Ukrayna və orada baş verənlər bizim üçün müstəsna vacib və əhəmiyyətlidir, bəlkə sırf təcrübə və “alternativ tarix” kimi. Tarix demişkən, bu doğrudan ciddi nəsnə imiş, son 25 ildə özünü hər yerdə açıqca büruzə verir.
Bu haqda artıq yazmışdım – Ukraynadakı seçkilər haqda danışmağımız heç bir vicdana sığmır, əslində gərək susub kənarda duraq. Çünki bu ölkədə hazırkı prezidentə qarşı, nə qədər hazırlıqlı olsa da nəticədə gənc bir vətəndaş çıxış edir və ona qalib gəlir. Prezident isə elan edir ki, məğlubiyyətini qəbul edir və gedir. Bizim oralara çatmağımıza görən neçə əsr var? Bu sualın cavabını yalnız kosmoqonik şərtilik bilir.
Ukraynanın keçmiş Sovetlər İttifaqında necə vacib dövlət olduğunu əslində hamımız bilirdik, amma şəxsən mənə bu yalnız Zbigniew Brzezińskinin 1997-ci ildə qələmə aldığı “Böyük şahmat taxtası” əsərinin mütaliəsindən sonra tam aydın oldu. Brzeziński orada Ukraynanın geosiyasi və tarixi əhəmiyyətindən danışır, qeyd edirdi ki, “bu dövlətsiz Rusiyanın sərhədləri 300 il öncəyə çəkilmişdir”.
Ukrayna tarixi, qonşuluqğunda yerləşən başqa slavyan xalqların iki böyük imperiyası – Rzeczpospolita (polyaklar və baltik xalqlarını birləşdirən katolik uniyası, Baltik dənizindən Qara dənizə kimi uzanan Şərqi Avropanın ən böyük imperiyası) və monqolların tarixi varisi olan Rus İmperiyası – arasında keçib.
Burada ukraynalıların azadlığa olan müstəsna bağlılığı nəzərə çarpır. Görünür məhz bu səbəbdən həm qərbində, həm şərqində müstəsna qəddar quruluşa malik imperiyalara alternativ “українська вольниця” (Ukraina azadlığı – kazakların toplaşdığı məkanlara deyilirdi) peyda olmuşdu. Kazaklar burada çar, kral, əyan və mülkədarlararın zülmündən qaçıb gəlmiş azad insanların toplumunu təmsil edirdi. Bu toplum tarix ərzində hər iki imperiya üçün təhlükə mənbəyi və təhdid idi.
Beləcə heç bir dövlət ənənəsi mövcud olmamış bir toplum rus inqilabı zamanı anarxo-sindikalist xaosuna qərq olur, “Гуляй поле” deyilən yerdə həmin ənənəyə uyğun olaraq Batka Maxno bir cəmiyyət yaradaraq, 2 milyona yaxın əhalisi olan kifayət qədər böyük bir əraziyə nəzarət edirdi. Maxno sonradan bolşeviklər tərəfindən məhv edilsə də bu, dünyada bəlkə də yeganə uzunmüddətli anarxist eksperiment kimi tarixə düşür və ideyanın puçluğuna dəlalət edir.
Ukraynanın çox maraqlı cəhətlərindən biri də ölkənin Qərb və Şərqinin çox-çox fərqli tarixi təcrübəyə malik olmasıdır. Belə ki, Qərb vilayətləri, mərkəzi Lyvov şəhəri olmaqla bütövlükdə Avstriya-Macarıstana, 1918-ci ildə isə Polşaya daxil olur və 1939-cu ilə kimi heç bir zaman Rusiyanın tərkibinə keçmir. Yalnız 1939-cu ilin sentyabrında Qızıl ordu Polşanı faşistlərlə birlikdə işğal edəndən sonra bu ərazilər SSRİ-nin tərkibinə daxil edilir, oradakı insanlar da NKVD, kommunizm və Sibirlə tanış olurlar. Hitler işğalı zamanı Qərbi Ukraynada baş verən proseslər, Ukrayna SS divizionu «Галичина»-nın yaradılması (xorvatlardan başqa yeganə slavyan əsilli SS ordusu), müharibədən sonra da regionda əsasən köklü rusofobiyanın hakim olması, mövcud atmosfer və insanların ovqatı haqda bizə çox şey deyir.
