“70 il marksizm-leninizm labaratoriyalarında
yetişdirilən homo sovetikus xüsusi insan tipidir,
o yenidən tərbiyələndirməyə yararlı deyil və əsla islaholunmazdır.”
(Ədəbiyyat üzrə Nobel mükafatı almış belorus yazıçısı
Svetlana Aleksieviç, “Second-hand zamanı” romanı)
Hazırda cəmiyyətin inkişafının dalana dirəndiyini fakt kimi konstatasiya edə bilərik. Kimdir müqəssir, hakimiyyətmi? Bundan kimsənin şübhəsi olmamalıdır. Faktiki əsrin dörddə biri qədər, böyük bir müddətdə iqtidarda olanlar hər şeydə olduğu kimi, cəmiyyətin deqradasiyasına görə də məsuliyyət daşıyırlar.
Amma başqa suallar da ortaya çıxır. Ən qəddar diktatura dövründə, ən qəddar rejimlərdə belə yeni nəsil, yeni gənclik yetişir, yeni dünyagörüşü və həyata yeni baxış formalaşır, bunun qarşısını almaq mümkün deyil, çünki həyat bir an da dayanmır. Bəs bizdə nələr baş verdi? Bəzi istisnaları çıxmaq şərtilə böyük kütlənin istəkləri nədir, onu necə dəyərləndirə bilərik? Sovet zamanı şövqlə elan edilən şüarlara rəğmən, real həyatda tamam başqa mənzərələri görürdük. SSRİ dağılmaqla bunlar bitdimi, onun yetişdirdiyi xüsusi insan tipi də imperiya ilə bərabər süquta uğradımı? Cəmiyyətin müxtəlif laylarına, hətta ötəri nəzər salsaq da, əminliklə deyə bilərik ki, yox.
Xüsusi insan tipi çox spesifik mövzudur. Sovet zamanı Homo Soveticus adlandırılmış bu insan tipi əslində taleyin istehzası idi. Sovet plakatları rişxənd mövzusu idi camaat üçün. “Партия ум, честь и совесть нашей эпохи!” şüarını hətta konseptualist rəssam Çingiz Babayev bir qədər dəyişib “Əcəb epoxa düşdük” kimi də təsfir edib.
Plakatlardan başqa sovet mətbuatında və eyni zamanda ədəbiyyatında mifik müsbət keyfiyyətlərlə dolu “sovet insanı” anlayışına tez-tez rast gəlmək olardı. Burada əsas vurğu ifadənin insan deyil, sovet hissəsinə edilirdi və bu vurğu həmin müsbət insanın məhz sovet hakimiyyətinin varlığına görə mövcudluğuna işarə edirdi. Bu cür keyfiyyətli insanı əlbəttə ki, sovet hakimiyyəti yetişdirə bilərdi – məsələ bundan ibarət idi.
Sovet düşərgələrində böyük təcrübə keçmiş, sonra isə sovetlərdən mühacirət etmiş, Sorbonne Universitetinin professoru olmuş tarixçi Mixail Geller Homo Soveticus tipinə belə bir təsnifat vermişdi: Homo Soveticus — xarakter əlamətlərinə görə kompleksli keyfiyyətləridir və bu, Sovet İttifaqında yaşayan bütün insanlara aiddir. Əlbəttə ki, müxtəlif nisbətlərdə. Bu tip, kommunist sisteminin ağır şərtləri altında güclü sosial təlim keçmiş insanın bütün refleks-əlamətlərini dərindən mənimsəmiş insan tipidir. Və bu xüsusiyyətlər getdikcə bu tip insanda inkişaf edərək dominant xarakter almağa başlayır.
Homo Soveticus-un nə qədər dəhşətli bir tip olduğunun son 25 ildə dəfələrlə şahidi olduq. Zatən bizim naftalin iyi verən partnomenklaturadan çıxmış hakim məmurlar, kolxoz iyi verən ziya(n)lılarımız bunun canlı mücəssiməsidir, heç bir yerə itməyiblər, həmişə canlı muzey kimi gözümüzün qarşısındadır hamısı. Maşallah, heç birinə də heç nə olmayıb, əvvəlki kimi xalqın gözüdürlər, ən aktual da bunlardır, elə ən faktural da. Və bu yalnız tək bizdə deyil, dərin repressiya keçmiş bütün postsovet ölkələrində belədir.
