Napoleonun İspaniya müharibəsi dövründə, fransız əsgərləri ancaq qadın və uşaqların qaldığı bir qəsəbəni zəbt edir. Əsgərlər hər dəfə yemək yeyəndə əvvəlcə ispan qadınları və onların uşaqlarını öz bişirdikləri yeməkdən yeməyə məcbur edirlər. Bir səhər ispan qadın və uşaqların, həmçinin fransız zabit və əsgərlərin öldüyü məlum olur. İspanları öldürmək məqsədilə bişirdikləri yeməyə zəhər qatan ispan qadınlar şübhələri sovuşdurmaq üçün həmin yeməkdən əvvəl özləri yeyib və uşaqlarına yediriblərmiş.
İspan qadınların davranışını fanatizm də, qeyri-standart davranış da adlandırmaq olar, bircə bioloji varlığın davranışından başqa. Ona görə ki, ispan qadınları həyatlarının ən çətin anında bioloji inistinktə uduzmamış, sosial varlıq kimi davranmışdı. Bala sevgiləri bəla olub onları hər alçaqlığa məcbur edə bilməmişdi.
Yəqin ki, onların balaları baldan şirin olmayıb, bizdən fərqli olaraq – axı bizim balalar baldan şirindir. Məsələn biz, dükanda növbə gözləmək istəməyəndə çox rahatlıqla “evdə uşaq qoyub çıxmışam” deyə bilirik. İşdən qaçmaq istəyəndə “uşaq xəstədir” bəhanəsi gətiririk. Bala, bizim üçün istənilən sıxıntılı vəziyyətlərdə güzəşt kartıdır. Hətta dilənçilərimiz də pul istəyəndə “allah balanı saxlasın” deyib, incə telə vurur.
Bala kəlməsi gələndə Azərbaycanın bütün işıqforlarında yaşıl işıq yanır. Məsələn, yüz əlli manat üçün topa bülleteni qutulara atan qadın sizə rahat şəkildə “siz allah, çəkdiklərinizi internetə qoymayın! Heç arxadan da görünməyim. Yoldaşım məni evə buraxmaz” deyə bilər. “Burada işlədiyinizi məgər bilmir?” soruşsanız isə deyər ki, “Bilir. Amma maaşım çox aşağıdır. Balalarım var axı…”.
Yəni bioloji artım xalqın bütün məsələlərə yanaşmada yeganə meyarına çevrilib. Hərdən bu yaşıl işıq acı bağırsaq kimi uzanıb hansısa məmur balasının qolunda iki milyonluq saata da çevrilə bilər. Belə olanda da başqasının mal-mülkünü talamağa, balasının qoluna həmin saatdan taxmağa dünəndən hazır olan camaat başlayır cırnamağa. Mənəvi müstəvidə konflikti yoxdur azərbaycanlıların natəmiz idarəçilərlə. Budur bütün məsələ.
Əgər bala boğazı üçün deşilən çuval dövlətindirsə, deməli o çuval boşalana qədər dibi iynə-sap görməyəcək. Tayfada, qəbilədə dişli kim varsa, bir nəfər kimi əlinə zəmbil alıb gələcək dövlətin qapısını yağmalamağa. Dövlət qapısı, yağma qapısı. Qohumlu-əqrəbalı bütün tayfa dövlət müəssisəsini tarımar qoyub, öz kiçik tayfa dövlətinin səadətini bina edəcək. “Əvvəl başqa dövlətləri yağmalayırdıq indi gücümüz öz dövlətimizə çatır”, deməsək də elədiyimiz budur. Düzdür, bizə ağıl öyrədənlər özləri müstəmləkə dövlətləri talayır, amma ən azından onlar başqalarını talayıb bundan öz xalqlarına böyük pay verirlər. Öz dövlətini, əhalisini talayıb, taladığını sülaləsinə və kənardan ona qahmar çıxan qüvvələrə peşkəş etmirlər.
