Bu sətirləri yaponiyalı bəstəkar Joe Hisaishinin “One Summer’s Day” musiqisinə qulaq asaraq yazıram. Hazırki musiqi seçimim heç də təsadüfi deyil. “One Summer’s Day” musiqisi bu məqalədə bəhs edəcəyim “Spirited Away”(“Kabuslarla sovurulanlar”) sənət əsəri ilə birbaşa əlaqəlidir.
“Kabuslarla sovurulanlar”, fentezi, macəra və dram janrının qarışığı olan anime filmidir. Ürəklə deyə bilərəm ki, 2001-ci ildə premyerası gerçəkləşən bu ekran əsəri mənim ən sevdiyim filmdir. Xoşladığım film az deyil, “Kabuslarla sovurulanlar” isə film siyahımdakı ‘’tac’’ hesab olunur. Bu elə bir filmdir ki, nəinki ona baxanda, hətta bu rəngarəng anime barədə düşünəndə belə ürəyimi sevinc bürüyür, xoşbəxt oluram. Haşiyəyə çıxaraq, kiçik bir məlumatı qeyd etməyi özümə borc bilirəm – burda sevdiyim film barədə olan fikirlərimdə heç bir şişirtmə-filan yer almayacaq. Sevgimi, fikirlərimi hiss etdiyim kimi qələmə alacağam. Səmimiyyət çox vacib faktordur. Bundan kənara çıxmaq odlu-alovlu torpağa ayaq basmağa bərabərdir. Özümü yandıra bilmərəm. Könlümdəki hərarətin odu mənə kifayət edir. Həmin odu körükləyən insanlar, dəyərlər və yaşama eşqi ilə bərabər müəyyən sənət əsərləri də var. Bu yazımda qəlbimi sənət nümunəsi sarıdan alovlandıran film barədə qeydlərimi paylaşacağam.
Açığı bu məqaləni çoxdan yazmaq istəyirdim, ancaq etiraf edim ki, ürək edə bilmirdim. Özümlə bağlı bəzi qeyri-əminliyim və şübhələrim vardı. Ona görə ki, ən sevdiyim ekran əsəri barədə fikirlərimi ürəyimdən keçən şəkildə çatdıra bilmək, daha doğrusu, duyduğum hissləri layiqli formada yazmaq istəyirdim. Bu isə elə də asan iş deyil. Dəfələrlə olub ki, barmaqlarımı kompyuterin klaviaturalarında gəzdirərkən “mükəmməlliyyətçilik” hissinə məğlub olaraq bu esseni yazmaqdan vaz keçmişəm. Demək olar ki, heç nədə mükəmməlliyətçiliyim yoxdur. Bu hissi davranış və həvəs göstərdiyim işlərdə özümə yaxın buraxmıram. Başa düşmək çətin deyil ki, mükəmməlliyyətçilik zərərli vərdişlərdəndir. Ancaq “Kabuslarla sovurulanlar” barədəki fikirlərimin yazı şəkilində təzahürini mükəmməl şəkildə ortaya qoymaq istəyi istisna hal kimi sayılmalıdır. İndi siz bu yazını oxuyursunuzsa, deməli, artıq həmin istisna da yoxdur. Bütün hallarda yenə də duyğularımı sətirlərə köçürməkdə acizlik çəkirəm. Elə bilirəm sanki sevdiyim qadına mədhiyyə yazıram və hər hansı bayağı fikrim onun, hisslərim barədə şübhəyə düşməsinə, məni ciddi saymamasına gətirib çıxara bilər.
Artıq cəsarətlənmişəm və özümdə hünər tapıb ürəkdən bildirirəm ki, mən bu anime filmini olduqca çox sevirəm. Bilirsiniz, əslində bizim hisslərimiz qarşılıqlıdır və mən onu izləməyəndə, yəni, ondan uzaqda olub, sadəcə mavi ekranda gördüklərimi xatırlayanda belə xoşbəxt oluram.“Kabuslarla sovurulanlar” animesi mənə çoxsaylı emosiya və enerji bəxş edib və onu 60-70 dəfə(daha çox da ola bilər) izləsəm də hər dəfə duyğularımın xoş nəvaziş tək sığallandığının aşkar fərqinə varıram.
