AzLogos-un baş redaktoru, yazıçı Ələkbər Əliyevlə kinoşünas Sevda Sultanovanın müsahibəsini təqdim edirik.
Ələkbər, səni bir qayda olaraq, çətin, ipə-sapa yatmaz adam kimi qəbul edirlər və çoxunun ehtiyatlandığını, dilinə düşməmək üçün gen gəzdiklərini hiss edirəm. Hərçənd, təcrübəmdən deyim ki, sən həm şəxsi, həm peşəkar münasibətlərdə rahat anlaşdığım az adamdan birisən. Bununla belə, sən özün özünü necə qəbul edirsən? Özünlə sənə çətindir?
Mürəkkəb adam olmağımla razılaşaram, amma ipə-sapa yatmaz nəsə başqa şeydir, daha çox etibarsız, məsuliyyətsiz, sistemsiz, intizamsız kimi sözlərlə assosiasiya olunur. Bu keyfiyyətlərin isə mənə dəxli yoxdur. Sənə isə mənimlə işləmək ona görə rahatdır ki, aramızdakı kimya buna imkan verir. Hər kəs üçün yaxşı adamlar, adətən sürüşkən adamlardır, elə şey olmur. O cür renomesi olan adamları bir az müşahidə etsən, araşdırsan görərsən ki, dələduzun yekəsidir, hamıya özünü soxuşdura, uyğunlaşa bilir.
Qaldı ki, özümlə yaşadığım ziddiyyətlərə, burada da yeni bir söz deməyəcəm – zəkası, dərrakəsi qaydasında olan istənilən adama özü ilə çətindir. Özünürefleksiyaya ağıllı adamlar qadirdir, gerizəkalının özü ilə hesabatı olmur. Özünlə hesabatın varsa, deməli necə iyrənc biri olduğunu da bilirsən. Bu, elə bir şeydir ki, hamı bilir amma susur, susmalıdır. Tualetə hamımız gedirik, amma bu haqda danışmırıq, tualetdə nə iş gördüyümüzü hamımız bilirik, lakin özümüzü elə aparırıq ki, guya elə bir şey yoxdur. Eynilə, hamımız nə qədər iyrənc, pis olduğumuzu da bilirik və bu haqda danışmaq gərəksizdir. İnsanlar apriori pisdir, yaxşı insan yoxdur. Sosial rolunu pis, yaxud yaxşı icra edənlər var. Bir-biri ilə kimyası tutanlar, tutmayanlar var. Məndən ehtiyatlanan, gen gəzənləri narahat edən isə odur ki, mən arada-bir onlara tualetdə nə iş gördüklərini, kim olduqlarını xatırladır, göydən yerə endirirəm. Kimin xoşuna gələr?
Ritorikan, yazı tərzin satiranın bütün əlamətlərini özündə cəmləşdirir. Bəzən satiran öldürücü olur. Jurnalistikamızda üslubunla tək olduğunu düşünürəm. Bu üslubun necə formalaşması mənə çox maraqlıdır.
Özümü jurnalistikaya aid edə bilmirəm, baxmayaraq ki, təhsilimi həm də jurnalistika üzrə almışam. Əgər jurnalist gördüyünü, eşitdiyini, bildiyini çatdırmaqla mükəlləfdirsə, o, mən deyiləm. İstənilən hadisənin nəqlində mənim öz şərhim, müdaxiləm, yönləndirməm, manipulyasiyam olmalıdır. Bunu özüm etiraf edirəmsə, hansı jurnalistikadan danışmaq olar?
Başqa məsələ ki, obyektiv jurnalistikanın özü böyük bir mifdir, amma yenə də ona iddia var. Obyektiv media iddiasında olanların da əsas işi müdaxilə, yönləndirmə, manipulyasiyadır. Bəs, o zaman aramızdakı fərq nədir? Fərq odur ki, onlar obyektivlik yalanını satırlar və bu malın alıcısı var. Mən isə bu ticarətdə yoxam. Sirri, tilsimi pozduğuma görə də malın alıcıları ilə satıcıları narahat olurlar (bir daha tualet analogiyası). AzTV ilə Meydan TV arasında mahiyyətdə fərq ona görə yoxdur ki, ikisinin də işi manipulyasiyadır – sadəcə olaraq AzTV-yə aldanmaq istəyənlərlə Meydan TV-yə aldanmaq istəyənlər arasında saçyoldu var.
Satiraya, öldürücülüyə gəldikdə isə… məncə burada da yeni bir söz deməyəcəm – hamısı mütaliə, müşahidə və zəngin (13 yaşımdan səyahətlərdə, yad ölkələrdəyəm) həyat təcrübəsi sayəsindədir. Əminliklə deyə bilərəm ki, mənim bu günə qədər əsas bazam, 10-16 yaş arası oxuduqlarımdır. Sonrakı oxuduqlarım o bünövrənin üstünə bina edilmiş mərtəbələrdir. Baza nədir soruşsan, ənənəvi cavab verəcəm – sovet məktəblisinin, pionerin klassik dəsti – Qaşek, Çapek, Şvarts və s. kimilər. Onların üstünə səksənlərin sonu kəskin süjetli detektivlər, onların iti dili, öldürücü satirası gəldi. Məsələn, “«Səni bu saat məhv edəcəm» deyə Pol bərkdən hürdü”, yaxud “Rocer «Mənə yalan danışırsan» deyə zingildədi.” Sənə əhəmiyyətsiz kimi görünə bilər, amma yeniyetmə üçün personajların hürməsi, zingildəməsi, ağnaması çox yeni, maraqlı və gülməliydi. Sosrealizmin düz və ədəbli süjetləri, təsvirləri, qəhrəmanları birdən-birə dəyişmişdi, əcaib hal almışdı. Doxsanlar və ikiminlərdə oxuduqlarım haqda danışmağa dəyməz, çünki kütləvi və hər kəs üçün əlçatan idi. Nədənsə mənə elə gəlir ki, doxsanların sonundan üzübəri, yaxud daha dəqiq olsun deyə ikiminlərin birinci onilliyi bütün mütaliə edənlər eyni kitabları, müəllifləri oxuyublar.
