Seymur Baycanın “Tarixin bayağılaşması haqqında” essesini oxudum. Bir zamanlar “Hitler” mövzusunu qaldırmışdı, indi də “Stalin” çıxmazına müraciət edib. O dəfə “Hitler”i çalışmışdım cavablandırım, fikrimcə alınmışdı da, indi isə çox çətin olacaq deyəsən.
Çünki şərti “Stalin” əvvəlkindən dəflərlə, qat-qat ağır mövzudur. Məsələ burasındadır ki, “Hitler” (nasional-sosializm) yaxşı-pis Nürnberq məhkəmə prosesindən keçib, yaxşı-pis birdəfəlik dəyərləndirilib – ən azından 1945-dən indiyə kimi. Bəli, II Dünya Müharibəsi öz müstəsna dəhşətləri ilə nasizim, bu il bədnam 100 illiyi tamam olmuş faşizm, əslində istənilən tip millətçilik üçün bir növ vaksin idi.
O müharibəni görən, o dəhşətləri keçmiş nəsil – istər Avropada, istər sovetlərdə, istər ABŞ, və ya Yaponiyada – sanki mantra kimi bir ağızdan: “bir daha yox!” deyirdi. Amma bu gün həmin nəsildən artıq kimsə qalmadı, müharibənin həqiqətdə nə demək olduğunu anlayanlar da azlıq təşkil edir. Suriyada baş verənlər və bütün dünyadan həvəslə oraya yollanan dəstələr bir daha onu sübut etdi ki, indiki gənclik bundan xəbərsizdir.
Bu gün dərin təəssüf hissi ilə konstatasiya edə bilərik ki, II Dünya Müharibəsinin bitməsindən 70 il sonra onun millətçilik və militarizm əleyhinə vaksini artıq tam təsirsizdir. Belə görünür ki, bəşər övladı tarixdən əbədilik dərs çıxara bilməz, çünki nəsildəyişmə prosesi ilə hər şey unudulur, hətta yaddaş daşıyıcıları salnamə və kitablardan radikal olaraq səs valları və kinolentlərə keçsə də.
“Stalin” və kommunizminsə öz “Nürnberq məhkəməsi” bilmərrə olmadığından bu məsələ cərrahi əməliyyata ehtiyacı olan dərin irinli yara kimi daima bütün orqanizmi, yəni cəmiyyəti zəhərləməkdədir.
***
Seymur həmin essedə yazır ki: “Stalinin cinayətlərini sadalayıb, onu həm də dahi kimi qiymətləndirən adamlar, tarixçilər, publisistlər bir faktı həzm edə bilmirlər. Onlar həzm edə bilmirlər ki, nəhəng bir ərazi və bu ərazidə yaşayan adamlar bir yolkəsən quldurun əlində tamam aciz qalmışdı. Onlar həzm edə bilmirlər ki, rus generalları yolkəsən bir qafqazlının qarşısında qorxudan əsirdilər. Onlar həzm edə bilmirlər ki, rus ziyalılarının taleyi, kimin güllələnməsi, kimin sürgünə göndərilməsi, kimin mükafat alması bir qafqazlı quldurun ovqatından, şəxsi münasibətindən asılı idi. Onlar həzm edə bilmirlər ki, bütün Rusiya əhalisinin geyimdən tutmuş kinoya, ədəbiyyata qədər zövqünü bir qafqazlı yolkəsən müəyyən edirdi.”
Bəşər daima cinayət və caninin infernal cəkici təsiri altında olub. Qorxu və maraq burada hər zaman paralel təşkil edib. Bədii ədəbiyyat lap qədimlərdən cinayətkar obrazlarını – İncildə qardaşını öldürmüş Kaindən (bizim transkripsiyada Qabil) tutmuş Roskolnikova kimi – birmənalı təsvir etməyib, bu obrazlar daima çoxlaylı-polifonik olaraq dərin maraq kəsb edib. XX əsrdə kinematoqrafın irtişaşı ilə bu tendensiya azalmadı, əksinə artdı. Bu sənət növündə lap əvvəldən yaradılmış cinayətkar obrazlar təqlid edilən qəhrəmanlara çevrildilər – “Xaç atası”ndan tutmuş Mematiyə kimi.
Bu baxımdan yolkəsənin bu qədər cazibəli olmasında təəccüblü bir şey yoxdur. Əslində bir qədər dərin nəzər salsaq, az qala bütün bəşər tarixində istənilən dövrdə – qədim qəbilə başçılarından tutmuş Çingiz xana, o zamandan bu günlərdə birbaşa efirdə Rusiyadakı 90-cı illər hakimiyyəti haqda “banda” sözünü dilinə gətirmiş Putinə kimi – hakim təbəqənin həmin o yolkəsənlərin müxtəlif versiyasından ibarət olduğunu görərik.
Əslində keçmiş sovet ölkələrində Stalinə olan marağın getdikcə artması (Rusiyaya və bəzi başqa ölkələrə aid edilə bilər, Azərbaycanda demək olar ki, yoxdur) artıq fenomendir. Rusiyada onun kultunun yenidən qalxınışı, insanlarda keçmişin nostalji hissi ilə yanaşı, həm də hakimiyyətin təbliğatı səbəbindəndir.
