Müsahibimiz prodüser və rejissor İntiqam Hacılıdı. İ.Hacılı Marsel Beynəlxalq Film Festivalının iştirakçısı olmuş “Qaranlıqdan reportaj” bədii filminin (rejissor Elvin Adıgözəl) prodüseri, “Qız yükü”, “Yarımçıq arzular” seriallarının müəllifidi. İntiqamla müstəqil kinomuz, serial sənayesinin hazırkı vəziyyəti və digər mövzular haqqında danışmışıq.
-İntiqam, həm prodüser kimi müstəqil kinoda işləyirsiniz, həm serial çəkirsiniz, üstəgəl “Qaranlıqdan reportaj” filmində aktyor kimi iştirak eləmisiniz. Bu, aktyor kimi ilk təcrübəniz idi?
– Kinoda ilk dəfə idi, amma bundan əvvəl serialda olmuşdu. Ümumiyyətlə, seriallar mənim üçün hər zaman öyrənmək üçün meydan olub. Kinoda buna çox imkan yoxdu, çünki orda bir dəfə çəkirsən və çəkilirsən, hər şey qaydasında olmalıdı. Olmadısa, deməli alınmayıb. Amma seriallar sənə səhvlərini düzəltmək imkanı verir. “Qız yükü” serialını çəkəndə özüm də oynadım. Bilirdim ki, bu, aktyorluq deyil, ancaq onu da bilirdim ki, yalnız bu yolu keçməklə nələrsə əldə eləmək olar. O ki qaldı “Qaranlıqdan reportaj”a, elə də böyük rol deyildi.
– Amma filmin açar rollarından biridi.
– Bu istək hardan gəldi? 2014-cü ildən aktyorluq kursları keçirəm. Nəzəri olaraq bilirdim ki, aktyor necə oynaya, hansı situasiyada özünü necə hiss eləyə bilər. Kursda tələbələr gələnə qədər saatlarla özümlə məşğul olurdum. Düşünürdüm ki, məsələn, tələbədən hər hansı bir etüdü tələb etməzdən əvvəl özüm onu göstərməyi bacarmalıyam. Buna görə də dörd-beş dəfə məşq eləyirdim. Məsələn, ofisə altı ədəd yumru kətil almışdım, onlardan istifadə eləməklə fiziki məşğələ düşünmüşdüm. Hər kətilin ətrafında bir dəfə fırlanıb – bir dəfədən nə az, nə çox ola bilməz – digərinə keçirdin, sonuncu – altıncı kətildən sonra səhnənin qarşısına gəlib baş əyirdin. Məqsəd eyni vaxtda həm ayaq hərəkətləri icra etmək, kətillərə ilişməmək, həm də bu proses zamanı təklif olunan vəziyyəti yerinə yetirmək idi. Üç-dörd dərsdən sonra ayaqlar öz yolunu tapır, tələbə artıq ayaqlarına diqqət etmir, təklif olunan vəziyyəti oynayır. İvana Çabbakı da oxumuşam, Stanislavskinin nəzəriyyəsindən də xəbərim var, bunlar haqqında tələbələrə danışıram, ancaq özümə aid də bir şeylər yaratmaq istəyirəm və onları ilk olaraq öz üzərimdə sınayıram. Yəni illər keçdikcə bu aktyor təlimləri bir sistem halını ala bilər. Niyə də olmasın? Bunun üçün çoxlu çalışmaq lazımdı. Nəzəriyyələri oxuyursan, hazır xətt var, qabiliyyətin varsa, bir-iki məşqdən sonra əməl edirsən. Amma öz yaratdığın təlimlərə əməl eləmək çətin olur, çünki bu ilkdir.
Elvinlə rolu müzakirə eləyəndə ona dedim ki, bu, mənə çətin olacaq, çünki bu, serial deyil, bir də kamera baryerini aşmaq çox çətindi. Ona görə də, ilk olaraq balaca əl kamerası ilə olan epizodları çəkdik. Bu mənim üçün adaptasiya oldu. Peşəkar kamerayla olan epizodlara başlayanda elə də kompleksim qalmamışdı. Filmin Biləsuvarda çəkdiyimiz epizodlarında bu, asan oldu. Amma Bakıda bir səhnəmiz vardı. Kameranın arxasında Elvin Adıgözəl, Rüfət Həsənov dayanmışdı, bir də deyəsən, Elmar İmanov da ordaydı. Üç rejissorun qarşısında oynamaq çətin oldu. Digər aktyorumuz, baş rolun ifaçısı – ki, qeyri-peşəkar idi – Elşən Ədalətlinin heç vecinə də deyildi, çünki onun üçün kameranın, monitorun arxasındakı adamların kimliyinin fərqi yox idi. Mənsə bildiyim üçün həyacanlanırdım.
