və XIX əsrin əvvələrindən etibarən artan millətçiliyin fonunda ortaya çıxdı. Belə ki, artıq XIX əsrin ilk yarısında Balkan xalqları ya müstəqillik əldə edir, ya da müstəqilliyin ilk mərhələsi olan özünüidarə haqqını Osmanlıdan qoparırdı. Təbii ki, burada qərbi Avropanın böyük güclərinin, həmçinin də Çar Rusiyasının həmin millətlərə dəstəyi vurğulanmalıdır. Millətçilik və Osmanlıdan ayrılaraq öz müstəqil dövlətini qurmaq ideyası Osmanlı imperiyasında Millet-i Sadıka (sadiq millət) olaraq da tanınan ermənilərdən də yan keçmədi. Xüsusilə XIX əsrin sonlarında daha da aktivləşən və planlı hərəkət etməyə başlayan ermənilər, Osmanlıdan ayrılıb müstəqil olmağın qanlı yolunu seçdilər. XIX əsrin 90-ci illərində silahlanmış erməni birləşmələri şərqi Anadoluda ciddi qətliamlar həyata keçirməyə başladı, bunun nəticəsində isə “müsəlmanlardan təmizlənmiş” Ermənistan qurmağı hədəfləyirdilər. II Abdulhamidin məsələni ciddi nəzarətə götürməsi nəticəsində bu cəhdin demək olar ki qarşısı alındı, ən azından Birinci Dünya Müharibəsinə qədər təxirə salındı.
Həmin dövr üçün xarakterik olan irredentizm ermənilərin milli şüurunun formalaşmasında öz yerini aldı. Yəni “tarixi” ərazilərin bərpası, orada milli dövlət qurmaq xülyası artıq millət səviyyəsində qəbul edildi və bu yöndə işlər görülməyə başlandı. 1914-cü ildə Osmanlı imperiyasının Birinci Dünya Müharibəsinə qatılaraq müxtəlif cəbhələrdə savaşanmasını fürsət bilən ermənilər, şərqi Anadoluda yenidən aktivləşərək Böyük Ermənistan xülyasını reallaşdırmağa ikinci cəhdi etdilər. Yenidən Anadolunun müsəlman əhalisi kütləvi şəkildə öldürülür, etnik təmizləməyə məzur qalırdı. Osmanlı imperiyasının xaricdən, xüsusən Rusiya impersiyasından dəstəklənən daxili/separatist problemi həll etməsi zərurəti yaranmışdı. Problemə həll yolu isə Almaniyadan gəldi: sürgün. Kütləvi qətllərin qarşısının alınması, eyni zamanda Osmanlının şərqi Anadolu sərhədlərinin təhlükəsizliyinin qorunması və daxili asayişin təmini üçün erməni silahlılarına qarşı hücumların edilməsi qaçınılmaz idi. Bununla belə, bu mübarizə dayanmadı və ermənilərin sürgün edilməsi təklifi icra edildi. Nəticədə, Anadolu torpaqlarında Erməni dövlətinin yaradılması planı puç oldu, Böyük Ermənistanın Anadolu hissəsi – Qərbi Ermənistan əldən çıxdı, qaldı Şərqi Ermənistan.
1917-ci ildə Rus impersiyasının dağılması Cənubi Qafqazda yaşayan millətləri də müstəqil dövlət qurmaq üçün həvəsləndirdi. Beləliklə, 1918-ci ilin may ayında Gürcüstan, Azərbaycan və Ermənistan müstəqil dövlətlərin qurulduğunu elan etdilər. Fəqət, “şərq” erməniləri üçün yenə ərazi az idi, yəni ən azı xəyal etdikləri qədər ərazilər üzərində söz sahibi ola bilməmişdilər. Buna görə də istər Azərbaycan, istərsə də Gürcüstana qarşı ərazi iddiaları irəli sürdürlər. Bununla yanaşı pərakəndə silahlı qruplar şəklində, İrəvan, Naxçıvan və Qarabağda qırğınlar törətmə, etnik təmizləmə yolu ilə “tarixi” erməni torpaqlarında dövlətlərini bərpa etmək istəyirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin may ayında müstəqilliyini elan etməsinə baxmayaraq, Bakı hələ də işğal altında idi. Bu məsələdə Osmanlıdan kömək istəyən Azərbaycan hökumətinə müsbət cavab verildi və Qafqaz İslam Ordusu Nuri paşanın rəhbərliyi ilə Cənubi Qafqaza gəldi. Buna paralel olaraq, Naxçıvana isə Kazım Karabekir paşa öz ordusu ilə yerləşdi və bölgəni nəzarətə götürdü. Bakının azad edilərək Cümhuriyyətin paytaxtına çevrilməsi və daxili asayişin təmin edilməsi ilə ermənilərin Cənubi Qafqazda düşündükləri Ermənistan planı da bu minvalla reallaşmadı. Lakin, Osmanlı arxivlərindəki sənədlərə əsasən demək olar ki, 1918-1920-ci illər arasında İrəvan, Naxçıvan və Qarabağ bölgələrində ermənilər dinc əhaliyə qarşı zorakılıqlarına davam etmiş, Cümhuriyyət üçün ciddi baş ağrısına çevrilmişdilər. Qısaca bunu qeyd etmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti Osmanlıların köməyi ilə ermənilərin planlarını pozdu, Böyük Ermənistan uğrunda üçüncü cəhdin də qarşısını aldı, ancaq bu dəfə Anadoluda deyil, Cənubi Qafqazda. Bu isə son deyildi, Sovet imperiyası onların səsinə səs verə bildi.
