Bu gün, Rüstəm Aşina 92 yaşında həyata vida edərək, əbədiyyətə qovuşdu. Öz təbirincə desəm “əbədi mühacir” Rüstəmin hekayəsini mən Kopenhagendə, uzun illər əvvəl dinləmişdim. Hələ o vaxt Rüstəm anlaqlıydı, lakin çox keçməyəcəkdi ki, alzheimer xəstəliyi onun bütün xatirələrini, yaddaşını didib-parçalayacaqdı, artıq bütün ikinci cümlələr əvvəlkilərdən qopuq, xatirələr rabitəsiz olacaqdı.
Oğlu Məsud Aşina, atasının xəstəliyini həmin illərdə mənə bu sözlərlə tərif etmişdi:
“Alzheimer unutqanlıq, ya da dalğınlıq deyil. Bu xəstəlik yaddaşın tam itirilməsidir. Beyin hüceyrələri yavaş-yavaş sıradan çıxır. Fasiləsiz inkişaf xəstəliyin əsas səciyyəsidir. Yəni, getdikcə vəziyyəti daha da ağırlaşacaq. Bununla barışmalıyıq. Bilmək də olmur hansı daha yaxşıdır – bir həkim kimi, xəstəliyin anatomiyasını, atamın beynində hansı proseslərin getdiyini dəqiqliklə bilmək, yoxsa tamamilə məlumatsız olmaq? Taleyin ironiyasına da baxın ki, qardaşım Səid də, mən də nevroloquq. Diqnoz qoyulan, tibb öz qəddar hökmünü verdiyi andan, neyrodegenerativ prosesin artıq geri dönməyəcəyini, vəziyyətinin günü-gündən daha da pisləşəcəyini, tənəzzülün qaçılmazlığını, hərəkət imkanlarının məhdudlaşacağını bilirdik və bu bilgi bizi tərifsiz kədərə qərq edir. Xəstəliyi qısaca belə tərif etmək olar: açarları hara qoyduğunu unutmusansa, bunun adı unutqanlıqdır. Amma açarların ümumiyyətlə, nə işə yaradığını yadına sala bilmirsənsə, bunun adı artıq alzheimerdir… ”
***
Rüstəm Aşinanın atası Məşədi Kazım Təbriz yaxınlığındakı Güney kəndindən, yenicə evləndiyi xanımı ilə Bakıya gələndə təqvimlər 1920-ci ilin may ayını göstərirdi. İranda vəziyyət qəliz idi. Məşədi Kazım siyasətdən, inqilablardan uzaq adam idi. İranda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli hökümətin qurulması, Azadistan adlı ölkənin elan edilməsi, bu siyasi yenilikləri müşayiət edən digər önəmli hadisələr ona gərəksiz xaos kimi görünürdü. Güney kəndində yaşayan bu gənc ailə üçün, Xiyabaninin qurduğu Azadistan heç nə ifadə etmirdi. Ölkədə hökm sürən pulsuzluq, aclıq və səfalət bütün insanları üzmüşdü. Bunların fonunda əlacsız adamların sovetlərə daxil olmuş Şimali Azərbaycana axın etməsi çox təbii idi. Məşədi Kazım Bakıya çatanda, İranla Moskva arasında artıq sülh müqaviləsi imzalanmışdı. Bakıda qırx mindən çox iranlı vardı. Bu müqavilədən sonra İranda sabitlik bərqərar olmağa başlamışdı.
Bakıda, Məşədi Kazımın ailəsində dünyaya gələn 7 övladdan beşincisi olan Rüstəm Aşina uşaqlıqdan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi Bakı milyonçularının Bakıda inşa etdirdikləri binalara heyranlıq duymağa başlamışdı. Ailə Çəmbərəkənddə yaşayırdı, Məşədi Kazım özünə xudmani qalayçı dükanı açmışdı, ailəsini bu dükandan dolandırırdı. Bu gün 134 saylı məktəb kimi tanıdığımız binada ibtidai təhsilinə başlayan Rüstəm dərslərdən sonra dənizə sarı qaçdığını danışanda gözləri parıldayırdı:
“Sahildə gəzişən adamlara baxmağı xoşlayırdım. Onların hamısı səliqəli geyinərdilər. Bəzilərinin əllərində xüsusi işlənmiş əsalar olardı. Qadınlarsa əllərində çətir, başlarında şlyapa cüt-cüt gəzişər, söhbətləşərdilər. İnsanları geyimlərinə görə dəyərləndirməyi sevər, cazibəli geyimlilərin zəngin insanlar olduqlarını düşünərdim. Atamın uzun illərdir geyindiyi yamaqlı pencək, anamın başındakı İran kəlağayısı məni üsyan həddinə çatdırırdı. Sahildəki insanlar isə kostyumlarda, qadınlar ağ, mavi rəngli ipək donlarda dəniz kənarında rahatca gəzintiyə çıxır, əylənirdilər…”
Lakin Rüstəmin sevinci uzun sürməyəcəkdi. Bütün varlığı ilə bağlı olduğu Bakıdan, məktəbindən, şəhərin memarlığından və Xəzərdən onu geosiyasət ayıracaqdı və düz 18 il sonra, 1938-in may ayında bütün ailə İrana köçürüləcəkdi. Bakıda yaşayan, işləyən 40 min iranlı ilə birlikdə.
