Qəhrəmanım 1959-cu ildə, Bakıda dünyaya gəlib. Neyrocərrah ata və bioloq ananın oğlu olan Azər, dörd il Bülbül adına musiqi məktəbində təhsil alandan sonra, səhhəti ucbatından məktəbi tərk edib, 160 saylı məktəbə keçməli olur və burda öz şair təbiətini kəşf edir.
Azər Ağalarov rejissor olmaq, ya da MDU-nun jurnalistika fakültəsinə qəbul olunmaq, heç olmasa, hər hansı bir dil üzrəsə ali təhsil almaq arzusunda idi. Amma atası, Əliqulu Ağalarov — Azərbaycanda neyrocərrahi xidmətin banisi, Azərbaycan Dövlət Tibb İnstitutunun kafedra rəhbəri, oğlunun tibbi təhsil almasında israrlı idi.
Nəticədə, 1976-cı ildə o, institutun Müalicə işi fakültəsinə daxil olur. Ali təhsilini bitirdikdən sonra, Bakıda o zamanların ən narahat nöqtələrindən birində, Bayıldakı Bakı şəhər Təcili Yardım Stansiyasında həkim, daha sonra operativ şöbənin həkimi işləyir. 1992-ci ildə Almaniyaya köçənə qədər, Bakıdakı 5 saylı Xəstəxananın qastroenteroloji mərkəzində 4 il işləməyə də macal tapır.
Almaniya və Çexiyada Azadlıq Radiosunda, Mirzə Xəzərin rəhbərliyi altında, jurnalist kimi işləyir. Almaniyada 14 illik tibb təcrübəsinə sahib olur. Hazırda İspaniyada laquna və dənizin arasından uzanan, musiqi beşiyi hesab edilən və çox ispansayağı ada (La Manga del Mar Menor) malik “qum hörüyü”ndə yaşayır.
Azər Ağalarovun dörd övladı var. Böyük qızı Nərgiz universitet bitirib, uşaqlarını böyüdür. Oğlu Alek rəqqasdır, Avropa şou-biznesində kifayət qədər məşhur adamdır, rəqslərin quruluşu ilə məşğuldur. Oğlu Mixael Münhen Universitetinin hüquq fakültəsini bitirir. Qızı İzabel-Dəniz Lamborgini avtokonserni nəzdindəki menecer məktəbində təhsil almağa başlayıb.
Biz həkim, jurnalist, şair, yazıçı, musiqiçi Azər Ağalarovla şairlərdən, İakovun Yolundan və yaxşı Azərbaycandan danışdıq.
— Belə bir təəssürat yaranır ki, günlərin bir günü siz cənuba tərəf yol almısınız, ayaqlarınız apardıqca, getmisiniz və kontinental Avropa bitəndə, siz bu mənzərəli “qum hörüyü”ndə qalmağa qərar vermisiniz. Bu, heç də sizin, tanıdığm qədərilə, bir zamanlar olduqca fəal və ünsiyyətcil insan olan şəxsin edəcəyi bir şeyə bənzəmir. Siz 50 yaşdan sonrakı həyatınızı belə darıxdırıcı təsəvvür edirdiniz?
— İspaniyaya köçmək planım heç də əvvəldən gəldiyim bir qərar deyildi. Belə alındı. Amma olduqca düşünülmüş seçim idi. Bir də ki, sən daima yaradıcı prosesdəsənsə, heç vaxt darıxmırsan. Birinci təklik təcrübəmi yüksək qiymətləndirə bildim, mənə elə gəldi ki, öz planetimi kəşf etmişəm. Özümə texniki ləvazimat aldım, musiqi bəstələyirəm, heç kimə mane olmuram, kədərlənəndə coqqinglə məşğul oluram. Kafeyə, bara da getmək olar, orda adamlar daima gülümsəyir, ingilis dilini bilməsələr də, aramızda dialoq alınır. Yerlilərin açıq insanlar olmağı da, mənim üçün bir ayrı tapıntıdır.