Sovetlər İttifaqının dağılmasından sonrakı Ukrayna tarixi də olduqca maraqlıdır. Ölkə total korrupsiyaya qərq olsa da, hərc-mərclik hökm sürsə də, ölkə bir çox məsələlərdə başqalarına örnək ola bilər. Müstəqilliyindən keçən 28 il ərzində mövcud olmuş 5 prezidentdən yalnız bircə Leonid Kuçma ikinci müddətə seçilə bilmişdi. Bu da çox maraqlı göstəricidir – deməli real prezidentlər müxaliflərə seçkidə uduzublar. Bu mənada Ukrayna bütün postsovet məkanında müstəsna bir ölkədir.
Dəfələrlə bir çox aparıcı şəhərlərində, (Kiyev, Odessa, Lyvov, Xarkov, Zaporojye, Dnepropetrovsk, Nikolayev və s.) müxtəlif festivallarda, tədbirlərdə olduğum bu ölkənin xəritəsinə baxan zaman ağlımdan belə bir fikir keçirdi ki, sovet dövrünün Ukraynası onların ən radikal millətçisinin də arzularından ötə bir ərazini tutmaqdadır. Birləşmiş bir Ukrayna, yəni buraya ölkənin Qərb, Krım və Odessa daxil olmaqla – ən cəsarətli xəyallardan o yana keçmiş bir xəritədir. O illərdə, ukraynalı musiqiçi dostum Vladimir Runçakın mənə “Elmir, bizim onlarla (ruslar nəzərdə tutulur) hökmən müharibəmiz olacaq, bax görərsən” deməsini, radikal bir adamın fikirləri kimi qəbul eləmişdim. Zaman onun haqlı olduğunu göstərdi.
Müstəqillik illəri ərzində bu ölkədə baş verən siyasi proseslər çox-çox maraqlı keçib. Hamının bildiyi Maydan hadisələri bu sırada müstəsnadır – 2004-2014-cü illərdə xalq 2 dəfə ayağa qalxaraq (!) Maydan inqilabı edib, hər iki dəfədə də eyni adamı (!) – Viktor Yanukoviçi yıxıblar.
Təəssüf ki, bütün bunlardan sonra oliqarxiyanın rolu bitmədi, paradoksal səslənsə də yalnız gücləndi. Başqa cür ola da bilməzdi, çünki keçmiş prezident Poroşenko seçilən zaman gücünü elə həmin Yanukoviçin partiyasından, onların mərkəzi nöqtəsi olan Dnepropetrovsk klanından alırdı. Bu şəhər çox xüsusi bir şəhərdir, hələ sovet zamanı qapalı statusu vardı və Dnepropetrovsk klanı ölkədə güclü mövqelərə malik idi. Çünki hamımızın əzizi, «широhо шағает Азервайжан» frazasının müəllifi Leonid İliç Brejnev də ukraynalı idi və bu klana arxalanırdı.
Hətta sovetlərdə o zaman belə bir söz birləşməsi, kalambur vardı – «есть времена допетровские, петровские и днепропетровские» (yəni petroyaqədərki dövr, Petro dövrü və dnepropetrovsk dövrü). Partokratik-bürokrat ənənələrinin kökünü burada axtarmaq gərəkdir. Qısası, bu region Ukrayna üçün bizim Naxçıvan Muxtar Respublikası status və əhəmiyyətində idi.
Hazırkı prezident isə indi Dnepr (Дніпро) adlanan şəhərin alternativi olan Krivoy Roq (Кривий Ріг) şəhərindəndir. Lakin ona bütün regionlar səs verib, yəni əvvəlki prezidentlər təki yalnız buradan yox, həm də Qərb vilayətlərindən böyük səs toplayıb və bu mənada fərq çox böyükdür.
Trampdan sonra Zelenski də real seçkidə (hazırkı prezidentlə mübarizədə) əldə etdiyi 73% səs ilə sübut etdi ki, hazırkı siyasət başlıca meyar kimi şounu tanıyır və Zelenskinin bundan sonra nə edəcəyini proqnozlaşdırmaq çox-çox çətindir.
Yenicə azad seçki keçirmiş ölkə və cəmiyyət indi çaş-baş vəziyyətdə, parçalanmış halda görünür. Korrupsiya azacıq da olsa yığışdırılacaqmı, işlərə səhman gələcəkmi? Onlarda da bizim kimi işğal edilmiş ərazilər var və hətta məşum “ATƏT-in Minsk qrupu” da mövcuddur. Prezident separatçılarla nə edəcək, keçmiş sovetlərin başqa respublikalarında artıq 30 ildir, Ukraynada isə 5 ildir həll olunmayan ərazi probleminə, olduqca ağrılı bu məsələyə dair bir həll yolu tapılacaqmı? Çətin suallardır.
