Pandemiya dərsləri: 65 yaşdan yuxarılara evdə xidmət təşkil edə bildikmi?
Azərbaycanda dekabrın 14-dən tətbiq olunan sərt karantin məhdudiyyətləri davam edir. Ötən müddət ərzində ölkədə koronavirusa yoluxma sayında kəskin azalma baş verib: gündəlik aşkarlanan xəstə sayı 4 minlərdən bir neçə yüzə düşüb.
Maraqlıdır ki, bu dəfə hökumət hərəkət məhdudiyyəti tətbiq edərkən keçən ilin mart-aprelində olduğu kimi davranmayaraq 65 yaşdan yuxarı vətəndaşlara evdən çıxmağı yasaqlamadı: sadəcə, belə şəxslərə kütləvi yerlərə getməmək tövsiyə olundu. Bu, demək olar ki, bütün dünyada belə oldu, çünki COVID-19-un heç də bütün yaşlıların ölümünə səbəb olmadığı artıq hər kəsə aydındır…
Buna baxmayaraq, əksər ölkələrdə xəstəliyi daha ağır keçirən yaşlı insanları qorumaq üçün onların ictimai yerlərə çıxmaq ehtiyacının yaranmamasına çalışırlar. Bunun üçün tənha yaşayan yaşlıların alış-veriş, dərman ehtiyacları dövlət, yaxud bələdiyyə strukturlarının əməkdaşları tərəfindən qarşılanır. Məsələn, qonşu Türkiyədə həm 65 yaşdan yuxarı tənha vətəndaşların, həm də evdə müalicə alan koronavirus xəstələrinin dükan-bazar, aptek ehtiyacları müvafiq strukturlar tərəfindən təmin edilir. Həm Avropa ölkələrində, həm də Türkiyədə dövlət və yerli özünüidarəetmə orqanlarının oturuşmuş sosial xidmət şəbəkəsi fəaliyyət göstərir. Lakin Azərbaycan üçün bunu söyləmək mümkün deyil. Çünki ölkəmizdə bələdiyyələrin fəaliyyəti, hüquq və səlahiyyətləri klassik anlamdan çox uzaqdır. Buna görə də nəinki yaşlılar, qayğıya ehtiyacı olan digər qruplarla iş bütünlüklə dövlətin üzərindədir.
2020-ci ilin mart-aprel aylarında Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşların küçəyə çıxmasına qadağa qoyulmuşdu. Bununla bağlı qərarı Nazirlər Kabineti martın 23-də qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində Azərbaycan ərazisində koronavirus təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Və qərarda bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən evdə sosial xidmətlərin göstərilməsinin təmin edilməli olduğu göstərilir.
Nazirlər Kabineti aprelin 4-də “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
Tədbirlər Planında əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqaməti üzrə nəzərdə tutulan tədbirlərdən biri “Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi”dir. Bu fəaliyyətin icrası ƏƏSMN-ə həvalə edilib, icra müddəti 2020-ci ilin aprel-may ayları göstərilib. Planda həmçinin bu fəaliyyətin 14 min nəfəri əhatə edəcəyi qeyd olunur. Bu rəqəmin necə hesablandığı açıqlanmasa da, ehtimal ki, ölkə üzrə evdə sosial xidmət alan şəxslərin sayı əsasında ortaya çıxan rəqəmdir.
Belə ki, ölkədə yaşlı (70 yaşdan yuxarı) vətəndaşlara sosial xidmət 2011-ci ilədək 2001-ci ildə qəbul olunmuş “Ahıllara sosial xidmət haqqında” qanun əsasında həyata keçirilib. 2011-ci ildə qəbul olunmuş “Sosial xidmət haqqında” qanun qüvvəyə mindikdən sonra “Ahıllara sosial xidmət haqqında” qanun qüvvədən düşüb. Yeni qanuna əsasən evdə sosial xidmət göstərilən qruplardan biri də 70 yaşdan yuxarı əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlardır. Evdə (səyyar) sosial xidmətə dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi; istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi; tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması; yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması; hüquqi məsləhət alınmasına köməklik göstərilməsindən ibarətdir.
