Beynimdə kifayət qədər mövzu, əlimdə material var, amma yaza bilmirəm. Qərar verdim ki, yaza bilməməyim haqqında yazım.
Bir türk yazıçının kitabından oxumuşdum: yazacaq heç nə ağlınıza gəlmirsə, özünüzü yazın. Düşünürəm ki, onsuz da insan nə yazmasından asılı olmayaraq özündən yazır. Daha açıq ifadə etməliyəmsə, istər roman yazsın, istər şer, istər araşdırma, istərsə də köşə, fərq etmir, insan öz dəyərlərini, hisslərini, emosiyalarını, təcrübələrini qatır yazıya. Yəni özü haqqında yazmaq istəməsə də, yenə özündən yazır.
Psixoanalitik yanaşmaya görə əgər bir şey sənə tam aydın deyilsə, şüur səviyyəsinə çıxmayıbsa, onsuz da onu sözə çevirə bilməyəcəksən. Lakin bəzən yazan şəxs özünə aid olanları mətndə çox yaxşı gizlədə bilir. Gizlətmək bir növ yazıçı manipulyasiyasıdır. Oxucunu öz istədiyi nöqtəyə gətirir, amma oxucu ora haradan gəldiyini, yolun necəliyini tam anlamır. Deyəsən, bunun üçün çox təcrübə və istedad lazımdır, bir də müəyyən məqamlarda özünü oxucudan daha hiyləgər hiss etmək. Bəlkə də sonuncu işin pik nöqtəsidir. Özünü hiyləgər hiss etmək üçün bir çox məqamda özünü oxucudan daha yüksək zəkada hiss etməlisən. İstənilən hiylənin məğzi budur: qabağımdakını aldada biləcək üstünlüyə sahibəm. Maraqlısı odur ki, bunu bu əsrdə çox az adam bacarır. Bunun niyəsini təhlil etməyə çalışacağam.
Niyə məhz bu əsrdə çətindir? Çünki bu əsr internet əsrdir. İnsanlar istənilən mətni dərhal əldə edə və o mətn haqqında fikirlərini dərhal paylaşa bilirlər. 2 saat əvvəl yazdığın yazı haqqında artıq dərhal şərh vermə və bir-birlərinin şərhlərini oxuma, şərhlərə də şərh vermə imkanları olur. Yəni sənə dərhal reaksiya verə bilirlər. Şərhlər adekvat və qeyri-adekvat ola bilər. Məsələ o deyil. Məsələ odur ki, sənin saatlarını, günlərini verdiyin (araşdırma) yazılarına hər kəs qısa zamanda şərh verə bilir. Yüzlərlə şərhi oxuduqca həm iradları görüb daha yaxşı formalaşa bilirsən, həm də bu izdiham qarşısında daha çox məsuliyyət hiss edib çox yaxşı yazmağa çalışdıqca yazmamağa başlaya bilirsən.
Bu gün bəh-bəhlə oxuduğumuz adamların bizim əsrdə yaşadıqlarını təsəvvür edirəm və düşünürəm ki, görəsən, yenə eyni möhtəşəm şeylər yaza biləcəkdilərmi. Məncə, yox. Bu “yox”-un dövr, mühit, sistem və s. kimi bir sıra səbəbləri var, lakin nəzərdə tutduğum məhz işin oxucuya çox əlçatan olmasıdır. Hamıya əlçatanlıq hamının sənin işini qiymətləndirmə səlahiyyətinin olması deməkdir. “Hamı”nı təşkil edənlərin əksəriyyətinin sənin qədər araşdırmadığı, oxumadığı halda əsas gətirmədən sənə mız qoyma haqqının olması qıcıqlandırıcıdır.
Bir tərəfdən də düşünürəm ki, elə də olmalıdır, hər kəsin mütaliə səviyyəsindən asılı olmayaraq sənin yazdığını oxumağa, əsaslı olmasa belə fikir bildirməyə haqqı olmalıdır. Əgər sən davamlı özünü müdafiə vəziyyəti alırsansa, deməli, elə özün öz yazını ciddi qəbul etmirsən. Ya da özünü və yazını iradlarla qəbul edəcək və sevəcək cəsarətdə deyilsən. Psixoanalitikimə özgüvənsizliyimdən danışanda, öyrənməli olduğum minlərlə materialsız işləyə bilməyəcəyimi deyəndə qaytımışdı ki, o materialların sonu heç vaxt gəlməyəcək, hətta öyrəndiklərini yenidən oxuduqda belə yenə başqa şeylər öyrənəcəksən.
Zamanla anladım ki, məsələ daxildə özünə inanmaq, güvənmək və hər eyi öyrənməyin qeyri-mümkünlüyünü dərk etməkdir. Müəllifini unutsam da, belə bir ifadə var, yazıçının öz səviyyəsindən yola çıxaraq yazdığını sonda oxucu səviyyəsi müəyyən edir. Bu, bəzən qulağa xoş gəlsə də, olduqca əngəlləyicidir. Nəzərdə tutduğun oxucunu öz səviyyəndən qat-qat yüksək hesab etdikdə isə kilidlənirsən, yaza bilmirsən. Çünki yuxarıda qeyd etdiyim hiyləgərliyi ona edə bilməyəcəyini düşünürsən. Sanki o, səni bütün çılpaqlığınla görür, artıq 2-3 cümlədən bütün mətnini anlayırmış kimi.
Bu, təkcə yazıda yox, söylənən nitqdə də belədir. İnsan, nitqini dinləyən auditoriyanı özündən daha yüksək zəkalılardan təşkil olunmuş hiss edəndə sanki kilidlənir. Bir növ özünü münsiflər heyətinin qarşısında, onların müsbət rəyini almaq üçün dəridən-qabıqdan çıxırmışcasına hiss edir. “Güzel Diksiyon Sanatı” adlı kitab var (yenə müəllifini unutdum), kitabda deyilirdi ki, əvvəlcə bilməlisən ki, səni dinləyənlərin hamısı yüksək zəka sahibləri deyil, arlarında çox aşağı zəka səviyyəlilər də var, auditoriyaların çoxunda dinləyicilərin zəka səviyyəsinin ortalaması 12 yaşdır. Yəni fərz et ki, 12 yaşlı bir yeniyetmə ilə danışırsan. Yəqin ki, kitabda deyilən yazı üçün də keçərlidir. Çox kitab, mətn oxumuş adamların hamısı yüksək zəka sahibləri deyil. Lakin bu sərhədi yəqin ki, zamanla aşmaq olur.
Yazmaq bəlkə də öz eqonla üzləşmək və müəyyən məqamlarda qatı stereotiplərini, özünlə bağlı mükəmməllik təsəvvürünü aşmaq, özünü çatışmazlıqlarınla, səhvlərinlə, hələ öyrənməli minlərlə şeylərin boşluğu ilə qəbul etmək üçün çox yaxşı sınaqdır.