Eyni zamanda bu məsələnin dərin arxetipini həm də rus təfəkküründə axtarmaq gərəkdir. I Pyotrun dövründən başlayaraq uzun zaman sürəsində avropalaşmaq niyyəti bu ölkəyə qismən modernizasiya gətirsə də, milli təfəkkürü çox dərin çatışmazlıq kompleksinə məruz qoymuşdu. Bu səbəbdən az qala bütün XIX əsr boyunca rus ictimai fikrində özlərini Avropa sivilizasiyasına alternativ göstərmək cəhdləri dominantlıq təşkil edir, bu, Puşkindən başlamış proses Berdyayevə kimi 100 illik yol keçib. Əbəs yerdən deyildi ki, bu illər ərzində davamlı təhlil cəhdləri səbəbindən “Rusiya və Avropa” (başlıcaları 1869-da N.Danilevski və V.Solovyov tərəfindən 1888-ci ildə qələmə alınıb) başlıqlı əsərlər yazıldı.
Hələ 1872-ci ildə bu təfəkkürün parlaq daşıyıcılarından olan Dostoyevski III Aleksandra məktubunda yazırdı: “Əqli və elmi inkişaf baxımından Avropadan çox geri qalmağımızın qorxusu və utanc hissindən unutmuşuq ki, biz özümüz rus ruhumuzun dərinliklərində bir rus olaraq bəlkə də dünyaya yeni işıq gətirmək bacarığı – inkişafımızın özünəməxsusluğu şərtilə – gizlətmişik. Biz alçalmağımızın verdiyi vəcdin təsirilə tarixin dəyişməz bir qanununu yaddan çıxarmışıq: bir millət olaraq öz dünyəvi əhəmiyyətimizlə qürur duymasaq, heç vaxt böyük millət ola və bütün bəşəriyyətə faydalı olacaq maraqlı heç nə qoya bilməyəcəyik.”
“Biz Avropa deyilik, biz başqayıq” təfəkkürü bu cəmiyyəti slavyanofil (təxmini bizim türkçülük kim mifdir) düşüncəsindən bolşevizmə kimi gətirib çıxardı. Bolşeviklər də bu suallara sonda “Bəşərin avanqardı bizik!” kimi şüarlarla birdəfəlik son qoymaq istədilər, hətta buna zahiri olaraq qismən nail də oldular.
Lakin vədə dolaşdı və zaman yenidən qaysaqlamış yaraların üstünü, Qərb sivilizasiyasından geri qalmağın komplekslərini açdı. Bu komplekslərin qatı mühafizəkarlıq və nəticə olaraq “özünəməxsusluq” axtarışlarından başqa sığınacaq yeri yox idi. Həmin bu “özünəməxsusluq” axtarışları sovetlərin dağılmasından sonra, 2000-ci illərdə Surkovun “suveren demokratiya” nəzəriyyəsi, “mühasirədəki qala” fəlsəfəsinə və nəhayət sonda, lap bu günlərdə Putinin “”Financial Times” qəzetinə verdiyi müsahibəsindəki “liberalizmin bitdiyi” fikrinə gətirib çıxardı.
Həmin bu fikrə görə, “dövlət” – hər şeydir, insansa – heç kim. “Xalq” – hər şeydir, şəxs isə – heç kim. Bu qədər sadə yəni.
***
Stalinin psixi sağlamlığı əslində dissertasiya mövzusudur, çağdaş alman tarixçisi Baberovski də onu bu yaxınlarda Hitlerlə müqayisə etdiyi məqaləsində haqlı olaraq “psixopat” adlandırmışdı.
Lakin hakimiyyətdə olduğu illərdə yaşadığı fobiyalara rəğmən onun sıradan bir qorxaq olması ilə razılaşmaq çətindir. Əks halda bütün Qafqazda banda başçısı kimi quldurluq edib banklardan-milyonçulardan çaldığı paraları İsveçrədə oturan əbləhlərə göndərməzdi. Bu adam siyasi intriqanın allahı kimi, həm də bolşeviklərin özlərinin etdiklərinin anatomiyasına əla bələd olduğu üçün mümkün riskləri öncələməyə çalışırdı, hərçənd ki, sonda yenə də faktiki olaraq öldürüldü.
Bu fobiya vəzifəni itirmək qorxusu deyildi, bu – ola bilsin ki, dərin işgəncələrlə müşayiət ediləcək – fiziki ölümlə yanaşı tarixdən də bilmərrə silinmək reallığı idi. Onun öz keçmiş partiya yoldaşları – Zinovyev, Kamenev, Radek və b., bundan başqa öz nökərləri, təhlükəsizlik aparatının işçiləri Yaqoda, Yejov, Frinovskini və s. necə işgəncələr altında ifadələr verməsi, sonra isə əzab və təhqirlələ müşayiət olunan qətllərinin kadrlarına Stalin, şəxsi kinoteatrında manyak kimi tamaşa edirdi. Deyilənə görə Zinovyevin gənc NKVD əsgərinin sapoqlarını öpməsi onu çox məzələndirirmiş. Beriya da sonra həmin o kadrları ziyafətlərdə təqlid edib hamını güldürürmüş.