Madam ki, ikinci dəfə “tualet analogiyası”nı gətirdin, o cür adamlar müxtəlif platformalarda sənin ünvanına ağır, təhqiramiz ifadələr işlədir. Bu vəziyyəti necə yaşayırsan, əsəbiləşirsənmi, sənə toxunurmu?
İndiyə qədər bir-iki adama açdığım sirrimi paylaşmaq istəyirəm. Onlardan biri də üstad Əli Novruzovdur. Eşidəndə demişdi ki, sənin başın xarabdır. Yox, əlbəttə elə deməmişdi, çox güman düşünmüşdü. Sirr bəlkə də böyük səslənir, amma hər halda öz zəifliyimdir deyə, çox da bilinməsini arzuladığım bir şey deyildi. Mən çox yaxşı şahmat oyunçusuyam, amma türkiyəli maçolar demişkən, kitabımda uduzmaq olmadığına görə, özümü bu oyundan məhrum etmişəm. Uduzmaq ehtimalına görə. Kompleks də deyə bilərsən. Şahmatın sənin verdiyin suala nə dəxli var? Birbaşa dəxli var. Uduzmağı həzm etmədiyimə görə, yüz addım sonrasını əvvəlcədən ölçüb-biçib intriqaya girişirəm. İntriqaya idman, çox ciddi oyun kimi baxıram, kombinasiyalar qurmaq mənə zövq verir. Ona görə də hədəfə gələn əvvəlcədən məğlubdur. Əlim güclü olmasa, dediyim sözün adamın yeddi arxa dönənindən keçəcəyini bilməsəm, özüm də şüşə evdə otura-otura heç kimi hədəf almaram.
Mənimlə bacarmaq mümkün deyil. Ona görə də vəziyyəti yaşayanlar, əsəbiləşənlər onlardır, mən yox. Məsələn, “İlahi, onun ölümünü bir bilsəniz necə arzulayıram”, “Axı necə ola bilər!? Niyə ona qarşı bir kompromat yoxdur!?” və s. kimi ürəkbulandırıcı tüstülənmələr dərin çarəsizlikdən xəbər verir.
Məncə, bu, zəifliyin yox, müdrikliyindir. İroniyasız deyirəm. Doğrudan zəif cəhətin nədir? Paylaşmaq istərsənsə, əlbəttə ki. Səni nə sarsıda bilər? Məncə, sən sarsıldığını belə satiranla gizləyirsən.
Niyə zəiflik deyil? Sevdiyin oyunu uduzmaq qorxusundan oynamamaq zəiflik deyil? Düzdür, dünya dağılmaz oynamasam, heç kimin də xəbəri olmaz, özüm dilə gətirməsəm. Bütün kompleksləri zəiflik kimi yoza bilmərik, amma konkret bu kompleksimi zəiflik kimi görürəm, çünki şüurlu məhrumiyyət var işin içində. Məni çox şey sarsıda bilər, zəif tərəflərim də çoxdur, amma bu dəqiqə ağlıma heç nə gəlmir. Paylaşmaq istəmədiyimdən deyil, doğrudan ağlıma gəlmir.
Statuslarında, müxtəlif məqalələrində azərbaycanlılar haqda kəskin, sərt fikirlər səsləndirirdin, Qarabağı haqq etmədiyimizi deyirdin. Lakin müharibə dövründə əks mövqe tutdun. AzLogos saytı yetərincə, milli mövqeyimizi dəstəkləyən məqalələr yayımladı. Gözlənilməzliyin çox adamı çaşdırdı. Bu gözlənilməzlik nə ilə bağlıydı? Hətta mövqeyinlə bizimkilərdən bəzilərinin, o cümlədən ermənilərin hədəfinə gəldin.
Özüm üçün burada gözlənilməzlik görmürəm. Atəşkəs dövrü qalıcı sülhün bərqərar olması, xalq diplomatiyası adlanan prosesin işə düşməsi üçün fürsətdir və bunlar tamamilə fərdi, könüllü fəaliyyətlərdir. Atəşkəs dövrü boyunca bir gün belə anti-erməni ritorikasından əl çəkməyənlər vardı, orta yolu seçənlər vardı, bir də sülh ideyasını kultivasiya edənlər. Hər kəs də özünə görə haqlıydı. Mən və bəzi kolleqalarım sülh üçün cəhdlər edirdik, doğrudur. Bizimlə razılaşmayan həmkarların, media əhlinin, ictimaiyyət nümayəndələrinin tənqidlərini eşidirdik, debatlara çıxırdıq, mübahisələr edirdik. Bunların hamısı atəşkəs dövrü üçün xarakterikdir – silahlar susanda diplomatiya və qələm danışmağa başlayır. Bizim atəşkəs dövründəki imicimiz marginal idi, Seymur Ermənistanı su yoluna döndərmişdi, erməni mətbuatında yazılarımız, müsahibələrimiz çıxırdı. Hətta, aprel döyüşləri zamanı bizim rəsmilərin «lazım gələrsə Xankəndini bombalayarıq» açıqlamasını erməni jurnalisti ilə söhbətimdə tənqid etmişdim. Bura qədər hər şey aydındır, hər kəsə də məlum olan epizodlardır.