Dünyanın bütün yerlərindən yanıma dostlarım gəlir, bundan başqa sosial şəbəkələrdə ünsiyyətə girə bilirəm, özüm də bir yerdə oturan adam deyiləm, çox səyahət edirəm. La Manga-da yalnız mövsümi olaraq, ilin ən çox üç ayı səs-küy olur. Başqa vaxt hər yer kosmik səssizliyə qərq olur. Hərəkət istəyirsənsə, buyur Valensiya və Qranadaya – ikisi də burdan 300 kilometrlikdədir.
— Mən sizin yaradıcılığınızla on il əvvəl tanış olmuşam. O vaxt Stefan Volf təxəllüsü ilə yazırdınız, “Zamandan kənar vitraj” adlanan bir povestiniz vardı. Povestin maraqli girişi vardı “Bu, psixodelik əsərdir, Maxavişnu Orkestri, Corc Benson, El Cerrounun musiqisinin motivləri əsasında yazılıb». Sizin başqa əsərlərinizi də oxumuşam, onlar hamısı bu və ya digər şəkildə “musiqilidirlər”. Musiqiyə nə qədər dərindən qapılmısınız və La Manga-da yeni nə yazırsınız?
— Bu ədəbi təxəllüs idi, onu öz ədəbi ustadımın – Herman Hessenin təsiri altında götürmüşəm. Mənim Stephen Wolf-um sevimli romanım— «Çöl canavarı» (Steppenwolf) əsərinin adının bir az dəyişdirilimiş şəklidir. Bunu ona görə deyirəm ki, birdən sizi təxəllüsün hardan gəlməyi maraqlandırar.
Sözün düzü, indi mən Mükəmməliklə ancaq musiqi vasitəçiliyi ilə ünsiyyətdə oluram. İspaniyada yaşadığım dörd il ərzində bir dənə də olsun, ədəbi mətn yaza bilməmişəm. Özünüz də yaxşı bilirsiniz ki, yazıçı üçün ilham və bir yerdə otura bilmək bacarığı necə vacibdir. Əslində, ilhamım var, yetırincə material da toplamışam, amma emosional bir enerji hiss etmirəm. Hər halda, həyatımın bu mərhələsində dominantlıq musiqinin əlindədir.
Burda, La Manga-da müxtəlif ölkə və xalqlardan olan dostlarım, musiqiçi həmfikirlərim var. Bizi birləşdirən musiqidir. Biz yeddi notdan ibarət bir sehrin əsiri olmuşuq. Bizim eksperimentlərə olan tutqumuzu mən ancaq belə izah edə bilirəm. Bir də, mən uşaqlıq dostum Salman Qənbərovla daima ünsiyyət saxlayıram, ötən il o mənə qonaq gəlmişdi. Dünyada ən tələbolunan bir ifaçı kimi, onunla qürur duyuram. O, dünyanın ən vacib müsiqiçiləri ilə bir yerdə konsertlər verir.
Biz hələ də, inersiya sayəsində, Bakıya “caz şəhəri” deyirik, eləmi? İndi bu iddianın reallıqla heç bir əlaqəsi olmasa da, bu ad şəhərə sanki yapışıb. Bəs, bu ənənəyə nə oldu, Bakını niyə belə vacib, sivil bir komponentdən məhrum elədilər? Azərbaycanda gözəl, istedadlı gənclik var, bu cavanların fundamental musiqi bilgiləri var. Biz dərin musiqi ənənələri olan ölkəyik, azərbaycanlılar musiqiylə iç-içə olan bir xalqdır. Bəs nə baş verdi? Bir dəfə mən Rusiyadan bir turistlə tanış oldum, o mənim haralı olduğumu biləndə, Vaqif Mustafazadəni öyməyə başladı. İspaniyada bir rusdan Vaqif və Azərbaycan cazı barədə bu xoş sözləri eştimək gözlənilməz idi.
— Sizin mərhum şair Aydın Əfəndi ilə dostluğunuz da olub. O necə adam idi?
