Xəstəliklərlə mübarizədə xəstəxana çarpayıları qədər, tibb işçilərinin sayı da mühüm rol oynayır. Rəsmi statistikaya görə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 33 həkim və 54 orta tibb işçisi düşür. Amma onu da qeyd etmək lazımdır ki, bu göstərici üzrə ölkənin müxtəlif regionları arasında ciddi fərqlər var. Əgər Bakıda fəaliyyət göstərən həkimlərin sayı əhalinin hər 10 min nəfəri üçün 89 nəfərdirsə, 48 rayonda bu göstərici 20-dən azdır. Bunun da səbəbini iqtisadi göstəricilərlə izah edə bilərik.
Dünya Bankının ekspertlərinin araşdırmasından məlum olmuşdu ki, Azərbaycanda ən zəngin 10 faizlik əhali qrupu ilə, ən yoxsul 10 faizlik əhali qrupunun tibbi xərcləri arasında 8 dəfə fərq var. Son illərdə həkimlərlə bağlı diqqət çəkən bir məqam da, çox sayda həkimin Almaniya və Türkiyə başda olmaqla dünyanın bir çox ölkəsində çalışmaq üçün ölkəni tərk etməsidir. Rəsmi rəqəmlərə görə 2012-2018-ci illərdə ölkədən daimi yaşamaq üçün gedənlərin sayı 8 dəfə artıb.
Miqrasiyaya təkan verən əsas amillərdən biri də gəlirlərin azalması və ya gəlir bərabərsizliyi ilə bağlıdır. Pandemiya nəticəsində bir çox iş yerlərinin fəaliyyətini dayandırması gəlirlərin azlığı məsələsini yenidən gündəmə gətirdi. Əslində Statistika Komitəsinin “Azərbaycanın Milli Hesabları” statistik məcmuəsinə baxdıqda görünür ki, devalvasiyadan sonrakı illərdə əhalinin gəlirləri onların son istehlak xərclərini qarşılamağa kifayət etmir. Son iki illə bağlı göstəricilər açıqlanmasa da, 2015-2017-ci illərdə əhalinin son istehlak xərcləri onların əldə etdiyi gəlirlərini ortalama 1 milyard manata yaxın üstələyir. Təkcə ötən il ev təsərrüfatlarının əsaslı kapital qoyuluşlarının həcmində bir əvvəlki ilə nəzərən 35%-ə, yəni 500 milyon manata yaxın azalma qeydə alınıb. Ev təsərrüfatlarının kapital qoyuluşunun tərkibinə daşınar və daşınmaz əmlakın alınmasına, həmçinin təmirinə, ev heyvanlarının alınmasına və fərdi sahibkarlığın inkişafına yönəldilən vəsaitlər daxil edilir.
Əhalinin gəlirlərinin son istehlak xərclərindən az olmasının təkan verdiyi bir göstərici də, istehlak kreditlərinin payının ümumi kredit portfelində artması ilə bağlıdır. Mərkəzi Bankın rəqəmlərindən görünür ki, 2019-cu ildə kredit qoyuluşları 16.1% artıb ki, bu da əsasən ev təsərrüfatlarına verilən kreditlərin artmasından irəli gəlib. Məsələ ilə bağlı digər bir statistika da depozit və kreditlərin artım tempi ilə əlaqədardır. Belə ki, 2019-cu ildə ev təsərrüfatlarının depozitlərinin həcmində artım 3.1 %-ə bərabər olub. Həmin zaman müddətində ev təsərrüfatlarına verilən kreditlərin həcmi isə 20 %-dən çox artıb. Beləliklə, il ərzində ev təsərrüfatlarına verilən kreditlərin artım tempi onlardan cəlb edilən depozitlərin artım tempini 7 dəfəyədək üstələyib.
Son dövrlərin ən populyar nazirliyi – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, daha çox 190 manat məsələsinə görə gündəmə gəlsə də, nazirliklə bağlı daha bir maraqlı məqam ünvanlı sosial yardım alan ailələrin sayının kəskin artması ilə bağlıdır. Belə ki, 1-28 aprel tarixinlərində sosial yardım alan ailələrin sayı 70 mindən, 82 minə yüksəlib, (ümumilikdə 342 min ailə üzvü) yəni, bir ayın içində 17% artıb. Hər ailəyə düşən orta yardım məbləği 223 manatdır. Bu yardım ehtiyac meyarına əsasən müəyyən edilir. 2020-ci il üçün ehtiyac meyarı 160 manat müəyyən edilib.
Əgər ailənin adambaşına gəliri 160 manatdan azdırsa ona yardım verilə bilər. Ancaq bunun üçün yersiz hesab edilə biləcək bəzi əlavə kriteriyalara cavab vermək lazımdır. 190 manatla bağlı ən diqqət çəkən məqam isə, nazirlik tərəfindən 3 milyona yaxın şəxsin sorğusunun cavablandırılması ilə bağlı açıqlama idi. Belə çıxır ki, ölkədə 16 yaşdan yuxarı və 65 yaşdan kiçik əhali qrupunun təxminən 40 faizi, ölkədə olmayanları nəzərə almasaq, təxminən hər iki nəfərdən biri bu ödənişlə bağlı müraciət edib. Rəqəmin belə böyük olmasını sadəcə bəxtini sınamaq üçün sms göndərənlərlə izah etmək olmaz.
