Ölkənin əsas gündəmi 27 sentyabrdan etibarən başlayan hərbi əməliyyatlardır. Açığı, bu əməliyyatların 2016-cı il aprel və son iyul döyüşlərində olduğu kimi kiçik çaplı münaqişə olacağını gözləyirdim. Etiraf edim ki, yanıldım.
1994-cü ildə atəşkəs imzalandıqdan sonra Azərbaycanda ilk dəfə bu miqyasda və planlı hərbi əməliyyat başladı, ilk dəfə ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi. İndiyə qədər bütün atışmalarda pasifist olmuşam, səbəbi aydındır. Bütün lokal atışmaların boş yerə əsgər ölümünə səbəb olduğuna inanırdım. Bu fikrimdə hansısa bir dəyişiklik yoxdur. Ancaq indi aparılan hərbi əməliyyatlar o lokal atışmalardan deyil.
Burada qeyri-adi heç nə yoxdur. Pasifist o vaxt pasifist olur ki, müharibədə insan ölümünün faydasız olduğuna inanır. İndi amma heç kəs həyatını boş yerə itirmir. Biz haqlı müharibəmizi aparırıq. Bilən bilir ki, mən ideoloji baxımdan kommunistəm. Bəzi yoldaşlar hazırki əməliyyatları dəstəkləməmi sinfi mübarizəyə xəyanət kimi qiymətləndirir. Gəlin faktlarla analiz edək, görək həqiqətənmi bu müharibə əslində xalqların yox, azərbaycanlı və erməni burjuaziyasının müharibəsidir?
1918-ci il 28 mayda qurulan ADR və EDR müstəqil olduqları 2 il ərzində demək olar ki, müharibə şəraitində oldular. Bu müharibələri burjuaziya müharibəsi kimi qiymətləndirmək olar, çünki həm Ermənistanı idarə edən “Daşnaksütyun”, həm Azərbaycanı idarə edən “Müsavat” hökuməti ərazi müharibəsi aparırdı. Daşnakların Zəngəzurda, Müsavatın Naxçıvanda apardığı etnik təmizliklər bu münaqişənin ərazi müharibəsi olduğu gerçəyini dəyişdirmirdi. Müharibə getsə də Ermənistan parlamentində azərbaycanlı deputatların formalaşdırdığı “Tatar”, Azərbaycan parlamentində isə erməni deputatların təmsil edildiyi “Daşnaksütyun” partiyası var idi. Nə Bakıdan ermənilər, nə də İrəvandan azərbaycanlılar kütləvi şəkildə qovulmamışdı.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması ərəfəsində, mart ayından etibarən Qarabağda Müsavat qoşunları ilə DQ-nin erməni icması qoşunları arasında şiddətli döyüşlər davam edirdi. Aprel çevrilişindən sonra da bu müharibə davam etdi. Azərbaycan tarixçiliyində xüsusən bu müharibə gözardı edilir. Azərbaycan SSR ordusu ilə Daşnaksütyun arasında may ayından noyabra qədər Qarabağda və Zəngəzurda ağır müharibələr davam etdi. Məhz bu amil indiki dövrdə “bizim cəmiyyəti demokratikləşdirsək, liberal olsaq, bolşevik olsaq münaqişəni həll edə bilərik” tipli inamın sadəlövhlüyünü göstərir. Yalnız Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra müharibələr sonlandı və Sovet Ermənistanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı.
Ancaq bu tanıma Moskvanın diqtəsi ilə edilmişdi və erməni icmasının düşüncəsini əks etdirmirdi. Özünü bolşevik kimi göstərən erməni siyasətçilər azərbaycanlılara qarşı dözümsüzlüyünü 1988-ci ilə qədər bir neçə dəfə göstərmişdi. Bunlardan ən məşhuru 1948-ci ildə Ermənistan ərazisindən azərbaycanlı əhalinin köçürülməsi idi. Ermənistan KP MK-nın 1-ci katibi olan Qriqori Arutyunyanın təklifi ilə 150.000 azərbaycanlı Mərkəzi Aran rayonlarına köçürüldü. Bundan başqa Sovet dövründə Ermənistan SSR hökumətində demək olar ki, heç bir azərbaycanlı təmsil olunmadı.
Lakin Azərbaycan SSR-də vəziyyət başqa idi. Bakı erməniləri xüsusi yüksək postları tutmuşdu və ölkəni 80 il ərzində 2 erməni lider (Ruben Rubenov və Levon Mirzoyan) idarə etmişdi. Bütün bunların Azərbaycan cəmiyyətində elə bir qıcıq yaratmaması onu göstərir ki, bu cəmiyyət millətçi deyildi. (Ən azından Ermənistanla müqayisədə). Dağlıq Qarabağ münaqişəsinin başlanması barədə müxtəlif tarixlər qeyd edilsə də əslində iki icma arasındakı müharibənin fitilini 1987-ci ildə Şəmkirin Çardaqlı kəndində baş verən hadisələr yandırdı. Mütləq əksəriyyəti erməni olan bu kənddə sovxoz sədri olaraq azərbaycanlının seçilməsini yerli ermənilər böyük narazılıqla qarşıladı və mitinq keçirdi. Bu hadisələrlə bağlı Çardaqlı ermənilərinə dəstək olmaq üçün Yerevanda böyük aksiya keçirildi. Yuxarıda qeyd etdiyim kimi, azərbaycanlılar dövləti 2 erməninin idarəetməsinə etiraz etməmişdi, amma bir erməni kəndinin sakinləri sovxozun sədri azərbaycanlı olduğu üçün etiraz edirdi. Bu, iki icma arasındakı fərqi göstərir. Ermənilərin Azərbaycanı idarəetməsini problem etməyən azərbaycanlılara qarşı ermənilər sovxoz sədrini etnik mənsubiyyətinə görə həzm etmədi.
