Tariximizin ən qırmızı yalanı: Mir Cəfər Bağırova sui-qəsd işi…
Vəli Xuluflu – Azərbaycanın ilk ədəbiyyatşünaslarından biri, professor. Güllələnərkən 44 yaşı vardı.
Ülvi Rəcəb – istedadlı aktyor, öz temperamenti, coşqusu ilə “teatrımızın Mikayıl Müşfiqi” sayıla bilərdi. Güllələnərkən vur-tut 35 yaşında idi.
Tağı Şahbazi – Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (1926-1929-cu illər), yazıçı, publisist, pedaqoq. Güllələndə 46 yaşı vardı…
Bu adlarını çəkdiyim aydınları birləşdirən təkcə 1937-ci il repressiyasının – “qırmızı terror”unun günahsız qurbanlarına çevrilmələri deyil.
Onlar həm də eyni səbəblə – o vaxtkı Azərbaycan rəhbəri Mir Cəfər Bağırova “sui-qəsd” təşkil etdiklərinə görə cəzalandırılmışdılar.
Avtoritar və totalitar rejim başçıları üçün “sui-qəsd” ssenariləri, şouları öz hakimiyyətlərini gücləndirmək, nüfuzlarını, təsir imkanlarını artırmaq, rəqiblərini və ya müxaliflərini aradan götürmək üçün sevimli üsullardan biridir. Tarixdən bunun saysız örnəklərini göstərmək mümkündür, elə Azərbaycanın yaxın-uzaq keçmişində də belə nümunələr az deyil.
“Bağırova sui-qəsd işi” bunlardan sadəcə biridir. Hansı ki xeyli adamın aradan götürülməsinə gətirib çıxardı. Vəli Xuluflu, Ülvi Rəcəb və ya Tağı Şahbazi kimi aydınlar onlardan sadəcə bir neçəsidir…
Ən dəhşətlisi odur ki, aradan illər keçəndən sonra – 1956-cı ildə mühakimə edilərkən Bağırov hakim qarşısında ona qarşı hər hansı sui-qəsd hazırlanmadığını, dolayısı ilə də 1937-ci ildə ortaya atılmış iddianın tamamilə saxta olduğunu etiraf edəcəkdi. Dediklərindən belə çıxacaqdı ki, bu heç mümkün də deyildi. O zaman kimin buna cəsarəti çata bilərdi?!
Mir Cəfər daha sonra özünü məsuliyyətdən tamamilə kənarlaşdırmağa çalışacaq, “sui-qəsd işi”nin Beriya, Mikoyan və Sumbatov-Topuridzenin uydurması olduğunu söyləyəcəkdi.
Sual yaranır: Beriya “qırmızı terror”uu həyata keçirən əsas qurumun – SSRİ Xalq Daxili İşlər Komissarlığının (“NKVD”) başına 1938-ci ilin avqustunda gətirilmişdi. Bağırova qarşı sui-qəsdi isə bundan xeyli əvvəl – 1937-ci ilin ortalarında düzüb-qoşmuşdular. Elə isə Beriyanın burada hansı həlledici rolu ola bilərdi?
O ki qaldı Mikoyan və Sumbatov-Topuridzeyə; bu adamların 1937-ci il repressiyasında xüsusi canfəşanlıqlarını bilməyən yoxdur, ona görə də bir anlığa hesab edək ki, Mir Cəfər haqlıdır: sui-qəsd yalanı onların başının altından çıxmışdı. Lakin onda da başqa suallar meydan çıxır: hər kəs bir yana, ən azından Sovet Azərbaycanının qurucularından Ruhulla Axundov görə Bağırov bu sui-qəsd iddiasına daha ciddi yanaşa, daha dərin araşdırmaya ehtiyac görə bilməzdimi? Doğrudanmı, Mir Cəfərin yanında bu iddianı uyduranların sözü Axundovdan daha etibarlı, mötəbər idi?
“Xoruzun quyruğu” elə burada görünür: məsələ ondadır ki, əslində “sui-qəsd” ssenarisi ilk növbədə məhz Ruhulla Axundovu aradan götürməyə hesablanmışdı! Elə həmin “ssenari”nin “açar adamı” da o hesab olunurdu.
