Müsahibimiz psixoterapevt, hərbi psixoloq Azad İsazadədir. Azad bəylə müharibənin yaratdığı travmalar və günümüzün ən ağır bəlalarından biri olan narkomaniya haqqında danışmışıq.
Azad bəy, bildiyim qədərilə, siz müharibənin yaratdığı travmalardan əziyyət çəkən insanlarla sıx məşğul olursunuz.
Bu, beynəlxalq təşkilatların, hökumət və qeyri-hökumət təşkilatlarının, fərdi psixoloqların birlikdə iştirak etdiyi böyük bir layihə idi. Oktyabrda başlamışdı, ancaq ilk zamanlar cəbhə zonasına buraxmırdılar deyə, oralara noyabrda, müharibə bitəndən sonra gedə bildik.
Psixoloji yardıma ehtiyacı olan insanları özünüz tapırdınız, yoxsa onlar sizə müraciət eləyirdilər?
Ordan başlayım ki, komanda, əsasən, gənc psixoloqlardan ibarət idi. Mən birinci müharibənin iştirakçısıyam və vaxtilə qaçqınlarla işləmişəm deyə bu sahədə təcrübəm vardı. O vaxt psixoloq tapmaq çətin idi. Son 30 il ərzində Azərbaycanda kifayət qədər savadlı psixoloqlar yetişib, amma gənclərin travmalarla işləmək təcrübəsi azdır. Buna görə də, əvvəlcə bununla bağlı təlimlər keçdik və 4 region seçdik: Gəncə, Goranboy, Tərtər, Ağdam. Gəncə cəbhədən uzaq olmağına baxmayaraq, raket zərbəsinə məruz qalmışdı, bir neçə yerə raket düşmüşdü. Komandamız, 28-30 nəfər psixoloqdan ibarət idi, bundan əlavə heyətdə sosial işçilər, həkimlər də var. Hər rayonda bir briqada işləyirdi, mən də koordinator kimi onların arasında işi koordinasiya eləyirdim. Gəncədə raket zərbəsindən əziyyət çəkmiş insanları bir yataqxanaya yerləşdirmişdilər. Bizim uşaqlar da onlarla elə orda işləyirdilər. Gəncədə işləmək texniki baxımdan çox rahat idi. Üstəgəl, orda yerli psixoloqlar da var. Digər regionlarda isə bu məsələ ilə bağlı problem vardı. Biz kəndləri bir-bir, evbəev gəzirdik. Həmçinin məktəblərlə danışmışdıq, məktəb binalarını qərargah kimi istifadə eləyirdik. Əsas hədəfimiz – uşaqlar və anaları idi. Uşaqları yaş qruplarına bölmüşdük, kiçik uşaqlarla uşaq psixoloqları işləyirdi, yeniyetmələr və yetişkin insanlarla digərləri. İşimiz iki mərhələdən – müayinə və psixoloji reabilitasiyadan ibarət idi. Hardasa üç minə yaxın uşağa və onların analarına planlaşdırdığımız proqram çərçivəsində intervensiya, yəni müdaxilə etdik; hər uşağa və hər anaya 10 müdaxilə. Bundan əlavə, doqquz min nəfərə də minimum bir müdaxilə, daha doğrusu, müayinə və bir müdaxilə olundu.
Doqquz min – yüngül travmaları olanlar idi?
Müayinə zamanı travmanın çox olduğunu görəndə onları o biri qrupa keçirirdik. Amma yenə də fiziki olaraq hamıyla görüşmək mümkün deyildi. Şəhid ailələrini heç bir qrupa salmırdıq, onlarla, əsasən, mən və böyüklərlə işləyən digər psixoloqlar fərdi işləyirdi. Beynəlxalq təşkilatlar hərbçilərə yardıma bir az həssas yanaşırlar. Əslində, bunda məntiq var, yaralanmış adamı bərpa eləyib yenidən döyüşə göndərə bilərik. Ona görə də, beynəlxalq təşkilatlar bu istiqamətdə olan layihələri maliyyələşdirməməyə çalışırlar. Amma biz əsas işimizi görəndən sonra öz vətəndaş borcumuzu yerinə yetirirdik və qazilərlə də görüşürdük. Onlarla söhbət eləyirdik, cürbəcür problemlərini həll eləməyə çalışırdıq. Onu da deyim ki, bu, tək bir layihə yox, bir neçə paralel layihəydi. Bəziləri hökumət təşkilatları, məsələn, “Asan xidmət” tərəfindən maliyyələşdirilirdi.
“Yaşat”?
“Yaşat” bizə sonra qoşuldu. Sosial Müdafiə nazirliyinin hansısa layihəsi vardı, məsələn. Belə layihələr çərçivəsində konkret qazilərlə də görüşürdük. Bəzi farmaseftik firmalar bizə pulsuz dərmanlar ayırmışdı. Mənim əsas sənətim həkimdir, psixoterapevtəm və hərbi psixologiya üzrə müdafiə eləmişəm. Yəni dərman yazmağa ixtiyarım var. Odur ki, bəzən hətta dərman da paylayırdıq, çünki kənddə çoxlarının dərman almağa imkanı olmurdu. Böyük şəhərlərdə, rayon mərkəzlərində psixoloq olmasa da, pis-yaxşı hansısa nevropatoloq, psixiatr, psixoterapevt tapmaq mümkündür. Kənddə isə avtobuslar işləmir, həkim yardımına ehtiyacı olan insan taksi ilə harasa getməlidir. Biz getdiyimiz kəndlər, əsasən, cəbhəyanı kəndlər idi və cəbhədən 200-300 metr aralı olurdu. Düzdür, cəbhə uzaqlaşmışdı, daha təhlükə yox idi, amma iş ondadır ki, ordakı insanlar illərlə müharibə şəraitində yaşayıblar. Məsələn, snayper gülləsindən, mərmilərdən qorunmaq üçün kəndin cəbhəyə baxan tərəfində kubikdən qala divarı tikilmişdi, hər həyətdə sığınacaq qazılmışdı.
Bu, bütün cəbhəyanı kəndlərdə beləydi, yoxsa birində?
Bütün kəndlərdə hər həyətin içində, məktəbdə, poliklinikada… Kənddə nə qədər ev, həyət varsa, o qədər də sığınacaq, qum dolu kisələr və s. vardı. Təhlükə gələndə insanlar orda gizlənirdilər. Üstəlik, o kəndlərdə yaşayanların əksəriyyəti I Qarabağ Müharibəsini görən uşaqların övladlarıdır, çoxu da məcburi köçkündür. Öz kəndindən qaçıb, gəlib işğal olunmamış kəndlərdə məskunlaşıb. Təsəvvür eləyin: birinci müharibəni uşaqkən yaşayıb, travma keçirib, qaçqın olub, böyüyüb, ailə qurub, dünyaya övlad gətirib və həmin övlad da indi eyni travmaları yaşayır. Bu, xroniki, uzunmüddətli bir travmadır.