Homo soveticus tipi yetişdirmək istəyini böyük yazıçılar ən güclü silahla – satira ilə qarşılayırdılar, sovetlərin ilk illərində hələ bu imkan vardı. Sovet insanı anlayışını İlf və Petrov öz romanlarında, xüsusən M.Bulqakov “İt ürəyi” povestində öldürücü qəhqəhə ilə, yerlə yeksan etmişdi.
Bu əsər sovetlərdə yalnız 1987-ci ildə üzə çıxmış, dərhal da Vladimir Bortko tərəfindən 1988-ci ildə lentə alınmışdı. “İt ürəyi” filminin baş qəhrəmanı Şarikov, görkəmli cərrah, professor Preobrajenskinin bir yazıq canlının, küçə iti Şarikin beyninə yerləşdirdiyi hipofiz sayəsində insan görkəmi alır, lakin tezliklə məlum olur ki, o öz keçmiş sahibi Klim Çuqunkinin reflekslərini təkrarlayır (yəni içir, kobudluq edir və s.), bundan başqa o kommunist aktivisti Şvonderin təsiri altında özünü haqları alınmış proletar hesab edərək elə öz yaradıcısı və himayəçisi olan professora və onun assistenti doktor Bormentala hücumlar edir, son nəhayətdə isə onlardan donos yazır.
Sovet diktaturasının yaradacağı insan tipini öncədən duymuş dahi yazıçının bu kəskin satirik pamflet-povesti hələ 1926-cı ildə yazılmasına baxmayaraq, sovetlərdə yalnız 1987-ci ildə dərc edilmiş, üstündən cəmi bir il keçmiş bu mövzuda film çəkilmişdi. Bəlkə də bədii ədəbiyyatın ekranlaşmasında yeganə bir nüsxədir ki, film hətta romanın özündən də uğurlu alınıb. Və təəssüf ki, bu film yalnız parlaq sənət əsəri olaraq qalmadı. Zamanla bütün böyük ümidlərin məhv olduğu postsovet məkanı insanı haqda manifestasiyaya çevrildi.
Lakin Homo Soveticus-un islahedilməz, əbədi olduğuna bu illərdə son olaraq əmin olduq. İndicə haqqında bəhs etdiyimiz böyük rejissor, homo soveticus-un amansız ifşaçısı, milyonların tərbiyə edildiyi möhtəşəm “İt ürəyi” filminin müəllifi Vladimir Bortko şəxsən özü rus televiziyasında Stalinin repressiyalarda haqlı olduğunu, “lazım gələrsə” dövlət naminə insanları məhv etməyin gərəkli olduğunu söyləyib. Bununla da rejissor elə öz filmindəki Şarikov obrazına çevrilib, yoxsa mutasiya vəziyyətindən öz öncəki halına qayıdıb – bunu dəqiq demək çətindir. Homo Soveticus-un yalnız çox ağır və islahedilməz bir dərd olduğunu konstatasiya etmək olar, görünür ona qalib gəlmək mümkünsüz bir işdir.
Beləcə rejissor özü öz qəhrəmanı Şarikova, qısası bütün postsovet məkanının baş qəhrəmanına çevrildi.
Hazırda bütün ətrafımız Şarikovlarla doludur, buna əmin olmaq üçün istənilən sahəyə nəzər salmaq kifayətdir – siyasət, incəsənət, təhsil, tibb, xüsusi xidmət, generalitet, diplomatlar, nazirlər, xalq yazıçıları, artistlər, nökərlər, müəllimlər, təlxəklər, AzTV, keveenşiklər, meyxanaçılar, polis, müğənniciklər, ziya(n)lılar, “media kapitanları”, “qlavvraçlar”, qəssablar, inkvizitorlar və s. Az qala hər yerdə müstəsna olaraq Şarikovları görəcəksiniz.
Şarikov artıq çox dərin bir arxetipik obrazımızdır, hətta əzəldən bu obrazda olmayanlar belə istər-istəməz bu obraza girməlidirlər. Bu mənada cəmiyyətdə bir Şarikov kompleksi də mövcuddur. Yəni hətta bu obraza girmək istəməyən insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniya ilə əlaqəli problem vardır.
Bizim Şarikov kompleksi, cəmiyyətdə çıxılmaz bir zərurət kimi qəbul edilməli obrazdır. Qısası hamımız Şarikov olmalıyıq, deməyin ki, «mən fərqliyəm»…