Yəqin, artıq hamı qəbul edər ki, 2020-ci ildən sonra həm Azərbaycanda, həm də planetar miqyasda dünyanın nizamı hər mənada dəyişib. Ətrafımızda yeni bir reallıq yaranıb. Bu yeni reallığın mövcudiyyəti onun barəsində, daha doğrusu gələcəyimizin necə olacağı haqda refleksiyalara rəvac verir.
Doğrusu, demək çətindir, hazırda bunun zamanıdır, ya yox; bilinmir, bunu indiki iqtidar edəcək, yoxsa bu məsələ Azərbaycanın növbəti nəsil hakimiyyətinin missiyası olacaq – lakin, bu problemlə əsaslı məşğul olmaq zərurəti yaranmışdır.
Söhbət milli etikadan gedir. Buna geniş anlamda milli ideya, milli fəlsəfə, milli düşüncə tərzi də deyə bilərik.
Bu məsələ çox həssas və kompleks məsələdir, ona görə də kəskin qərarlar, qanun dəyişikliklərindən daha çox müxtəlif səviyyəli ekspert və humanitarilərin geniş və müddətli müzakirələri nəticəsində formalaşmalı, yalnız bundan sonra hansısa şərti qaydalar məcmusu formasına gətirilməlidir.
İş orasındadır ki, Azərbaycan tarixən fərqli mədəni arealların təsiri altında olub. Müqayisə üçün, Avropa ölkələri və ya Çin tarixən yuxarı-aşağı eyni “fəlsəfi arealda” yerləşib və konkret istiqamətdə inkişaf ediblər. Avropa misalında, ümumiyyətlə, söhbət modern qərb fəlsəfəsindən gedir ki, bu da antik dövrlərdən günümüzədək gələn uzun və bir-birini tamamlayan fəlsəfi şəcərədən ibarətdir.
Digər tərəfdən Çin və ya Hindistan cəmiyyəti də muxtar şəkildə öz milli fəlsəfəsini əsrlərlə formalaşdırıb. Onlarda bu məsələ Avropada olduğu kimi strukturlu olmasa da qədimlik və legitimlik baxımdan heç də Avropa modelindən geri qalmır.
Bizdə isə belə bir vahid, kəsintisiz fəlsəfi istiqamət olmayıb. Ərəb işğalı dövründə və ondan sonra biz əsasən islam ideologiyası və etikası təsiri altında olmuşuq. Rus işğalı zamanı böyük əksəriyyət yenə də islam təsiri altında olsa da, elita Rusiya üzərindən bizə çatmış Avropa mədəniyyətini məminsəyib. Sonra qısa müddətli Birinci Respublikanı qurmuşuq. Orada da “Avropa-islam kokteyli”ni istifadə eləmişik. Sonra 70 illik sosialist-kommunist etikasını istehlak etmişik.
1990-cı illəri yaşayanlar xatırlayar ki, sovetlər dağıldıqdan sonra birdən-birə xalq olaraq ideoloji boşluğa düşdük. O dövrdə Bakıda yaşayanlar xatırlayar ki, krişnaidlərdən tutmuş xristian missionerlərinə, irandan gətirilən kiril qrafikalı, orfoqrafik və grammatik səhvlərlə dolu hədislər və imamların müdrik kalamları tipli kitabları pulsuz paylayanlardan, evlərdə məclislər quran və öz təriqətinə dəvət edən vəhabi örgütlərinə qədər bir çox cərəyanlar bu boşluğu doldurmağa çalışırdı.
2000-lərdə isə gənc, etirazçı ədiblərin iştirakı ilə yeni postmodernist ədəbi cərəyan formalaşmağa başladı. Bu dalğanın işinin nəticəsi əsrlərlə toplanmış islam və sovetdənqalma, müasir dünya ilə ayaqlaşmayan etikanın gözdən salınması və delegitimizasiyası idi. Bu baxımdan onlar müəyyən işlər gördülər.
Unutmaq olmaz ki, bu prosseslər dövlətin də güclənməsi fonunda baş verirdi. Artıq dini işlərlə bağlı dövlət komissiyası yaradılmışdı, dövlətin müxtəlif strukturları ideoloji sanitariya tədbirlərinə qoşulmuşdu.
Bu baxımdan, «ikiminincilər» sosial və siyasi kontekstdə hakimiyyətə müxalif olsalar da, ideoloji istiqamətdə hakimiyyətlə eyni məqsədə xidmət edirdilər. Dövlət öz qanunverici, məhkəmə və icraedici mexanizmləri ilə, «ikiminincilər» isə öz ədəbi-fəlsəfi müstəvisində faktiki eyni işi görürdü – köhnəlmiş islam-sovet etikasının demontajı.
Bu istiqamətdə növbəti həlledici mərhələ isə 2020-ci il 44-günlük müharibə nəticəsində əldə edilmiş qələbə oldu. Burada Azərbaycan artıq adıçəkilən ideoloji kursların metropoliyaları üzərində hərbi qələbəsini təstiq etdi.
Unutmayaq ki, o ərəfədə bütün səsləndirilən fikirlərə baxmayaraq Azərbaycanın məhv etdiyi silah Rusiya silahı idi, həllini tapan problem isə bizə sovetlərdən miras qalmışdı. Arazın o tayına tanklarını yığaraq bizi təhdid edən isə İran İslam respubklikası idi. Bu kimi hadisələr xalqın yaddaşına hopan və orada möhkəmlənən, bir növ arxetipə dönən hadisələrdir, 20 yanvar, 26 fevral hadisələri kimi.