Uşaqlarda daha çox travma ilə rastlaşırdınız, yoxsa böyüklərdə? Bəlkə uşaqlar daha unutqan olurlar, oyunlarla və s. başlarını qata bilirlər.
Uşaq daha tez qorxur, daha tez özünü itirir, özünü xilasetmə təcrübəsi yoxdur, hara qaçacağını, nə edəcəyini bilmir, itir. Buna görə də, uşaqların travmaları daha çox panika ilə bağlıydı. Məsələn, bir uşaq evdən qaçmışdı. Hamı sığınacaqda gizlənib, uşaq yoxdur, qorxub qaçıb. Atası bütün ailəni sığınacaqda gizlədəndən sonra uşağı axtarmağa başlayıb və kəndin o biri başında tapıb. Belə travmalardı uşaqlarda. Onlar unudulmur. Sadəcə uşaqdır deyə, sanki dərinliyə gedir, ilk mərhələdə özünü büruzə vermir; söhbət eləyirsən, heç bir simptom yoxdur. Kişilərdə travma fərqlidir. Kişi hər şeyi içində saxlayır, kiminləsə bölüşməyi, ağlamağı özü üçün ayıb sayır və bu dərd içində daşlaşır. Qadınlar isə ağlayırlar, qışqırırlar deyə emosiyaları, az da olsa, çıxır, amma yenə də hər səsə reaksiya verirlər, diksinirlər, həmin situasiya qadının beynində yenidən yaşanır. Yəni travmalar fərqlidir, ancaq nəticələri oxşardır.
Qısa zamanda bu qədər fərqli travmlara eyni vaxtda müdaxilə eləmək məcburiyyətində qalmısınız.
Birinci, bu layihəni həyata keçirən təşkilatlara və insanlara təşəkkür eləmək istəyirəm, çünki qısa müddət deyildi; noyabrda başladıq, evə, Bakıya iyulda qayıtdıq, sözügedən bölgələrdə səkkiz-doqquz ay qışda, yayda, istidə, soyuqda işlədik. Sözsüz ki, arada evinə baş çəksin deyə hər kəsə növbə ilə iki-üç günlük icazə verilirdi. Elə psixoloq vardı ki, arvadını, körpə uşağını özü ilə gətirmişdi, beş-altı aylıq körpə bizimlə qalırdı. Çünki əvvəldən şərt qoymuşduq ki, qısa müddətə gəlmək, dəyib çıxıb getmək olmaz. Bir kənddə, ən azı, iki-üç həftə vaxt keçirirdik. O kəndi tam bitirəndən sonra bir-iki nəfər işi axıra çatdırmaq, ağır travmalı uşaqlarla, ağır keyslərlə daha fərdi işləmək üçün orda qalırdı, əsas qrup isə növbəti kəndə gedirdi.
Ən ağır keyslər hansılar idi?
Ən ağırları – sui-qəsd fikirləri, aqressiyalar, depressiv hallar, kəkələmə və s. idi. Enurezdən – sidik saxlamanın çətinləşməsi – əziyyət çəkən uşaqlar vardı. Elələri vardı ki, qorxudan nəcis saxlamamaq yaranmışdı. Şəxsən mənim üçün ən ağır keyslər şəhid analarıydı. O birilərinə nə isə bir ümid vermək, “hər şey yaxşı olacaq” və s. kimi sözlər demək olardı, amma şəhid valideynləri… Təsəvvür eləyin: şəhid atasıdır, bir ayağı yoxdur, qaçqındır, ilk oğlunu I Qarabağ Müharibəsində itirib, ikinci oğlu bu müharibədə şəhid olub, üçüncü oğlu isə döyüşür, yaralanıb və hələ də orduda qulluq edir. Nə deyim ona? Və ya əkiz oğullar. Eyni gündə doğulublar, eyni gündə də şəhid olublar. Nə demək olar onların valideyninə? Elə kənd vardı ki, orda iki-üç şəhid ailəsi olurdu. Başqa bir kənddə doqquz belə ailə vardı. Yadımdadır ki, onlarla işləyəndən sonra gördüm ki, bütün peşə, həyat təcrübəmə baxmayaraq, bəlkə bir az kobud ifadə olacaq, amma, necə deyərlər, üzümün bərkiməsinə baxmayaraq, dözmürəm. Yaxşı ki, maska ilə işləyirdik, üzümüzü, göz yaşlarımızı görmürdülər.
Nə deyirdiniz o ailələrə? Çünki özümdən bilirəm ki, çox sevdiyi yaxını ölən birinə nəsə demək xeyli çətindir, “allah rəhmət eləsin, torpağı nurla dolsun”, “torpağı sanı yaşayasan” – bu kimi ifadələr son dərəcə mənasız gəlir insan itkisi yanında.
Təkcə sözlə nəsə eləmək mümkün deyil, bəzi spesifik metodlardan istifadə etməli olursan. Yəqin ki, bu, manipulyasiyadır, amma müsbət manipulyasiyadır. Onsuz da hamımız bir-birimizi manipulyasiya eləyirik. Ən böyük manipulyatorlar övladlarımızdır. Beş yaşlı uşaq bizi barmağında fırlada bilir. Məsələn, nəvəm. Bilirəm ki, manipulyasiya eləyir, amma xoşdur, keçə bilmirəm. İstənilən kənddə əvvəlcə bütün qadınları, o cümlədən də şəhid analarını bir zala dəvət eləyirdik. Kənd yerində hamı onları tanıyırdı, o analar içəri girəndə birinci sıra durub onlara yer verirdi, icmada onlara xüsusi münasibət vardı. Aydındır ki, yasdadılar, üzləri gülmürdü, özlərini, belə deyək də, daha ağır aparırdılar. Hamı əyləşəndən sonra özümüzü təqdim eləyirdik. Heç kimə “gəl gedək, dərdini danış” demirdik. Emosiyalar, stress haqqında söhbət eləyirdik. Təxminən, on beş-iyirmi dəqiqədən sonra deyirdim ki, ay xanımlar, siz həmkarlarımızla söhbətə davam eləyin, mən keçirəm qonşu otağa; mən həkiməm, kimin sözü varsa, fərdi danışmaq istəyirsə, gəlsin yanıma, aranızda şəhid anaları, qazilər varsa, onları növbəsiz qəbul eləməyə hazıram. Gedib otururdum, sonra görürdüm ki, bir-bir gəlirlər, artıq hazırdılar. Mən onları dinləyirdim, onlar məni. Çıxış yollarını müzakirə eləyirdik, nəvələrinin, digər övladlarının gələcəyindən danışırdıq. Amma heç övladı qalmayan ağır keyslər də vardı. Digər tərəfdən, kəndə gəlməyimizin, onlara diqqət ayırmağımızın özü də insanlara müsbət təsir eləyirdi. Elə ucqar kəndlər vardı ki, bizdən öncə orda heç kim olmayıb. İndi isə kəndə Bakıdan gələn vardı: bir neçə maşın, bir neçə adam; icra hakimiyyəti icazə verib, xüsusi yer ayrılıb. Bu da onlarda inam yaradırdı. İnsanların təkcə psixoloji dərdlərini yox, sosial, maddi, hansısa tikinti ilə bağlı problemlərini də dinləyirdik. Sosial işçilərimiz belə problemləri qeydiyyata alırdılar, icra hakimiyyətinə siyahı verirdik. Həll edirdilər, ya yox, bilmirəm. Bizim belə məsələlərlə geniş maraqlanmağa imkanımız yox idi. Amma yenə də, heç olmasa, kimsə onlara qulaq asırdı, dərdlərini eşidirdi. Burda əsas məqam yalan danışmamaq, “həll eləyəcəm” kimi sözlər verməməkdir. Onlara deyirdim ki, biz bunu filan idarəyə göndərəcəyik; həll eləyəcəklər, eləməyəcəklər, haçan eləyəcəklər, bunlar bizdən asılı deyil. Hərçənd bəzi kəndlərə təkrar gedəndə görürdük ki, hansısa məsələ, qismən də olsa, həll edilib.