Onun yolkəsən və quldur olması şübhəsizdir, lakin sözsüz ki, əqidəsi də vardı, marksist idi. Bunu həyatı boyu sübut edib. Planı da olmamış deyildi, kommunizmə öz baxışı vardı, Marks və Trotskidən fərqli olaraq dünya inqilabı yox, “Ayrıca bir ölkədə sosializm” qurmağın mümkünlüyünü elan etmişdi. Yəni biz dünya inqilabını edə bilmədiksə, o zaman əvvəl güclənib militarist bir hərbi-polis maşını yaradacağıq, sonra da keçəcəyik dünyanın işğalına. Bu da Stalinin öz ixtirası deyildi, müəllimi Vladimir Ulyanovun 1915-ci ildə “Sosial-demokrat” qəzetinin 44-cü sayında yazdığı məqalənin tezislərindən götürmüşdü.
Məhz bu fikrə əsaslanaraq I Dünya Müharibəsi və ondan sonrakı daha dəhşətli vətəndaş müharibəsi ilə darmadağın edilmiş ölkənin bərpasını industrial modernizasiyada görürdü və bunun üçün milyonlarla insanı qurban verib çox şeyə də nail oldu. Kəndlilər bir qrup kimi bu yolda az qala tamamilə məhv edildi, bu məqsəd uğrunda milyonlarla insanları eşalonlarla sibirlərə daşıdılar, xalqlar sürüldü, sovetlər daxilində yeni ölkələr (hazırkı orta Asiya dövlətləri) yaradıldı.
Onun savadsız olması fikri ilə də tam razılaşmaq çətindir. Bu insan əlbəttə ki, “universitetlərdə oxumamasından”, xüsusən xarici dilləri bilməməsindən dolayı köhnə bolşevik qvardiyası qarşısında dərin kompleks hissi keçirirdi, lakin daima öz üzərində işləyir, teatrlardakı tamaşaları, səhnəyə qoyulan operaları izləyirdi və rus ədəbiyyatından mütaliəsi də kifayət qədər idi. Sadəcə uşaqlığından ruhani seminariyada təhsil alması onu olmazın konservator etmişdi, inqilabın gətirdiyi avanqardı əsla qəbul edə bilmirdi və etmədi, sovet incəsənətinin 30-cu illərdə qatı mühafizəkar yola dönməsinin başlıca səbəblərindən biri budur.
Yeri gəlmiş, Üzeyir bəyə “Koroğlu” operasının 5-ci aktını yazmağı məhz o tövsiyə etmişdi. Bu əsərə Bolşoy Teatrdakı ilk baxışdan sonra ilk öncə gəlib kulis arxasında bəstəkarı təbrik etmiş, deyilənə görə azərbaycanca “Üzeyir bəy, məni tanımadın, Kobayam da” deyərək, tövsiyə etmişdi ki, əsərin sonu Koroğlunun xanın əsirliyindən qaçıb getməsi ilə bitməsin, əksinə, əzilmiş kütlələrin qələbəsi və təntənəsi göstərilsin. Üzeyir bəy də təbii ki, razılaşıb, dəyişəcəyinə söz verib. Maraqlıdır ki, nəticədə doğrudan da pis alınmayıb və opera indi məhz o variantda səslənir.
***
Seymur tarix və tarix elmi haqda çox pafoslu yazır, deyir ki, onu bayağılaşdırmaq olmaz. Əslində isə əsla elm olmayan (nə riyaziyyat, fizika, nə biologiya, nə də coğrafiya ilə müqayisə edilə bilməz), çox zaman ümumiyyətlə dedi-qodudan ibarət olan bu nəsnənin kökündə elə bayağılıq durur, insan xislətində olduğu kimi. Əks halda rejissor Yuri Ozerovun 1968-71-ci illərdə çəkdiyi “Qurtuluş” 5 seriyalı bədii filmindəki – “əsgəri feldmarşala dəyişmirəm” epizodu, yaxud yalandan Churchillin adına yazılan mənbəsiz “Rusiyanı kotanla alıb nüvə silahı ilə təhvil verən” kimi yalançı miflər bu qədər yayğın olmazdı.
Tarixin ən bayağı dedi-qodular toplusundan ibarət olduğunu, elə yaxın 30 ildə gözümüzlə gördüklərimizin necə bir formada nəql edilməsindən anlaya bilərik. Burada deyiləsi bir söz yoxdur, sadəcə gülməli bir əlavə edim ki, kefiniz pozulmasın – 20 il bundan əvvəl “Rusiya dağılacaq” kimi bayağı proqnozlar verən birini “dövlət adamı, politoloq” adlandırırdılar. Tarix də ən adi bəşər hadisələri kimi çox zaman bayağı və vulqardır.
Stalin haqdasa həqiqət görünür daima “əsgəri feldmarşala dəyişməyən” və “Rusiyanı kotanla alıb nüvə silahı ilə təhvil verən” kimi yalançı miflərin altında qalacaq.