Bizim üçün vacib günlərdən olan 15 sentyabr-ın 101 illiyi iki gün öncə çox müzakirə edildi, hətta “Bakının “qurtuluş”u yoxsa “işğal”ı? başlıqlı bir yazı da yazıldı. Bakının alınması Osmanlı dövlətinin Brest-Litovsk müqaviləsinin şərtlərindən doğan müstəsna maraqlarının təmini idi, yoxsa uzun illər cəmiyyətdə hökm sürən dominant fikir kimi – bizim “qardaş dövlət” tərəfindən qurtuluşumuz?
Bu haqda bir neçə gün gedən müzakirələr cəmiyyətin tariximizə, bu suallara biganə qalmadığını göstərməklə yanaşı, bu məsələlərin indiyə kimi siyasi-ictimai aktuallığını saxladığını da göstərir. Bu anlamda tarixi paralellər bizə çox məsələləri fərqli optikadan qiymətləndirməyə imkan yarada bilər.
Bu anlamda bu gün, 17 sentyabr da çox maraqlı bir tarixdir – düz 80 il öncə yoldaş Stalin öz nasist müttəfiqinə qoşularaq Polşaya şərqdən hücum etdi. Sovet ordusu sərhədi asanlıqla keçdi və heç bir müqavimətə rastlamadan irəliləməyə başladı.
Onsuz da Wehrmacht tərəfindən artıq darmadağın edilmiş polyak ordusu üçün bu ikiqat ölüm hökmü idi.
Sovet ordusunun bu hücumu çoxdan planlaşdırılmışdı, amma yoldaş Stalin tələsmirdi. Çünki yoldaş Stalin çox hiyləgər adam idi, Hitlerə polyaklara hücum etmək şansını yaradıb onlarla yardım sazişi ilə bağlı olan fransızlarla ingilisləri fürerin üstünə qısqırdır, Polşanın ortabab ordusunun almanlar tərəfindən tam dağılmasını gözləyir və lazım olan anda daxil olub buna görə heç bir cavabdehlik daşımır.
Belə ki, Polşa ilə Fransa və Böyük Birtaniya tərəfindən bağlanmış sazişə görə ona hücum olacağı təqdirdə düşməninə müharibə elan etmək öhdəlyi yalnız Hitlerə tətbiq olunur, almanlar buna görə Polşa kampaniyasından sonra Qərb dünyası ilə müharibə etmək məcburiyyətində qalırlar. Yoldaş Stalinə müharibə elan etməyi isə, kimsə ağlına da gətirmir. Beləcə Polşanın böyük bir hissəsi rahatca sosialist vətənə birləşdirilir.
Kiçik haşiyə: Polşa adətən haqlı olaraq 2-ci dünya müharibəsinin başlanğıcında iki totalitar rejimin sözləşməsinin qurbanı hesab edilir, lakin unudulur ki, bundan cəmi 11 ay öncə, cinayətkar Münhen sazişi zamanı Polşa özü də işğalçı qismində Çexiyanın bölünməsində Hitlerlə bir yerdə iştirak etmişdi. O zaman Sudet krizisi ilə bağlı olan Münhen anlaşması baş tutanda polyaklar çexlərə Teşino (Těšínsko) vilayətinin ilhaqı ilə bağlı 21 sentyabr 1938 tarixində (şübhəsiz ki, almanların razılığı və icazəsi ilə) ultimatum verir və bir neçə gündən sonra bu vilayət Polşanın ərazisinə qatılır.
Polşanı bu krizisə öz yırtıcı iştahları gətirmişdi, işğalçı ilə bir yerdə Çexoslovakiyanın parçalanmasında həvəslə iştirak etmişdi, lakin bu sevinc uzun sürmədi. Artıq 1939-cu ilin yazında Hitler baş qərərgaha Polşaya hücum planının (“Fall Weiss” adı altında) hazırlanması göstərişini verdi və bu ilin avqust ayında isə haqqında çox yazılmış, çox deyilmiş Molotov-Ribbentrop anlaşmasının imzalanmasından sonra alman ordusu hücum əmrini aldı. Plana görə Polşanın şərqi ərazisi polyaklarla çoxdan şəxsi-qərəzi olan yoldaş Stalinə verilməli idi.
Qeyd edildiyi kimi yoldaş Stalin tələsmir, Hitlerə tam imkan verir ki, bu hücumu etsin, Polşa ilə müttəfiq sazişi bağlamış İlgiltərə və Fransa öz öhdəliklərini yerinə yetirib Almaniyaya müharibə elan etsinlər, bu müddət ərzində də Wehrmacht onunla müqayisəyəgəlməz Polşa ordusunu darmadağın etsin. Bütün bunların başa çatması üçün 17 gün gözləyir və nəhayət 17 sentyabrda “əzəli Ukrayna və Belarus torpaqlanı işğaldan azad etmək üçün” fəhlə-kəndli Qızıl ordusu hərəkətə gəlir.
Artıq tamamilə darmadağın edilmiş polyak ordusu qırmızılara demək olar ki, heç bir müqavimət göstərmir, yoldaş Stalin 1920-ci ildəki məğlubiyyətin qisasını yetərincə alıb düz Brestə kimi irəliləyir və cəmi 5 gün sonra, 22 sentyabrda bu şəhərdə alman və sovet orduları birlikdə hərbi parad keçirir.