Digər yandan, illər keçdikcə görürdüm, əmin olurdum ki, qarşı tərəfdə zərrə qədər alicənablıq yoxdur. Özünü qalib kimi aparmır, alçaltdıqca alçaldır. Azərbaycandakı sülhməramlılardan isə ən yaxşı halda istifadə edir. KillDim cizgi filmləri kütləviləşdi deyə, hər kəs onu bilir, amma deməliyəm ki, Ermənistanda bütün mətbuatın, ictimai fikrin, sadə xalq və elitanın nəzərində obrazımız elə KillDim idi, bu obraz 30 il boyunca kultivasiya edilmişdi. O cizgi filmi nəticə idi, səbəb yox. Ermənistana səfərlərimdə, ermənilərlə neytral ərazilərdə görüşlərimdə məni ən çox təəccübləndirən də onlarda nəcibliyin olmaması, yekəxanalıqları idi. Və bir gün anladım ki, savaş qaçılmazdır, sərt bir qapaz yeməlidirlər. Tək mən yox, kolleqalarımız da bunu bilirdi və hamımız o günü gözləyirdik. Savaşın yaxınlaşmaqda olduğunu, bu gün-sabah başlayacağını müharibədən aylar əvvəl AzLogos artıq yazırdı.
Yəni, qarşı tərəf bizə şans qoymamışdı və bu, həqiqətin son instansiyasıdır – Azərbaycanın müharibədən başqa da seçimi vardı deyənlər şarlatandır. Qarşı tərəf sənin üstünə-üstünə gəlirsə, manevr imkanların daralır, geri-geri getdikcə də divara dirənirsən və irəli getməklə ölmək arasında seçimlə üzləşirsən. Çerçilin hamının dilində olan cümləsində deyildiyi kimi «Müharibə ilə xəcalət arasında seçim edən bir ölkə xəcaləti seçirsə, həm müharibə, həm xəcalətlə üzləşir». Ona görə də nə müharibə günlərində, nə də sonrasında düşmənə qarşı zərrəcə empatiya duymadım. Nə oldusa, haqqına oldu. Çünki məntiqlə dayanmalıydılar, hələ oktyabrın ilk həftəsi təslim olmalı, bütün şərtlərimizi qəbul etməliydilər. Bunu etmədilər, 3 mindən çox insanımızın ölümünə səbəb oldular. Mənim isə lotuluğa dözümüm yoxdur. Kef elə, həyatını yaşa, amma görməyim ki, mənəvi üstünlük mövqeyindən çıxış edirsən. Bu haqda bir neçə yazı yazmışam – mənəvi üstünlük mövqeyindən danışan hər kəsin ağzını cırmaq, mənim bir növ missiyamdır, həzzimdir.
Qaldı ki, azərbaycanlıları tənqid etməyim… Bilirsən, xalqı tənqid etmək, ümumiləşdirmələr eləmək də olar. Ümumiləşdirməyə qarşı neo-liberal totalitarizmin, politkorrekt dünyanın mövqeyi mənə tanışdır, amma icazənlə mən bu politkorrektliyi rədd edim. Məsələn, deyək ki, mən pedantizmdə, dəqiqlikdə ifrata varan, ciddi, soyuqqanlı, məsafəli, qapalı, peşəkar və darıxdırıcı bir azərbaycanlı tanıyıram. Təsəvvür elədin bu tipi? İndi bu tipə baxıb deyə bilərikmi ki, azərbaycanlılar bu cürdür? Yeyib-içmək, şorgözlük, məsuliyyətsizlik, hedonistlik, lovğalıq, lağlağı, qeybətlə eyniləşmiş azərbaycanlılarla müqayisə etdiyimizdə, bunların hansı daha çox azərbaycanlıdır? Tamam, ikisi də azərbaycanlıdır, amma insaf naminə – hansı daha çox? Bax, bu sual çox ayıldıcı sualdır – hansı daha çox? Ona görə də, məsələn, ermənilər haqqında “xəstə qövmdürlər” deyən adam səhv etmir, çünki bir-iki istisna erməniyə görə bu diaqnozu qoymağı özünə qadağan edə bilməz.
Statuslarında, məqalələrində ictimai sektoru amansızca hədəfə alırsan. Yazılarından hiss olunur ki, sektor haqda çox məlumatlısan. Doğrudan da, nədən çoxu ictimai sektordan çəkinir? Hətta hakimiyyətdən çəkinməyən insanların sektor xofu var?
Bu sualına keçməzdən əvvəl, onu da deyim ki, AzLogos müharibə dövründə bizdəki ermənipərəstlərə də meydan verirdi, qapılarımızı taybatay onların üzünə açmışdıq. Amma qane olmalıdlar, xoşlarına gəlmədi, çünki onların olduğu yerdə fərqli fikir səslənməməlidir. Müxtəlif mövqelərin ifadə edildiyi platforma ideyası onları açmadı, çünki belə bir format onlara tanış deyil. Sən demişkən, milli mövqedən yazan müəlliflərdən isə bircəsi demədi ki, filankəs niyə burada yazır, onu dərc eləməyin. Amma ermənipərəstlər bunu etdilər. Neo-liberal totalitarizm dediyimiz çox ziddiyyətli, olduqca məkrli bir fenomen. Sonra da həmin adamlardan bəziləri qrup maraqlarından çıxış edərək guya bizi boykot etdilər, saytdan getdilər. Sonra nə oldu? Səsləri kəsildi, başqa heç bir yerdə yazmadılar. Onu da deyim ki, milli mövqedən çıxış edənlərin fonunda sönük göründüklərini də fərq etmişdilər. Həm də bu idi qarın ağrıları.
