Baharın gəlişi ilə bütün bitkilər rəngbərəng, növbənöv çiçəklər açmağa başlayır. Çiçəklənmə rəng, qoxu və estetik görüntü ilə birlikdə həm də bitkilərin çoxalmasında rol oynayır. Bəzi bitkilər baharın gəlməsini qışın sonunda çiçəklənərək xəbər verir. Budaq və gövdəni əhatə edən bu çiçəklənmə vizual şou yaradır. Biz, landşaft memarları bu bitkilərdən olduqca sıx istifadə edirik. Parklarda, bağçalarda bu növ bitkilərdən istifadə edərək dizaynımıza ekstra aromat qata bilirik. Bu bitkilər ilə tanış olduqdan sonra sual yarana bilər: istifadə edirsinizsə, bəs biz niyə parklarda bunlardan görə bilmirik? Cavab çox sadədir. Parkları landşaft memarlarına yox, hansısa X mühəndisə, memara həvalə edirlər. Beləcə bitkilərdən anlayışı olmayan bu mütəxəssislərin yaratdığı parklarda siz bol-bol şam ağacı görürsünüz.
Bu gün yarpaqlanmadan əvvəl çiçək açan 6 bitkini tanıyacayıq.
Magnolia x Soalangeana
4-6 metr hündürlüyə ucala bilir.
Yarpar açmadan əvvəl bənövşəyi rəngdə, olduqca böyük görünən, gözəl qoxulu çiçəklər açıq.
Yarpaqları 15 cm uzunluğunda elipsvaridir. Günəşli və işıqlı yerlərdə daha çox inkişaf edə bilirlər. Asit torpağa uyğundur. Şəhər iqlimində və sənaye ərazilərində də istifadə edilə bilər.
Küləyə davam gətirə bilir, pH dəyəri 8.5dən artıq olan torpaqda inkişaf edə bilir.
Landşaft memarlığında vurğu elementi kimi soliter bitki olaraq istifadə oluna bilir.
Cercis siliquastrum
Çox vaxt orta boylu kol olaraq da istifadə edilən bu bitki eyni zamanda 7-8 metr hündürlüyə qalxa bilir.
Yarpaqları 7-8 cm diametrində, dairəvi formadadır. Yarpağının hər iki üzü çılpaqdır, (bəzi bitkilərdə yarpağın bir üzündə çox incə qatlı qılcıqlar olur) bir üzü tünd yaşıl, bir üzü isə maviyə çalan rəngdədir.
Çiçək tumurcuqlarının bir neçəsi birlikdə qrup halında olur. Budaqlarının üzərində lentisellər (çərtilmiş xətt cizgilər) gözlə görüləcək qədər aydındır.
Özünəməxsus rəngdə, yarpaqlanmadan əvvəl açan çiçəkləri çox gözəl qoxuyur. Bunu, ətrafdan keçərkən hiss etmək mümkündür.
Drenajı yaxşı həll edilmiş qumlu, daşlı torpaqlarda yetişir. Günəşli və ya yarı kölgəli ərazilərdə yetişir. Soyuğa dayanıqlı deyildir.
Paulownia Tomentosa
Vətəni Çin olan bu ağac olduqca sürətlə inkişaf edir. İldə 1 metr! Ortalama 70 il ömrü olan bu bitkini 5 ildən bir budayırlar.
Bənövşəyi rəngdə açan çiçəkləri bahar fəslində yarpaq açmadan əvvəl açmağa başlayır. Xoş ətirli və topa-topa olduğu üçün estetik görüntüyə malikdir.
Bu bitki ölkəmizdə qış fəslinin sərt keçmədiyi bir çox yerlərdə inkişaf edə bilər. Qovaq ağacının bitə bildiyi hər yerdə bitir deyə bilərik.
Güclü külək onu inkişafdan saxlayar, hətta, məhv edə bilər. Buna xüsusi diqqət etmək lazımdır.
Çox sürətlə böyüməsi, gözəl qoxulu çiçəkləri, dekorativ geniş yarpaqları, düz gövdəsi, çox miqdarda oksigen istehsalı, eroziyaya mane olmağı bu bitkini xüsusi dəyərli edir. Landşaft dizaynında, parklarda, hətta, fabrik ərazilərində istifadə olunur.
Prunus Cerasifera
Bu bitki 10 m-ə qədər ucala bilir, gövdəsi 1 m diametr genişliyə qədər inkişaf edə bilir. Yarpaqlarını tökən bu bitki həm çiçək, həm də yarpaq gözəlliyi ilə tanınır. Uzun ömürlüdür, 100 ilə qədər yaşaya bilir.
Yarpaqları qırmızı rəngdə, dairəvi formadadır, qoxusu yoxdur. Gövdəsinin rəngi qaraya çalan qəhvəyidir.
Ağappaq çiçəklənən bu bitki də yarpaqlanmadan əvvəl aldığı görüntü ilə vizual şou göstərir. Aprel ayında çiçəklənməyə başlayır və çiçəkləri gözəl ətirlidir.
Meyvələri gözəl və dadlıdır. Bitki soliter və ya qrup halında istifadəyə də uyğundur.
Ölkəmizdə salınan parklarda təəssüf ki, gözardı edilən növdür. Ümumiyyətlə yeni salınan parklarda şam ağaclarından başqa ağac görəndə sevinirəm.
Forsythia X İntermedia
2-3 metr yüksələ bilən, 2-3 metr diametr genişliyə sahib olan, yarpaqlarını dökən olduqca dekorativ bir bitkidir. Budaqları kaman şəklində inkişaf edən, yuvarlaq formalıdır.
Cavan vaxtı yaşıl olan gövdəsi, yaşlandıqca yerini qəhvəyi rəngə verir. Yarpaq rəngi tünd yaşıldır, amma qırmızı, bürünc rəngdə də ola bilir. Yarpaqları oval formadadır.
Parlaq, qızılı rəngdə olan çiçəkləri budaqlarında qrup halında, topa-topadır. Mart və aprel ayında çiçəklənməyə başlayır.
Günəşli və ya yarı kölgəli ərazilərdə inkişaf edə bilir. Tez böyüyən və dona qarşı dayanıqlı növdür. Yaxşı drenaj edilmiş, orta ya da zəif nəmli torpaqlarda inkişaf edə bilir. Asitli torpaqları da sevir. Çiçəkləri günəşi çox sevir. Əraziləri ayırmaq, məkanları bölmək üçün qrup halında istifadə olunur.
Chaenomeles Japonica
1.5-2 metr hündürlüyə yüksələ bilən bu bitki sıx budaqlı, yarpaqlarını tökən bir növdür. Vətəni Çin və Yaponiyadır. İlk dəfə Yaponiyada çiçək gözəlliyinə görə istifadə olunmuşdur.
Yarpaqları 2.5-5 cm uzunluğunda, yumurta formasındadır. Sürgünləri tikanlıdır.
Çiçəkləri qış fəslinin sonu, baharın əvvəllərində açır. Aprel-may aylarında ikinci çiçəklənmə də görülə bilir.
Çiçəkləri qırmızı və çəhrayi tonlarında da olur. Meyvəsi sarı, kivi böyüklüyündədir. Turş dadına görə çox da rəğbət görmür.
Landşaft dizaynında park və bağçalarda vurğu elementi olaraq istifadə edilir. Tikanları səbəbilə sirkulyasiyaya yaxın, uşaq oyun meydanlarında istifadə edilmir.