Azərbaycanda psixoloqa getmək mədəniyyəti hələ təzə-təzə formalaşmağa başlayıb. Hətta oxumuş insanlar belə çox güvənmirlər, hələ də psixoloqa “dəli həkimi” kimi yanaşırlar. Təsəvvür eləyirəm, əgər Bakıda vəziyyət belədirsə, kənd yerlərində bu güvənsizlik ikiqat ola bilər. Bu baxımdan əhalinin marağı, iştirakçılığı necə idi?
Tam razıyam, “mən psix deyiləm ki, psixoloqun yanına gedim” kimi sitqmalar var. Mən 30 ildən artıqdır bu işin içindəyəm. Deyim ki, bu stiqma yavaş-yavaş aradan qalxır. Düzdür, hələ Avropa səviyyəsinə çatmayıb, amma azalır. Mənim şəxsi nəzəriyyəmə görə, bunun səbəbi ailədir. Şərq ölkələrində ailə geniş anlayışdır. Ailə deyəndə nənə, baba, əmi, xala, dayı – çox geniş bir insan yığını nəzərdə tutulur. Bu böyük ailənin içində hər problemin öz eksperti olurdu. Eşq məsələsidirsə, xalam qızına deyəcəm ki, get filan qıza kağız göndər, onu sevdiyimi de. Kimsə məni döymək istəyirsə, əmi, dayı uşaqlarını yığacam, onlar məni qoruyacaqlar. Pul məsələsidirsə, ata vardı, amma ata ilə arada pərdə olanda kiçik dayı, kiçik əmiyə müraciət eləyə bilirdin. O cümlədən də cinsi problemlər. Yeniyetməlik dövründə menstruasiya başlayanda, adətən, ana qızına heç nə demirdi, onunla pərdə saxlayırdı. Qızı kiçik xala öyrədirdi. Psixoloji problem nə vaxt yaranır? Nəsə bir problemim var və mən çıxış yolu tapa bilmirəm: mənə yol göstərən yoxdur, üstəlik ilk dəfə olduğu üçün təcrübəm də yoxdur. Bu, günlərlə üst-üstə gələrək psixoloji problemə çevrilir. Ailədə hər problemin öz eksperti olanda isə, bəzən məsələ psixoloji problemə çevrilmir. Bu nə yaxşıdır, nə də pis. Həmçinin ailədən ailəyə də fərq var. Elə ailə var ki, heç məsləhət verməsə, yaxşıdır. Amma yenə də ailənin içində belə ekspertlər olduğuna görə, psixoloqa getməyə ehtiyac qalmırdı. İndi ailələrin miqyası daralıb, kiçik ailələr yaranıb. Hamı Bakıda, şəhərlərdədir, hərçənd elə kəndlərdə də vəziyyət dəyişir. Kiçik ailə – ana, ata və bir-iki övladdan ibarətdir. Hamının işi-gücü var, çalışırlar, oxuyurlar və s. Baba qalıb kənddə, dayı şəhərin o biri başındadır, əmi qonşu şəhərdədir. Beləcə, psixoloqa ehtiyac yaranır. Üstəgəl, 80-ci illərin sonlarına qədər Azərbaycanda, ümumiyyətlə, psixologiya fakultəsi yox idi. Psixoloq olmaq istəyən ya Moskvada, ya Piterdə, ya da Kiyevdə oxuyurdu. Belələri də tək-tük idi. 80-ci illərin sonlarında BDU-nun tərkibində, pedaqoji institutlarda psixologiya fakultələri açıldı. İndi hər il 50-60-70 nəfər psixoloq buraxılır. Öz növbəsində, ilk psixoloqlar da artıq çoxdan formalaşıblar, elmi işlər yazıblar.
Mənim yadımdadır ki, Azərbaycanda bu sahədə bircə Ağabəy müəllim tanınırdı.
Ki, o da psixiatr idi. Psixoloqun işini psixiatrlar, psixoterapevtlər öz boyunlarına götürmüşdülər. 90-cı illərdə, birinci müharibədən sonra məcburi köçkünlərlə işləmək istəyəndə işə cəlb etmək üçün cəmi iki-üç nəfər psixoloq tapdıq. Əsas işi psixiatrlar aparırdılar. Amma indi tərsinəydi, faktiki olaraq, komandada psixiatr təkcə mən idim, digər iyirmi səkkiz nəfər psixoloqlar idi. O cümlədən bu sənətə münasibət də dəyişir. İndi televizorda da psixoloqlar danışır, onları görürlər, tanıyırlar. Deyirlər ki, Bakıdan birbaş mənim kəndimə psixoloq, mütəxəssis gəlib, gedim, baxım görüm nə danışır, mən rayonda bir də hardan psixoloq tapacam?! Sözsüz ki, kimsə narazı qalırdı, “niyə mənə dərman yazmadı?” deyənlər də vardı. Amma yenə də gəlirdilər. Çünki uşaqlarla məşğul olduğumuzu görürdülər. Görürdülər ki, bir neçə həftə işləyirik, hər gün kənddə oluruq. Yavaş-yavaş bizə güvənirdilər, gəlirdilər ki, doktor, bir məni də yoxla, yuxum pisdir. Müəllimələr gəlib əsəbi olduqlarını deyirdilər, yardım istəyirdilər. Beləcə yavaş-yavaş xəbər yayılırdı ki, biz həqiqətən nəsə kömək eləyə bilirik.