İndi isə keçirəm bilavasitə sualına. Bir qazaxstanlı materialist dostum var, materialist olsa da hər şeyi bürclərlə açıqlayır, bürclərlə əlaqələndirir. Heç olmasa ayda bir dəfə mənə yazır ki, «biz dolçalar eləyik, biz dolçalar beləyik». Adını çin malı materialist qoymuşam. İndi onun sözü olmasın, biz dolçaların heç kimə oxşamayan ədalət anlayışı, emosionallığı var. Hər şey bizim üçün yaxşı başlayır, yaxşı gedir, ta ki, hansısa bir qrup dominant olmağa, başqalarını əzməyə, tavtologiyaya görə üzrlər – mənəvi üstünlük mövqeyindən çıxış etməyə başlayana qədər. Onda da üzümü görmə. Kimdəsə fironluq, cəzasızlıqdan doğan arxayınlıq, «burada mənəm, Bağdadda kor xəlifə»lik sezdiyim an, onu darmadağın etmək idées fixesimə çevrilir. Başlayıram bloklar qurmağa, qarşı arqumentləri dəqiqliklə planlamağa. Bu işlərdə köməkçiyə ehtiyacım olmur, həyəcan da elə bundadır – güruhu tək başına qarşına alıb çiləyirsən. Bir növ narkotika də demək olar buna.
Bilirsən, necədir. Sən Amerikanın Səsi, Azadlıq Radiosu, BBC, Meydan TV, filan Amnesty, feşməkan Human Rights və s. kimi xarici agentlər üçün (ABŞ-da yaranmış anlayışdır) işləyirsənsə, gərək çox göz-baş oynatmayasan, sakit oturasan. Başını sal aşağı, işini gör, maaşını, qrantını qazan. İşi ideoloji müstəviyə gətirmə, çox həyəcanlanma, təmkinli ol, rolunla bütünləşmə, özünü əsdirmə, korporativ loyallığı real həyatla, küçə, həyət-baca ilə səhv salma və unutma ki, lazım gələrsə qazını alan, sənin mənəvi üstünlük terrorundan qorxmayan da tapılar. «Hakimiyyətin adamıduu!» həyasızlığı ilə «Ermənidüü!» həyasızlığı arasında fərq yoxdur. Məndə bütün həyasızlıqlara qarşı immunitet var, onların hamısı isə mənim sarımsağımdan, xaçımdan, gümüş güllələrimdən qorxur.
Ələkbər, sosial şəbəkələr, enerjini onlara yönəltmən yormur səni? 8 aydır sosial şəbəkələrdə yoxam. Və ordakı çox populyar adamların var olduğunu unutmuşam. Nə ictimai sektorun, nə əksər siyasətçilərin, nə sosial fenomenlərin varlığını xatırlamıram. Yəni dediyim odur ki, fərdin sosial şəbəkələrdən imtinası onu informasiya panosundan, illüziyadan və bizə lazım olmayan adamlardan xilas edir. Yəni sən artıq nələrisə həyatına soxmursan. Sosial şəbəkələr bu mənada yorucu deyil?
Sənə kim deyib ki, enerjimi sosial şəbəkələrə yönəldirəm? Bəlkə mən enerji vampiriyəm, sosial şəbəkələrdən enerji toplayıram? Üç ildən artıq sosial şəbəkədən uzaq oldum, indi isə orada olmağım daha çox işimlə bağlıdır – bir neçə saytın səhifəsini idarə, yəni adminlik edirəm. Tək admin mən olmasam da, kolleqalara dəstək olmalıyam. Məncə, filtrasiya işini yaxşı qurmaqla problemin böyük hissəsini həll etmək olar. Əvvəllər sənin kimi düşünürdüm, sonra anladım ki, sosial şəbəkəyə çox əhəmiyyət verəndə problem yaranır. O sənin gündəlik rutinində epizod ola bilər uzaqbaşı. Ciddi qəbul edəcəksənsə, gec-tez başlayacaqsan özünə dərd etməyə – yox gedirəm, qalıram, hesabımı bağlayıram, açıram… Yüngül yanaşmaq lazımdır, sanki yoxdur elə bir şey. Ürəyin kimisə görmək istəmirsə, ya söndürürsən, ya da bloklayırsan. Çox demokratik deyilmi? Şəbəkənin illüzorluğu isə hamıya məlumdur. Adama elə gələ bilər ki, bütün cəmiyyət ayağa qalxıb, bir üsyan var, hamı bir mövqedən çıxış edir, amma gedirsən 20 Yanvara, dükana-bazara və görürsən ki, həyat öz axarındadır, Mamed çöməlib oturub, siqaret sümürür, cod tüklü üzünü günəş yandırır, gözləri uzaqlara, fəzaya zillənib. Sosial şəbəkədə mitinqlər də çox kütləvi olur, yüz minlərlə etirazçı şüarlar səsləndirir, reala gələndə isə Torqovıda iki yoluq frik nəsə qışqırır, on dörd min ədəd fotoqraf və operator onları çəkir, əlli min ədəd polis isə qovur, ya da tutub basır maşına. Budur və başqa bir şey deyil.
Bir dəfə tvitterdə qəribə bir ifadə işlətmişdin – Azərbaycan hökuməti qərbpərəstdir, bizim neo-liberal tayfa ilə ortaq cəhətləri daha çoxdur. Sözün düzü, bir az şok effekti yaratmışdı məndə. Aça bilərsən bu fikrini?
