Ən təhlükəli və ölümcül koronavirusları törədən səbəblər
2019-cu ildə bəşəriyyət son on ildə ilk dəfə pandemiyaya səbəb olan, eyni zamanda iqtisadiyyata ciddi zərər vuran bir virusla üz-üzə qaldı. Baxmayaraq ki, dünya bu tip, hətta bəzən bundan daha təhlükəli patogenlərlə dəfələrlə rastlaşmışdı, amma əvvəlkilər COVID-19-a bənzəsə də, pandemiya vəziyyəti yaratmamışdı. Hərçənd onlar da müxtəlif ölkələrə yayılmağın, çox sayda xəstə insanı öldürməyin bir yolunu tapmışdı.
Lenta.ru əkiz viruslar – nəfəs orqanlarını zədələyən və SARS-CoV-2-nin xəbərçisi olan SARS və MERS koronavirusları barədə danışır.
NATƏMİZ QİDA
SARS-CoV-1 də, yeni SARS-CoV-2 də yemək üçün nəzərdə tutulmuş ov və ev heyvanlarının satıldığı bazarlardan, açıq ticarət meydanlarından yola çıxıblar. Ekzotik canlılar – həmçinin yarasalar, panqolinlər, ilan və tısbağalar – Çinin ənənəvi e-vey mətbəxində geniş istifadə olunur. 2002-ci ildə atipik pnevmoniya və ya SARS (ağır kəskin respirator sindrom) törədicisi ölkənin cənubundakı Quandun əyalətində yerləşən belə bazarlardan birində meydana çıxmışdı. Amma onda bəşəriyyətin bəxti gətirmişdi – koronavirus pandemiyaya səbəb olmamışdı.
Quandun meşələrində məskunlaşmış nalburun yarasalar SARS virusunun təbii daşıyıcılarıdır. Bazarda virus rahatca yanaşı qoyulub satılan heyvanlara, o cümlədən palma sivetlərinə (lat: Nandinia binotata) asanlıqla keçir və onların daxilində çoxalaraq daima mutasiya edir. Odur ki, insanlara yoluxmağa qadir olan mutant formanın meydana çıxması artıq zaman məsələsinə çevrilir və 2002-ci ilin noyabrında gerçəkləşir.
İstənilən koronavirus, hətta ən zərərsizi belə, nəfəs yollarının selikli qişasını hədəf alır. Adi soyuqdəymədən elə də güclü olmayan bir çox respirator virus xəstəliklərə məhz koronaviruslar səbəb olur. Ancaq 20 il əvvəl ciddi yoluxma dalğası yaradan SARS-CoV-1 digərlərindən fərqlənirdi: o, insanın immun sisteminə təsir edir, nəticədə kəskin respirator sindromuna bənzəyən xəstəlik qəflətən ölümcül təhlükəli pnevmoniyaya çevrilirdi – ağciyərlər maye ilə dolur və nəfəs çatışmazlığı yaradırdı. SARS soyuqdəyməyə bənzəmirdi, çünki asqırıq və zökəm yaratmırdı. O, sətəlcəm, titrəmə və ümumi halsızlıqla başlayırdı, bir müddət sonra isə quru öskürək əmələ gəlirdi.
Atipik virus pnevmoniyası səkkiz min insana yoluxmuş, onların hər onundan biri həyatını itirmişdi. Əlli yaşdan yuxarı insanlar arasında ölüm sayı 50%-i keçirdi. Amma virusun son dərəcə təhlükəli olması onun əleyhinə işləmişdi: patogen həddindən artıq sürətlə öldürürdü və yayılmağa macal tapmırdı.
2004-cü ildən sonra bir dənə də SARS-CoV-1-ə yoluxma halı qeydə alınmamışdı.
