“Aşk-ı memnu” türk serial tarixinin populyarlıq və gəlir baxımından uğurlu məhsullarından biridir. Serial türk yazıçısı Halid Ziya Uşaklıgilin 1899-cu ildə yayımlanan eyniadlı romanının motivləri əsasında ekranalaşdırılıb. Romanı oxumadığımdan serialda əsərin ideya və məzmunu, xarakterlərin adaptasiyasında hansı dəyişikliklərin edilməsi haqda məlumatlı deyiləm.
Amma serialdan alıdığım yekun təəssürat ondan ibarətdir ki, istehsalçılar travmatik uşaqlıq, yeniyetməlik yaşayan, anası ilə problemləri üzündən psixoloji tarazılığı pozulan Bihterlə həyata cinsiyyət orqanından baxan Behlülün ideal eşq hekayəsini yaradıblar. Yaxud başqa cür ifadə etməli olsaq, ehtirasla sevgini ayırd edə bilməyən tərəflərin fizoloji münasibəti ruhi bir eşq hekayəsi kimi tamaşaçıya sırınır.
İndiyədək Youtube kanalında serialın aktuallığı saxlanılmağa çalışılır (digər seriallarla, film və audiovizual məhsularlarla da eynisi baş verir), bu məqsədlə tez-tez ayrı-ayrı fraqmentlər paylaşılır, serialın təklif elədiyi eşq hekayəsi modelinin heyranları şərhlərində Behlülü cəsarətsizlikdə qınayıb, Bihterin böyük, təmənnasız məhəbbətinə acıyır, əhvalatın uğursuzuluqla nəticələnməsinə heyfislənirlər.
“Aşk-ı memnu”nun manipulyasiya tələsinə düşən, hisslərinə, ağlına nəzarəti itirən tamaşaçıların sentimental, idiot, ağlaşma şərhlərini oxuyanda anlayırsan ki, kütlə əslində həmişə avam, duyğu sümürcülüyünün obyekti olub. Sadəcə günümüzdə sosial şəbəkələr sıravi tamaşaçının idiotluğuna publik meydan verən, onu özündən asılı edən vasitə rolunu oynayır.
Heç şübhə eləmirəm ki, sovetlərdə hind filmlərinin populyarlıq dönəmində internet mövcud olsaydı, bundan daha betər tamaşaçı idiotluğuyla, ağlaşmalarla rastlaşardıq. Sovet hakimiyyəti isə repertuar siyasətinə ciddi nəzarət eləyirdi (bunun mütləq xoş niyyətdən qaynaqlanması və ya əksi başqa mövzudur), hind filmləri ancaq xüsusi günlərdə göstərilirdi, hakimiyyət vətəndaşında duyğu asılılığının yaranmasına, özünü buraxmasına, bu mənada idiotlaşmasına imkan vermirdi, bununla da onu əslində çuşkalıqdan xilas eləyirdi. Əvəzində qərb və sovet kinosunun yaxşı nümunələri ilə tamaşaçının keyfiyyətini nəzarətdə saxlayırdı. Yeri gəlmişən, bir ara müasir Rusiyada istehsal olunan melodramları, lirik komediyaları izləyəndə heyrətləndim ki, Eldar Ryazanov, Gerald Bejanov, Tatyana Lioznova kimi peşəkar rejissor ənənəsinə malik rus kinosunda estetik mənada vandal, çuşka, primitiv sevgi hekayələri çəkilir və minlərlə layk alır…
Bu gün sosial şəbəkələr psixoloji, diqqət mərkəzində olmaq ehtiyacı asılılığı yarardaraq fərdlərin ayıbını gün işığna çıxarır, onu öz üzərində emosional nəzarəti itirməyə məcbur edir. Ona görə, misal üçün, Facebookda qadın geçə köynəyində foto paylaşır və bunu qadın azadlığının ifadəsi kimi anlayır. Vəfat edən anası ilə selfi çəkdirən kişi əmindir ki, bu yolla kədərini çatdıra bilir. Qadın anlamır ki, gecə köyəyindəki məzmunsuz fotosunu ictimailəşdirməklə intimliyini əmtəələşdirir. Kişi isə fərqinə deyil ki, anasını alçaldır və ölümün əsrarına təcavüz eləyir. Facebook ciddi, səviyyəli fikir mübadiləsi, ideya, məna istehsalı platformasından çox, duyğu asılılığı yaşayanların, bu cür düşük ifadə, təsdiqləmə tərzlərinin, söyüşün, qəzəbin platformasıdır.
Ötən ilin noyabr bəyanatından sonra Facebook profilimi bu platformada trendə çevrilən qəzəb, hikkə, söyüş üzündən bağladım. O gün-bu gün, artıq 4 aydır ki, Facebooka dönmürəm, ora qayıtmaq fikrim də yoxdur. Digər platformalarda (Instaqram, Twitter) da yoxam. Hərdən dostlarım orada olub bitən linçləmələr, olaylarla bağlı xəbərlər ötürürlər. Bildiyimə görə, bu günlər ictimai sektor yenə çalxalanır, yeni ittiham, nifrət lavaları axır. Təbii ki, bu məzmunsuz olaylar sosial şəbəkələrə qayıtmağımı stimullaşdırmır. Təcrübəmdən deyirəm ki, qayıtmadıqca sosial şəbəkələr əhəmiyyətini, cazibəsini itirir və zamanla həyatından silinir…
Yazımı bu abzasla bitirə bilərdim. Kütləvi tamaşaçı və oxucuya xas tipik bir idiotluğun şahidi olmasaydım. “Bu şəhərdə” Youtube kanalında Ata Abdullayevlə bağlı yeni səhnəcik paylaşılıb. Bu, onların Ata Abdullayevlə bağlı ikinci səhnəsidir. Hüseynağa Atakişiyev məktəbini keçmiş, işlərinə peşəkar yanaşan (zəif və təkrar işləri olsa belə) “Bu şəhərdə”ni həmişə yaxşı mənada dəyərləndirmişəm. Ata Abdullayevin özünün də yer aldığı səhnə ssenari, rejissor baxımından peşəkar işlənilib. Müəlliflər ustalıqla bir cəmiyyətdə Ata Abdullayev olmağın mahiyyətini açırlar. Mesajı anlamayan tamaşaçılar Allah bilir ki, sözügedən parçaya harası ilə baxıblarsa, aktyorları Ata Abdullayevlə eyni səhnəni paylaşdıqlarına görə təhqir ediblər…