Hitlerə Polşaya hücumuna görə müharibə elan etmiş İngilitərə və Fransadan yoldaş Stalinə bu əməlinə görə heç “gözün üstə qaşın var” ismarıcı da gəlmir – Almaniyaya müharibə elan etmiş müttəfiqlər sovetlərlə də müharibə edəcək halda deyildi.
Beləliklə çox absurd bir mənzərə yaranır, Polşa ilə müttəfiqlik borcunu yerinə yetirən dövlətlər bir işğalçıya müharibə elan edir, 2-ci dünya müharibəsini başlayır, amma o birinin eyni hərəkətlərinə heç bir reaksiya vermir.
Beləliklə 2 il sonra, 1941-ci ildə Stalinlə müttəfiq olmuş bu dövlətlər Polşanın müqəddəratı sualının üstündən daima yan keçir, bu sualı Churchill’in qarşısında dəfələrlə qaldıran Polşanın Londondakı mühacir hökumətinin əsas fiquru olan baş nazir Władyslaw Sikorski isə 1943-cü ildə Cəbbəllüttariq boğazı üzərində naməlum şəraitdə hava qəzasına uğrayıb həlak olur. Bunun sui-qəsd olub-olmaması indiyi kimi tarixçilərin mübahisə mövzusudur.
Faşizm üzərində qələbədən sonra Potsdam konfransında Polşanın yeni xəritəsi cızılır, şərq vilayətləri, oradakı torpaqlar və çox önəmli şəhərlər olan Lvov və Vilno Sovet ittifaqına keçir, Teşino vilayəti isə Çexoslovakiyaya qaytarılır.
Qısaca desək, bu gün 80-illiyi olan həmin sovet işğalının nəticələrinə görə Lvov Ukraynanın, Vilno şəhəri isə Litvanın tərkibinə daxil olur. Lvov hazırda bilindiyi kimi Ukrayna millətçiliyinin mərkəzi və Kiyevə bir çox məsələlərdə alternativ kimi faktiki ölkənin 2-ci paytaxtı hesab olunur. Vilno şəhərinin isə adı dəyişdirilib Vilnius edilərək Livtanın paytaxtına çevrilib.
Bir daha qeyd edək ki, adları keçən ölkələr Ukrayna və Litva, haqlı olaraq cinayətkar adlandırdıqları sovet rejiminin hərəkətləri nəticəsində bu strateji şəhərlərə yiyələniblər.
Bunların əvəzinə kompensasiya kimi polyaklara alman Sileziyasının torpaqları və keçmiş Prussiyanın bir hissələri verilir, qərbdəki çox önəmli alman şəhərləri (Breslau – hazırkı Wrocław, Danzig – indiki Gdansk, Posen – indiki Poznań və s.) Polşanın nəzarətinə keçir. Bunlar indi də bu ölkə üçün müstəsna əhəmiyyət daşıyan şəhərlərdir və Polşa bəlkə də dünya tarixində yeganə dövlət idi ki, xəritəsi müharibə səbəbindən az qala 200 km. qərbə sürüşmüşdü.
Polşa da bütün tarixi boyu tam inteqrasiyasına can atdığı Qərb dünyasına beləcə, “coğrafi sürüşmə” yolu ilə yaxınlaşdı. Şərqdə bəzi əhəmiyyətli şəhərləri itirsə də, qərbdə qazandığı şəhərlər bunu tam kompensasiya edir desək, yanılmarıq. Bunlar arasında müstəsna vacibləri dəniz limanı olan üç şəhər adı almış bölgə – Gdansk, Sopot və Gdynja xüsusilə vacibdir. Hazırda müasir Polşanı ölkə tarixində müstəsna rol oynamış Gdansk, festivallar şəhəri kimi məşhurlaşan Sopot, sənaye şəhəri Gdynja-sız təsəvvür etmək olmaz. Bunun da bilvasitə səbəbkarı qeyd etdiyimiz kimi yoldaş Stalin idi.
Tarixin dolambaclarında bir qədər gəzişəndə gözümüz önündə maraqlı mənzərələr yaranır, deyilmi? Yoldaş Stalin, əgər goru mövcuddursa, orada fır-fır fırlanır yəqin ki.
Bu ölkələrdə, Polşada, Ukraynada, Litvada bizdəki kimi müzakirələrin gedib-getmədiyi mənə məlum deyil. Amma hamıya məlumdur ki, tarix felin məchul növünü sevmir.
Keçək mətləbə
Məsələ bundan ibarətdir ki, ya zəlzələdən, ya vəlvələdən 101 il əvvəl 15 sentyabrda çox böyük bir möcüzə baş verib. Qurucu Atalarımız və Qafqaz İslam Ordusu Bakı kimi bir şəhəri bizim ölkənin paytaxtına çeviriblər. Əgər o zaman bu baş verməsəydi, sonradan Bakı artıq heç bir halda Azərbaycanın tərkibinə daxil edilməyəcəkdi – buna dəlalət edən bir çox sübutlar var. 101 il əvvəl baş vermiş bu tarix bizim xalq olaraq müstəsna uğurlarımızdan biridir və bu tarixdə kimin hansı maraqları üzərindən hərəkət etməsi, sırf akademik anlamda maraq kəsb edə bilər.