— Aydın əsl şair idi, təmiz adam idi, ruh adamı. Biz onunla 160 saylı məktəbdə bir yerdə oxuyurduq, o vaxt mən də şeir yazırdım, amma Aydınla rəqabətə girmək mümkün deyildi. O məni həmin illərdə qadağan olan Kamyü ilə tanış eləmişdi, Aydının sayəsində müasir qərb fəlsəfəsi ilə tanış oldum. Onun poeziyası – güclü emosiyalar üzərində qurulmuşdu. Onun əzablarını sadə insan zəkası ilə anlamaq mümkün deyil. Adama elə gəlir ki, o, bu fani dünyanın bütün yükünü öz çiyinlərinə götürüb. Onun yaralı qəlbi o yan bu yana çırpınır və heç cür rahatlıq tapa bilmirdi. Aydın yazırdı:
Şair şairə
min ildən sonra
söyləyir ən qədim nəsihətini
çox rəngli yaşama
bir ada yarat özünə
tənhalığından qala qur özünə
Başqa bir dostum, allahdan vergili olan sənətkar Ucal Haqverdiyev də ruhu və hissləri güclü biri idi. Amma o da, Aydın da faciəli şəkildə dünyalarını dəyişdilər. Elə tez getdilər ki, elə bil, tələsirdilər. Mənsə yaşadım. Ağır şeylərdir bunlar, adam inanmaq istəmir. Amma zaman gələcək, mən bəzi suallara cavabları Müqəddəs İakovun Yolunda tapacağam. Bu il mən Santyago de Kompasteluya zəvvarlığa yollanıram. Bu, sonunda Atlantik okean dayanan, yolboyu məbədlər və qonaq evləri ilə dolu, uzun bir səyahətdir.
— Bir skeptik kimi, bu tədbirə bir şərh vermək mənə çətindir, amma var qəlbimlə sizə bu Yolda uğur arzu edirəm və səfər təəssüratlarınızı mənimlə bölüşəsiniz deyə, qayıtmağınızı səbirsizliklə gözləyəcəyəm. Bu fani dünyada ayağı yerə dəyən söhbətlərimizə qayıdaq. Mən sizdən mühacirət barədə soruşmaq istəyirdim. Deyəsən, Almaniayaya köçməyiniz 1992-ci ilə tasadüf edir?
— Dəqiq, 92-ci il idi. Həmin il fantastika yazarı Əzimov vəfat etdi. Təkcə Azərbaycan deyil, bütün SSRİ od tutub, yanırdı. Çox qarışıq, dəli vaxtlar idi, baş verənlər adamın psixikasını korlayırdı. İki yol vardı, adam ya özünü asmaq, ya da baş götürüb, qaçmaq istəyirdi.
Münhenə çatar-çatmaz şəhərin ən iri klinikalarından birinə getdim, onlara təqdim edəcək ikicə üstünlüyüm vardı – sərbəst danışdığım ingilis dili və həkim diplomum. Amma mənə tezcə başa saldılar ki, almanca bilməsəm, həkim işinə ümid edə bilmərəm, sanitar kimi başlamağa isə həvəsim yox idi. Alman dilini öyrənməyə nə qədər vaxtın tələb olunduğunu təsəvür etdim və tez başa düşdüm ki, Azadlıq Radiosunun ofisində, yəqin ki, mən daha arzuolunan biriyəm.