Artıq özüm üçün bir qayda qoymuşam: Hər şey bu anda baş verir. Yəni ssenarini oxuyub söhbətin nədən getdiyini biləndən sonra onu bir kənara qoyuram, çəkiliş anında unutmağa çalışıram. Ki, ilk dəfə hiss etmiş, eşitmiş kimi olum və doğru reaksiya verim. Yeri gəlmişkən, hazırda öz imkanlarımızla bir serial çəkirəm və orda da oynayıram. Özümə bir tənqidçi kimi baxıram və görürəm ki, daha kameranı hiss eləmirəm, vəziyyəti düzgün analiz eləyə bilirəm. Bu mənada sevinirəm ki, 2013-cü ildən bəri öyrəndiklərim 2019-da öz nəticəsini verir. Yəni eləmək lazım imiş. Bura hər şey daxildi – montaj, operatorluq və s. Montajçı, ya da operator olmaq fikrim yoxdu, ancaq bunları öyrənmək rejissor kimi fəaliyyətim üçün çox yaxşıdı.
– Prodüser kimi müstəqil kinoda çalışırsınız. Bu sahədə işləməyin hansı üstünlükləri və çətinlikləri var?
– Çətinlikləri odu ki, pulsuz qalırsan. Əsas çətinlik budu. 20-30 yaş arasında pulsuzluq o qədər də əhəmiyyət kəsb eləmir, amma yaş 30-u keçəndən sonra problemə çevrilə bilir. Bütün bunlara baxmayaraq, bu çətinliklər sənə yeni cığırlar açır, yəni müvəqqəti çətinlikdi bu. Üstünlükləri də odu ki, tam azad olursan. İdarəçilik öz əlindədirsə, heç kim “bu səhnəni çıxart, mövzunu dəyiş” deyə diqtə eləmir. Aktyoru da özün seçirsən, film də ekrana çıxanda əlində “çəkməyə qoymadılar”, “kəsdilər, doğradılar” tipli bəhanən olmur. Dövlət sifarişilə çəkilən filmlərdə belə bəhanələr gətirirlər. Müstəqil kino ilə məşğul olanların əksəriyyəti bir-birilərinə kömək eləyirlər – həm texniki baxımdan, həm də aktyora ehtiyac olanda.
Ancaq hərdən gərgin anlar da olur. Elə bir məkan lazım olur ki, orda çəkiliş aparmaq üçün məmurlardan rəsmi icazə almaq gərəkdi, məhdudiyyətlər var. Amma onu da əldə eləməyin yolları var. Məsələn, “Qaranlıqdan reportaj”da metroda çəkiliş aparmalıydıq. İcazə üçün metropolitenə müraciət eləyəndə filmin adını “Qaranlıqdan reportaj” yox, “İşıqlı yollarla” göstərmişdik. Düşündük ki, filmin adı problem olar, ona görə də, azərbaycansayağı taktikadan istifadə elədik. Biləsuvarda çəkdiyimiz son işlərdə – istər, “Qaranlıqdan reportaj” olsun, istər digər bədii film, nəyə görəsə icazə lazım olanda serial adı ilə müraciət eləyirəm. Bir də bizdə belə bir şey var. Birinci, ikinci işdən sonra görürlər, onlara elə də ziyanı yoxdu, üçüncü işdə artıq heç bir əngəl yaratmırlar. Ancaq gələcəkdə o filmləri izləsələr, nələr baş verəcək, onu bilmirəm. Nəşriyyatdakı, dövlət müəssisələrində, metroda, mədəniyyət evlərindəki – özü də birində yox, bir neçəsində – səhnələrdə işıqlı yollardan əsər-əlamət olmadığını görəcəklər. Əslində bunun özü də maraqlı prosesdi. Təksən, amma bu işləri bacarırsan. Azərbaycan insanını tanıyırsan deyə bilirsən ki, onlarla necə dil tapmaq olar, hansı sözləri desən, istədiyini ala biləcəksən. Həm də maraqlı xatirələr qalır, sonra danışıb gülürük. Yorğunluğu çıxartmaq üçün yaxşı vasitədi.
– Müəllif kinosundan seriala, serialdan kinoya adaptə olmaq çətin olmur ki?
