“Mənim logistlərimin yumor hissi yoxdur… Bilirlər ki, hərbi kampaniyam uğursuz olsa, birinci onları öldürəcəm…”
Makedoniyalı İsgəndər
Klassik dövrdə yunan orduları biri-biriləri ilə savaşmaq üçün öz evlərini tərk edir, öncədən razılaşdırılmış ərazidə döyüşür, sağ qalsalar, yenidən vətənlərinə geri dönürdülər. Məhz, bu səbəbdən heç vaxt orduların uzun müddət səhrada qalmaları nəzərdə tutulmurdu. Hərbi yürüşlərdə ordunu minlərlə kişilər, qadınlar və qullar müşayiət edirdi. Bu, ordunun sürətini və çevikliyini azaldır, daha çox azuqə istehlak etməsilə nəticələnirdi. Əlavə olaraq ordu yük daşımaq üçün öküz arabalarından istifadə edirdi ki, bu da əlverişsiz coğrafiyada sürətin daha da azalmasına gətirib çıxarırdı.
II Filip zamanında Makedoniya ordusu köklü islahatlardan keçir və Davamlılıq, Çeviklik və Sürət prinsiplərinin əsası qoyulur. Hər şeydən əvvəl Filip orduda öküz arabalarından istifadəni qadağan edir və Qərbdə ilk dəfə at arabalarından istifadə olunmağa başlanır. Bu isə ordunun çevikliyini yüksəldir. Bundan əlavə Filip hər döyüşçünün daşıdığı yükü (supplies) də artırır: hər əsgər 30 günlük un, ərzaq, yol tikintisi üçün alətlər, qab-qacaq, ilkin tibbi yardım ləvazimatları, dəbilqə, silahlar və digər avandanlıqlar daşımalıydı. Ki, bu, təxminən, 36 kq yük demək idi. Ordunun çevikliyini və sürətini daha da artırmaq üçün qoşunları müşayiət edən sıravi insanların sayı kifayət qədər azaldılır, qadınlara isə, ümumuyyətlə, qadağa qoyulur. Hər süvarini cəmi bir nökər, hər on piyanı bir nökər müşayiət edə bilərdi.
Beləliklə, Makedoniya ordusu digər yunan orduları ilə müqayisədə ildırım sürəti ilə zərbə endirmək üstünlüyü qazanır və daha uzun müddət hərbi kampaniya apara biləcək formaya düşür. Sözügedən islahatlar, məsələn, İsgəndərin, 850 km uzaqlıqda olan Debes şəhərinə 13 gün ərzində çatması, şəhər əhalisini müdafiəsiz vəziyyətdə yaxalaması və Debesin məhvi ilə nəticələnmişdi. İsgəndər, dünyanın böyük hissəsini zəbt etmiş Əhəmənilərlə, məhz, bu üstünlüklərlə savaşacaqdı.
Onu da qeyd etmək lazımdır ki, coğrafi dəyişikliklər ordunun ona uyğun hərəkət etməyə vadar edirdi. Buna görə də, İsgəndər yük karvanında at və qatırlarla yanaşı, 50 kq daha çox yük götürən, günlərlə ac-susuz hərəkət edə bilən dəvələr də istifadə eləməyə başladı. Onu da deyək ki, səfər davam etdikcə İsgəndərin yük arabaları böyüyürdü və İrana daxil olanda yük arabalarına yenidən öküzlər bağlandı, çünki artıq arabalar hündür divarlarları dağıtmaq üçün nəzərdə tutulmuş ağır mühasirə aparatları və yaralıları daşıyırdı. İsgəndər Levant və Misir hərbi kampaniyalarında Aralıq dənizi vasitəsi ilə həmişə yardım ala bilirdi, lakin indiyə qədər heç bir savaşda sahildən bu qədər uzaqlaşmamışdı. Bu dəfə o, Əhəmənilərin ana yurdu İrana daxil olmuşdu.