Hər şey göz qabağındadır – bizim hökumət bütünlükdə liberal qərbin təməl paradiqmalarını qəbul edən, qərb dünyası ilə tam afillyasiya olunmuş hökumətdir. Başda Rusiya faktoruna görə Qərbə meyl etməlidir, necə deyərlər – balanslı siyasət yürütməlidir. Mən bunu başa düşürəm və dəstəkləyirəm. Amma fakt faktlığında qalır – hökumət latent, bəzən də açıq qərbpərəst hökumətdir. Üzdə olanlar işin 3-5% faizidir, aysberqin qalan hissəsi suyun altındadır. Məsələn, LGBT və sair dəcəlliklər təməl paradiqmalara daxil deyil, çünki təməl paradiqmalar əsasən xışıldayan əskinaslarla bağlıdır. Burada isə hər şey qaydasındadır. Ona görə cənab prezident «onlarda bilinmir qadın kimdir, kişi kimdir» deyə istehza edə bilir. Bu istehzaya görə Qərb ilə münasibətlərə zərrə qədər xələl gələn deyil, çünki bu mövzu korporasiyalar, geostrateji layihələrlə bağlı deyil. LGBT, gender, jurnalist, feminist və sair dəcəllik və şirinliklər avam üçündür, baş qatmaq üçündür, şirmadır, manipulyasiya alətidir. «Dərin Qərb»in LGBT deyə bir həssasiyyəti yoxdur. «Dərin Qərb»in başqa həssasiyyətləri var və bizim hökumət onların hamısına riayət edir.
Belə olan halda, qərbin könüllü, yaxud müqaviləli nəfərləri; «Dərin Qərb»in kuluarlarına əsla yaxın düşmək kimi şansı olmayan neo-liberal nökərləri haray-həşir salanda, hökuməti Qərbə şikayət edəndə, Qərb də bir-iki ağız növbətçi «qınayırıq» mesajı göndərəndə, onların sevinməyi acı gülüş doğurur. İki boss təsəvvür elə. Axşam restoranda, alaqaranlıq məkanda oturublar, ciddi məsələlər həll edirlər, qədəh toqquşdururlar, amma publik obrazları antaqonistdir. Çünki belə lazımdır. Bu hekayənin ən ironik tərəfi isə, bu bossların tərəfdarlarının küçədə bir-birini təpikləməsidir.
Faciə deyilmi? İçəridə, alaqaranlıq kabinetdə qədəh toqquşdurulur, çöldə isə nəfərlər, nökərlər dava edir. Ona görə də mənim kimi, hadisələrə yuxarıdan baxa bilənlər, əslində hər iki bossun və əsgərlərinin qəzəbinə tuş gəlir. Çünki bu, oyunpozanlıqdır. Tərəflər rollarını maneəsiz, komfort şəraitində oynamaq istəyirlər, mən isə mane oluram.
Mən düz başa düşmüşəm, sən liberalizmi kökündən inkar edirsən? Yəni nə iqtisadiyyatda, nə siyasətdə, nə ictimai münasibətlərdə onu qəbul etmirsən? İnkar edirsənsə, alternativin nədir?
Opponentlər sıxışanda deyirlər ki, biz də bilirik sistem ideal deyil, amma alternativsizdir. Məni narahat edən isə, yuxarıda qeyd etdiyim kimi, manipulyasiyaların bəzən primitivcəsinə açıq-aşkar olması, gözə girməsidir. Həm də mənim üçün qaydalar aydın deyil. Klassik «quod licet Iovi, non licet bovi» vəziyyətidir («Yupiter üçün caiz olan, öküz üçün caiz deyil», latınca – S.S.), bu isə məndə qıcıq doğurmaya bilməz. İzah edim.
Gənclər xatırlamaz, amma mənim yeniyetməliyimdə bazar və rəqabət daha azad, başadüşülən və klassik liberalizm qaydalarına uyğun idi. O illərdə, doxsanların əvvəllərində bu dünya hələ yenicə şəkillənirdi, daşlar yerinə oturmamışdı. Sonra gün gəldi, rəqabətdə manipulyasiyalar iqtisadiyyatdan sıxışdırılıb çıxarıldı, siyasətdə isə saxlanıldı. Manipulyasiya imkanları, «bacarana can qurban» prinsipi sırf siyasi sfera ilə məhdudlaşdırıldı. Yəni, korporasiyalar siyasətə qalib gəldi. Ondan sonra anladım ki, xışıldayan, xoş ətirli əskinaslar hər şeydir, qalan şeylər isə bekara şeylərdir.
Oyun qaydalarının necə dəyişdiyinə dair ikicə misal gətirim. Məşhur iki reklamdan danışıram. Sərinləşdirici içki satışı aparatının qabağında uşaq dayanıb. Pepsi almaq istəyir, amma düyməyə əli çatmır. Uşaq iki ədəd Coca Cola alır, onları yerə qoyur və üstünə çıxaraq Pepsi düyməsini basır. Yaxud Audi markası Mercedes, BMW, Alfa Romeo və Volvo loqotiplərini yan-yana düzür və bu dörd yuvarlaq loqotip Audinin məşhur loqosuna transformasiya olunur, yəni bunların dördü də bizim maşında onsuz da cəmləşib, elə birdəfəlik Audi alın.
Nədir bunun adı? Açıq-aşkar, bariz manipulyasiya.
İdeyanın, fantaziyanın, yaradıcılığın sərhədi yoxdur, özün haqda danışmağa da məcbur deyilsən. Rəqibini istədiyin qədər aşağıla, onunla məzələn, cığallıq elə, min cür fəndə əl at, təki işin getsin.