Radioda mən əfsanə insanla – Mirzə Xəzərlə tanış oldum, o vaxt, xüsusilə də yanvar hadisələri zamanı bütün Azərbaycan onun səsini tanıyır və süngər kimi canına çəkirdi. Tanış olduq, uzun-uzun söhbət elədik, həmçinin, işsizlikdən də danışdıq, o da hər şeyi başa düşdü. Və mənə radiojurnalist olmağı, hər gün Azadlıq Radiosunun efirinə çıxmağı məsləhət gördü! İnanılmaz bir şey idi! O vaxt Azadlıq Radiosunun Azərbaycan xidmətində türklər işləyirdi. Doxsanların əvvəlində, Münhendə Mirzə Xəzər azərbaycanlıları hardan tapa bilərdi axı? Əlbəttə, yaxşı bildiyimə görə Azərbaycanın dahi amerikaşünası, əziz müəllimim Faiq Əhməd oğlu Hacıyevə ürəkdən minnətdar olduğum ingilis dili, işə götürülmə şansımı nəzərə çarpacaq dərəcədə artırırdı. Radioda birinci işçi dil, ingilis dili idi. Amma Mirzə Xəzər qarşıma şərt qoydu ki, qısa müddətdə ədəbi azərbaycan dilini öyrənim. Özü də çox nazımla oynamadı: «Ədəbi dili mütləq öyrənin! Gecənizi gündüzə qatın. Belə, diksiya, səs yerindədir. Аmma azərbaycanca danışmağa başlayan kimi, peyda olan Ordubad ləhcəsi ki var, ona əl vurmayın. Sadəcə, düzgün danışmağı öyrənin!»
— Deməli, o, sizin üçün rəhbərdən çox, müəllim idi?
— Bəli, məhz müəllimim idi. Azərbaycan dilinin incəliklərini, gözəlliklərini mənə tanıtdığı üçün, ömrümün sonuna qədər ona minnətdar olacağam. Sən demə, bizim belə gözəl, bitkin bir dilimiz varmış, mənsə bilmirmişəm, təsəvvür edirsiniz? Dəqiq təsəvvür edəsiniz deyə, təkrar edim ki, hər şey çox ciddi və sərt idi. Redaksiyada biz öz aramızda ancaq azərbaycanca danışa bilərdik. Hər gün biz dünya mətbuatından nəyisə azərbaycan dilinə tərcümə edir və efirdə oxuyurduq. Adətən, bu, bizim region, keçmiş SSRİ ərazisində baş verənlər barədə xəbərlər idi. Beləliklə, tədricən mən azərbaycan dilində danışmağı öyrəndim. Proses ancaq zövq verirdi, təsəvvür edin, ömür boyu Azərbaycanda yaşayıb, doğma dilində yaxşı danışa bilmirsən, sonra gəlib öz dilini Almaniyada öyrənirsən, kifayət qədər məzəli işdir. Radioda stress də çox idi, amma Bakıda Təcili Yardımda işləmək təcrübəm mənə stress vəziyyətlərinə qalib gəlməyi öyrətmişdi.
Amma bütün yaxşı şeylər nə vaxtsa bitir. Münhenə təzə alışmışdım, bir il idi ki, Radioda işləyirdim, Mirzə Xəzərlə dostlaşmışdım, radioaparıcı olmuşdum, hətta azərbaycan dilini də öyrənmişdim. Elə bu vaxt ABŞ Radionu bağlamağa qərar verdi. «SSRİ daha yoxdur, missiya başa çatıb, fəaliyyətimizi dəyişə və xərcləri azalda bilərik». Konqresdə Radionun bağlanmasının lehinə və əleyhinə olanların müharibəsi başladı. Nəticədə Vatslav Havelin təklifini qəbul etmək və Radionun ofisini Çexiyanın keçmiş parlamentinin binasına, ildə simvolik 1 kron ödəməklə, köçürmək qərarına gəldilər.
Beləliklə, Havelin sayəsində, 1994-cü ildə biz Praqaya köçdük. Mirzə Xəzər də daxil olmaqla, Münhendən üç əməkdaş Pragaya uçduq. Orda bizə rəqəmsal lavazimat verdilər, o texnikanın sayəsində işimiz asanlaşdı və düz milleniuma qədər davam elədi. Görünür, 2000-ci ildə nə baş verməli idisə, o da baş verdi. Düzünü desəm, bu ağılsızlıq kimi görünürdü, amma mən Radiodan getməyi və Münhenə qayıtmağı qərara aldım ki, tibbi təhsilim üzrə işləməyə başlayım.