– Düzü, heç bir çətinliyi yoxdu. Biriylə məşğul olanda digəri tamamilə unudulur. Öz seriallarımda həm mövzu, həm çəkiliş baxımından ənənəvi estetikaya riayət eləmirəm. Açığı, serialı da öz imkanlarımızla çəkirik və elə də böyük büdcəmiz yoxdu. Bəs niyə çəkirik? Çünki bir komanda yaratmışam və onu formada saxlamaq istəyirəm. Məkan, imkanlar olaraq daha çox Biləsuvardan istifadə eləyirəm. Bunun başlanğıcı “Qız yükü” serialında qoyulub. Oranın sakinlərini çəkirdim. Və bilirdim ki, gələcəkdə onlar seriallarda, ya da filmlərdə oynamaq üçün püxtələşəcəklər. Üstəgəl, mənim serial çəkdiyimi bilən məmur, artıq film çəkəndə mane olmur. Hazırkı serialda özüm operatorluq eləyirəm. Bu işi öyrənmək məqsədilə. Ki, sabah hansısa filmimdə operatorla işləyəndə bəzi məsələlərə hazır olum. Serial mənim üçün məşq prosesidi. Məsələn, “Yarımçıq arzular”da montajı da özüm eləyirəm. Bilirəm, tam peşəkar montaj deyil. Əvəzində artıq çəkiliş meydançasına girəndə montajda məni nələr gözlədiyini öyrənmişəm. Başqaları hansı formada, necə öyrənir, bilmirəm, amma mən bu yolu özüm üçün doğru hesab eləyirəm. Montajı, kameranı bilmək rejissorun üstünlüyüdü.
– Azərbaycanda serial sənayesi hazırda nə vəziyyətdədi, nələr baş verir?
– Əslində serial sənayesinin vəziyyəti maliyyə baxımından 2012-2015-ci illər arasında daha yaxşı idi. Dövlət tərəfindən serial istehsalına pul ayrıldığı illərdə. Amma o vaxt maliyyənin çoxluğu işin ziyanına oldu. Həmin dövrdə serial istehsalçıları peşəkar rejissorlarla işləməyə başladılar və onlar maliyyənin işə xərclənməsini tələb eləyirdilər. Bu isə maliyyəni bölüşdürən məmurlara sərf eləmirdi deyə ikinci, üçüncü işi həmin rejissora vermirdilər və beləcə keyfiyyət öldü. Odur ki, məncə, seriallara ayrılan maliyyənin kəsilməsi çox yaxşı oldu. Bundan sonra telekanallarda hökm sürən rəqabətsizlik seriallara da tətbiq olundu. Məsələn, bu gün TV-lər eyni prodüserlərlə, eyni studiyalarla işləyirlər, istər-istəməz uzaqdan monopoliya kimi görünür. İşin keyfiyyəti haqqında danışmıram, sadəcə başqa studiyaları, onların layihələrini yaxın buraxmırlar, keyfiyyətindən asılı olmayaraq. Çünki ola bilməz ki, başqa studiyalar, prodüserlər tərəfindən təqdim olunan bütün layihələr yararsız olsun. Rəngarənglik TV-lərə ziyan gətirməz.
– Siz daha çox əyalətdəki aktyorlarla və qeyri-peşəkarla işləyirsiniz. Niyə onlara daha çox üstünlük verirsiniz? Yeri gəlmişkən, çox maraqlı simalar var onların arasında.
– Bu prosesə uzun müddətdən sonra bir ad qoydum: Biləvud. Çünki daha çox Biləsuvarda və biləsuvarlılarla işləyirik. Onlarla işləməyimin birinci səbəbi məcburiyyət olub. Orda evim, dostlarım, əlaqələrim var. İlk filmimi də burda çəkmişəm (“Cənubda şimal küləyi” sənədli filmi – 2011). Ardınca seriallar və filmlər gəldi. Məsələn, Cahangir Məlik mədəniyyət işçisidi. Biz orda serial çəkməyə başlayanda təşkilati işlərimizi boynuna götürmüşdü. Sonra fikirləşdik ki, Cahangirin aktyorluq qabiliyyəti var, üstəlik diksiyası da pis deyil, çəkək seriala. Sonra İlqar Dadaşov, o da mədəniyyət işçisidi, İncəsənət universitetini bitirib. İlk səhnələrdə alınmırdı, sonradan kameraya alışdıqca alınmağa başladı. Beləcə, Biləsuvarda aktyorlarımız yetişməyə başladı. “Qaranlıqdan reportaj”da ofisiantı oynayan Ruslan İsmayıl da qeyri-peşəkardı. İndi “Yarımçıq arzular” serialında çəkilir. Filmin baş rol ifaçısı Elşən Ədalətli tarix müəllimidi. Razılaşdı, çəkildi və çox gözəl də alındı. Hətta onu Marsel Film Festivalına da dəvət eləmişdilər. Yəni bütün bunlar uzun bir prosesin içində yarandı. Hazırda bəzi texniki işçilər də yetişdiririk – səs operatoru, qrimçi, assistentlər, geyim rəssamı. Yəni istəyirik “Biləvud”un öz işçiləri, kadrları olsun. Həqiqətən, maraqlı prosesdi. Elvin Adıgözəlin bir filminin yarısı, digər filmi bütünlüklə, Teymur Qəmbərovun “Quxuroba” filminin son səhnəsi Bilsəvurda çəkilib. İki serial çəkilib, əlavə iki serialın da demo versiyası.