Evdə sosial xidmət Nazirlər Kabinetinin 2013-cü ilin yanvarında təsdiqlədiyi “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Qaydaya görə, evdə sosial xidmət almaq istəyən yaşlılar yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra – Şöbə) ərizə ilə müraciət etməlidilər. Bundan əlavə, sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər də müraciət edə bilərlər.
Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. Sosial işçinin göstərdiyi xidmətlər sırf ixtisaslı məsləhət-dəstək xidmətləridir. Sosial xidmətçilər isə bilavasitə fiziki yardım işlərinin yerinə yetirilməsi ilə məşğul olurlar. Bura aiddir yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər); özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq; şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək; yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək; yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək; paltarların xırda təmirini etmək; mənzili yığışdırmaq və təmizləmək; zəruri ərzaq, sənaye və məişət mallarını almaq; mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək; istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq; həyətyanı sahəni nizama salmaq; evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək; nəhayət, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.
Qeyd edək ki, Azərbaycanda evdə xidmət almaq istəyən tənha yaşlıların 142 çağrı mərkəzinə müraciət etməsinin gərəkdiyi elan olunmuşdu. Bu barədə ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov öz sosial şəbəkə hesabından məlumat yaymışdı. Bu məlumat çoxsaylı xəbər saytlarında yayımlanmışdı. Lakin nəzərə alsaq ki, Azərbaycanda, xüsusilə də rayonlarda, kəndlərdə yaşayan yaşlı insanlar İnternetlə demək olar ki, maraqlanmırlar, o zaman İnternet resurslarında yayılan məlumatların onları əhatə etmə səviyyəsinin çox aşağı olduğunu söyləyə bilərik.
Düzdür, 65 yaşdan yuxarı tənha şəxslərə evdə xidmətin təşkil olunacağına dair TV-lər vasitəsilə də müəyyən məlumatlar yayıldı. Lakin reallıq göstərir ki, xidmətin mövcudluğundan ehtiyacı olanların hamısının xəbərdar olmasını təmin etmək üçün daha geniş maarifləndirmə işlərinin təşkili vacib idi. Və bu işdə yalnız dövlət orqanları deyil, vətəndaş cəmiyyəti institutları, olsaydı, bələdiyyələr də böyük rol oynaya bilərdilər.
Bələdiyyə, vətəndaş cəmiyyəti və hökumət qurumlarının birgə fəaliyyətindən əldə olunan effekti Türkiyənin təcrübəsində açıq görmək olar. Bizimlə eyni vaxtda 65 yaşdan yuxarıların küçəyə çıxması yasaqlanan Türkiyədə bütün vilayət və rayonlarda valiliklərin rəhbərliyi altında Vəfa Sosial Dəstək Qrupu yaradılaraq, martın 22-dən etibarən müraciətləri qəbul etmək üçün 3-6 telefon xətti təqdim olundu. Bütün TV və digər yayım vasitələrində həmin nömrələr geniş təbliğ edildi ki, evdə tək qalan yaşlılar xəbər tutaraq dəstək üçün müraciət etsinlər. Daha sonra ölkənin Daxili İşlər Nazirliyi tərəfindən hər həftə dəstək üçün edilən müraciətlərin sayı açıqlandı. Məsələn, açıqlanan məlumatdan aydın olur ki, ilk həftədə dəstək xətlərinə 144 min müraciət daxil olub. Onlardan 121 min 388 nəfərə evdə xidmət təşkil edilib, qalan müraciətlər isə məlumat almaq xarakteri daşıyıb.
Dövlət qurumları ilə yanaşı bələdiyyələr də hərəkətə keçərək 65 yaşdan yuxarı şəxslərə hazır yeməklər çatdırılmasını təmin etdilər. Hazırda bu xidmətləri bələdiyyələr həm də evdə müalicə alan koronavirus xəstələrinə təqdim edirlər.