Ziya Gökalp “Milli həmrəyliyi gücləndirmək” adlı məqaləsində yazırdı ki, ingilislərin mədəni (Gökalp burada ingilis əsgərlərinin müstəmləkə xalqlara qarşı davranışını nəzərdə tutur) əxlaqı aşağıdır, amma vətən əxlaqı çox yüksək səviyyədədir. Türkiyədə yüzlərlə hətta minlərlə vətən xaini meydana çıxdığı halda ingilislər arasında bir dənə vətən xaini ortaya çıxmadı. Belə olduğu halda mədəni əxlaqın yüksəkliyinin nə xeyri. Keşkə bizdə də vətən əxlaqı yüksək olsaydı.
İndi Gökalpın sözü olmasın, bizim də dərdimiz – “ailə əxlaqımız”dır. Arvad, qız, bacı, ana, hətta qohum-əqrəbanın, qonum-qonşunun qızının namusunu, qeyrətini çəkmək bizim kişilərin başlıca vəzifəsidir. Arvad məntəqə sekçi komissiyasının üzvü ola bilər, səs oğrularının maşası ola bilər, amma seçki prosesində çəkilmiş fotosu internetə düşə bilməz. Arvad seçki bülletenlərini gizlicə lazım olan namizədin xeyrinə işarələyib axşam qutu açılanda bülletenlərə qata bilər. Amma yol gedəndə başı aşağı gedib, başı aşağı gəlməlidir.
Vilhelm Reyx yazırdı ki, “kiçik adamlar güvəndiyinə inanır, həqiqətə yox”. Doğrudan da həqiqət qüvvədə deyilsə və kiçik adam həqiqəti tanımırsa, həqiqət ona nə verə bilər!? Amma yüz əlli manat qarşılığında dövlətin parlamentini alt-üst eləmək üçün əlindən gələni etməyə dəyər. Çünki burada söhbət puldan gedir. Pul bu məmləkətdə ən mötəbər vasitədir.
Gənc bir “müləllimə müşahidəçi” azyaşlı uşağı ilə məktəb-məntəqəyə gəlir, uşağı aparıb hansısa sinif otağında kiminsə yanında qoyur. Sonra fəaliyyətə başlayır. Məntəqə sədrinin qarşısında durub istifadə olunmamış bülletenləri sayıb ayırmaqdan başlamış axşam açılan qutulardakı bülletenləri saymağa qədər – hər yarağa daraq olur. Amma əri tez-tez zəng edib onun məhz məntəqədə olduğuna nəzarət edir.
Topa bülletenləri qutuya atan gənc tələbə qızlarımızı kamera qarşısında üzünü gizləyən görəndə yadıma polislərin barlarda əməliyyat keçirəndə yaxaladıqları qadınlar düşdü. Seçki saxtakarlığı edən qızlarımızla ikinciləri tərəzinin müxtəlif gözlərinə qoyanda mahiyyətinə görə birincilər ikincilərdən bir az ağır gəlir. Ona görə ki, ikincilər cəzalarını öz bədənləri ilə ödəyirlər. Amma birincilərin hərəkətinin cəzasını bütün xalq ödəyir, hətta bir az pafoslu olsa da – hələ doğulmamış körpələr də. Fəqət yenə də birincilər xalqın namuslu qızlarıdır. Çünki onlar deyiləni ediblər. Çünki onlar ailəyə yox, dövlətə xəyanət ediblər. Etməsələr nə olardı, orasını fikirləşən yoxdur.
Demək bizə yalnız ailə əxlaqı lazımdır. Ümumiyyətlə bizim əxlaq anlayışımıza vətənə içəridən vurduğumuz təpiklər daxil deyil.
Məlum 9 fevral seçkilərində məntəqə üzvlərindən biri mənə dedi ki, “niyə ATƏT nümayəndəsinə şikayət elədin, elə bilirsən onlar bizi istəyir?”. Dedim bəlkə də istəmir, bizi istəmək kimi öhdəlikləri yoxdur.
Deməli bu insanlar anlamır ki, düzgün cəmiyyəti biz qurmuş olsaydıq başqaları gəlib başımızda darğalıq eləməzdi. Öz göbəyimizi elə özümüz kəsərdik.