Azad bəy, bildiyim qədərilə, sizinlə paralel bir qrup türkiyəli mütəxəssis də işləyib. Onların dəstəyi effektiv olurdumu? Daha doğrusu, sualımı bir az ümumiləşdirim. Müharibə, təxminən, hər yerdə eynidir, insanlar eyni qorxuları keçirirlər, eyni şeyləri yaşayırlar. Bəs onlara yardım edərkən yerin spesifik xüsusiyyətlərini, mentaliteti bilmək vacibdirmi, yoxsa peşəkarlıq hər şeyi əvəz eləyir?
Bərdədə türkiyəli psixoloqlar arasında Selma xanım adlı bir super-professionalla tanış olmuşdum. O, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə gəlmişdi. Suriyada, İraqda və başqa bölgələrdə işləyib. Söhbət təcrübəsi vardı, problemə yanaşması çox maraqlıydı. O da bizim komandamızla tanış oldu. Bir mərhələdə təşkilat da layihəyə qoşuldu, müəyyən bölgələrdə müvəqqəti psixoloq yerləri təşkil olundu, orda rayon mərkəzində yaşayanları qəbul eləyirdilər. Ancaq dil problemi vardı. Ona görə də, gələnlərin əsas hissəsi BDU-da oxumuş, vaxtilə Azərbaycanla kontaktı olmuş mütəxəssislər idi. Amma onların bu istiqamətdə təcrübəsi az idi. Gəliblər, iş görürdülər, amma… Yəni hansısa işlər görülürdü, ancaq onların işinin super effektiv olduğundan danışmaq çətindir. Dediyim kimi, təcrübələri az idi, dil baryeri vardı. Amma, məsələn, onların rayon mərkəzlərində oturub işləmələri bizi bu işdən azad eləyirdi, kəndlərə daha çox gedə bilirdik. Bilirdik ki, rayon mərkəzində kimsə iş görür. Biz də onların gedib çıxa bilmədikləri ucqar kəndlərə baş çəkirdik.
Statistikaya görə, müharibədən sonra posttravmatik intihar halları az olub. Həqiqətən belədirmi? İş prosesində intihara meyl, intihar halları ilə də rastlaşmısınız?
Rastlaşmışıq. Təəssüf ki, bu, təbii prosesdir. ABŞ ordusundan bəhs eləyən bir məqalədə inanılmaz bir rəqəm oxumuşdum. Yazılmışdı ki, ABŞ ordusu Əfqanıstanda 20 il keçirəndən sonra guya orda qulluq eləyənlərin arasında 60 min sui-qəsd hadisəsi olub. Mən buna çox da inanmadım, başqa mənbələr axtardım və tapa bilmədim, amma belə hallar var. Lap tutaq ki, sıfırın biri artıqdır. ABŞ veteranları arasında 6 min sui-qəsd… Onların sosial problemləri həll olunur, sığortaları var, onlarla psixoloji iş aparılır, cürbəcür institutlar, reabilitasiya mərkəzləri və s. var, müharibədən qayıdan insanlarla peşəkarlar işləyirlər. Buna baxmayaraq, orda da bu problem qalırsa, aydındır ki, burda da var. Əslində, şərq, cənub ölkələrində sui-qəsdlər daha azdır. Mentalitet faktoru, yenə də ailə faktoru və s. öz təsirini qoruyur. Hərdən deyirlər ki, biz unutqanıq. Bu, unutqanlıq deyil. Bizi bəzən “əşşi” xilas eləyir: “əşşi, düzələr də!” Biz bugünkü, ya da dünənki hansısa problemə ilişmirik. Şərq ölkələrində gələcəyə baxışımıza N qədər amil təsir edir və sui-qəsdlər daha azdır. Bəlkə də bu, islamın təsiridir, Allah qabağında günah sayılır deyə belədir. Amma elə də az deyil. Get-gedə bu rəqəmin çoxaldığını görürük. Söhbət təkcə müharibədən getmir, ümumiyyətlə. Hələ kritik dərəcəyə çatmayıb, amma artır. Sözsüz ki, keçmiş hərbçilərin, qazilərin arasında da sui-qəsd meylləri, halları ilə rastlaşırıq. Saymamışam, ancaq mətbuatda çıxan rəsmi məlumatları götürsək, hardasa 15-17 nəfər sui-qəsd eləyən olub.
Ölkənin miqyasını nəzərə alsaq, Azərbaycan üçün az deyil.
Bəli, az deyil. Qonşularımızda – Ermənistanda 200 sui-qəsd hadisəsi olub. Belə halların artmasına qələbə və məğlubiyyət də təsir eləyir. Mən – azərbaycanlı- yaralanmışam, amma heç olmasa, qələbə qazanmışıq. Bu məni xilas eləyir. Birinci Qarabağ Müharibəsində məğlub olanlardan biri də mənəm. Bunun stressinin mənə necə təsir elədiyi hələ də yadımdadır. Bəlkə də məni o vaxt məcburi köçkünlərlə işləməyim, onları psixo-sosial reabilitasiya etməyə çalışmağım xilas etdi. Amma problem var və onlardan ən birincisi, statistikanın olmamasıdır. Bu işlə polis məşğul olur və real statistikanı onların əlinə gələn məlumatlardan əldə etmək mümkündür. Digər belə hallar qaranlıq qalır. Çünki təkcə ölümlə nəticələnən hallar deyil, sui-qəsd cəhdləri də var. Yaxud insan intihar eləyib, amma ailə bunu gizlədib və təbii ölüm kimi yazdırıb. Buna görə də, biz tam statistikanı əldə eləyə bilmirik. Yaş qruplarından, sosial qruplardan, regiondan asılı olaraq sui-qəsdin formaları da fərqlənir, dəyişir və bunları araşdıran bir mərkəz yoxdur. Elementar bir şey: profilaktika təkcə sui-qəsdə qarşı yox, onun formasına qarşı da aparılmalıdır, bunu da araşdırmaq lazımdır.