– Gerçəkdən Biləvud yaradırsınız.
– Maraqlı bir şey deyim. Efirdə getməyən “Ayna” serialını çəkəndə Biləsuvara İlqar Cahangirdən tutmuş Vəfa Zeynallıya qədər çoxlu aktyorlar getmişdi. Şəkil çəkdirmək istəyənlər, hay-küy filan. Amma indi tanınmış aktyorları orda görmək camaat üçün adiləşib. Üstəlik rejissor kim olur-olsun, deyirlər, İntiqam Hacılı çəkir. Və onların hamsının savabı da, babalı da mənim boynumdadı. İlk illərdə məqsədim “Biləvud” yaratmaq deyildi, amma prosesin alındığını görüb buna qəraq verdim. Gələcək üçün bununla bağlı planlarım var.
– İntiqam, bu gün bütün dünyada serial sənayesi fərqli bir levelə keçib, internet seriallar artır və populyarlaşır. İş o yerə çatıb ki, festivallarda onlara ayrıca bölmələr ayrılır, ən məşhur aktyorlar məmnuniyyətlə internet seriallarına çəkilirlər. Türkiyədə teatrda oynamaq kimi internet seriallarda oynamaq da aktyor üçün prestij sayılır, halbuki maddi baxımdan televiziya serialları daha sərfəlidi. Azərbaycanda isə serial sənayesi hələ də 20 dəqiqəlik günlük serial mərhələsindən çıxa bilmir. Bizdə niyə bu yeni mərhələyə keçid baş vermir?
– Bir neçə vayner başlamaq istəmişdi, alınmamışdı. Amma Azərbaycanda da bunun vaxtı çatıb. Monopoliya istər-istəməz serial sahəsində də azad işləmək istəyənləri – istər mövzu baxımından, istər xronometraj, istər aktyorlar – internetə transfer eləyəcək. Konkret özümdən danışsam, belə bir fikrim var. Telekanallarla uzun-uzadı söhbətlər, danışıqlar, gələn mövsüm vədləri… Ya da çəkirsən, sonra mövzu, ya da seçdiyin aktyorlar kanallara sərf eləmir. Hamısı vaxt itkisidi. Bu baxımdan internet seriallar daha yaxşıdı. Ancaq bəzi nüanslar var. Serial, bir qayda olaraq, qazanc əldə eləmək üçün çəkilir. Televiziyadan qazanılan pulu internetdən əldə eləmək mümkün olacaqmı? Buna vaxt ayırmaq, maliyyə tapmaq, reklamını təşkil eləmək lazımdı. Yəni əllərində hazır televiziya olanlar, niyə özlərini çətinliyə salsınlar? Odur ki, ilk növbədə internet seriallarını, televiziyalarda efir əldə edə bilməyənlər formalaşdıracaqlar. Və mən də özümü orda görürəm. Həm də ənənəvi seriallardan qaçmaq istəyirəm. Digər tərəfdən onsuz da seriallar da, filmlər də daha çox internetdə izlənilir.
– Kinoya qayıdaq. Daha doğrusu, məşhur beş milyona… Hansı ki kino mühitini canlandırıb, kimini ümidləndirib, kimini narahat eləyir. Ümidlənməyə əsas varmı? Bəlkə biz çox bədniyyətik və əslində dəyişiklik olacağına inananlar haqlıdılar?
– Kimlərsə nəyinsə dəyişməyə doğru getdiyinə ümid eləyə bilərlər. Amma ümumi prosesə baxsaq, heç bir ümid yeri yoxdu. Ümidə yer olsaydı, “2008-2018-ci illər kinonun inkişafına dair dövlət proqramı”nın bütün bəndləri həyata keçirilərdi, kino fondu yaradılardı, Avropa Kino Fonduna üzv olardıq. İslahat aparmaq üçün Litvanı, Macarıstanı, Rusiyanı gəzmək, ya da ordan kino mütəxəssisləri çağırmaq lazım deyil, konkret addımlar atılmalıdır. İlk olaraq Mədəniyyət Nazirliyinin tərkibindəki Kinematoqrafiya şöbəsi ləğv edilməlidir, “Azərbaycanfilm” kinostudiyası müstəqil olmalıdır, kino fondları yaradılmalıdır, Azərbaycan Avropa Kino Fonduna üzv olmalıdı. Beş milyon manat Mədəniyyət Nazirliyindən qurtulmalıdır, kino da məmurlardan. İlkin addımlar bu olmalıdır. Konsepsiyanı biz özümüz də hazırlaya bilərik, xarici mütəxəssisə ağız açmaq ayıbdı. Nə çox bizdə mütəxəssislər.
