Son günlər iki kitab mağazasının bağlanma təhlükəsi facebook-da xeyli insan tərəfindən ya təəssüf hissi ilə, ya da təhlükəli vəziyyətin astanasındaymışıq kimi qiymətləndirildi. Hesab edirəm ki, biz son dövrlər baş verən hər hadisəyə biganə qalmamaq üçün üzərində düşünmədən həyəcan təbili çalırıq. Bu yazıda da kitab mağazalarının bağlanması və insanların bu hadisəyə münasibətini təhlil edəcəm.
“Hər kəs kitab oxumalıdır”
Son dövrlər insanların bir qismi TV-lər, sosial şəbəkələr vasitəsilə kitab oxumağa çağırışlar edir, oxumayanları qınayır, cahil adlandırırlar. Sanki bütün sosial problemlərin açarı kitab imiş kimi qələmə verirlər. Lakin bu çağırışlardan əvvəl kitabın mahiyyəti, janrı, faydalılıq əmsalı, nə üçün və kim üçün faydalı olması, cahilliyin qaynağının həqiqətən də oxumamaq olub-olmadığı sorğulanırmı, görəsən?
Kitab sistemli informasiya olan biliyin mənbəyidir. Bu biliyin necəliyindən, nəyə xidmət etməsindən asılı olaraq kateqoriya anlayışı ortaya çıxır. Kateqoriyasına görə kitablar elmi, bədii və s. ola bilər. Məsələn bir xarici dil müəllimi, İT mütəxəssisi ancaq öz sahəsinə aid çoxlu kitablar oxuya bilər. Bu adamlara “kitab oxumaq dünyagörüşünü artırır” deyə bilmərsiniz, çünki adamlar onsuz da oxuyur, sadəcə sizin dünyagörüş deyəndə nələri nəzərdə tutduğunuz, sizi bu fikrə aparan yollar qeyri-müəyyən olduğu üçün dilemma yaranacaq. Bəlkə sizin bəyəndiyiniz, dünyanı dəyişdirdiyinə inandığınız, tanıdıqlarınıza məsləhət gördüyünüz şeyləri oxumur, amma başqa kitablar oxuyur. Dünyagörüşü deyəndə nəzərdə tutulan nədir? Doğrudanmı qeyd etdiyiniz dünyagörüşünü qazanmanın yolu sadəcə kitabdır? Məgər o qədər oxumaqları ilə mindikləri kor yabıdan enməyən adamlar azdırmı?
Hər kəs kitab oxumalıdır şüarı, çağırışları yeni bir stereotipin yaranmasına təkan verir: oxuyursansa aydın, oxumursansa cahilsən. Biz insan övladlarının hörmətə, pozitiv qiymətləndirməyə ehtiyacımız olduğu üçün zaman-zaman cəmiyyətin dəyərlərini daşıyaraq gözə girmək istəyirik: “Kitab oxumalıyam ki, cəmiyyət tərəfindən ağıllı, aydın hesab edilim. Nə qədər çox kitab, bir o qədər hörmət.” Beləliklə kəmiyyətə diqqət etdikcə keyfiyyət ikinci plana keçir. Məsələn bir kitabı iki aya oxuyub daha çox detala diqqət edib, o detallardan çox şey öyrənə biləcəyimiz halda bir aya iki kitab oxuyub daha az öyrənirik (təbii ki individual fərqlər də var). Lakin cəmiyyətə isbatlayırıq ki, biz «aydın»ıq. Cəmiyyətin şəxsin daxili dünyasını adekvat ölçə biləcək xətkeşi, tərəzisi yoxdur, ona görə də cəmiyyət şəxs tərəfindən tez aldadıla bilər. Lap mahnıdan sözlər: “bu oyunda kim uduzdu, kim uddu, peşiman kim olacaq, bilmirəm” yada düşür. Şəxs cəmiyyətdən asılıdır, amma cəmiyyəti formalaşdıran da elə özüdür. Tsikl.
Hətta bir qrup var ki, oxumayacağı kitab alır. Cəmiyyətin çağırışlarına qulaq verib kitab alır, lakin aldıqlarını oxumağa nə həvəsi, nə də vaxtı var. Bunların da sayı az deyil.
Beləliklə, zamanla yarış atına çevrilirik.
Kitablar cəmiyyətin bütün nümayəndələrinin mütləq oxumalı olduğu vasitə deyil. Bəli, kitab vasitədir: düşünmək, təhlil etmək, öz fikirlərinlə başqasının fikirlərini müqayisə etmək, daxilində özünün də xəbərin olmadığı və ya basdırdığı şeyləri üzə çıxarmaq üçün vasitədir, yaşamaq üçün bələdçidir. Lakin hər kəsin vasitəsi, bələdçisi kitab olmalıdır deyə bir qayda yoxdur. Bəzi şeyləri praktik öyrənmək lazım gəlir, bəzilərini həyat lazımi nöqtəyə gətirir. Əgər hər kəs hər şeyi kitablardan öyrənsəydi, hamı davamlı kitab oxusaydı, verbal ünsiyyət qalmayacaqdı.
Həm də insan bir şeyi dərindən anlayırsa, ondan həzz alırsa, onu başqasına isbatlamaq, təbliğ etmək ehtiyacı hiss etmir. İsbata ehtiyac duyulan şeyə inam natamamdır, demək ki.
Hal-hazırda ölkədə hər addım-başı kitab mağazaları var. Bir kitabdan yanaşı yerləşən 3 mağazada da var. Bunun məğzi nədir? Doğrudanmı niyyət insanların oxumasıdır? Yoxsa kapitalizmin yaratdığı ab-havadır? Anlaşılandır ki, insan övladı altruist olmağa məcbur deyil, yəni insanlara kitab satarkən həm də qazanmalıdır da. Lakin eyni ərazidə bir neçə kitab evinin açılmasında al-ver niyyəti daha aydın görünür. Al-ver edirsən, yaxşı edirsən, daha emosional parazitliyə, manipulyasiyaya nə ehtiyac var?!
1-2 kitab mağazasının bağlanması ilə dərhal həyəcan təbili çalınmamalıdır, eyni ərazidə bir neçə kitab mağazası olanda sözsüz ki, hansısa ziyana düşə bilər. Yeri gələndə özünü heyvanlar aləminə yaraşdırmayan insan övladı unudur ki, heç digər heyvanlar belə öz növündən olanla eyni ərazidə ova çıxmır. Heyvanları bəyənməsələr də, heyvanlar iradi şəkildə kapitalizmin köləsinə çevrilmirlər.
Mənə elə gəlir ki, hal-hazırda yarış atına çevrilən oxucular üçün süni tələbat yaradılır. Bəzən süni tələbata cavab verən yarış atına çevrilmiş oxucunun miqdarı səhv hesablananda problem yaranır.
Həm də indi insanlar birbaşa karqo şirkətləri vasitəsilə özləri xaricdən kitab sifariş edə bilirlər. Bu mümkün olduğu halda niyə əlavə vasitəçiyə artıq pul ödəmək məcburiyyətində qalsınlar ki?! Bu kimi səbəbdən kitab mağazalarının bağlanması normal ola bilər.
Təəssüf ki, kütlə psixologiyası sorğulamaya qarşıdır.