1938-ci ilin fevral-aprel aylarında Bakıda artıq hava hücumundan müdafiə sistemi qurulurdu. Şəhərin üzərindən bircə dənə alman kəşfiyyat təyyarəsi uça bilmişdi, onu da dərhal vurub salmışdılar. Sovetlərin Almaniya ilə münasibətləri tarıma çəkilmişdi.
İrandasa Rza şahın həbsxanaları müxaliflərlə dolub-daşırdı. Şah düşmən sandığı bütün rəqiblərini, azad düşüncəli insanları, ictimai fəalları həbsxanalara doldurmuşdu. Tehranın “Qəsri Qacar” həbsxanasına məhkəməsiz-filansız göndərilən insanlar aclıq və xəstəliklərdən qırılırdılar. Rza şah Hitlerlə yaxın əlaqələr qurur, nasistlərlə yaxınlaşdıqca da sovetlərlə münasibətləri korlanırdı.
Aşina ailəsi 18 il əvvəl tərk etdikləri belə bir İrana geri qayıdacaqdılar. Rüstəm Aşinanın isə 10 yaşı vardı.
“Sovet vətəndaşlığı almaq bizə təklif olunmuşdu. Amma alsaydıq da Bakıdakı sakit həyatımız davam etməyəcəkdi. Bizi ən yaxşı halda Orta Asiya ucqarlarına sürgünə göndərəcəkdilər. Atam ən ağıllı qərarın İrana qayıtmaq olduğuna inanırdı. Amma qayıtmaq da elə asan olmadı. Atamı dörd ay Keşlədə təcridxanada saxladılar. Sonra da gəmiyə mindirib göndərdilər İrana. Əlimizdə ancaq boxçalarımız var idi…”
***
Həyatında İran səhifələri açılan 10 yaşlı Rüstəm Təbrizə heç cür öyrəşə, bu şəhəri sevə bilmirdi. İllər keçdikcə Bakını daha şiddətli arzulayırdı. Sovet təhsilini dadmış Rüstəm oxuduğu Təbriz mədrəsəsindən narazılıq edir, müəllimlərin savadsızlığından gileylənirdi. Uşaqlara Almaniyanı təbliğ edən müəllimlər, nasional-sosializmi göylərə qaldırır, Hitleri Pəhləvilər qədər yüksək tuturdular. Digər mühacir uşaqları ilə bir yerdə solçuluğa meyl edən Rüstəm isə sosializmin nasizmdən üstün olduğunu müəllimlərə sübut etməyə çalışır, nəticədə cəzalandırılırdı. Uşaqların qulaqları dartılmaqdan uzanmış, küncdə bir ayaq üstə dayanmaqdan dabanları şişmişdi. Hitlerin yəhudilərə tutduğu divanı şagirdlərə izah edə bilməyən müəllimlər, acıqlarını onları döyməklə çıxırdılar. Rüstəm deyirdi ki, əgər yəhudilər öldürülürsə və bu nasionalizmin tələbidirsə deməli, alman nasistlər hindlilərə, farslara, türklərə də eyni gözlə baxırlar. Müəllimlər isə İranın Almaniyanın müttəfiqi, farsların da ari irqinə mənsub olduğunu deyir, uşaqların arqumentlərini qətiyyən eşitmək istəmirdilər.