Deməyim odur ki, islahat aparmaq istəyən prezidentin sərəncamını – on illik dövlət proqramını həyata keçirməli idi. O proqram elə ilk islahat konsepsiyası idi. Bunlar yoxdusa, həmin beş milyon üç-dörd il əvvəl necə xərclənirdisə, indi də elə xərclənəcək, onda hansı rejissorlarla işləyirdilərsə, yenə onlarla işləyəcəklər.
– Amma bu il bir neçə gənc rejissora film verilib.
– Dövlət sifarişi ilə çəkilən filmlərin hamısı keyfiyyətsiz, çəkənlər də istedadsız olmur. Digər tərəfdən Eldar Quliyev, Oqtay Mirqasımov qocaldığına görə onları kimlərləsə əvəz eləmək lazımdı. Gənclərlə, ya da orta nəsillə. Amma iş ondadı ki, sistem dəyişmir. Kim çəkir çəksin, yenə də müasir kino indisturiyası olmayacaq, filmlər bir-iki tədbirdə göstərilib rəfə qoyulacaq. Fərqli mövzular təklif eləyən rejissorlar yenə də maliyyə görməyəcəklər. Mədəniyyət nazirliyinin, kinostudiyanın işləyəcəyi konkret rejissorlar və konkret mövzular olacaq. Və o beş milyon pul kinonun inkişafına yox, istehsalat planını doldurmaq üçün xərclənəcək. Desinlər ki, bizdə də kino var, ildə beş tammetrajlı film çəkilir. Demək istədiyim odur ki, etiraz eləyən, “mən bu şərtlərdə işləmək istəmirəm” deyən yoxdu. Əksəriyyət pul gələn kimi adaptə olmağa çalışır, “pul var, mən öz filmimi çəkim” deyir. Ola bilər ki, belə deyənlərdən kimsə filmini çəkib gedib Kannda mükafat da alar. Amma bu, Azərbaycan kinosunun inkişafı demək deyil. Bu, sadəcə fərdi uğur olacaq. Həmin rejissor maliyyəni nazirlikdən yox, başqa mənbədən də tapıb çəksəydi, yenə eyni nəticəni əldə edəcəkdi. Bunun ümumi prosesə təsiri olmayacaq. Vaxtilə Türkiyədə Mətin Erksanın, Yılmaz Güneyin uğurları kimi.
– Son olaraq Marsel Film Festivalı barədə təəssüratlarınızı öyrənmək istəyərdim.
– Məlumdur ki, “Qaranlıqdan reportaj” filmi keçən il Marsel Beynəlxalq Film Festivalının əsas bölməsində iştirak elədi. Yeri gəlmişkən, Marsel festivalına düşən ilk Azərbaycan filmiydi və məşhur ispan rejissoru Albert Serra kimi rejissorlarla yarışırdı. Odu ki, əsas yarışma bölməsinə düşməyin özü böyük bir uğurdur. Filmin əsas prodüseri kimi mən də festvala getmişdim.. Biz orda büdcəsi 100 minlərlə olan filmlərlə bir sıradaydıq. Festival müddətində ən maraqlısı o oldu ki, filmimizi vaxtilə Qafqazdan Marselə getmiş azərbaycanlılarla yanaşı Bakıdan köçüb getmiş erməniləri də izləməyə gəlmişdilər. Onlar hələ də Azərbaycan dilində danışırdılar, bizi görəndə ağladılar, ispan şərabına qonaq etdilər. Mən həyat yoldaşım Nilufərlə Marseldən Parisə avtobusla qayıdırdıq. Həmin ermənilərdən biri Lilya avtobus yola düşənə yaxın böyük Marsel vağzalında bizi tapdı, sən demə, yol üçün yemək gətiribmiş. Avtobus yola düşəndə də arxamızca ağladı. Etiraf eləyim ki, əvvəlcə o yeməkləri yeməyə qorxduq, sonra bunun axmaqlıq olduğunu anladıq. Yeməkləri də yedik, Parisə də sağ-salamat çatdıq.