Qarabağ münaqişəsi başlanmadan öncə, 1987-ci ilin noyabrında Qafanda azərbaycanlıların döyülüb qovulması da göstərir ki, münaqişə ərazi məsələsi deyildi. 25 noyabrda bu azərbaycanlıların Sumqayıta gəlməsi ilə fevralda ermənilərə qarşı poqrom oldu. Bu hadisə ermənilərin əlinə bəhanə verdi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə start verildi. 1918-1920-ci il müharibəsi ilə müqayisədə insanlar etnik kimliyinə görə vətənindən topyekun qovulmağa başladı. Bütün bunları ona görə qeyd edirəm ki, cəmiyyətlərarası toqquşmanın erməni xalqının millətçiliyi ilə əlaqəli olduğu tam anlaşılsın.
Azərbaycanlıların indiki millətçiliyi erməni millətçiliyinə qarşı reaksiyadır və sünidir. Tarix boyu özünə müsəlman deyən bir xalqın milli şüuru formalaşa bilməzdi. Bu şüuru Sovetlər yaratsa da beynəlmiləlçiliyin altında ikinci dərəcəli idi. Ölkə əhalisi həqiqətən sosializmə, xalqların qardaşlığına inanırdı. Ermənilərin millətçiliyi isə 1915-ci il hadisələrinin gətirdiyi travma ilə təbii və aqressivdir. Biz onların icmasını dəyişdirə bilmərik. Biz öz icmamızı dəyişdirməklə hökmlüyük, onların icmasını yox. İstəsək də əslində bu, mümkün deyil. SSRİ-də 68 il “xalqların qardaşlığı” şüarı altında yaşayan bir icma 1988-ci ildə birdən-birə millətçilik çətiri altına yığışdısa indiki Ermənistanda bu millətçiliyi necə öldürmək olar?
Müharibənin labüdlüyünü göstərən bir digər faktı isə qondarma Dağlıq Qarabağ respublikasının prezidenti olmuş Arkadi Qukasyanın danışığından görmək mümkündür. O, Tomas de Vaala verdiyi müsahibədə Azərbaycanın Dağlıq Qarabağı tanıyacağı təqdirdə belə Şuşada azərbaycanlıların yaşamasını qeyri-real hesab edirdi. Erməni cəmiyyətində hal-hazırda mövcud vəziyyəti saxlamaq (status-kvo) fikri hakimdir. Onlar Azərbaycanla heç bir halda barışmamaq (rayonları qaytarmamaq da daxildir), siyasi izolyasiyada qalmaq fikrindədirlər. Belə olduğu halda Azərbaycanda siyasi orientasiyasından asılı olmayaraq hər bir iqtidarın Qarabağ məsələsində müharibəyə əl atmaqdan başqa çarəsi qalmır.
Deməli, indiki davam edən müharibənin hakimiyyətlə, iqtidarla əlaqəsi yoxdur. Biz fərd olaraq bu gün varıq, sabah yoxuq. Amma bizdən sonrakı nəsil azad edilən kəndlərimizdə yaşayacaq. Etnik mövcudiyyətinə qəsd edilən müharibədə ideologiya ola bilməz, olsa da ikinci dərəcəlidir. Düşmən bizə mili kimliyimizə görə qəsd edirsə ona müqavimət göstərmək, yaşadığın əraziləri qorumaq hər kəsin birinci dərəcəli borcu olmalıdır. Kəlbəcərdə, Laçında, Füzulidə, Cəbrayılda və digər rayonlarımızda yaşayan insanların vaxtilə yaşadıqları ərazidə yaşamaq istəməsi onların təbii haqqıdır. Əgər mütləq pasifizm insanları bu amaldan uzaqlaşdırırsa o zaman bu pasifizm deyil, intihardır. Pasifizm əgər əsgər ölməməsinə hesablanıbsa o zaman nəzərə alınmalıdır ki, problem həll edilmədiyi üçün hər atəşkəs pozulan zaman bizim əsgər öləcək. 1994-cü ildən bu günə qədər qeyri-döyüş şəraitində 3000-ə qədər mülki və əsgər itirmişik. Gələcəkdə də atəşkəs zamanı əsgər və mülki şəxslərin ölümünün yaşanmaması üçün mütləq şəkildə bu problemi həll etməliyik. Bu problemi gələcək nəsillərə qoymamalıyıq.
Biz sülh istəyirik, o sülh ki, bizə yaşam haqqı tanısın. Bunu da haqq uğrunda davam etdirdiyimiz bu müharibədə alacağımıza ümid edirəm.
Bu vətən hamımızındır. Yaşasın Azərbaycan.