Rüstəm, qatı dindar ola-ola nasizmə meyl edən qəribə adamların əhatəsində idi, gündən-günə İran gözündən düşür, içində bu ölkəyə və əhalisinə qarşı nifrət baş qaldırırdı. Bu işlərdən baş çıxarmayan atası Məşədi Kazım oğlunu anlamırdı – tez-tez onunla mübahisələri düşür, Rüstəmin çətin suallarına cavab çatdıra bilmirdi. Rüstəm isə coşduqca coşurdu:
– Bu nə mənasız ölkədir, nə kölə camaatdır? Gah ingilisə, gah almana, gah amerikana əyilirlər. Bilmək olmur şiədirlər, kafirdirlər, nasistdirlər. Axmaq, cahil, savadsız adamların murdar cəmiyyəti! Nifrət edirəm İrana, eşidirsən ata?! Nifrət edirəm! Mənə maraqlı deyil sənin dədə-baba yurdun, sənin Təbrizin, Şəbüstərin, bu axmaq bazar və hər gün minarələrdən ulayan uşaqbaz müəzzinlər! Mədrəsəyə də, müəllimlərə də nifrət edirəm! Hitlerə də nifrət edirəm! Məni Bakıya göndər, tez ol göndər məni dala…
Bakını arzulayırdı – şiddətlə, heç zaman arzulamadığı qədər. Opera, Kukla teatrı, İsmailiyyə binası, təmiz və səliqəli Kommunist küçəsi, Bakı Soveti və onunla üzbəüz oxuduğu məktəbi. İndi, bu vaxt orda olsaydı Qubernator bağına gedərdi. Neftin qoxusu rus xalanın bişirdiyi pirojkinin yağlı ətri ilə birləşib, burnunu qıdıqlayardı. Bulvarda itləri ilə gəzən çətirli “madamların” bahalı parfümləri ətrafa şirin ətir saçardı. Hardansa milis fitinin səsi duyular, dondurma satan ağ xalatlı, bığlı kişi “marrrojnaa” deyə bağırar, qağayılar suya baş vurub, ağızlarında körpə balıqlarla göyə pərvaz edərdilər.
Təbrizdə isə hər şey fərqli idi – böyük məscidin minarəsindən ucalan azan səsi bazarın hay-küyündə boğulurdu. Təlaşlı insanlar sağa-sola qaçır, hamı tələsir, kimlərsə xoruz döyüşdürür, böyüklər bağırır, uşaqlar dəlləkxanaların qabağında saç yandırır, közdə kabab tüstülənir, çəkiclərin səsi qulaqları kar edir, hardasa mis qablar danqıldayırdı.
Rüstəm İrana nifrət edirdi.
***
Min dozzuq yüz qırx beşinci ilin dekabrında “21 Azər” hərəkatının qələbəsi ilə fəaliyyətə başlayan Azərbaycan Milli Məclisi, Pişəvərini Azərbaycan Milli Hökumətinin Baş naziri təyin etdi. Rüstəm əldə olunan qələbəyə sevinsə də, hökumətin kövrək olduğunu anlayırdı. Sovetdən gələn mühacirlərə “vətənfuruş”, yəni vətəni satanlar ayaması qoşan təbrizlilərin də sayı çoxalmışdı.
İlk qan qırx altıncı ilin noyabrında axdı. Qollarına “şiri xurşid” emblemli sarğılar bağlamış, Şahın silahlı birlikləri, Güney Azərbaycanın şəhər və qəsəbələrində qırğınlar törətməyə başladılar. İyirmi mindən artıq insanın ölüm xəbəri Təbrizə çatanda, təqvimlər 1946-cı il dekabrın 12-ni göstərirdi. Pişəvəri Təbrizin Saat meydanında izdihamlı mitinq toplamışdı. Rüstəm Aşina Pişəvərinin cangüdəni kimi sağında dayanmışdı. Pişəvəri son çıxışını edirdi:
“Yaşasın səngərlərdə azadlığımızın keşiyini çəkən qəhraman fədailərimiz! Yaşasın xalqımızın dili, tarixi və milli xüsusiyyətləri! Yaşasın azadlıq və onun həqiqi tərəfdarı olan Azərbaycan milləti! Öldü var, döndü yoxdur!”
Fədailər onu mühasirəyə alıb tribunadan endirdilər. Pilləkənin düz ağzında dayanmış “Pobeda”nın qapısını Rüstəm açdı. Pişəvəri avtomobilə minib qapı bağlanan kimi, “Pobeda” yerindən götürüldü. İstiqamət sovet Azərbaycanının paytaxtı Bakı idi.
Həmin axşam Təbrizdə küçə döyüşləri başladı.