TƏHLÜKƏLİ VASİTƏÇİLƏR
Yoluxmanın episentrinin Çinin heyvan bazarında olduğu müəyyənləşdiriləndə hökumət alış-veriş qaydalarını sərtləşdirir. Amma bunun elə bir faydası olmur, çünki bağlanan bazarlar tezliklə yenidən fəaliyyətə başlayır. Onların yarıqanuni statusu ticarət nöqtələrində antisanitariyanın artması ilə nəticələnir. Vəhşi təbiətdə heç vaxt bir-biri ilə qarşılaşmayan heyvanlar bu bazarlarda darısqal qəfəslərin içində yan-yana yerləşdirilirdi. O heyvanların hər biri gec-tez növlərarası əngəlləri aşmağa qadir olan virusların daşıyıcısıdır. Hər gün cürbəcür xəstəliklərin daşıyıcıları ilə kontaktda olan insanların varlığı isə sadəcə yeni zoonoz infeksiyaların törəməsinə şərait yaradır.
SARS-ın meydana çıxmasında ən vacib rolu məhz yarasalarla palma sivetlərinin qonşuluğu oynamışdı. Sivetlər yarasaların koronaviruslarına qarşı həssas çıxmış, nəticədə viruslar saylarını artırmaq üçün rezervuar tapmışdı. Kütləvi epidemiyanın yaranmasında bu şərt xüsusilə vacibdir. Viruslar nə qədər çoxdursa, onun mutasiyaları da, patogenin öz yeni sahibini – insanı yoluxdurmaq bacarığı qazanacağı ehtimalı da bir o qədər çoxdur. Əgər bu məşum zəncirdən sivetləri çıxartmaq mümkün olsaydı, çox güman ki, virus insanlar üçün elə də təhlükəli olmazdı.
Zoonoz infeksiyalar tək-tük insanları – xəstə heyvanlarla birbaşa kontaktda olanları yoluxdurur. Onların insandan insana keçməsi üçün əlavə mutasiyalar lazımdır. Amma virusun o kandardan adlaması kifayətdir ki, yoluxmanın miqyası genişlənsin. Buna görə də, təhlükəli patogenin meydana çıxmasına təkan verən mühüm amillərdən biri də başlanğıcda zərərsiz olan virusun insanlarla davamlı kontaktıdır.
Atipik pnevmoniya virusu – bilavasitə insanın vəhşi təbiəti mənimsəməsinin nəticəsidir. Yoxsa o, Çin bazarına düşənə qədər yüzilliklər, minilliklər boyu yarasaların vücudunda qala bilərdi.
Bir çox hallarda olduğu kimi, pandemiyaya çevrilən yeni infeksiyaların meydana çıxmasında da mövhumat öz rolunu oynayır. Məsələn, ənənəvi Çin təbabətində xroniki xəstəliklərin müalicəsi üçün dərman hazırlayarkən ekzotik heyvanların orqanlarından və hissələrindən istifadə edilir. Belə hesab olunur ki, vəhşi təbiətin enerjisi insana keçərək ona şəfa verir.
XX əsrin sonlarında Çin iqtisadiyyatının çiçəklənməsi əhalinin yoxsul təbəqəsi üçün əlçatar olan heyvan bazarlarının çoxalması ilə nəticələnir. Beləcə, vəhşi təbiətdə dövr eləyən potensial təhlükəli viruslar piştaxtalara çıxır.
YOLUXMA DALĞASI
Məlumdur ki, virusa yoluxan ilk insan bir fermer olub və o, bir qədər sonra xəstəxanada vəfat edib. Atipik pnevmoniya virusunun bütün dünyaya yayılması isə Tszyülun yarımadasının mərkəzində yerləşən “Metropol” otelində başlayıb. Belə ki, ilk xəstələr daxil olan zaman xəstəxanada növbə çəkən və vurusa yoluxan həkim həmin otelə yerləşib. Onun orqanizmindən çıxan virus müxtəlif ölkələrə, o cümlədən Sinqapur, Vyetnam, Kanada, İrlandiya və ABŞ-a uçmağa hazırlaşan 12 müştərini yoluxdurub. Xəstəlik məhz bundan sonra dünya ictimaiyyətinin diqqətini cəlb edib, hərçənd artıq gec idi: atipik pnevmoniya Çindən çıxmış və artıq 32 ölkədə qeydə alınmışdı.