Yadıma tarixdə balalarına qarşı amansız davranan adamlardan biri, beş uşağını uşaq evinə verən Jan Jak Russo düşdü. Russo Etiraflarında ömrünü onunla birlikdə sürgünlərdə keçirən Tereza haqqında yazırdı: “Mənə olan sevgisi və yaxşı yaradılışlı olması onu bütünlükdə ailəsinin boyunduruğuna girməkdən qorudu amma buna görə ona verməyə çalışdığım faydalı nəsihətlərin çoxu heç bir işə yaramadı. Beləcə bütün sevgimi bağladığım bu səmimi və qarşılıqlı bağlılıq, könlümdəki boşluğu tam olaraq doldura bilmədi. Bəlkə bu boşluğu uşaqlar doldura bilərdi. Amma onda daha da pis olardı. Onları özlərini yetişdirə bilməyən bu tərbiyəsiz ailənin insafına buraxmaq qorxunc gəldi mənə.” Russo bilirdi ki cəmiyyətə faydalı uşaq yetişdirmək üçün tərbiyəli mühit lazımdır. Oğru, talançı, yalançı çevrə özünə bənzər uşaq böyüdəcək.
Russoya və Terezaya yaxınlığı ilə bilinən Madam de Lüksemburq bu uşaqlardan birini axtarıb tapmağa çalışır. “Madamın ümidi böyük uşağa idi. Çünki böyük uşağın qundağına işarə qoyulmuşdu. Madam bu işlə çox məşğul olsa da nəticəsiz qaldı. Atalıq duyğusunun həqiqətən hiss olunması üçün uşağın bir müddət ən azı uşaqlıq dövründə atasının yanında qalması lazımdır. Ömür boyu üzü görülməmiş bir uşaqdan uzun müddət ayrı qalmaq atalıq duyğusunu zəiflədir, hətta öldürür.” Russo uşağın tapılmamasına üzülmürdü. Uşaqla arasında olan bioloji bağın sosial münasibət qurmağa kafi gəlməyəcəyini, nəticədə aralarında ata-balalıq qalmayacağını, hətta bir-birinə nifrət bəsləyəcəklərini görürdü. Ciddi etirafdır.
Russo insanın öz törəməsinə necə həssas ola biləcəyini anlayırdı. Bunu ən gözəl zövq adlandırırdı. Ancaq onun tərbiyəli uşaq böyütməyə şəraiti yox idi. Uşaqlarını körpələr evinə verdiyini yaxın dostlarına etiraf edəndə Russo deyirdi. “Uzun müddət düşündükdən sonra uşaqlarım üçün ən yaxşı yolun yaxud mənim sandığım ən yaxşı yolun bu olduğuna qərar verdim. Kaş ki məni də belə böyüdəydilər.”
Tereza heç üzündən oxumağı bacarmayan, zəkasını inkişaf etdirə bilməyən (Russonun ölənə kimi birlikdə qeyri-qanuni yaşadığı) qadın idi. Russo bir ay cəhd eləsə də, binalardan birinin üstündəki saatı ona öyrədə bilməmişdi. Qızına daima pis məsləhətlər verən qaynanası madam le Vassur da onların evinin daimi üzvü idi. Russo madam le Vassurdan qorxurdu, ona komissar deyirdi. Birinci uşaq doğulanda onun uşaq evinə verilməsini Russodan sonra istəyən ikinci adam Terezanın anası idi. Çünki yeni doğulan uşağı özünə və ailəsinə yük olaraq görürdü. Vassur Russonun dostlarına ondan şikayət edir, dostlarından gizlincə yardım alır və bunu öz uşaqları arasında bölüşdürürdü. Russonun dostlarını bir-birinə və Russoya qarşı qaldıran bu qadının yanında uşağın normal tərbiyə almayacağını Russo bilirdi.
İndi gəlin təsəvvür eləyək, Azərbaycanda nə qədər evdə qadın və kişi cinsli madam le Vassur var. Məktəblərimizdə seçki saxtakarlığı edən nə qədər müəllimlərimiz var. Dövlət qurumlarımızda “qadınsan get bozbaşını bişir” deyən nə qədər Ramiz müəllimlərimiz var. Bu adamların xanələrində vətən əxlaqlı, ləyaqətli, “qarın qardaşdan irəlidir” deməyən balalar yetişə bilərmi? Ümumiyyətlə balacaları bunların ümidinə buraxmaq insafdandırmı?