***
Pişəvəri canını qurtarmışdı, indi isə Rüstəm başının çarəsinə baxmalıydı. Qolunda “Şiri Xurşid” sarğılı adamlar onu da axtarırdılar və əllərinə keçsəydi edam ediləcəkdi. Bir müddət dostunun evində gizləndi, sonra yaxalandı, dar ağacına aparılarkən son məqamda atasının xətrini əziz tutan bir molla tərəfindən xilas edildi. “Kafir, kommunist olsa da yaxşı kişinin oğlu olduğuna görə” molla ona zamin durdu. Sonra Tehrana qaçdı, illər boyunca bacısının evində yaşadı, Tehranda kiçik bir mebel dükanı açıb işlətdi.
“Tehranda keçən altı ilin yekununda artıq deyə bilərdim ki, hə, mən bu şəhərdə tənha, aciz bir yabançı deyiləm. Kiçik bir dükanla başladım, zamanla işi böyüdüb, ayrıca emalatxana açdım. Qazancımın xeyli hissəsi pal-paltara gedirdi, amma mən buna israfçılıq deməzdim. Bu şəhərdə ehtiram qazanmağın, ciddi adam kimi qəbul olunmağın yolu bahalı geyimdən keçir. Bacım Xədicə mənim pul yığıb özümə böyük mülk almağımı istəyirdi. Deyirdi artıq özüm dəzgah arxasına keçməli deyiləm, fabrika qurmalıyam, fəhlələrim mənim üçün işləyib, bütün İrana və Turana bəs edəcək qədər mebel qayırmalıdırlar…”
Rüstəm isə bir an olsun Bakını unutmurdu. Elə bir gün olmurdu ki, sosialist Azərbaycana qaçmağın yolları haqda düşünməsin. Və bir gün belə bir fürsət yaranan kimi heç tərəddüd etmədi, zəhmətlə qurduğu mebel dükanını, emalatxananı dəyər-dəyməzə satıb, ona əziz olan hər şeyi və hər kəsi tərk edib qaçdı. Təcrübəli qaçaqçılar onu Arazın otayına keçirməyə boyun olmuşdular.
Rüstəm Aşinanın xatirələrindən
1952-ci il. Arazı keçən kimi, heç nəfəs dərməyə imkan vermədilər. Mən təslim olmamış, sovet sərhədçiləri məni yaxaladılar. Bakıya qapalı bir yük maşınında yola salındım. “KQB”-nin Bilgəhdəki təcridxanasına gətirdilər məni. Dözülməz sorğu-suallar, işgəncələr başladı. Heç cür inanmaq istəmirdilər ki, şpion deyiləm, Bakıda doğulmuşam, böyümüşəm, zorla 38-də köçürülmüşəm, indi isə vətənimə qayıtmışam, axı mən Bakısız yaşaya bilmirəm.
Düz Stalinin ölümünə qədər saxladılar məni təcridxanada. Stalin öləndən sonra isə həm ölkənin, həm də mənim həyatımızda çox şey dəyişdi. Demək olar ki, Bakıma tam qovuşdum. Artıq sərbəst idim. Daxili İşlər Nazirliyinin məşhur binasının tikintisinə fəhlə yığırdılar, tez adımı yazdırdım. Sonra vaxt gəldi “Azərbaycanfilm” kinostudiyasında özümə operator köməkçisi kimi iş tapdım. 1956-cı ildə isə sənədlərimi qaydasına salıb, Azərbaycan Neft İnstitutuna təqdim etdim və qəbul olundum. Artıq ali məktəb tələbəsi idim. Bilmirəm, niyə məhz ANİ? Mən axı neft sahəsinə çox da maraq duymurdum. Memarlığa daha çox meyl edirdim. Odur ki, sənədlərimi memarlığa verdim və artıq bildim ki, öz yerimdəyəm. Artıq heç bir qüvvə, memar diplomu almağıma mane ola bilməzdi. Hətta bu qüvvənin adı mənim qərarsızlığım, həvəssizliyim də olsa, mən qalib gəlməliydim.
Peşəkarlaşmağıma ən böyük töhfəni Bakının məşhur memarı Mikayıl Useynov vermişdi – mənim əziz, unudulmaz müəllimim. İlk gündən çertyojlarımı, fikirlərimi bəyənib, məni qanadının altına almışdı. Qazandığım etimadın yükü altında əzilməkdən qorxurdum. Mən onun həm tələbəsi, həm də dostu olmuşdum. O, təkcə Azərbaycanın bir nömrəli memarı deyildi, həm də güclü rəsm tənqidçisi idi.