Əvvəllər “İnqilab”da, Tibb Universitetinin yanında yaşayırdıq. Ay ərzində bir ya iki kərə özümə “hədiyyə” olaraq filmə baxmaq üçün videokasetlər alırdım.(Söhbət 2000-ci ilin əvvəllərindən gedir) Bəzən cibxərcliyimə qənaət edir, daha çox kaset aldığım anlar da olurdu. Məndə bu həvəsi filmlərə olan sevgim yaratmışdı. Yanımızdakı kaset mağazalarının satıcıları ilə dostlaşmışdım. Onlarla saatlarla filmlərdən danışa bilərdik. Yaşadığımız ərazinin ətrafındakı kaset kirayəsi və satışı olan mağazalarda ürəyimcə film tapa bilməyəndə, yolumu daha uzaqlara salırdım. Hardasa 12 ya da 13 yaşım olardı və yolumu təzə kaset almaq niyyəti ilə Nəsimi bazarı tərəfə salmışdım. Bazarla evimiz arasındakı məsafə o qədər də yaxın deyildi. Beləliklə, bir neçə mağazaya girib-çıxdıqdan sonra bazardan bir az yuxarı tərəfdə növbəti videokaset mağazasına baş çəkdim. Gözlərimlə rəngbərəng posterlərə örtülü kasetləri az qala “yeyirdim.” (Həmyaşıdlarım bu baxışları o vaxt məktəbimizdəki qısa ətəkli qızlara zilləyirdi) Nə isə, birdən gözüm fərqli məzmunlu posterlə örtülü kasetə sataşdı. Kasetin üzərində çəhrayı rəng kimano geyinmiş öz yaşıdım olan ürkək baxışlı qızın şəkili vardı, onun üzərində rus dilində “Унесённые призраками” yazılmışdı. Yaş kateqoriyası da 12+ idi. 12 yaşını yenicə adlamış biri üçün 12 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulan cizgi filmi diqqətimi çox çəkdi. Kaseti aldım və evə gəldim. Səhv etmirəmsə, animeyə həmin gün yox, növbəti gün baxdım. İndi bunun heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan iki saat gedən cizgi filmin məni öz enerjisi ilə ovsunlaması idi. Nağılları o yaşımda da böyük həvəslə oxuyurdum. Ekran vasitəsi ilə ötürülən bu nağıl isə misilsiz və möhtəşəm təsiri ilə yadda qaldı.
Bir də ki, animeləri o qədər də xoşlamıram, ancaq “Kabuslarla sovurulanlar” tamam başqadır. Filmin rejissoru və ssenarisiti Hayao Miyazakidir. Arzu edirəm ki, nə vaxtsa bu dahi insanı canlı görər və ona minnətdarlığımı çatdıraram.(Bunun üçün Yaponiyaya getmək lazımdır.) Miyazakinin yaratdığı animelər digər yapon animelərindən öz dəst-xətti ilə fərqlənir. O, xarüqüladələr yaratmaqla bir çox qəlbləri fəth etmiş sənətkardır. Miyazaki qəlbin sarı simlərinə toxunmağı bacarır. Onun əsərlərini izləməyi hamıya tövsiyyə edirəm.
Bəs, “Kabuslarla sovurulanlar” cizgi filmi nədən bəhs edir?
Qəşəng 10 yaşlı qız Çihiro valideynləri ilə yeni evə köçür. Yolda Çihironun atası avtomobili səhv döngəyə salır və yolu başqa istiqamətə getdiyi üçün onlar azırlar. Beləcə vardıqları məkan heç kimin gözə dəymədiyi yaylaq formasında olan şəhərçik olur. Burda onlar, yeməklərlə dolu restoran ziyafəti ilə rastlaşırlar. Yenə də heç kəs gözə dəymir. Qız valideynlərinə nə qədər “geri qayıdaq” desə də, ona məhəl qoymayan ata-ana acgözlüklə yeməklərə daraşır.
O ərəfədə Çihiro restoranın ətrafını dolaşmağa qərar verir. Darvazaya çatan zaman Çihiro divarda yazılan “Abura-yanın hamamı” sözlərini oxuyur. Bu zaman Haku adında oğlan peyda olur və ona buradan dərhal getmək lazım olduğunu bildirir. Bu zaman Çihiro restorana doğru qaçır və valideynlərinə bu barədə danışmaq istəyir. Birdən ani olaraq axşam düşür. Hər tərəfdən qara kölgələr peyda olur. Çihiro valideynlərinin yanına gələn zaman onların donuzuna döndüyünü görür və qorxub, sarsılır. Balaca qız bura valideynləri ilə gəldiyi körpüdən darvazaya tərəf qaçmağa başlayır. Ora çatanda körpünün yerində axan böyük çayı görür.
