Uşaqlıqdan evdə nə olsa, nə baş versə, günahkar mən bilinirdim. Qardaşlarım güzgünü sındırdı, günahkar mən olurdum, baxsaydım, onlar sındırmazdı. Həyətdən nəsə yox oldu, qız hara baxırdı, pişik cücəni yedi, qız hara baxırdı, qardaşın üstünü batırdı, sən hara baxırdın… Günahkar çıxarılmadığım bir gün belə olmurdu.
39 yaşıma keçdim, günahkar çıxarılma prosesi bitmədi. Məişətdə nə narahat gedirsə, fərqində olmadan, mən günahkar olmuş oluram. Süd bitdi, niyə demədin, uşaq əynini batırdı, niyə yağmurluğu geyindirməmişdin, filan şey oldu, sən belə eləsəydin olmazdı…
Çünki əzəldən belə qoyulub bu düzən.
Dəfələrlə yanımda kişi dostlarımın masada oturan qadına emosional, psixoloji şiddət uyğuladığını görmüşəm – özünü apara bilmirsən, hündürdən danışma, bərk gülmə, ofisiantdan niyə onu ikinci dəfə istədin, qabağına nə qoyublar ye, özünü qrafinya kimi aparma, bu nə paltardı geyinmisən, bu nə parıltıdı, bu nə qaşdır, sən çox içdin, sən o, sən bu… nədənsə elə bilirlər ki, davranış qaydalarını, geyim qaydalarını tək onlar bilirlər və özlərində o haqqı tapıb, qadına mümkün olan bütün iradları tuturlar.
Ümumiyyətlə, özlərini elə aparırlar ki, sanki bütün azərbaycanlı kişilər Parisin görkəmli salonlarında aristokratiya dərsləri alıblar. Bir dostumuz vardı, nədənsə elə bilirdi ki, bütün Qafqazın Karl Lagerfeldidir. Geyim qaydalarını ancaq o bilir. Xüsusilə də qadının necə geyinməli olduğunu ancaq o bilir. Ağına-bozuna baxmadan, sağa-sola geyim, paltar, tərz necə olmalıdır mühazirələri səpələyrdi. Adamın üstündə allah var, zövgünün pis olduğunu deyə bilmərəm, şəxsən mənim xoşuma gəlirdi. Amma dostumuz qəbul eləmək istəmirdi ki, dünyadakı bütün qadınlar tərz, dəb, uyğunluq dalınca qaçmaq məcburiyyətində deyil. Zərli geyinən də, parıltılı, daş-qaşlı geyinən də, özünün mənəvi vəziyyətini ifadə edir və bunu irad tutmaq, adamı divara dirəyib, sən belə geyinməlisən demək olmaz. Amma dostumuz çox amansız idi.
Başqa bir kişi dostumuz isə elə bilirdi ki, qadının məclisdə nə danışmasına nəzarət etmək, irad tutmaq haqqı var. Özü də qadının onun sevgilisi, bacısı, dostu ya da ilk dəfə gördüyü qadın olmasının dəxli yox idi, hamısına eyni dərəcədə hökm etmək istəyirdi masada. Bir dəfə hündürdən deyib-gülən, siyasi söhbətlərdən qaçıb, selfidən danışan bir gürcü qızını pərt eləyib ağlatdı masada, öz alçaltmaları ilə. Amma o qız, ondan min dəfə tərbiyəli adam çıxdı. Adamların yanında dava qırğın salmadı. Öz eqosunu yox, məclisdə oturan başqa adamların rahatlığını düşündü və yola verdi söhbəti.
Bir deyil, iki deyil. Hansını deyəsən. Ölkədə kişilər hərəsi bir balaca çevrədə, bir balaca məclisdə öz balaca imperatoluqlarını elan edib, öz balaca taxtlarında oturub, öz balaca taclarını taxıblar. Öz balaca eqolarını qadınlara ağıl vermək, idarə etmək, təzyiq etməyə cəhdlə doyururlar. Balaca, dınqılı diktatorlar!
Şiddət təkcə fiziki deyil, fiziki şiddət fiziki olaraq öldürür deyə daha çox gözə batır. Hər gün 100 cür başqa şiddətlərə məruz qalır qadın. Günahkar çıxarma da şiddətdir, davamlı tənqid də şiddətdir, idarə etmək cəhdi də şiddətdir… Biz hələ fiziki öldürən, fiziki yaralayan şiddətlərin hesabını çəkirik. Amma sıra hamısına gələcək.
Sizə zamanla hər şeyi öyrədəcəyik. Qadına əl qaldırmamağı, qadının işinə qarışmamağı öyrədəcəyik. Özünüzə yemək bişirməyi, bizim saat neçədə evə gəlməyimizə, neçənci sinfə qədər oxumağımıza, yubkamızı neçə santimetr qaldırmağımıza, dikdabanımızın hündürlüyünə, dırnağımızın uzunluğuna qarışmamağı sizə öyrədəciyik. Ayaqlarımızın arasına, döşümüzə, saçımıza qarışmamağı, bədənimizin heç bir üzvü üzərində hökm haqqınızın olmadığını sizə öyrədəciyik.
Özünü yığışdır, Azərbaycan kişisi.
Qadına qarşı bütün növ şiddətlərə son!