İki nümunə gətirim. Keçmiş sovetlərdə suisidologiya – sui-qəsd mərkəzi var idi. O vaxtlar essensiya ilə intihar dəbdəydi. 60-70%-lik essensiyanı içirdilər və o, mədəni yandırırdı. Həkimlər, psixoloqlar sui-qəsdin bu növünü yox eləmək üçün açıq satışda olan essensiyanın faizinin 15-20-ə endirilməsini təklif etdilər. Ki, heç olmasa, içəndə yandırmasın, öldürməsin. Sui-qəsd fikrini yox eləyə bilmədilər, onun yolunu çətinləşdirdilər. Çünki sui-qəsdlərin spesifik bir xarakteri var, o, moda düşür. Bir neçə il əvvəl “Koroğlu”dakı körpüdən özünü atmaq dəbə düşmüşdü, ona hətta sui-qəsd körpüsü də deyirdilər. Çünki bir nəfər özünü ordan atmaq istədi, sonra başqaları bunu təkrarlamağa başladı. Səddam Hüseyn edam olunandan sonra Azərbaycanda 7-8 nəfər özünü asmışdı, ancaq Səddam Hüseynə görə yox. O vaxt müsəlman ölkələrində də özünü asmaqla intihar edənlərin sayı artmışdı. Çünki televizorda baxdılar və gördülər ki, belə ölmək mümkündür. Sonra bir period bizdə özünü yandırmaqla intihar etmək cəhdləri oldu. Biri yandırdı, mətbuata düşdü… Onu da deyim ki, burda söhbət mətbuatdan, jurnalistlərin yaymasından getmir. Belə xəbərləri mətbuata düşməsə də, eşidirik. Sui-qəsdlərin forması regiondan regiona dəyişir və səbəbləri də fərqlidir. Məsələn, şəhərlə kənd arasında fərq ola bilər. Üstəgəl, bizdə risk qrupları da var: yeniyetmələr və 60-70 yaş arası qrup. Yaşlılar fikirləşirlər ki, həyat bitib, xəstəliklər başlayıb, uşaqlara yük olmamalıyam və s. Yeniyetmələr isə maksimalistdirlər. Hər il yayda qəbul imtahanlarından sonra bir neçə intihar cəhdi, ya da ölümlə nəticələnən intihar baş verir. Yeniyetmə üç-dörd il hazırlığa, repetitor yanına gedib, valideyn təzyiq göstərir, “filankəsin uşağı qəbul olundu, sən olunmadın” deyir. Beləcə, yeniyetmə üçün instituta qəbul olunmamaq həyatın sonu demək olur. Çünki təzyiq altındadır. Fikirləşir ki, vəssalam, hər şey bitdi, özümü öldürməliyəm. Halbuki belə düşünməsə, sonra bu fikir özünə belə gülməli gələcək. Nə olar ki?! Bu il qəbul olunmadın, gələn il olarsan. Üstəlik, mütləq hamı ali savadlı olmalı deyil. Ya da eşq-məhəbbət. İlk dəfə vurulur, qız, ya da oğlan yox deyir, vəssalam, onun üçün həyat bitdi. Böyüyəndən sonra başa düşürük ki, bu gün vuruldum, amma sabah yaddan çıxara bilərəm, bir müddət sonra təzədən ayrı adamı sevə bilərəm. Həm də həyat təkcə eşq-məhəbbətdən ibarət deyil. Bax, sui-qəsdin belə xüsusiyyətləri var və biz bununla mütəmadi məşğul ola bilmirik. Bu işi görən mərkəzlər olmalıdır. Dövlətin tibbi idarələrinin nəzdində, ya da kommersiya, qeyri-hökumət təşkilatları tərəfindən xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır, intihara meylli insanlar məxsusi bunun üçün nəzərdə tutulmuş yerlərdə terapiya görməlidir, psixoloqlar, sosioloqlar, psixiatrlar bir yerdə fəaliyyət göstərməlidir. Bu da maliyyə tələb eləyir.
Bir az əvvəl qalib-məğlub sindromundan danışdınız, şəhid anaları ilə söhbət elədiyinizi dediniz. “Vətən sağ olsun!” cümləsi nə qədər təsəllidir? Ya da həqiqətən təsəlli olurmu?
Çox.
Ciddi deyirsiniz?
Çox. Bir ana danışırdı ki, mən uşağımı əziyyət çəkə-çəkə böyütmüşəm, müəllimə işləmişəm, həyətdə nəsə əkirdim, satırdım. Oğlum elə bil hiss eləyirdi, deyirdi, ana, elə bir gün gələcək ki, sən bu cəmiyyətin ən hörmətli insanına çevriləcəksən. Oğlan şəhid olmazdan iki-üç gün əvvəl zəng eləyib anası ilə vidalaşıb, deyib, ay mama, hər şeyi halal elə, mənim üçün şəhid olmaq şərəfdir. Bu, o analara həqiqətən təsəlli verirdi, işə yarayırdı. Ana göz yaşları axa-axa danışırdı, mən də maskanın altında kövrəldiyimi hiss eləyirdim. Şuşa azad ediləndə qabaqda xüsusi təyinatlılar gediblər, çünki onlar daha peşəkar və hazırlıqlıdılar. Hələ yeni müharibə təcrübəsi yığan gənc əsgərləri də ikinci eşelon eləyiblər ki, onların arxasınca gedib azad edilən mövqeləri möhkəmləndirsinlər. Mən özüm görməmişəm, bunu orda olmuş uşaqlar danışıblar. Kinoda necə göstərirlər? Bir daşın arxasından o biri daşın arxasına yavaş-yavaş, sürünə-sürünə keçirlər. Deyir, artıq Şuşaya yaxınlaşmışıq, şəhər görünür. Birdən arxadan “Şuşa! Hurrey!” səsini eşitdik və həmin gənc əsgərlərin ayağa qalxıb şəhərə sarı qaçdıqlarını gördük. Əgər həmin an ayağa qalxmasaydıq, bizi tapdalayıb keçəcəkdilər, ona görə də, məcburən biz də qalxdıq və qabağa qaçdıq ki, onları qırmasınlar. Bunu gülə-gülə danışırdılar. Həmin uşaqların arasında o əhval-ruhiyyə ilə Şuşada şəhid olmaq üçün can atanlar olub. Yaralıdır, yaralandığı üçün sevinir, ölür, öldüyü üçün sevinir. Bu, mürəkkəb bir prosesdir. İlkin mərhələni, qorxunu keçirsən, ilk gülləni qəbul edirsən, yaralanırsan, dostunu itirirsən, meyidi görürsən, sonra o qorxu keçir, deyirsən ki, öləcəmsə, Şuşada ölüm. Başqa bir kənddə də şəhid olmaq fəxrdir, amma mənə şəhidlik düşübsə, Şuşada olsun. Bəlkə də bunun kökü bir az da dinə gedir. Məsələn, Həccə, Məkkəyə gedib orda dünyasını dəyişmək də şərəf sayılır, çünki müqəddəs torpaqda basdırılacaqlar. Bunu məntiqlə izah etmək olmur, bu, emosiyadır.