Bundan sonra qısa olaraq onu deyə bilərəm ki, Çihiro böyük hamamın sahibəsi ifritə Yubabanın əsirinə çevirilir və elə o hamamdaca işə cəlb olunur. Sirli-sehrli varlıqların, əcaib-qəraib kabusların yaşadığı diyara düşən Çihironun əsas hədəfi donuza çevirilmiş valideynlərini xilas etmək və ordan xilas olmaqdır.
Animeyə baxmağa qərar verənlərin ürəyi rahat olsun və cizgi filmini mütləq izləsinlər. Çünki yuxarıda yazılanlar çox qısa məlumatlardır. Bəhs etdiyim heç filmin 5 faizi deyil.
Bu möhtəşəm cizgi filmdə bəşəriyyət üçün faydalı çoxlu mesaj var. Orda qlobal problemlər də qabardılır: ətraf mühitin çirklənməsi, dəyərlərin-ənənələrin itməsi, valideynlərin övladları qeyri-adekvat yetişdirməsi və s.
“Kabuslarla sovurulanlar”ı onlarla, hətta yüzlərlə nüansla interpretasiya etmək olar. Animenin yaradıcısı Hayao Miyazaki iki vacib məsələyə də işıq salıb.(özüm üçün müəyyən etdiklərim) Birincisi, Qərb Kapitalizminin Yaponiyanı necə ənənələrdən uzaqlaşdırıb, özündən asılı vəziyyətə salmasını – harınlamış, despotik qarı, hamamın sahibəsi Yubaba vasitəsi ilə göstərilir. Yubaba inhisarçı, istirmarçı və qəddar kapitalist kimi öz ətrafındakıları işə cəlb edir və onları qul kimi işlədir. Hətta animedə kabuslarların yaşadığı diyarda yeganə avropalı qiyafəsində olan adam Yubabadır. Bu müharibədən sonra Qərbin industriallaşmaqda olan Yaponiyaya təsirinin metaforasıdır. Karporativ qəddarlıq hamamda işləyən hamını həm görünüşcə, həm də xasiyyətcə eyni şəkilə salır. Onlar xəsis, pulgir və görməmiş şəxslərə çeviriliblər. Onlar günümüzdəki kapitalizmin məngənəsində ilişib qalmış korparasiya işçilərinə bənzəyirlər.
İkinci məsələ isə animenin əsas siması sayılan “Simasız” adlı kabusla bağlıdır. Simasızın qəribə, əndişəli görünüşü xüsusi enerjiyə malikdir. Onun nələr etdiklərindən yazmayacağam. Vurğulamaq istədiyim məqam həmin kabusun bu gün özünü izdihamın içində tənha hiss edən, daim narahat, həyatda özünə yer tapmayan insan prototipi ilə bağlıdır. Bu tənha kabus nəfsinin qurbanı olub, xoşagəlməz əməllər ilə ancaq material şeyləri üstün tutaraq, sırf bioloji həyat sürən insanın iç üzünü nümayiş etdirir. Rejissor bununla mənəvi dəyərlərin, azadlıq duyğusunun önəmini qabardır.
Miyazakinin magik əsəri “Kabuslarla sovurulanlar”da dəyərlərin təbliği filmi daha da dəyərli edir. O, insanın necə müsbətə doğru dəyişdiyini fantastik nağıl vasitəsi ilə mükəmməl şəkildə ötürür.
Yapon dilində – “Sen To Chihiro No Kamikakusi”, ingiliscə isə “Sprited Away” adlanan cizgi filmi 2003-cü ildə “Ən yaxşı animasiya” nominasiyası üzrə Oskar mükafatı, Berlin festivalında “Qızıl Ayı”, Kaliforniyada “Enni” mükafatlarından savayı, başqa yüksək mükafatlar da qazanıb.
“Ghibli” studiyasının çəkdiyi bu animenin sountrekin siyahısına 21 trek daxildir. Həmin musiqilərin 20-si bəstəkar Joe Hisahisi tərəfindən bəstələnib. Animenin sonunda səslənən “İtsumo nando” (“Always With Me”) treki osakalı arfada ifa edən Kimura Yumi tərəfindən səsləndirilmişdi. “Kabuslarla sovurulanlar”ın bütün treklərini xoşlayıram, ancaq ən sevdiyim elə “İtsumo nando”dur. Ümumiyyətlə “Ghibli” studiyasının musiqilərini hər imkan düşdükcə meditasiya edərkən, həm də gecə yatmamışdan qabaq dinləyirəm.
Gözlərinə və beyninə həzz yaşatmaq istəyən Miyazakinin şedevr əsəri olan “Kabuslarla sovurulanlar” anime filminə baxsın. Xoş seyrlər!