Oxuya-oxuya Azərbaycanfilm-də işləməyə də davam edirdim. Pula ehtiyacım var idi. Məşhur yazıçı-rejissor Həsən Seyidbəyli ilə tanış olanda memarlığın ikinci kursunda oxuyurdum. Həsən Seyidbəylinin özünəməxsus tərzi vardı – daima papiros sümürür, səs tonu dərhal diqqət çəkirdi. Onu dinləyəndə düşünürdün ki, qarşında yaşayan bir dahi dayanıb. Onu yaxından tanıdıqdan sonra, əsərlərini oxumağa başladım. Onun mənəvi dünyasına səyahət etdim, bu da mənim onunla münsibətimi möhkəmlətdi.
“Uzaq Sahillərdə” filminin çəkilişlərinə dəvət olunduğum gün, sevincimin həddi hüdüdü yox idi. Axı məni məşhur operator Səttar Atakişiyev şəxsən öz yanına dəvət etmişdi! Kövrək, sentimental Səttar müəllim. Və əsl peşəkar!..
…Bakıda yaşamaq, bakılı olmaq böyük nemətdir. Bakıda yaşamaq fərqli arxitekturaların şahidi olmaq, onlarla ünsiyyətə girmək imkanı deməkdir. Bunlar mənim üçün qiymətsiz şeylər idi. İllər boyunca, mən bu şəhərə həm də onun təkrarsız binalarını görmək üçün can atmışdım. Hər bina, bir memarlıq məbədi idi bu şəhərdə. İnstitutların, universitetlərin, mədəniyyət ocaqlarının nəhəng, görkəmli binalarını gözlərim yorulanadək seyr etməyə doymazdım, onlardan qidalanırdım, beynimdə gələcək layihələrimin planlarını qururdum.
Bakının sovet dövrü memarları elə bil gözəllik, möhtəşəmlik yarışına çıxmışdılar. Mən bu memarlıq üslubunu artıq anlamağa, duymağa başlamışdım. Mikayıl Useynov, bu üslubu mənə sevdirmişdi. Lakin Bakı hələ də mənim ürəyimdə və xatirələrimdə, birinci neft bumu zamanı salınan Bakı kimi qalırdı. Sovet dövrü binaları, klassik üslubda tikilmiş, bu möhtəşəm binalarla əsla yarışa bilməzdilər.
Əsrin əvvəlində, bu şəhərin neft milyonçularının əzəmət yarışına çıxmasından mənim doğma şəhərim qazanmışdı. Hər milyonçu, tikdirdiyi möhtəşəm tikili ilə daim xatırlanacaqdı. Heyf ki, neft milyonçularının sifarişi ilə tikilən binaların hamısı günümüzə qədər sağ-salamat gəlib çıxmamışdı. Buna həqiqətən çox heyfsilənirdim. Mikayıl Useynov bizə danışmışdı ki, bir vaxtlar Bakıda, giriş qapısı əjdaha başı formasında olan kazino da varmış. Müştəri kazinoya daxil olduqda, yəni, əjdahanın ağzından içəri keçdikdə, əjdahanın gözlərindən alov püskürərmiş. Artıq bilmirəm doğrudur, yoxsa mifdir…
…Bizim dövrümüzdə Bakıda tamam başqa ab-hava hökm sürürdü. Məşhur “Tarqovıy” küçəsi, avropasayağı geyinmiş insanların axşam gəzintisi məkanı idi. İnsanlar axşam gəzintilərindən sonra caz konsertlərinə, ya da teatr tamaşasına tələsərdilər.
Gələcək xanımım Nelli ilə də teatrda tanış olmuşduq. Bir-birimizi çox sevirdik. Qalırdı bircə atasını – Azərbaycanın tanınmış cərrahı Əhməd Əliyeviçi yola gətirmək. Nelli deyirdi ki, atasının reaksiyasını proqnozlaşdırmaq onun üçün çox çətindir. İkimiz də qara-qara düşünürdük, ona yaxınlaşmağın bir yolunu axtarırdıq. Tərəddüdümüz əsassız deyildi – problem ondaydı ki, Əhməd Əliyeviçin iranlılardan xoşu gəlmirdi. Nelli bunu bilirdi və mənimlə qol-qola girib, qəfildən atasının hüzuruna çıxmağın, kişiyə zərbə olacağını düşünürdü. Nelli doğulanda atası müharibəyə getmiş, qızını ilk dəfə 1946-cı ildə, cəbhədən qayıdanda görmüşdü. Odur ki, qızına çox bağlıydı. Əlqərəz, atasını bu xəbərə hazırlamaq lazım idi.