Məsələ orasındadır idi ki, Münhendə Avropada ilk diaqnostik klinika açılırdı və bu klinikada, General Elektrikdən alınmış üçölçülü diaqnostika aparatı vardı. Mənə, bu cihazda işləməyi təklif etdilər. Əsas üstünlük bu idi ki, alman dilini bilmək vacib deyildi və klinika, dili iş prosesində öyrənməyimə razı idi. Mənim ingilis, rus, hətta azərbaycan dilim daha vacib idi, çünki klinika bütün dünyadan pasient axını gözləyirdi. Belə də oldu, biz kral ailələrinin üzvlərini, futbol klublarının heyətlərini, biznesmen və dünya ulduzlarını diaqnostika edirdik.
— Azadlıq Radiosunun xəbər aparıcısından varlı cənablar üçün nəzərdə tutulmuş Münhen klinikasına. Qulaqcıqları çıxarıb, tibb işçisi xalatını geyinmək belə asan idi?
— Mirzə Xəzər də başa düşmürdü ki, nə baş verir. Uzun bir söhbətimiz oldu, o çox narahat idi, düşünürdü ki, o qədər aralıqdan sonra tibb sahəsinə qayıtmağım çətin olacaq. Amma qərar artıq qəbul olunmuşdu, mənə elə gəlirdi ki, ikinci nəfəsim açılıb, almanların səhiyyə sisteminə uyğunlaşmağı bacaracağam.
Münhendə patologiyanı başa düşmək üçün anatomik bilgilərimi yenidən yada salmaq, bərpa etmək lazım gəldi, tibbi informasiyanı öyrənməli oldum, rekonstruksiya etməyi, damarlara, sümüyə nüfuz etməyi mənimsəməyə başladım. Nəticədə, bu klinkada, üçölçülü diaqnostika şöbəsinin rəhbəri kimi düz 2014-cü ilə qədər işlədim. Sonrasını da bilirsən, İspaniyaya köçdüm.
— Uşaqlarınızın ikisi Almaniyada dünyaya gəlib. Onlara azərbaycan əsilli almanlar da demək olar. Onların nə zamansa identifikasiya ilə bağlı problemləri olubmu? Azərbaycan əsilli olmaları onlar üçün bir məna kəsb edirmi?
— Təkcə uşaqlarım deyil, nəvəm də Almaniyada doğulmağa macal tapdı. Heç birinin identifikasiya ilə bağlı problemi yoxdur. Hər şeyi tez başa düşdülər və alman cəmiyyətində öz yerlərini müəyyən edə bildilər. Bəli, onlar azərbaycan əsilli almanlardır, amma azərbaycanlı kökləri onlar üçün sadəcə bir folklor deyil, həyatlarının vacib bir aspektidir. Uşaqlarım Azərbaycanı tanıyır, məmnuniyytələ ora gedir və valideynlərinin, belə gözəl bir ölkədən olduğuna görə fəxr edirlər. Bu ölkə ona görə gözəldir ki, onların valideynləri, gördükləri ilk azərbaycanlılar – xeyirxahlığın, mədəniyyət və təhsilin mücəssəməsi olublar. Оnlar bizi Azərbaycanla özləşdirib və bizə görə bu ölkəni seviblər.
Uşaqlarıma həmişə demişəm: «Azərbaycandan olan ən yaxşı şeyləri almanlarda olan yaxşı şeylərlə birləşdirsəniz, misilsiz insanlar olacaqsınız. İsti, açıq, emosional və istiqanlı cənublular olaraq, qalın». Bunlar, məsələn, almanlarda faciəvi şəkildə çatışmayan cəhətlərdi.
Məni düzgün başa düşün, heç bir illüziyam yoxdur, Azərbaycandakı problemlərdən çox yaxşı xəbərim var. Mən ölkəni tərk edəndə, o problemlər daha çox idi, ölkədə hərc-mərclik baş alıb gedirdi. İllər keçdikcə, özü də qürbətdə keçdikcə, beyin keçmişdəki mənfi epizodları silməyə başlayır. Belədir, nə edək, insan beyni belə qurulub. Yaddaşda ancaq yaxşı, işıqlı anlar qalır, bilirsiniz, bunda nəsə ilahi bir şey var.