Sonra nə baş verdi? İnsanları yönləndirmək sənəti olan manipulyasiya korporasiyalararası rəqabətdə onları açmadı, xoşlarına gəlmədi, centelmen sazişinə getdilər, daha doğrusu qanunlarla məsələni nizamladılar. Bir era beləcə sonlandı.
Halbuki, hər şey necə də gözəl başlamışdı, necə də gözəl gedirdi, malın keyfiyyəti qalmışdı bir kənarda, mahiyyət qalmışdı bir kənarda, kim daha bicdirsə, kim daha çox rəqibinin üstünə gedirsə, Coca Colanın üstünə dırmaşıb Pepsi alırsa, haqlı da odur, uğurlu da, ağıllı da. İnsanlar isə cahildir, çox asan aldanırlar. Korporasiyalar niyə bu gözəl imkanlardan imtina etdilər? Nə üçün indi yalnız özündən danışmalısan, rəqibin isə nəinki adını çəkməməlisən, hətta ona eyham da vurmamalısan. Korporasiyaların ən kölə departamenti olan hüquqşünaslar ordusu gecə-gündüz hazır ol vəziyyətində gözləyir, rəqibləri güdür ki, ən xırda manipulyasiya ehtimalında dərhal məhkəməyə üz tutsun, rəqibi məhv etsin. Fikir ver, hüquqşünaslıq necə poplaşıb, düşükləşib, xışıldayan və xoş qoxulu əskinasların xidmətçisinə çevrilib.
Siyasi səhnədə isə bu yeni qaydalar işləmir. Heç kəs özündən, gördüyü və görəcəyi işlərdən danışmır, ancaq rəqibləri hədəf alır, təhqir edir, yəni rəqibinin üstünə dırmaşıb Pepsi almağa çalışır. Korporasiyalar tərəfindən rəqiblərə qarşı qadağan edilmiş manipulyasiya sənəti burada tam işləyir. Bəs, hədəf kütlə həmin cahil xalq deyilmi? Məzmuna, mahiyyətə, keyfiyyətə baxmadan, sırf qəşəng təşkil edilmiş manipulyasiya ilə seçim edən, tutaq ki, məxməri inqilaba uyan gerizəkalı kütlə deyilmi? Niyə bu yolla adama Pepsi, Audi aldırmaq olmaz, beynini yumaq olmaz, amma ölkələrdə köklü sistem dəyişikliyinə getmək olar? Dövlət idarəsi, bir ölkənin siyasi kursu zərərli içkilərin seçimindən dahamı az əhəmiyyətli məsələdir? İstehlakçının beynini yumaq olmaz, amma seçicinin olar? Niyə, şərti Əli Kərimli çıxıb «Ey uca xalq, pensiya, korrupsiya, tayfa-klan!» deyə qışqıra bilməli və nəhəng bir mexanizmi dağıdıb özü hökumət sükanı arxasına keçməlidir? Təməldə isə mən demokratiyanın bu yozumuna qarşıyam – seçki hüququnu rədd edirəm.
Hər nə qədər xalq müdrikdir, hər şeyi bilir desək də, manipulyasiyalar qarşısında kütlə çılpaqdır, acizdir, deməli biz ölkənin müqəddəratını da bəlağətə, gözəl və təsirli cümlələrə, duyğusallığa və hoqqabazlıqlara qurban verməməliyik. Makron, Trüdo, Skandinavyadakı nonoşlar – bunların hamısı hoqqabazlığın ciddilik, sanbal, ağırlıq üzərindəki qələbəsi, matişkəliyin təntənəsidir. Rəngli corablı Trüdo, amma ölkəsindəki həbsxanalar rəsmən Quantanamodur. Adi mühacirləri tutub o türmələrə salırlar, canilərin arasında saxlayırlar, işgəncələr verirlər. Dünyanın ən iyrənc, ən qəddar həbsxanaları siyahısında Kanada liderlik edir. Amma nə olsun, corabları ki, rənglidir, özə də «cool»dur. «Cool»luq əsasdır bu gün, Obamə kimi saqqız çeynəyib burcutmaq əsasdır. Fakt isə faktlığında qalır – Reyqandan sonra ABŞ bir daha prezident görmədi, Reyqandan sonra bütün prezidentlər matişkə oldu. Matişkəlik sanbalı əvəzlədi.
Uzun danışdım, əslində isə özüm də razılaşıram ki, mənim oyunpozan fəaliyyətim mənasız və faydasızdır. Narahat etdiklərim arasında cəsarət və ağıl sahibləri ilə səmimi söhbətim olsa, mənə nə deyəcəklərini də bilirəm. “Tamam, haqlısan, rollarımız var, bəs biz rollarımızdan imtina etsək, sonra nə olacaq? Hamımız müdrikcəsinə hadisələrə yuxarıdan baxmaq istəsək, hər şeyimizi itirməyəcəyikmi? Müqəddəs yer isə boş qalmır. Tabaki olmağa (Tabaki – Redyard Kiplingin “Cəngəllik kitabı” hekayələr toplusundakı personaj; pələng Şirxanın yanında quyruqbulayan çaqqal – S.S.), bu rolları icra etməyə hazır o qədər adam var. Nəyin uğruna imtina edək?» Belə deyəcək və haqlı olacaqlar. Gördüyün kimi, empatiyanı bacarıram, sadəcə onların canfəşanlığına, həyəcanına, özlərini əsdirmələrinə və mənəvi üstün görmələrinə dözümüm yoxdur. Sakit otursunlar. Tələbim budur.