Çin hökuməti SARS-ı dövlət sirrinə çevirmişdi, xəstəlik barədə məlumat verməyə cəsarət edən tibb işçiləri, jurnalistlər təqib olunurdular. Bəşəriyyət atipik pnevmoniyanın yayılmasından yalnız bir Quançjou sakininin elektron məktubu sayəsində xəbər tutmuşdu. Məktubda qapalı xəstəxanalardan və naməlum xəstəlikdən ölən çoxsaylı insanlardan bəhs edilirdi. Çin hökuməti atipik pnevmoniya partlayışının təfərrüatlarını öyrənməyə çalışan ÜST-ün fəaliyyətinə mane olmağa cəhd edirdi. Yalnız beynəlxalq təşkilat, səyahətçilərə Çinin cənub bölgələrinə getməməyi tövsiyə edəndən sonra yerli məmurlar yeni təhlükəli virusun mövcudluğunu etiraf edirlər, amma yayılmanın qarşısının alındığı barədə yalan uydururlar.
SARS üçün superyayılma adlanan hal xarakterik idi. Bu, o deməkdir ki, geniş yayılmasına görə, sadəcə yoluxanların kiçik bir qismi cavabdehlik daşıyır. 2003-cü il martın sonlarına doğru “Amoy Gardens” adlı yaşayış kompleksinin sakinləri arasında atipik pnevmoniya partlayışı baş vermiş, aprelin ortalarında isə 321 yoluxma halı qeydə alınmışdı. Həmin vaxt yoluxanların 41%-i E blokunda yaşayırdı və onların mənzilləri bir-birinin üstündə yerləşirdi.
Araşdırmalar SARS virusunun yayıılmasına hamam otaqlarının drenaj sistemindəki defektlərin səbəb olduğunu üzə çıxarır. Nəticədə, tərkibində patogen olan aerozollar digər mənzillərə də sızıb. Həmçinin buna sorucu ventilyatorlar da vasitəçi olub.
ŞƏRQLİ QARDAŞ
Yaxınşərqli respirator sindromun törədicisi – o da koronaviruslara daxildir – ilk dəfə 2012-ci ilin aprelində Səudiyyə Ərəbistanında, virusoloq Əli Məhəmməd Zəki tərəfindən üzə çıxarılıb (simptomlarına görə, SARS-la eyni olan ilk xəstəlik halları orda qeydə alınmışdı). Zəki rəsmi icazə almadan MERS-CoV-un örnəklərini Niderlanddakı Rotterdamlı Erazm Universitetinin koronaviruslar üzrə məşhur mütəxəssisi Ron Fuşyeyə göndərir. Bundan sonra avropalı alimlər yeni ölümcül patogenin DNT və RNT ardıcıllığını müəyyənləşdirirlər və xəstəliyin diaqnostikası metodlarını yaradırlar. Çox güman ki, virusoloq Əli Zəkinın bu hərəkəti yüzlərlə insanı xilas eləmişdi (virus cəmi 1000-dən çox insana yoluxmuş, 400-dən çox insan ölmüşdü), lakin qəzəblənmiş Səudiyyə hökuməti alimin işinin itirməsi üçün əlindən gələni eləyir.
SARS-СoV kimi MERS-CoV da yarasaların virusundan törəyib, lakin bu virusda aralıq sahib dəvələr olub. O zaman bəşəriyyəti pandemiyadan bir şey qoruyur: xəstəxanalardan kənarda MERS-in ötürülməsi halları nadirən baş vermişdi (patogen yüksək dərəcə təhlükəli olduğuna görə ).