Buna kütləvi psixoz demək olar? Məsələn, şəhid olmaq istəyi və ya yaponlardakı kamikadzelik… Bu da bir növ psixoz deyilmi?
Kütləvi psixoz demək olar, amma bu daha mürəkkəbdir. Yapon imperatoru istefa verəndə onun sarayının qabağında nə qədər general, yüksək rütbəli zabit imperatoru qoruya, öz vəzifə borclarını yerinə yetirə bilmədiklərini səbəb göstərərək harakiri eləmişdi. Bizdə Vətən sevgisi, vətən qeyrəti hissi böyükdür. Amma vətən qeyrətindən daha da böyük ailə qeyrəti var. Anama, bacıma, qızıma sataşsalar, bəyəm mən öldürmərəm? Öldürərəm. Mənim uşağıma, nəslimə, namusuma sataşıblarsa, mən də öldürərəm. Yadınızdadırsa, bir kabardin təyyarə qəzasında bütün ailəsini itirmişdi və gedib, İsveçrədə dispetçeri tapıb öldürmüşdü. Yəni bu da təbii prosesdir, bu da nə müsbətdir, nə də mənfi. Psixoz bir az mənfi xarakter daşıyan sözdür.
Mən başqa şey demək istəyirdim. Şəhid olmaq, ölmək, öldürmək istəyi şəxsən mənə bir az çatmır.
Belə izah eləyim. Eyni səngərdə bir neçə insan oturub. Döyüş gedir, mina düşür, bir adamı parçalayır. Ordakılardan biri bunu görür, qorxudan durub geriyə qaçır. Biri isə hirslənib qabağa cumur. Səbəb eynidir, reaksiyalar fərqlidir. Qabağa qaçan qəhrəman olur, geriyə qaçan fərari. Biz, psixologiyamızın fərdi strukturundan asılı olaraq, hadisələrə müəyyən reaksiyalar veririk. Şillə vurursan, biri deyir ki, vurma, digəri şilləylə cavab verir. Bu, fərdi reaksiyadır. Sovet vaxtı II Dünya müharibəsi ilə bağlı yarıqapalı bir araşdırma aparılmışdı; Sovet İttifaqı qəhrəmanlarının psixoloji statusunu müəyyənləşdirmək üçün onları müayinədən keçirmişdilər və məlum olmuşdu ki, onların əksəriyyəti psixoastenik şəxsiyyət tipinə malikdirlər, yəni riski, adrenalini xoşlayırlar. Məsələn, komandir bütün rotaya “İrəli!” əmri verir. Bir insan deyir ki, bir-iki saniyə gec çıxım, o birilər qabağa getsin, mənə güllə dəyməsin. Psixoastenik vəziyyətdə olan adam isə birinci gedir. Birinci gedən də qəhrəman olur, hər kəsi öz dalınca aparır. Psixoasteniklik patoloji olanda insan riskli yerlərdə gəzməyi sevir, məsələn, uçurumun kənarında. Patoloji olmayan, amma vücudu adrenalin tələb eləyən insan bankda oturub kağız-kuğuz işiylə məşğul olur. Məzuniyyət vaxtı gələndə də kəndirlərini götürür, gedir dağlarda alpinizmlə məşğul olmağa. Qayıdacaq, qayıtmayacaq, sual altındadır. Ən azı, bədəni əziləcək, üşüyəcək, əziyyət çəkəcək və s. Amma o qədər adrenalin qazanacaq ki, sonra bütün ili ona bəs eləyəcək. Başqa biri isə sadəcə tur paket götürür, Antalyada şezlonqda uzanır və başqa heç nə istəmir, ona bu bəsdir. Biz fərqliyik. Bir qazi vardı. Bütün müharibəni keçib, bir dənə də yarası olmayıb, 44 gün ərzində bir cızıq belə almayıb. Müharibə bitib. Ayın 11-də Şuşada postdaymış. Hardasa partlayış olub. Adam özünü atıb səngərə, ayağını sındırıb. Yaxşı ki, bu hadisə hərbi tapşırığı yerinə yetirən zaman olub və ona qazilik düşdü.
“Human” adlı sənədli filmdə Əfqanıstanda olmuş iki amerikalı danışırdı. Birinin dostunu yanında öldürüblər. Deyirdi ki, vuran adamın arxasınca düşüb, qaça-qaça geniş, açıq bir əraziyə çıxıb, günəşi hiss eləyəndə dayanıb və özünə deyib ki, mən neynirəm, onu öldürüb dostumun qisasını alacam, sonra başqa biri də gəlib onun qisasını alacaq və bu, beləcə davam eləyəcək. Təqibi buraxıb geri qayıdıb. Digəri isə öldürmək hissini çox sevdiyini deyirdi. Buna görə, qayıdandan sonra evini çəpərləyib, silah alıb və hər gün dua eləyir ki, kimsə onun mülkünə icazəsiz girsin, o da həmin adamı öldürsün.
Məhz buna görə də, hər bir müharibə iştirakçısının, veteranın psixoloji reabilitasiyaya ehtiyacı var. Onlar ölümü görüblər, insan öldürüblər və bu, onlar üçün sadələşib. İnsan öldürmək, ölümü görmək çox çətindir, amma sonra buna alışırsan. Bu insanlarla ayrıca məşğul olmaq lazımdır.
Bizdə belə reabilitasiya mərkəzləri, ya da mərkəzi yaradılıbmi? Və ya yaratmağı düşünürlərmi?
Hansısa formada nəsə baş verir. Şəxsən mən elan eləmişəm ki, qaziləri heç bir ödənişsiz və istənilən vaxt qəbul eləyirəm. Mənim yanıma gəlirlər, sonra bir-birinə yayırlar. Bundan əlavə, mənimlə işləyən uşaqlar da bu prosesə qoşulublar, kömək eləməyə hazırdılar. Yəni biz əlimizdən gələni eləyirik. Sözsüz ki, bu işi maliyyələşdirəcək mərkəzlər də axtarırıq. “Yaşat”, hələlik daha ciddi, fiziki yaralarla məşğul olur. Amma o da müəyyən işlər görür. Məsələn, Lənkəranda şəhid övladları üçün yay düşərgəsi təşkil etmişdi. Orda, təxminən, beş həftə uşaqlarla işlədik, avqustun axırında qayıtmışıq. Orda da cürbəcür mürəkkəb vəziyyətlərlə rastlaşırdıq.
İcazənizlə, müharibəylə bağlı son sualımı verim və mövzunu dəyişək. Söhbət əsnasında bir neçə dəfə dediniz ki, emosiyalarınızı saxlaya bilmirdiniz və maska sizə kömək eləyirdi. O insanlarla söhbət eləyərkən öz hisslərini söndürmək nə qədər asan, ya da nə qədər çətindir?
