Azərbaycanda itlərin güllələnərək öldürülməsi görüntüləri, ürək dağlayır. Bir foto vardı, ana it dörd ölü balasının başında oturub ağlayırdı. Üzündən də oxunurdu ki, nə baş verdiyini anlamır. Heyvan çaşıb qalmışdı, azərbaycanlılara əsir düşdüyünü bilmirdi. İndi də Xaçmazda itləri güllələyiblər, görüntülər sosial mediada yayılıb.
Mənə aydın olan bir şey var – burada pis-yaxşı kimi kateqoriyalar yersizdir. Onlar işləmir. Bu, sadəcə belədir. Nə yaxşıdır, nə pisdir. Belədir.
İtlərin güllələnməsini əksəriyyət dəstəkləyir. Demək olar ki, hamı “çox yaxşı oldu” yazırlar. Onlar deyir ki, küçələri it basıb, bizə hücum edirlər, uşaqlarımızı dişləyirlər, quduzluq yayırlar. Lakin on minlərlə itin küçədə-bayırda sülənməsi, doğub törəməsi, hansı kültürsüzlüyün, geridəqalmışlığın göstəricisidirsə, bu problemin aradan qaldırılmasında müraciət edilən metodlar da, həmin kültürsüzlüyün, geridəqalmışlığın nəticəsidir.
Bir də, heyvan hüquqlarının müdafiəçiləri var. Onlar da çox səs-küylüdürlər. Sən, əli tüfəngli adama neynəyə bilərsən? Çox şey eləsən, bir güllə də sənə çaxar. Üstəlik, o adamların əllərinə tüfəngləri verib, küçələrin canına salan hər kimdirsə, çox lotu adamdır. Heyvan hüquqlarının müdafiəçiləri, ona görə heç nəyə nail ola bilmirlər. Hətta Leyla Əliyeva da heyvanlarla şəkil çəkdirir, onları qorumağa, öldürməməyə, əziyyət verməməyə səsləyir, xeyri yoxdur.
Bir şey də var ki, gündə əlli it güllələyən adam, pis bir iş gördüyünü səmimi olaraq başa düşmür. Siz ondan “niyə belə edirsən?” soruşsanız, o, gözlərini döyəcək. Qəfildən, Füzulidən bir beyt də oxuya bilər. Ya da nə bilim, Çin atalar sözü deyər, mat qalarsınız. Mobil telefonunuzu neçəyə aldığınızı da soruşa bilər və əlavə edər ki, “bundan əmimoğlunda da var, Dubaydan alıb”. Yəni, çox da adekvat adamlar deyillər, həm də onlarlıq bir şey yoxdur.
Qaldı ki, ümumiyyətlə azərbaycanlıların heyvanlara, təbiətə münasibəti fəlsəfidir. İnsan – sosial təlim-tərbiyə prosesindən keçdiyi nisbətdə, insandır. Azərbaycanlılar təbiətin özü olduqları üçün, onlar təbiətin “fövqündə” dayana bilmirlər.
Azərbaycanlıların heyvanlara və təbiətə münasibəti çox rasionaldır – “bu mənə, bax şəxsən mənə, lazımdırmı? Şəxsən mənə, indi və burada?”.
“Soğan olsun, nağd olsun” deyirlər. Ona görə azərbaycanlılar təbiətdən zövq almırlar. Onu qorumaqla mükəlləf olduqlarını düşünmürlər. Onun məsuliyyətini daşıdıqlarını bilmirlər, bu fikri yaxına belə buraxmırlar.
Siz bir qaya parçasından aşıb yolu bağlamamağı, ildırımdan ağacı vurmamağı, arılardan adamı sancmamağı, sarmaşıqdan lazımsız bir yerdə bitməməyi tələb edə bilməzsiniz. Onlar “lazım bildikləri” zaman aşacaq, vuracaq, sancacaq və bitəcəklər. Azərbaycanlılar (əlbəttə, tək onlar yox, Şərqin böyük hissəsi) özlərini təbiətdən ayrı görmürlər ki, təbiətə zərər yetirən davranışlarında daxili bir ziddiyyət, diskomfort keçirsinlər.
Bu mənada, azərbaycanlıdan təbiətə, heyvanlara qarşı məsuliyyətli olmağı tələb etmək olmaz. Bu, infantilizmdir. Azərbaycanlı gül-çiçəkdir, ot-alaqdar, dağ-daşdır, qayada bitən mamırdır.
Azərbaycanlı hər şeydir, bircə XXI əsrin insanı deyil.