İsgəndərin muharibəsi məğlubiyyətsiz davam etdiyü üçün döyüşçülərə öz ailələrini karvana qoşmağa icazə verilmişdi, hətta onlar yerli qadınlarla evlənməyə təşviq edilirdilər. Karvanın, məhz, İran ərazisində ən böyük formasını alması təsadüf deyildi. Əhəmənilər, öz dövrlərində möhtəşəm yol sisteminə malik idilər, qasidlər məhşur Kral yolu (Şahanə yol) vasitəsilə İranın ŞUŞ şəhərindən 2700 km uzaqlıqda – Aralıq dənizinin sahillərində yerləşən Sardis şəhərinə xəbərləri, Şahın fərmanlarını doqquz gün içində çatdıra bilirdilər.
İsgəndər hər zaman çevikliyə və sürətə ustünlük verdiyi üçün bütün ərazilərdə rahat tapılan dənli bitkilərdən – buğda, arpa və darı- istifadə edirdi. Qurudulmuş taxıl uzun müddət xarab olmur, nökərlərin daşıdığı əl dəyirmanı ilə üyüdülüb çörək hazırlanırdı. Ordu mümkün olanda qaxac ət və duzlanmış balıqla qidalanır, onlar yürüş ərazisində az olanda rasiona quru meyvələr daxil edilirdi. İsgəndər çevik zərbə endirmək istəyəndə öz ordusuna bir neçə günlük hazır qida götürməyi əmr edirdi. Beləliklə, uzun karvandan bir neçə günlük ayrılan, qab-qacaqdan azad olan ordu ildırım sürəti ilə hərəkət edir və Əhəmənilərə ani zərbələr endirə bilirdi.
İsgəndər, hərbi yürüşlərinin əksəriyyətində amansız səhraları və çölləri aşmalı olurdu. Bunu nəzərə alsaq, hər bir əsgər gündəlik 1.4 kg taxıl və 2,l su istifadə edirdi. Əlavə olaraq heyvanların sağlam qalması üçün 4.5 kq qida və 30 l su lazım idi. Baxmayaraq ki, bu şəraitdə dəvə daha düzgün seçim olardı, amma onların da sağlam qalması və daha effektiv olması üçün gündəlik 30 l suya və 10 kq samana ehtiyac vardı. Sadəcə azuqənin daşınması yük karvanını kifayət qədər böyüdür və yavaşladırdı. Əsgərlər isə topladıqları qənimətləri də özləri ilə daşımalı idilər. Ki, bu da yük karvanı üçün əlavə ağırlıq və əlavə heyvanların cəlbi deməkdir.
Qavqamela döyüşündən sonra Asiyada İsgəndərin nüfuzu artmışdı və o, öncədən şəhərlərə elçi göndərib ordusu üçün ehtiyat yığırdı. Onun şərtləri ilə razılaşayanları isə acı aqibət gözləyirdi. İsgəndər qış mövsümündə ordusunu naviqasiya kimi istfadə olunan çayların, limanların yaxınlığında saxlayır və kiçik elit qruplar vasitəsilə ona tabe olmayan şəhər və qalalara hücum edib tabe edirdi. göründüyü kimi, İsgəndəri məğlubedilməz eləyən xasiyyətlərindən biri də onun logistikaya verdiyi önəm və öncədən planlama idi.
E.ə. 325-ci ildə Makedoniyalı İsgəndər Hindistanın içlərinə soxulmaq istəməyən yorğun və üsyankar ordunu yenidən Babilə aparmaq məcburiyyətində qalır. 10 ildən sonra İsgəndərin ordusu geri qayıtmağa başlayır.
Hind okeanı salilləri boyunca İrana doğru uzanan Məkran yarımsəhrası ilə şimala doğru hərəkət edən İsgəndər, ordunun bir hissəsini itirir. Ordunu iki yerə bölməsinə baxmayaraq, o düşünürdü ki Nearxın başçılığı altında makedon donanması onlara azuqə və ləvazimatları vaxtında gətirib çıxardacaq. Lakin musson yağışları ucbatından aylarla gecikən donanma heyətı gərəkli qida və su ehtiyatlarını çatdıra bilmir. Bu makedon ordusu üçün fəlakətə çevrilir, ordunu müşayiət edən insanların, təxminən, 75%-i tələf olur.
Logistika Makedoniyalı İsgəndərin apardığı müharibələrdə olduğu kimi, digər bütün hərbi yürüşlərdə böyük əhəmiyyət kəsb edir. İqtisadiyyatın bu qolunun inkşafı insanların rifahının artırılmasında da əvəzolunmaz rol oynayır.