Bir az da konkretləşdirək: 1924-1930-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Azərbaycan SSR xalq maarif komissarı kimi mühüm vəzifələr tutan Axundova qarşı münasibətin kəskin dəyişməsi Mir Cəfər Bağırovun 1933-cü ilin oktyabrında Sovet Azərbaycanının rəhbərliyinə gətirilməsindən sonra başlayıb. Hərçənd 1920-ci illərdə onların münasibətləri pis deyildi, hətta yaxın dost olduqlarını iddia edənlər də var.
Növbəti onilliyin ortalarında isə Bağırov artıq Axundova rəqiblərindən biri kimi baxır, yerinə göz dikdiyini düşünür və bu səbəbdən də onu zərərsizləşdirmək üçün yollar axtarırdı.
Saxta sui-qəsd işi də bu axtarışların nəticəsi kimi meydana çıxdı.
Beləcə, “bir güllə ilə iki dovşan” vurmaq mümkün oldu: həm Bağırov Ruhulla Axundov təhlükəsindən quruldu, həm də Vəli Xuluflu, Tağı Şahbazi, Ülvi Rəcəb kimi dəyərli alimlərin, yazıçıların, mədəniyyət adamlarınınm adlarını bu qondarma iddiaya qarışdıraraq cəzalandırmaq üçün zəmin hazırlandı.
Həmin aydınlar aylar uzunu zindanda misli görünməmiş işgəncələrə məruz qaldılar, söyüldülər, döyüldülər, alçaldıldılar, aşağılandılar və bütün bunlardan sonra Mir Cəfər Bağırova qarşı sui-qəsdı hazırlaşdıqlarını “etiraf” etdilər. Məsələn: Ülvi Rəcəb! Onun “etirafedici” ifadəsindən sonra qurulan məhkəmə cəmi 20 dəqiqə çəkmiş və güllələnmə qərarı çıxmışdı.
Qayıdaq Mir Cəfərin saxta sui-qəsd işindən xəbərsiz olduğuna dair öz məhkəməsində dediklərinə.
Onun yalan danışdığını sübut edən bir məqam da var. Özü də tükürpədici məqam: R.Axundov həbs olunduqdan sonra “cinayətlərinin hədsiz ağır olması səbəbilə” Moskvaya aparılır. Bir müddət burada saxlanılır, həmin müddətdə təzyiqlərə dözə bilməyib “günahlarını boynuna alır”.
Haqqında danışdığım tükürpədici məqam isə ondan ibarətdir ki, o, Moskvaya aparılmazdan əvvəl Bakıda, Sumbatov-Topuridzenin otağında, bir çox hallarda isə elə Bağırovun iştirakı ilə döyülürmüş! Hətta həmin otaqdan halsız, yarımcan vəziyyətdə, xərəkdə çıxarılırmış. Gördüyü işgəncələrdən ağlını itirmək dərəcəsinə çatan R.Axundov hətta tanımadığı adamları belə “rəhbəri olduğu təşkilatın fəal üzvü” adlandırmalı olurmuş!
Bundan sonra Mir Cəfər özünə qarşı uydurma sui-qəsddən xəbərsiz olduğunu hansı məntiqlə iddia edirdi?
Sual yersiz və gərəksizdir: Bağırovun hərəkətlərində, qərarlarında məntiq aramaq gülməlidir, o, hər şeyi Moskvaya – Kremlə, xalqların dahi rəhbəri yoldaş Stalinə misilsiz sədaqətini nümayiş, öz hakimiyyətinin təhlükəsizliyini isə təmin etməyə hesablayırdı.
Bir qırmızı yalan üzərində qurduğu iyrənc tamaşa da həmin hesablamaya daxil idi.
Burada “qırmızı” sözü, sadəcə həmin yalanın nə qədər həyasızcasına uydurulduğunu, ya da tarixin ən kütləvi terrorlarından birinə qol qoyan “qırmızı bayraqlı” Sovet hakimiyyətini ifadə etmir.
Burada “qırmızı” sözü həm də o yalana görə güllələnən onlarca günahsız insanın qanına işarədir…