Bütün yuxarıda sadaladığım prosseslər labüd olduğu qədər, həm də destruktiv proseslər idi. Biz zaman-zaman, müxtəlif müstəvilərdə toplanmış, inkişafımıza ziyan verən ideoloji zibili söküb atırdıq.
Lakin bu proseslərin çatışmayan cəhəti, yaranmış ideoloji boşluğu daha da dərinləşdirməsi idi. Biz köhnə etikanı sıyırıb atırdıq, amma onun yerini heç nəylə doldurmurduq.
İddia etsək ki, bu istiqamətdə dövlət ümumiyyətlə heç nə etməyib, yanlış olar. Zaman-zaman heydərçilik, Heydər Əliyev irsi tipli etik modellər təklif olunub. Amma sonadək legitimləşə bilməyib.
Bunun səbəbi çoxdur. Əvvəla milli etika həqiqətən də çox kompleks məsələdir. Onun işlək olmasını təmin etmək üçün bir çox faktorlar üst-üstə düşməlidir. XXI əsrdə bu istiqamətdə ediləcək ən sonuncu iş hansısa şəxsə bağlı hazır modeli cəmiyyətə qəbul etdirməyə çalışmaqdır. Əgər XX əsrin əvvəli və ortalarında bu, həqiqətən mümkün və uğurlu idisə (tutalım, Atatürk və ya Charles de Goulle formasında), əsrin sonunda Türkmənistanda “Ruhnamə” və ya Qəddafi Liviyasında “Yaşıl kitab” misalında görmək olur.
Digər tərəfdən Heydər Əliyev kommunizm dövründə sırf etika məsələsi ilə xüsusi şəkildə məşğul olmayıb, çünki totalitar-ideoloji (kommunist) fövqəldövlət çərçivəsində bunu etmək də mümkün görünmürdü. Müstəqillik zamanı isə onun qarşısında tamam başqa vəzifələr dururdu və bir siyasi lider kimi onun missiyası tamam başqa idi ki, bu anlamda onu, məs., müharibədən sonrakı dövr Almaniyasında hakimiyyətə gəlmiş Konrad Adenauer ilə müqaisə etmək olar.
Hazırda isə uğurlu cəmiyyətlərin inkişafı legitim, işlək etik model olmadan mümkün deyil. Bu krizis çağdaş dünyada özünü artıq bariz surətdə göstərməkdədir. Yəni iqtisadiyyatı inkişaf etdirmək olar, siyasi uğurlar əldə etmək olar, işlək bürokratiya institutları təsis etmək də mümkündür, amma cəmiyyətin sağlam inkişafını etik sement olmadan möhkəmlətmək çox çətindir.
Bu məsələ, ələlxüsus da indi, Azərbaycanın öz suverenliyini tam bərpa etdikdən, bölgədə sözün həqiqi mənasında liderə çevrildikdən sonra, əldə edilmiş tarixi nailiyyətləri qorumaq üçün daha da böyük aktuallıq qazanır.
Avropanın bu xüsusda üstünlüyü ondadır ki, orada tarixi antik dövrə uzanan etik-fəlsəfi şəcərə xətti var. Bu xətt proqressiv istiqamətdə inkişaf edir və bir-birini tamamlayır. Ona görə də onların seçimi çoxdur. İstədikləri zaman lazım olan modeli götürüb tətbiq edə bilirlər.
Feodalizm, faşizm, sosializm, kommunizm, demokratiya, plüralizm – bunlar hamısı Avropa fəlsəfi fikrinin məhsullarıdır. Etikaya gəldikdə, də Aristotel etikası, Spinoza, Descartes, Nietzsche, Hume, Kant etikası da Avropa fəlsəfi məktəbinə aiddir. Bizim təəssüf ki, belə geniş seçimimiz yoxdur.
Amma o da aydındır ki, hazır Avropa modellərinin olduğu kimi mənimsənilib tətbiq edilməsi də bizim üçün işlək olmayacaq. Zaman-zaman edilmiş cəhdlərin uğursuzluğu buna sübutdur.
Hazırda belə görünür ki, baza olaraq ən müasir işlək Avropa modeli götürülməklə onun Azərbaycan reallığına uyğunlaşdırılması yolu ilə bir yeni etika formalaşdırmaq doğru çıxış yolu ola bilər. Hərçənd ki, Avropa və ümumiyyətlə Qərbdə ideoloji-mənəvi krizisin mövcudluğu kiməsə sirr deyil.
Təbii ki, bu yeganə variant deyil. Yuxarıda qeyd edildiyi kimi bu məsələ çox kompleks və üzərində uzun müddət iş tələb edən, geniş ictimai müzakirələrə ehtiyacı olan məsələdir. Dünyada müxtəlif təcrübələr öyrənilməli, fərqli modellər sınaqdan keçirilməli (fokus qruplar üzərində məsələn), nəhayət ən uğurlusu seçilməli, və ya adaptə olunmalıdır.
Ən əsası isə bu məsələnin əhəmiyyətini anlamaq və bu işi başlamaqdır. Çünki bu uzun zaman və resurs tələb edən işdir.