Təklif edirəm ki, bir az da ədəbi fəaliyyətindən danışaq. “Emiqrant” hələ ki son əsərindir. Əlinin altında nəsə var, yazırsan?
Heç nə yazmıram, hələlik yazmağı da düşünmürəm. Təəssüf edirəm ki, ədəbi fəaliyyətimə dair verdiyin birinci suala cavabım belə qısa oldu.
“Gilə”ni ədəbiyyatımızın ən yaxşı əsərlərindən sayıram. Periodik olaraq xatırladığım əsərlərdəndir. Məncə, sənin burada, elə “Emqrant”da da alışdığımız ədəbi tərzin yoxdur. Daha təmkinli, soyuq, təkmil, hadisəyə və obrazlarına emosional baxımdan daha məsafəli müəllif yanaşması var. Bu baxımdan bunları sənin ədəbi yaradıcılığında yeni mərhələ saymaq olar?
Bioqrafiya janrı mənə hər zaman maraqlı gəlib, amma özümü yazmağa cəsarətim çatmadığından, özgə talelərə yönəlmişəm. Zamanı yetişəndə də ard-arda ikisini yazmışam. Buyur, görürsən, söhbət əsnasında bir zəifliyim də üzə çıxdı. Ona görə yox ki, bioqrafiyamda mənə xəcalət verən səhifələr var, əslində yoxdur. Ona görə ki, mənə həyəcanlı, maraqlı, orijinal kimi görünən epizodların başqaları üçün də elə olacağına şübhə edirəm. Daxili şübhə varsa, əminlik yoxdursa, onda eksperiment eləməyə də dəyməz.
İkinci səbəb isə odur ki, əgər özümü yazsam, gərək atamı da yazım. Atamı isə çox istədiyimdən, onun haqqında hər şeyi yaza, obrazını olduğu kimi yarada bilmərəm. Atam qəribə, bir növ lunatikfason adam idi. İfrat steril, vasvası, patriarx. İllah ki, sterilliyi məndə çox dərin travmalar qoyub. Məsələn, saqqız çeynəməyə icazə vermirdi, hesab edirdi ki, saqqız çeynəmək bambılılıqdır, kişi saqqız çeynəməz. Sinif yoldaşım olan qızlar evə gələndə deyinirdi, halbuki qızlar evə seks üçün gəlmirdilər, bizim rus sektorunda oğlan və qızların bir-birinə qonaq getməsi, musiqi dinləməsi, kinoya baxması norma idi. Amma özü evə qadın gətirirdi, düzdür, ağlım kəsməyə başlayandan sonra gətirmirdi, yenə də yadımda qalıb hamısı. Hətta bağça tərbiyəçimi, rus qadını neçə dəfə evə gətirmişdi, tərbiyəçi bizdə gecələmişdi. Hər həftəsonu Passaj bazarına gedərdik, orada satıcılarla qiymət üstündə dava edər, onlara sataşardı, mən də ispan xəcaləti keçirərdim. Dəhşət simic idi. Ağır, deyingən, bakılı kişi, həm də qayğıkeş ana idi. Hə, məhz ana, çünki məni anasız böyütmüşdü, özünü fəda etmişdi, həyatının mərkəzinə məni qoymuşdu. Ona olan sevgim bütün əcaibliklərini, axmaq hərəkətlərini yazmağıma mane olur. Görünür, indiyə kimi atamın əsarətindəyəm, məni rahat buraxmır.
Bəs, ana?
Yox, ana görməmişəm, tanımamışam. Böyüyüb atama suallar verməyə başlayanda nəsə ötəri cavablar verər, onu pisləməzdi, yəqin travma almağımı istəmirdi. İkinci, ya üçüncü sinifə gedəndə məni qabağına qoyub hər şeyi danışmışdı. “Nə yaxşı ki, bizi atıb gedib” – çıxardığım nəticə bu olmuşdu. Sonradan, yetkin yaşa çatanda onu bir neçə dəfə gördüm və anladım ki, atam hələ az danışıb. Bildiyin, yaxud bilmədiyin monstr. Təsəvvürünə gətirə bilməyəcəyin qədər küpəgirən, qadın cinsi adına ləkə, xəcalət. Bioqrafiyamın bu səhifələrini yazsam, onda da indeyski kino alınacaq. O da mənlik deyil.
Nə üçün düşünürsən ki, hər şey olduğu kimi yazılmalıdır? Bər-bəzək, mübaliğə, nəyinsə üstündən keçmək, heç toxunmamaq, yaxud nəyisə qabartmaq, nəhayət bir az yalan danışmaq olmaz? Bioqrafik əsər mütləq tamamilə fantaziyadan, uydurmadan xali olmalıdır? Yalana münasibətin necədir?