Çox çətindir. Superviziya adlı bir metod var, yəni təmizlənmə. Bu, psixoloqa psixoloji yardımdır. Orda yüklənən gəncləri mən təmizləyirdim, mən yüklənəndə onlar mənə kömək eləyirdilər. Bunu vaxtından eləyirdik ki, yanma sindromu yaranmasın. Amma bir-iki nəfəri uzaqlaşdırmalı olduq. Özləri getmək istəmirdilər, amma biz dedik ki, bəsdir, qayıdın. Kimsə könüllü qayıtmaq istədi. Bir gənc xanım vardı. Təxminən, bir il idi ki, ailə qurmuşdu. Bir-iki ay idi bizimlə işləyirdi. Ona “sən də get, 3-4 günlük evinə get, sonra gələrsən” dedim. Cavab verdi ki, Azad bəy, getsəm, qayıtmayacam. Və axıra qədər bizimlə qaldı. Belə məqamlar da olurdu.
Bir az da son dövrün ən aktual problemlərindən biri olan narkomaniya haqqında danışmaq istəyirəm. Son vaxtlar süni narkotiklər çox geniş yayılıb, az qala, hər gün bu barədə xəbərlər eşidirik. Əvvəlcə bunu soruşum: narkotik asılılıq daha çox fiziki haldır, yoxsa psixoloji?
Narkotikdən istifadə zamanı əvvəlcə psixoloji asılılıq yaranır, sonra fiziki. Müalicə prosesində isə əksinə – birinci, fiziki asılılıq aradan qaldırılır, sonra psixoloji. Bu, mürəkkəb prosesdir: narkotiklər amin turşularının bir-birinə çevrilməsini o qədər sürətləndirir ki, heç bir qida onu əvəz eləyə bilmir. Fiziki asılılıq nədir? “Lomka” deyilən hal: bədən tələb eləyir. Alkoqoliklərdə də belədir. Odur ki, ilk növbədə bədəni detoksikasiya eləmək, narkotik toksinləri bədəndən çıxartmaq, yuxunu bərpa etmək, ağrıları götürmək və s. lazımdır ki, bu da hardasa on-on beş gün tələb eləyir. Bəzən bir az çox, bəzən daha az. İkinci mərhələdə psixoloji asılılıq aradan qaldırılmalıdır. Onu da deyim ki, indiki narkotiklərin təsirindən ikinci hal çox tez, on-on beş günə başlaya bilər. Çünki narkotikin yaratdığı əhval-ruhiyyəyə təbii formada rast gəlinmir. Təbii yolla nədən ləzzət alırıqsa, narkotiklərdən sonra o şey daha bizə ləzzət vermir. Məsələn, bir hadisə danışım. 18 yaşında narkoman qız; üç il müxtəlif narkotiklər qəbul eləyib, günlərlə narkomanların toplaşdığı cürbəcür yerlərdə gecələyib. Və bakirə qalmışdı. Halbuki guya tərsinə olmalıydı. Elə yerlərdə hər şey mümkündür. İstəsəydi eləyərdi, ya da ona nəsə eləyərdilər. Amma heç nə olmayıb. Çünki narkotik ona daha maraqlıdır.
Adətən, filmlərdə narkomanları libidoları daha yüksək, seksual istəkləri daha çoxmuş kimi göstərirlər. Deməli, bu, həqiqətəuyğun deyil?
Bu, ekstazinin təsiriylə olur. Haqqında danışdığım qız isə heroin qəbul eləyirdi, yuxulayırdı, nələrsə görürdü, nirvana-filan. Yəni demək istəyirəm ki, təbii istək fərqlənir, dəyişir. Narkotikin təsiri altında bizə çox dadlı gələn yemək, narkotik qəbul eləməyəndə o dadı itirir. İnsan elə bil apatiyaya, depressiyaya düşür. Müalicə olunub, artıq heç nə qəbul eləmir, ona tapşırıblar ki, bir də heç nə qəbul eləmə. Və o başa düşür ki, ömrünün sonuna qədər daha o hissləri yaşamayacaq, o dadı almayacaq. Buna görə də, psixoloji asılılığı aradan qaldırmaq üçün uzunmüddətli iş tələb olunur.
Necə insanlar, hansı xarakterlər narkotiklərə daha çox meyllidirlər, daha tez aludə olurlar? Yoxsa hər kəs qurşana bilər?
Belə risk hər kəs üçün mövcuddur. Bu halı anlamaq üçün gəlin, problemi bir az sadələşdirək. Götürək alkoqolu. O da narkotikdir, sadəcə dövlət istifadəsinə icazə verib. Alkoqol bizi qeyri-adi hala salır, əhvalımız yaxşılaşır, məsələn, toyda içəndən sonra daha sərbəst rəqs eləyirik, karaokedə komplekslərini yenib oxuyan da olur və s. Biri çaxır xoşlayır, başqa biri çaxıra baxa bilmir, çünki qıcqırma verir. Kimsə araq içir, kimsə viski. Dozalar da fərqlidir. Birinə azca içmək bəs eləyir, əhvalı yaxşılaşır və davam eləmək istəmir. Kimsə şüşə boşalana qədər oturub içməlidir, necə deyərlər, “do diba”. Çünki bədən tələb eləyir. Narkotiklər də belədir. Bədən tələb eləyənə qədər kimsə ağır narkotik qəbul eləyir, kimsə arabir dost məclisində bir az nəşə çəkir. O, narkoman deyil, amma narkotik istifadəçisidir. Narkotiklərin təsirləri də fərqlidir. Nə qədər güclüdürsə, o qədər də tez fiziki asılılıq yaradır.
Yəni bunun xaraktercə daha zəif, ya da daha güclü olmaqla bir əlaqəsi yoxdur?
Sözsüz ki, zəif insanlar özlərinə yox deyə bilmirlər. Onları müalicə etmək də daha çətin olur. Amma bəzən çox güclü insanlar da qurşana bilirlər.
Narkotik asılılıqdan həmişəlik qurtulmaq mümkündümü?
Mümkündür, ancaq çətindir, işləmək lazımdır. Və yenə də xüsusi reabilitasiya mərkəzlərinə ehtiyac var.
Bildiyim qədərilə, bizdə belə yerlər var, məsələn, Maştağada və müalicə üçün 21 gün nəzərdə tutublar. 21 gündən sonra buraxırlar. Tam sağalmaq üçün 21 gün kifayətdirmi?