Dediyim kimi, Azərbaycan – qərb dəyərlərini təlqin edən bir dövlətdir. Bunu ona görə deyirəm ki, hökumətimiz sekulyardır, bu da ölkənin sekulyar kursunu daha da gücləndirir. Azərbaycanı əhatə edən ölkələri nəzərə alanda, bu vektorun qorunub saxlanması asan məsələ deyil. Biz – İranla həmsərhəd olduğu halda sekulyarlığını qoruyan balaca bir ölkəyik, amma şiəliyimiz, plovumuz və muğamımız eynidir. Sürrealizm kimi görünür lap.
Təhsil və mədəniyyət – tam xoşbəxtlik üçün bizə lazım olan bunlardır. Əhali ilə işləmək lazımdır, onu tərbiyə etmək lazımdır. Bəzən onun həssas nöqtələrinə toxunmaqdan qorxmaq lazım deyil. Düzgün, yaxşı olan hər şey insanlara yumşaq güc vasitəsilə yeridilməlidir. Vərdiş olunmuş qaydaların qəfil dəyişməsinə heç kim, heç vaxt sevinməz. Buna görə də, inqilablardan söhbət belə gedə bilməz. Problemlər ancaq təhsil, təkamül yolu ilə, amma davamlı şəkildə, zamandan sui-istifadə etməməklə həll olunmalıdır. «İnkişafın təkamül yolu» lətifə və ya mem-ə çevrilməməlidir.
— Sizcə, Аzərbaycan – Avropadır?
Avropadır, ya yox, bilmirəm, amma aydın görünən bir şey var ki, bütün azərbaycanlılar, hətta Avropanı söyənlər də, ora can atırlar. Bu, çox yaxşıdır, qoy gəlsinlər, burdakı insan xeyirxahlığını, davranış mədəniyyətini, nəzakəti görsünlər, görsünlər ki, pul vacib şeydir, amma həyatda heç də hər şey alınıb-satılmır.
Аvropadakı azərbaycanlılar – böyük xəyalpərəstlərdir. Avropada gördükləri bütün yaxşı şeyləri xəyalən öz ölkələrinə tədbiq edir və başa düşürlər ki, əslində, şox şey bizim gerçəkliklərə uyğun gəlir. Belə baxanda çox şey artıq bizdə var, çox şey lazım deyil, axı biz texnoloji inkişafa uyğunlaşmışıq, özümüz də yüz faiz qərbsayağı geyinirik, Qərbdə təhsil almağı üstün tuturuq.
Biz – avropalıyıq, amma öz qafqazlı məzəmiz var. Amma heç bir halda biz, özümüzü Avropaya, onun dəyərlərinə qarşı qoymamalıyıq. İnkişaf etmiş dünya bizə nə diktə edir? «İnsan haqları», «söz azadlığı», «hərəkət və ticarət azadlığı» və buna bənzər şeylər olduqca faydalı, yaxşı şeylərdir. Hətta Avropada da sistem pozula, xırda krizislər baş verə bilər. Hələ ki, Avropa ölkələri bunların öhdəsindən gələ bilir. Əgər biz Avropanın öz dəyərlərindən uzaqlaşdığını müşahidə ediriksə, ya da hansısa revizionist dalğanın şərti desək “azadlıq, bərabərlik və qardaşlıq” dəyərlərinə qarşı getdiyini görürüksə, buna əl çalıb, sevinmək yerinə, bərk narahat olmalıyıq. Heç nə ümumbəşəri dəyərləri inkar etməyə səbəb ola bilməz və olmamalıdır. Hələ ki, heç kim insanlığa Monteskyönün, Russonun və ya Axundovun təklif etdiklərindən daha yaxşısını təklif edə bilməyib.
Söhbətləşdi: Ələkbər Əliyev