Sovet dövlətini quran Rusiyanın ilk planlarından biri Cənubi Qafqaz olduğundan, vaxt itirmədən 1920-ci ildə yenicə müstəqil olmuş hər üç dövlətin müstəqilliyinə son qoydu və Sovet imperiyasının tərkibinə daxil etdi. SSRİ-nin qurulması ilə öz planlarını yavaş-yavaş həyata keçirməyə başlayan ermənilər İrəvan bölgəsini, Zəngəzuru öz ərazilərinə birləşdirməyə nail oldular. Naxçıvanın xüsusi statusu olduğundan həmin əraziləri faktiki olaraq Ermənistan SSR-ə daxil edə bilmədilər. Qarabağı birləşdirmək cəhdi isə tam reallaşmasa da, özünüidarə hüququnu qazandılar – Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı. SSRİ-nin dağılma ərəfəsində isə yenidən tarixi torpaqlar uğrunda mübarizə qızışdı və Ermənistana birləşmə planları hazırlandı. Hadisələrin sonrakı gedişatı hər kəsə aydın olduğu üçün bura qədər yazmaqla kifayətlənirəm.
Beləliklə, ermənilərin dənizdən dənizə Böyük Ermənistan (milli) dövlətini qurmaq planlarının rüşeymləri XIX əsrdə Osmanlı impersiyasında cücərsə də, “tarixi” dövlətlərinin bir hissəsini Ermənistan adı altında sadəcə Cənubi Qafqazda rusların havadarlığı ilə qura bildilər. Osmanlı imperiyası birinci dəfə 1894-96-cı illərdə, ikinci dəfə 1914-15-ci illərdə dövlət yaratma planlarına mane oldu. 1918-ci ildə isə Azərbaycan yenə Osmanlıların köməyi ilə üçüncü dəfə ermənilərin planlarını boşa çıxardı (ən azından 2 illik bu məsələni ləngitdi). Daha sonra isə, SSRİ-nin ilk qurulduğu illərdə isə istədiyi, arzusunda olduğu torpaqların bir hissəsini rəsmi dövlət ərazisi olaraq əldə etdi və dövlət sərhədlərinə qatmağı bacardılar.
Hələ də şərqi Anadoluda “qalan” torpaqlar üçün həsrət çəkən, ancaq reallaşmasının heç cür mümkün olmayacağını bilən bir millət təbii ki, əlində olan fürsəti dəyərləndirdi və SSRİ-nin süqutu ərəfəsində yenidən separatizm yolunu seçdi. “Min illər” əvvəlin tarixinə əsaslanaraq Dağlıq Qarabağı azərbaycanlılardan almağa çalışdı və yenə Rusiyanın dəstəyi ilə istəyinə qismən də olsa nail oldu. Odur ki, xəyallarındakı Böyük Ermənistanı qura bilməsələr də (Türkiyə güclü dövlət olduğu müddətcə bu mümkün deyil), indiyə qədər qura bildiklərinə yeni “tarixi” ərazilər əlavə etmək istəyirlər. Bu isə ancaq Cənubi Qafqazda mümkündür və təəssüf ki burada əsas maneə Azərbaycan və azərbaycanlılardır (ermənilərə görə isə türklər). Nəticə etibarilə, Osmanlının varisi Türkiyədən ala bilmədikləri qisası Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikasından almağa çalışdılar/çalışırlar. Azərbaycan əhalisinin çoxunu türk olaraq qəbul edirlər, buna görə də bizə azərbaycanlı yox türk deyə xitab edirlər. Osmanlının timsalında isə türk bir xalq olaraq ermənilərin əbədi düşməni, Böyük Ermənistan planlarını məhv edəndir. Buna görə də, Azərbaycana – əhalisinin böyük əksəriyyəti türk olan bir dövlətə və xalqa qarşı ermənilərin qəzəbi və kini dinmir və bu düşmənçilik yəqin ki hələ çox uzanacaq…