Yadınızdadırsa bir neçə il əvvəl AzərTac-da “mışdır inqilabı” olmuşdu. Dövlət agentliyi axır ki, “mışdır” şəkilçisinin daşını atıb, “ıb” şəkilçisinə keçmişdi. AzərTacın özünə məxsus bir ifadəsi də o idi ki, hər gün səhər neft qiymətləriylə bağlı xəbərin sonunda bu cümləni işlədirdi:
Aprelin ikisində həmin 19 illik antirekord yeniləndi və Azərbaycan nefti gün ərzində 16.53 dollara satıldı. Əgər birinci antirekordun yenilənməsi üçün 19 il lazım olmuşdusa, bu hadisənin yenidən baş verməsi üçün bu dəfə sadəcə 19 gün bəs etdi, aprelin 21-də Azərbaycan neftinin bir barrelinin qiyməti minimuma enərək 15,81 dollar oldu. Hər şeydə bir xeyir var deyirlər, beləcə 19 ildir eyni cümləni xəbərə yapışdıran AzərTac işçisinin həyatında da yenilik olmuş olacaq.
Son günlərin digər bir yeniliyi də, keçmiş siyasi məhbusların Ali Məhkəmədə bəraət almasıdır. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan məhkəmələrində bəaət qərarı nəinki siyasi, elə siyasi olmayan işlər üçün də qeyri-adi hadisə sayılır. Məsələn, 2018-ci ildə Azərbaycan məhkəmələrində 14 min 931 nəfər haqqında 12 min 539 cinayət işinə baxılıb. Bu işlərdən cəmi 89-unda bəraət hökmü çıxarılıb. Yəni, bəraət qərarı verilən işlərin sayı cəmi 0.7 faizdir. 2014-2018-ci illərdə Azərbaycanda ümumilikdə cəmi 137 bəraət qərarı verilib. Digər bir çox ölkədə bu göstərici Azərbaycana nəzərən çox yüksəkdir. Məsələn, Böyük Britaniya məhkəmələri il ərzində baxdıqları cinayət işlərinin təxminən 20%-ində bəraət hökmü çıxarırlar. Hollandiyada bu göstərici 10%-dir.
Siyasət demişkən, Berlin Economics adlı Alman konsaltinq şirkəti “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistan və Azərbaycana iqtisadi təsiri” adlı hesabat yayımlayıb. Araşdırmada Dağlıq Qarabağ münaqişəsinin həllinin hər iki ölkənin iqtisadiyyatına mümkün təsirləri təhlil edilir. Hesabatda münaqişə həll olarsa iki ölkə arasındakı ticarət balansının Ermənistanın xeyrinə olacağı proqnozlaşdırılır. Hesablamalara görə münaqişənin həll olunacağı təqdirdə əsasən tütünlü və alkoqollu məhsullar olmaqla Ermənistanın Azərbaycana ixracı illik 83 milyon dollar, Azərbaycanın Ermənistana ixracı isə əsasən tikinti alətləri və aqrar məhsullar olmaqla illik 12 milyon dollar ola bilər.
BMT-nin “kreativ məhsullar”ın ixracı üzrə ölkələrin performansını qiymətləndirən hesabatında da Azərbaycanla bağlı maraqlı məqamlar var. Burada “Kreativ məhsullar” dedikdə sənət əsərləri, əl işləri, kitablar, filmlər, rəsmlər, audio materiallar, video oyunlar, dizaynlar, yeni mediya və rəqəmsal məhsullar, animasiyalar və digər yaradıcılıq sənayesi (creative industry) məhsulları başa düşülür. Azərbaycanla bağlı ən son yenilənən statistika 2014-cü ilə aiddir və həmin göstəriciyə görə Azərbaycan bu tip məhsullardan cəmi 4 milyon dollar dəyərində ixrac həyata keçirə bilib, əvəzində 140 milyon dollarlıq idxal etmişik. Eyni ildə Ermənistanın “kreativ məhsullar” ixracı təqribən 24 milyon dollar, Gürcüstanın ixracı isə 9 milyon dollar olub.
Ölkəmizin kreativ məhsulların ixracında zəif qalmasının səbəblərini Dünya Bankının sərvətlərin adambaşına düşən həcminə dair hesabatındakı göstəricilərlə nisbətən açıqlamaq olar. Adambaşına sərvət göstəricisi dörd komponentin cəmindən ibarətdir: təbii resurslar, fiziki kapital, insan kapitalı və xalis xarici aktivlər. Azərbaycanda təbii resursların sərvətlərin cəmində payı 54%, fiziki kapitalın payı 23.6%, insan kapitalının payı 14%, xalis cari aktivlərin payı isə 8.4%-dir. Burada diqqət çəkən məqam odur ki, Azərbaycan ümumi siyahıda 63-cü yerdə olsa da, insan kapitalının payına görə 108-ci yerdə qərarlaşıb. İnsan kapitalı dedikdə təhsil müddətində və ondan sonra əldə edilən biliklərlə ömür boyu qazanılan gəlirlər və s. başa düşülür. İnkişaf etmiş ölkələrdə bu tip gəlirlər sərvətlərin 70 faizinə yaxınını, Ermənistanda 52 faizini, Gürcüstanda isə 48 faizini təşkil edir.