SARS-dan fərqli olaraq müasir dünyada MERS-ə hələ də rast gəlinir və hələ də bu xəstəliyin spesifik müalicəsi, ya da xəstəliyə qarşı vaksinlər yoxdur. 2020-ci ildə 2,5 min MERS-ə yoluxma və 800-dən yuxarı ölüm halları qeydə alınıb (ölüm səviyyəsi – 34,3%-dir).
SARS da, MERS də oxşar simptomlara sahibdir. Xəstəlik həm simptomsuz keçə, həm də həddindən ağır simptomlar – pnevmoniya, distress-sindrom, böyrək çatışmazlığı, qanın damardaxili laxtalanması və ürəyin işinin pozulması – göstərə bilər.
Xəstəliyin yayılmasına və qlobal təhlükəyə çevrilməsinə səbəb olan çoxsaylı problemlərdən biri – dünya ictimaiyyətinə yeni virusların yarandığı barədə vaxtında xəbər verilməməsi və yoluxma hallarının başladığı ölkələrin bu vacib məlumatı gizlətmək cəhdləridir.
SARS da, MERS də belə olmuşdu. Elə COVID-19-la da eyni hal təkrarlandı. Amma bu dəfə xəstəlik daha hiyləgər çıxdı: letallığını azaldaraq genişmiqyaslı pandemiya yarada bildi. Halbuki onun daha təhlükəli sələfləri bunu bacarmamışdı. Taleyin ironiyasına bax ki, alimlər də, həkimlər də uzun illər boyu SARS-a bənzər virus pandemiyası riskinin yüksək olduğu barədə dəfələrlə xəbərdarlıq etmişdilər. Amma siyasətçilər və ictimaiyyət nəinki yeni virusa hazır deyildi, həm də pandemiyanın üzə çıxardığı problemləri görməzdən gəlirlər.
Kütləvi xəstəliklər həmişə şayiələrlə, mövhumatla, onyarğılarla, qərəzli dezinformasiya və əsassız qorxularla – mütəxəssislər bunu infodemiya adlandırırlar – müşayiət olunur. COVID-19 müasir sivilizasiyaya unikal bir imkan verdi; o, pandemiya qarşısında öz acizliyini izləmək, sosial şəbəkələr vasitəsilə yayılan yanlış fikirlərə açıq olduğunu görmək imkanı qazandı. COVİD və dissidentlər, həmçinin vaksin düşmənləri virusların xeyrinə işləyirlər, şüursuzcasına onları daha təhlükəli və ölümcül edirlər. Virusun qarşısına əngəllər qoyulanda o, vəziyyətə uyğunlaşmağa məcbur qalır – gizlicə yayılmaq üçün öz patogenliyini azaldır. Amma həyat tərzini müvəqqəti dəyişməyə hazır olmayanlar ölümcül viruslara yaşıl işıq yandırırlar.
Heç şübhə yoxdur ki, COVID-19 sonuncu pandemiya olmayacaq. Dahası, yüksək ehtimalla növbəti pandemiya çoxlarının gözlədiyindən daha tez baş verəcək. Bunun səbəblərindən biri insana naməlum olan patogenlərin dövr etdiyi vəhşi ekosistemin məhvidir. O patogenlər hələlik zərərsizdir, amma insanlar onlarla tez-tez kontaktda olmağa başlasalar, yeni epidemiyalardan qaçmaq mümkün olmayacaq. Vəba, Ebola sətəlcəmi, atipik pnevmoniya, COVİD-19 və bir çox başqa xəstəliklər belə yaranıb.
Sui-qəsd nəzəriyyəsinin zərəri də budur: insanlar, o cümlədən siyasətçilər və məmurlar problemin ekoloji tərəflərinə diqqət yetirmək əvəzinə, laboratoriyadan qaçmış süni viruslara inanmağa üstünlük verirlər. Həmin vaxt isə meşələrin, eləcə də Amazon hövzəsinin yaşıl bölgələrinin qırılması davam edir. Ola bilsin, yeni kütləvi qatil məhz ordan gələcək və deyəsən, bəşəriyyət yenə də ona hazır olmayacaq.