Çox qəribədir. Mən, artıq özünü təsdiqləmiş, ciddi layihələr hazırlayan və babat maaş alan memar, qaynatamı nəyə görə nəyəsə inandırmalıyam? Nə olsun ki, iranlıyam? Ona qalsa, heç mənim də İrandan xoşum gəlmir və mən, özümü bakılı sayıram. Yox, mən bu problemi həll etməliydim…
***

Nəvələrinin dünyaya gəlişi, iranlılardan xoşlanmayan Əhməd Əliyeviçin də üzünü güldürmüşdü. Mən artıq onun sevimli kürəkəninə çevrilmişdim. Oğlanlarımız Məsud və Səidi böyütmək, onlara layiqli tərbiyə və təhsil vermək, Nelli ilə mənim həyatımızın amalı olmuşdu.
Siyasi quruluşdan məyusluğum isə günü-gündən böyüyürdü, artıq sistemdəki çatları, saxtakarlıqları, riyakarlıqları açıq-aydın görürdüm. Uğruna gəncliyimi fəda etdiyim ideologiya gözümün qabağında puç olub gedirdi. Nelli ilə axşamları radioda xarici dalğaları tutub Amerikanın, Avropanın rus dilində xəbərlərinə qulaq asırdıq. Bu məşğuliyyətimizi oğlanlarımız da bilirdi, gəl bir bilməsinlər də – axı biz dördümüz, bir otaqlı mənzildə yaşamağa davam edirdik…
…Əbədi emiqrantlıq, görünür gerçəkdən bir yazı imiş – atamdan başlayıb, məndə davam edən, sonra da övladlarıma ötürülən, onların ömrünə yazılan, belə qəribə bir yazı.
Növbəti emiqrasiyanın planları səksəninci illərin ortalarından qurulmağa başlamışdı. Evimizdə Amerikanın səsi və Azadlıq radiolarına hər gün, böyük acgözlüklə qulaq asılırdı. Qəti qərar verilmişdi – Qərbdə yaşamaq üçün çalışmaq lazımdır. Dünyanın gedişatı, bunun ən düzgün yol olduğunu təsdiq edirdi.
Məsud Tibb universitetini bitirmişdi, Səid də orta təhsilini yekunlaşdırmaqdaydı. Onların təhsili, bizim üçün bu həyatda ən ümdə vəzifə idi. Xaricə yollanmaları isə, ikinci vacib vəzifə. Onlar azadlığın olduğu, insana qiymətin verildiyi ölkələrdə yaşamaq üçün böyüdülmüş, tərbiyə edilmiş insanlardır. Biz Nelli ilə ömrümüzün çoxunu yaşamışıq, azı qalıb. Bizim üçün Azərbaycan da məqbuldur, təki oğlanlar getsinlər, özlərinə layiqli həyat qursunlar. Biz bunu çox arzulamış, bunun uğrunda çox çalışmışdıq. Valideyn kimi özümüzdən razıydıq – hər şeyi düz və yerində etmişdik.
1989-cu ildə Məsudla Səid, Danimarka səfirliyindən vizalarla qayıdanda, Nelli ilə bir yerdə sevinc gözyaşları tökmüşdük. Oğlanlarımız Danimarkaya gedəcək, orada təhsillərini davam etdirəcəkdilər! Bundan böyük xoşbəxtlik ola bilərdimi? İki həftə sonra gedirdilər deyə, tez əl-ayağa düşdük, Danimarka haqqında kitab, jurnal, ensiklopediyada bölmə – nə varsa hamısını oxuduq. Tək Məsudla Səid yox, Nelli ilə mən də Danimarka üzrə ekspert olmuşduq. Hans Xristian Andersenin nağılları ilə böyüyən oğlanlarım, bundan sonra böyük yazıçının vətənində yaşayacaqdılar.
Ailəmizdə mühacirətin növbəti mərhələsi başlayırdı.
***
Əziz dostum, professor Məsud Aşinanın atası Rüstəm Aşina koronavirusdan ölmədi. Amma onu həm də koronavirus öldürdü. Çünki Bakıda dəfn olunmağı dönə-dönə vəsiyyət etmişdi. Sərhədləri, ölkələri bağlayan koronavirus həm də bizim hamımızı bu gün öldürdü. Rüstəmin nəşini Bakıya apara bilməməyimiz, onun əbədi emiqrant taleyinin növbəti və sonuncu təsdiqi oldu.
Əlvida, Rüstəm.