Ən əsası, həyəcanlısı isə – Ukraynada yenidən Maydan olacaqmı? sualıdır. Bu sualın da aktuallığı heç zaman bitmədi, çünki bu ölkədə nə olmasa da, vətəndaş itaətsizliyi ənənəsi var.
Ən əsası, həyəcanlısı isə – Ukraynada yenidən Maydan olacaqmı? sualıdır. Bu sualın da aktuallığı heç zaman bitmədi, çünki bu ölkədə nə olmasa da, vətəndaş itaətsizliyi ənənəsi var.
Çünki Ukraynadakı cəmiyyət azad olsa da, meydanlara yığıla bilsə də, söz azadlığı təmin edilsə də, bütün bunlara rəğmən siyasi elita tamamilə oliqarxiyanın emalatxanasından çıxır. Odur ki, Zelenskinin hansısa köklü dəyişikliklərə nail ola biləcəyi mürəkkəb görünür. İstənilən halda bu demokratik prosesdir, yalnız ümid etmək qalır ki, kəmiyyət nəhayətdə nə zamansa keyfiyyətə də gətirər.
Qonşunun reaksiyası isə özünü çox gözlətmədi, Zelenski yenicə seçilən kimi, Putin həməncə fərman verdi ki, Ukraynanın şərqindəki işğal zonasında yaşayan əhaliyə sadə prosedurla rus pasportları paylanacaq, eynən Abxaziya və Cənubi Osetiyada edildiyi kimi. Görünür bu yeni prezidentin istənilən hərəkət azadlığına qarşı görülmüş preventiv tədbirdir. Son həddə isə Putin Donbasın tam işğalına hazır kimi görünür. Bu oyunlardan 30 il əvvəl keçmiş bir cəmiyyətik, bizə burada bələdçi gərək deyil.
Əslində bu, Ukrayna üçün də şok yenilik deyil. Belə ki, yalnız şərqdəki böyük qonşu yox, qərbdəki qonşular da bu dövlətdə öz pasportlarını paylamaqdadırlar – polyak, macar və rumın pasportları artıq uzun illərdir ki, Qərbi Ukraynadakı yerli etnik azlıqlara paylanır. Görünür bu dövlət pasportların paylanması üzrə çempion olacaq. Hətta məsələ o həddə çatmışdı ki, 2017-ci ildə Kiyevdə “Polşa, Macarıstan və Rumıniya Ukraynanı bölməyə hazırlaşır” kimi bəyanatlar da səslənmişdi.
Yeri gəlmiş, bu məsələ bizdə də aktuallaşmaqdadır, belə ki, Rusiyanın bizim şimal rayonlarının əhalisinə də eyni sadələşdirilmiş prosedurla pasport paylaması xəbərləri yayılmaqdadır, bu da görünür bizim üçün yenilik deyil. Çünki əgər bu məsələdə azacıq araşdırma edilsə, o zaman məlum olacaq ki, bu pasportlardan ciblərində hətta ən ali hakimiyyətin nümayəndələri də daşıyır. Azad olmayan, qapalı cəmiyyətdə hər şey çox rahat mümkündür, necə ki, dövlətin ən yuxarı eşelonlarında oturanlar Rusiyaya açıq mədhiyyələr deməkdən çəkinmirlər.
İçəri Şəhərin sökülməsi ilə müşayiət olunan proseslər sübut edir ki, bizdə ümumiyyətlə orta sinif, burjua, yəni şəhərli mövcud deyil. Burjua da olmadan demokratiya necə mövcud ola bilər ki?
Tarixən, Qədim Yunan demokratiyalarından tutmuş Böyük Fransız Burjua İnqilabına kimi vətəndaşlığın bünövrəsi məhz şəhərlilər tərəfindən qoyulmuşdur, çünki aqrar kütlə tarix boyu heç bir hüququ olmayan qullar və təhkimlilər idi, hətta Avropada XIX əsrə kimi bu belə olmuşdu.
Ukraynada ola bilsin ki, nizam yoxdur, total korrupsiya mövcuddur, lakin yuxarıda qeyd etdiyimiz kimi, istənilən halda orada vətəndaş var. Bizdə isə – son ictimai etirazlarla bağlı təmkinli əminliklə bunu deyə bilərik ki, bizdə bunun yalnız sönük işartıları görünür.