Boş vaxtım olan kimi ya serialları, ya da Youtube-da müxtəlif rusdilli və ya ingilisdilli kanalları izləyirəm. Belə kanalların arasında keçmiş NTV müxbiri Aleksey Pivovarovun “Redaksiya”-sı xüsusi seçilir. Müəllif bir zamanlar, NTV-nin nisbətən liberal vaxtlarında orada çalışmış, uzun illər televiziya süjetləri hazırlamışdı. İndi televiziyadan ayrılıb, amma yenə də eyni süjetləri hazırlayır və onları Youtube-da yayımlayır. Başqa sözlə tədricən Youtube klassik televiziyanı əvəzləyir.
Rusiyada ictimai proseslər aktuallaşan kimi (müxtəlif etirazlar, həmrəylik aksiyaları və s.), bu kanal da ictimai sektora dair 3 film (təşəbbüskarlıq, xeyriyyəçilik və etiraz nəsli haqqında) çəkib. Qonşularımızda baş verən prosesləri başa düşmək üçün məhz bu filmlərə baxmaq məsləhətdir. Bu filmlərdə bir neçə təşkilat yer alıb, amma məni daha çox maraqlandıran: “LizaAlert” və “Tom Soyer Fest” oldu. Bu təşkilatlar heç bir maddi maraq güdmədən, faktiki olaraq öz üzərinə dövlətin funksiyalarını götürüblər və onları reallaşdırırlar.
LizaAlert itkin düşmüş insanların axtarışı ilə məşğuldur. Məlumata görə, il ərzində 11 min insanı tapa biliblər. İnsanlar artıq polisə və ya müvafiq qurumlara yox, məhz bu ictimai təşkilata müraciət edirlər. Hətta hökumət belə bu funksiyanın təşkilata keçməsi ilə məcburən razılaşıb. Təşkilatda iştirak da müxtəlif ola bilər. Kimin nəyə imkanı var, onunla da kömək edir. Kimsə pul köçürür, kimsə könüllülük edir, kimsə ümumiyyətlə helikopter (varlılar da dəstək üçün ayrıca helikopterlə axtarış dəstəsi yaradıblar) ilə kömək edir. Faktiki olaraq təşkilatda tam bərabərlikdir və cəmiyyət problemləri bir icma halında həll etməyə çalışır (son bir neçə keysi hətta federal kanallarda göstərmişdilər).
Başqa təşkilat (daha doğrusu təşəbbüs) isə “Tom Soyer Fest”-dir. Hər birimiz şəhəri gəzərkən köhnə binaları görürük və ən yaxşı halda onların acınacaqlı vəziyyəti barədə Facebook-da status yazırıq. Samaradan olan bir neçə həvəskar isə bu sahədə nəsə etməyə qərar veriblər. Nəticədə birlikdə yığışıb binaları bərpa və təmir etməyə başladılar. Bizdə “Salaam Cinema” ilə başlamış və bitmiş söhbət, orada əksinə bütün bölgələr üzrə geniş yayılmağa başladı. İnsanlar boş vaxtlarında toplaşıb müxtəlif işlər görürlər. Əvəzində yalnız pulsuz nahar əldə edirlər. Belə təşəbbüslərin sayı az deyil.
Bu nümunələri nəyə görə gətirirəm? İdeoloji olaraq solçu olduğumdan, məndən kommunizmin nə olduğunu, necə olduğunu tez-tez soruşurlar. Bir çoxları kommunist cəmiyyətini hansısa idealistik cənnət kimi təsəvvür edir: uzanırsan özün üçün və heç nə etmirsən. Əslində bu klişelər, kommunizmdən çox uzaqdır. Ən yaxşı halda kəndlinin, ya da fəhlənin işdən sonrakı arzusudur, amma kommunizm ilə heç bir əlaqəsi yoxdur. Başqa sözlə bu “əsl kommunizm” deyil. Kommunizmi və ya sosializmi tənqid edənlər də bəzən SSRİ-ni nümunə göstərib tənqid edirlər. Amma bu nümunə də real sosializmdən çox uzaqdır (müəyyən qədər dövlət bürokratiyası burjuaziya rolunu oynayırdı. Sosializmdə isə burjuaziya ümumiyyətlə olmur). Ya da müsbət nümunə kimi İsveçi göstərirlər. Amma həm İsveç, həm də Norveçdə istehsal vasitələri özəl mülkiyyətdədir. Bu məqam isə heç bir halda sosializm və ya kommunizm ilə uzlaşmır.
Kommunizmin əsasını məhz “kommuna” sözü təşkil edir. Kobud desək, kommuna bir icmadır. Bu icmada hər şey hamınındır (yəni ictimai mülkiyyət) və hamı birlikdə gələcək üçün çalışır, bir-birinə dəstək olur. Məhz bunun müəyyən formalarını yuxarıda sadaladığım təşkilatlarda görmək olar. Düzdür, bazar cəmiyyətində yaşadığımız üçün onlara da vəsait lazımdır. Onlar da bu vəsaiti kraudfandinq hesabına (LizaAlert xüsusən də “Sevgisizlik” filmindən sonra və ona əsasən çəkilmiş klip hesabına daha da məşhurlaşdı) əldə etməyə çalışırlar. Yəni hər hansı mesenat və ya varlı insan axtarmırlar, məhz cəmiyyətin dəstəyini gözləyirlər.
Məhz bu, real kommunizmdir. İnsanlar heç bir idarəedici institut olmadan lazım olan anda təşkilatlanır və müvafiq funksiyaları yerinə yetirir. İnsanlar itir – hamı yığışır və onları axtarmağa başlayır, tarixi bina çökür – yığışıb onu bərpa edirlər. Onların təşkilatlanması üçün nə hökumət, nə də digər idarəedici institut lazım deyil. Tədricən belə funksiyaların sayı da artır. Məhz cəmiyyətə (cəmiyyət deyəndə ayrı ölkənin cəmiyyətini yox, bütün dünyanı nəzərdə tuturam) bütün bu funksiyalar sirayət etdiyi anda, kommunizm də mümkün olacaq. Artıq o zaman nə pul vəsaiti, nə də bazar iqtisadiyyatının törəməsi olan digər alətlər lazım olacaq. Amma əlbəttə ki, bu keçid nə asan, nə də tez olmayacaq. Bizi uzun və çətin yol gözləyir…