Sovet vaxtında normativ 45 gün idi: 15 gün fiziki asılılığın, 15 gün psixoloji asılılığın aradan qaldırılmasına, axırıncı 15 gün də gələcək həyat üçün planların formalaşdırılmasına ayrılırdı. Bu 45 günə şərti reflektor müalicə də, emosional stressin müalicəsi də daxil idi. Amma o vaxtlar insandan müalicə olunmaq istəyib-istəmədiyini soruşmurdular. İndi isə soruşurlar və bu, pis deyil. Daha müasir yanaşmadır. İnsan müalicə olunmaq istəmirsə, heç kimin onu qapalı yerdə məcburi saxlayıb müalicə eləməyə ixtiyarı yoxdur. O insan istər şizofrenik olsun, istər narkoman. Yalnız təhlükəli olduğu halda məhkəmə məcburi müalicə təyin eləyə bilər. Elə olub ki, adamı gətiriblər dispanserə, səhər oyanıb və ərizəsini yazaraq orda qalmaq istəmədiyini bildirib. Bu zaman həkimin onu zorla saxlamağa ixtiyarı yoxdur, qapını açıb buraxmalıdır. Başda, insan aqressiv olanda, lomkası olanda hələ dilə tutmaq olur: «Ağrını çöldə keçirsən, gedib narkotik vurmalısan, qal, ağrını burda kəsək». Ancaq ağrı kəsiləndən sonra adam çıxıb getmək istəyir. Ona görə də psixoloji iş çox vacibdir və klinikadan kənarda, xəstəxana tipli yox, otel, sanatoriya tipli reabilitasiya mərkəzlərində aparılmalıdır. Cürbəcür əyləncələr, trenajorlar, televizor və o cümlədən qrup terapiyası olmalıdır. Vaxtilə İtaliyada monastırların tərkibində əmək terapiyası ilə məşğul olurdular, elə monastırın ətrafında kommunalar yaranırdı. Məşhur Nazaraliyev (professor, narkologiya və psixiatriya sahəsində novator-alim Jenişbek Nazaraliyev- red.) Qırğızıstanda İssıkkul gölü ətrafında qurulmuş yurtlarda, yəni təbiətin qoynunda müalicə eləyirdi. Hər şeydən kənarda, işıq, televizor, telefon olmayan bir yerdə. Konkret beləsi olmasa da, bizdə də xüsusi reabilitasiya mərkəzlərinə ehtiyac var.
Azərbaycanda belə mərkəzlər varmı?
Çox azdır və əsas işləri detoks eləyib, yəni iynə-dərmanla qanı təmizləyib buraxmaqdır. İndi narkologiya ilə məşğul olan bir qrup gənc psixoloq belə bir mərkəzin yaradılması haqqında fikirləşir. Amma bu da təşkilati dəstək, maliyyə tələb eləyir. Elə belə nəsə yaradıb insanı orda saxlamaq olmaz, şərait səviyyəli olmalıdır.
Sosial problemlərin narkomaniyanın artmasında rolu varmı? Yoxsa sosial problemlər sadəcə bəhanə kimi istifadə olunur?
Yox, bəhanə deyil. Üstəgəl, gənclərin arasında nəşədən istifadə çoxdan var. Nəşə narkotik sayılmır deyə, elə bilirlər ki, istənilən vaxt tərgidə bilərlər. Təzə çıxanları isə – patı, şüşə və s. – narkotik hesab eləmirlər. Fikirləşirlər ki, heroin, tiryək deyilsə, çox təhlükəli deyil, yüngülvari çəkirəm də özümçün. Özlərini belə aldadırlar. Buna görə də, onlar gənclərin arasında sürətlə yayılır. Bunun qarşısını almaq üçün ciddi təbliğat aparılmalıdır. Çünki narkotiklərin təzə növləri elə sürətlə artır ki, bəzən heç çatdırmaq da olmur.
Yəni dövlətin burda birbaşa iştirakı vacibdir, onsuz mümkün deyil.
Dövlət işlər görür, Maştağada böyük bir mərkəz tikiblər, tibbi baxımdan məsələ pis-yaxşı həll olunub. Ancaq psixoloji yardım və təbliğat işinə başlasalar da, yetərli miqyasda deyil və zəifdir.
Sizcə, nələr eləmək lazımdır? Təbliğat necə təşkil olunmalıdır?
İki istiqamətdə. Reabilitasiya mərkəzlərinin sayını artırmaq lazımdır, xüsusən də, regionlarda. Bir də məktəb və universitetlərdə təbliğat proqramları olmalıdır və bu işə peşəkar psixoloqlar cəlb edilməlidir. Həmçinin sosial şəbəkələrdə, kanallarda da təbliğat aparılmalıdır. Gənclər televizora, demək olar ki, baxmırlar, odur ki, sosial şəbəkələrdə və digər sosial qruplarda da fəal şəkildə, peşəkarcasına işləmək lazımdır. Ancaq bu da maliyyə tələb eləyir. Belə bir işi heç kim təkbaşına görə bilməz. Proqramçılar olmalıdır, sosial şəbəkəni izləyən insanlar lazımdır, hər şeyə dərhal reaksiya verilməlidir. Növbətçi psixoloqlar olmalıdır ki, insanları təcili harasa göndərə bilək. Yəni real işləyən bir şəbəkəyə ehtiyac var, sadəcə sözlərlə, “narkotik pisdir, içməyin, çəkməyin!” deməklə olan iş deyil. Mənim uzun müddət məşğul olduğum, illərlə narkotikdən istifadə eləməyən insanlar qəflətən qaça-qaça yanıma gəliblər ki, doktor, venam qaşınır, nəsə elə, yoxsa mən gedib, alıb vurduracam. Bilir ki, mən ona narkotik vurmayacam, deyir, mənə neyləyəcəyini demə. Həmin an adamın damarı qaşınır, onu deşmək lazımdır. Qlükoza ilə askorbini qarışdırıb vurmuşam. Sözsüz ki, sonra oturub söhbət eləmişik. O adamların həmin anda yanıma gəlməsi üçün onlarla, ən azı, bir-iki il məşğul olmalıydım ki, mənə inansınlar. Vaxtilə onlara demişdim ki – elə hamıya deyirəm – mən heç vaxt sənə qadağa qoymayacam, sadəcə gedib alıb vurana qədər gəl, mənə dəy; mən səni fikrindən daşındıra bilsəm, biləcəm; bacarmasam, deyəcəm ki, get, əlini-ayağını tutası deyiləm. Yəni elə insanlarla mütəmadi işləmək lazımdır və onlar bilməlidilər ki, o qaşınan yeri sakitləşdirməyə kömək eləyəcək yerlər, insanlar var. Oturmuşuq, söhbət eləmişik, çay içmişik, rahatlanıblar. Belə hadisə iki dəfə olub. Demək istəyirəm ki, peşəkar da əlçatan olmalıdır və bunu mümkün eləyən yerlər çoxalmalıdır.
Söhbətləşdi Aygün Aslanlı