“Ah, Tarkovski, Tarkovski” deyib qəm-qüssə ilə uzaqlara baxan, həsrətlə siqaret sümürənlər də məni bağışlasın, onların sahəsinə girirəm, yalana münasibətimi soruşdun, Tarkovskinin həyata keçməmiş ideyası yadıma düşdü. Bir film çəkmək istəyirdi, “səbəbsiz yerə arvadına tez-tez yalan danışan və daim problem yaşayan bir kişi” haqqında. Onun həvəsi yoxdur düz danışmağa, özü də bilmir nə üçün yalan danışır, düzünü desə də heç nə olası deyil, heç nə baş verməyəcək, heç nə dəyişməyəcək, amma yenə də yalan danışır. Məsələn A adlı dostu ilə görüşüb pivə içməyə gedəcək, amma evdə arvadına deyir ki, B adlı tanışı ilə görüşüb kinoya gedir. Yalanı üzə çıxanda problem yaşanır, dava düşür. Arvad bilmək istəyir ki, səni bu yalanı deməyə nə vadar edir? Kişi isə düşünür ki, A ilə görüşdüyünü desə pis olacaq, qanqaraçılıq yaranacaq. Məncə Tarkovski həqiqəti bilirdi – kişi A ilə görüşəcəyini demirsə, deməli bildiyi, hiss etdiyi bir şey var. Özü də axı, yalan hər zaman üzə çıxmır. 10 yalandan biri faş olur. Amma kişi, nəticəsindən asılı olmayaraq, danışdığı hər kiçik yalandan sonra mazoxistcəsinə əzab çəkir. Heyf ki, Tarkovski bu filmi çəkə bilmədi.
Yox, mən öz bioqrafiyama bəzək-düzək vura bilmərəm. Təsəvvür eləmirəm, bunu necə etmək olar. Başqalarının həyatı ilə daha rahat davranıram. “Gilə”də də, “Emiqrant”da da əsərin qəhrəmanı, ya da qəhrəmanın yaxın adamı, ailə üzvü onun hekayəsini üçüncü şəxsə danışır. “Gilə”də qəhrəman mənə nəql edir, mən də oxucuya. “Emiqrant”da isə qəhrəmanın gündəliklərini və yaxınlarının danimarkalı jurnalistə danışdıqlarını oxuyuruq. Danimarkalı jurnalist də özüməm, sadəcə istəmədim ki, “Gilə”dən sonra özümü yenə süjetə daxil edim. Dediyim kimi, başqaları haqda uydurmaq daha rahatdır, nəinki özün haqda, çünki məsuliyyət hissim o qədər də qabarmır, etiraz eşitsəm də deyəcəm ki, yazıçı öz təhkiyəsində azaddır.
Yalan, uydurma, bər-bəzək demişkən, “Emiqrant”ı yazanda xeyli yazıçı müsahibəsi oxudum, başda Nabokovun müsahibələri olmaqla. Üstad Qismət Rüstəmov kimi Nabokovşünas deyiləm, nabokovsevərlər də tarkovskisevərlər kimi gərək məni bağışlasın – Nabokov “Lolita”ya görə yox, müsahibələrinə görə nəhəngdir. Onillərlə eyni üslubu saxlamağı, özü haqda danışarkən, bioqrafiyasına toxunarkən incə yalanlardan xalça toxumağı necə bacarırdı? Məncə, Nabokov özü haqda uydurma üzrə dünyada ilk beşlikdə yer alır. İndi səninlə mənim etdiyimiz kimi, sual-cavab formatında intervyusu yoxdur. Adam sualları yalnız yazılı formada qəbul edirdi, suallarda istədiyi dəyişikliyi edirdi, bəyənmədiyi sualları silirdi, istədiyi kimi cavablandırırdı. Redaksiyanın da ixtiyarı yox idi ki, bircə vergülə müdaxilə etsin. Onun bütün müsahibələrini xronoloji qaydada, birdəfəyə oxusan zərrə qədər qopuqluq görməyəcəksən, adam müsahibələri ilə də roman yazıb.
Mənim isə belə şeylər üçün nəfəsim çatmır. Atamdan filan sözü eşitməmişəmsə, hərəkəti görməmişəmsə atam belə demişdi, yaxud elə etmişdi yaza bilmərəm, imkansızdır. Bu imkansızlıq dürüstlüyümdən irəli gəlmir, sadəcə olaraq özüm həzm edə bilmirəm deyə, qorxuram oxucu da həzm etməz.
Ən son nəyi oxumusan?
Acığım gəlir bu sualdan və oxuduğumu paylaşmaqdan. Bu, mənim əsər, müəllif, kino, rejissor adı çəkənlərin çoxluğuna qarşı daxili protestimdir. Buyur, bir zəiflik daha, elmdə bunun adı “Lalə Şövkətin gəlinlik paltarı”dır. Lalə xanım lap çoxdan bir müsahibəsində öz toyu, ərə getməyi haqda suala cavab verərkən demişdi: “Necə yəni, hamı gəlin paltarında, mən də gəlin paltarında? Ölərəm! Heç nəyi ilə seçilməyən adi paltarda idim…” Niyəsini bilmirəm, çox ləzzət eləmişdi mənə. Yəni, bu zəifliyimi sevirəm, ondan zövq alıram. Amma sualın cavabsız qalmasın deyə, ən son oxuduğumu deyim – İrvin Uelş «İynə üstündə».
Qeyri-adi heç nə yoxdur, köhnə də kitabdır. Ən azından bütün narkomanların eyni olmadığını, şəxsiyyətlərinin eyni cür silinmədiyini anlamaqda kömək edir. Narkomaniyanın romantizasiyası yoxdur, sadəcə quru və soyuq rutin var. Narkomanları subkultura adlandıra, onların bizim aramızda yaşamasını qəbul edə bilərikmi? Onsuz da yaşayırlar, amma özgə kimi, cüzamlı kimi. Hazırda Azərbaycanda da narkomaniya tüğyan edir. Strategiyamız nə olmalıdır? Dövlət olaraq, cəmiyyət olaraq, ziyalılar olaraq? Demirəm bu kitabda bu suallara cavab var, amma bu subkulturanı içəridən öyrənmək, tanımaq üçün yaxşıdır. Empatiya duymaq şərt deyil, sırf tanımaqdan söhbət gedir.
Söhbətləşdi: Sevda Sultanova