Göründüyü kimi, Türkiyədə də evdə sosial xidmət vətəndaşların müraciətləri əsasında göstərilib. Lakin bu xidmətin mövcudluğu barədə vətəndaşların məlumatlandırması Azərbaycandan fərqli olaraq daha geniş və təşkilatlanmış formada həyata keçirildi. Belə məlumatlandırma olmadığına görə ölkəmizdə 65 yaşdan yuxarı tənha vətəndaşların kifayət qədər az bir hissəsi dövlətin təqdim etdiyi xidmətlərdən yararlana bildi. Bununla bağlı bir çox tənha yaşayan vətəndaşlarla apardığımız söhbətlərdən aydın olur ki, onlar xidməti almaq üçün özlərinin müraciət etmələrinin və hara müraciət olunmasının gərəkdiyini belə bilməyiblər. Hətta bəzi vətəndaşlar evdə xidmət üçün Heydər Əliyev Fonduna müraciət etməyə çalışdıqlarını, lakin zəruri əlaqə vasitələrini tapmadıqlarını bildirirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatdan aydın olur ki, qadağa qüvvədə olduğu müddətdə Azərbaycan üzrə 15 minə yaxın 65 yaşdan yuxarı tənha şəxsə evdə xidmət təmin edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2020-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edib. Onlardan 306,8 mini kişi, 413,1 min nəfəri qadındır. Məlumata əsasən sözügedən yaş qrupunda olan əhalinin sayı Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki şəhərlərində və Abşeron, Şəmkir, Tərtər, Masallı, Tovuz, Cəlilabad, Xaçmaz, Quba, Bərdə rayonlarında üstünlük təşkil edib. Həmin yaş qrupunda olanların əhalinin ümumi sayında xüsusi çəkisi isə Bakı, Naftalan, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində və Tərtər, Gədəbəy, Qazax, Qax, Neftçala, Şahbuz, İsmayıllı, Ağstafa, Göygöl, Ordubad, Tovuz, Qusar, Zaqatala rayonlarında ölkənin digər şəhər və rayonlarına nisbətən daha çox olub.
Beləliklə, məlum olur ki, küçəyə çıxma yasağı qoyulan zaman Azərbaycanda 65 yaşdan yuxarı olan şəxslərin 2 faizi evdə xidmətlə təmin olunub. Müqayisə üçün bildirək ki, Türkiyədə 65 yaşdan yuxarı insanların sayı 2020-ci il 1 yanvarına 7 milyon 750 min nəfərdən yuxarı olub. 22 mart -13 may tarixlərində 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstərən Vəfa Sosial Dəstək Qrupunun telefon xətlərinə 7 milyon 132 mindən çox müraciət edən qeydə alınıb. Və 6 milyon 649 min 461 yaşlı insanın ehtiyaclarının qarşılanması təmin edilib. Bu isə ölkə üzrə 65 yaşdan yuxarı əhali qrupunun 86 faizi deməkdir.
Onu da bildirək ki, Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən Azərbaycanda sosial xidmətləri təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Xidmət Agentliyi yaradılıb. Agentliyin nizamnaməsi Prezident tərəfindən 2020-ci ilin 30 iyununda təsdiqlənib. Nizamnamədən aydın olur ki, Agentliyin fəaliyyət istiqamətlərindən biri də sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirməkdir.
Agentlikdən verilən məlumata görə, qurum tərəfindən sosial xidmətlərin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi işləri aparılır: “Məqsəd sosial xidmətlərin bu xidmətləri alan insanların həyatında daha təsirli və effektiv rola malik olmasını təmin etməkdir. Xüsusilə mütərəqqi dünya tərübəsi əsasında sosial xidmətlərdə “sosial iş” modelinin tətbiqi aparılan islahatların hədəflərindən biridir.
Bu model sosial işçilər tərəfindən sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmət göstərməklə probleminin həlli istiqamətində dəqiq qərar qəbul edilməsi, sosial xidmətlərə əlçatanlığın təmin edilməsi, onların cəmiyyətə inteqrasiyasının bərpa edilməsi, eləcə də sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. xidmətlərin göstərilməsini nəzərdə tutur. “Sosial iş” modelinin tətbiqi ilə bağlı son illərdə Tvinninq layihəsi üzrə Avstryanın aidiyyəti qurumları ilə əməkdaşlıq müstəvsiidnə bu ölkənin təcrübəsi də öyrənilib”.