Vətən müharibəsində qazanılan birmənalı qələbə, Azərbaycan milləti üçün tektonik bir hərəkətlənmə ilə nəticələndi, melanxolik obrazlara rəğbət bəsləyən cəmiyyətimiz tamam başqa məcrada irəliləməyə başladı. Vətən müharibəsinin uğurla sonlanmasının səbəblərindən biri də, başda Türkiyə olmaqla müttəfiqlərimiz idi. Azərbaycan öz hərbi stategiyasını NATO-nun ikinci ordusu olan Türkiyə modeli üzərində qurdu və bunun bəhrəsini gördü. Bayraktar TB-2 Azərbaycan ordusuna səmaya tam hakim olmaq imkanı yaratdı və PUA-lar ordumuzun gözləniləndən az itki verməsini təmin etdi.
Türkiyə PUA-ları Qarabağ səmasından öncə Suriyanın, İraqın şimalında və uzaq Liviya səhrasında (səmasında) öz effektivliyini göstərmişdi. Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles, Kral Hərbi Hava Qüvvələrinin keçirdiyi konfransda bunları demişdi: “Başqalarının dərslərinə də baxmaq lazımdır. Türkiyənin 2019-cu ilin ortalarından bəri Liviyada istifadə etdiyi Bayraktar TB-2 PUA-larının necə fəaliyyət göstərdiyinə baxın. Bu PUA-lar cəbhə bölgələrinə, tədarük xətlərinə və maddi-texniki bazalara qarşı kəşfiyyat, nəzarət və hədəfləmə əməliyyatları həyata keçirmişdir.”
Konfrans zamanı o da qeyd edilmişdi ki, Türkiyə PUA-ları Suriya ordusunun 3000 əskərini, 51 tankını, 8 helikopterini, 3 dronunu, 3 döyüş təyyarəsini, onlarla anbarını və digər tipli hərbi obyektlərini məhv etmişdir. BMT təhlükəsizlik şurasının yaydığı bəyanata görə Türkiyə Liviyada 850, BƏƏ isə 250 uçuş əməliyyatı həyata keçirmiş, bu isə öz növbəsində Rusiyanın dəstəklədiyi general Haftar üçün böyük problemlər yaratmışdır. Hazırda Türkiyə bölgədə səmaya tam hakimdir və bunu yerli istehsal olan PUA-lar sayəsində təmin edir.
Son bir əsrdir hərbi münaqişələrdən uzaq olan Türkiyə hansı səbəblə son dekadada məhz hərbi potensialının inkşafını prioritet kimi görür və bu hədəf uğrunda uzun illərin mütəffiqi olan ölkələrlə siyasi və diplomatik gərginliyə hazırlaşır?
Yaxın keçmişdə ABŞ-ın İraqı işğalı zamanı Türkiyə, Fransa və Almaniya buna qarşı çıxmış və Qərbdə paradiqma çevrilişinə nail olmuşdular. Ənənə üzrə daxili siyasət və iqtisadi integrasiya ilə məşğul olan, xarici siyasəti ABŞ-ın öhdəliyinə buraxan Avropa və NATO ölkələri, qeyd etdiyimiz kimi, İraq müharibəsində mövqe dəyişdilər. Türkiyə 2003-cü ilin müharibəsinə qəti şəkildə qarşı çıxmışdı. İraqın 1991-ci ildəki ilk işğalı sırasında İraqla birbaşa sərhədi olan Türkiyəyə kifayət qədər ziyan dəymiş, İraqa tətbiq olunan embarqo səbəbindən Türkiyə iqtisadiyyatı 80-100 milyard dollar arasında zərər görmüşdü.
Ərdoğan iqtidarının Türkiyəsi, çoxlarının təsəvvür etdiyi kimi bu illər ərzində təməl azadlıqlarını nəinki itirməmiş, əksinə qazanmışdır. Məhz AKP-nin rəhbərliyi altında İstanbulda ilk dəfə LGTB paradına icazə verilmiş, milliyətçi çizgidən uzaq olan AKP iqtidarı kürdlərə öz doğma dillərində tədris, televiziya yayımı və nəşr imkanı tanımışdır. Ərdoğan 2007-ci ildəki çıxışlarının birində: “Bizim 36-dan çox fərqli mədəniyyətə, din və başqa kimliklərlə mənsub vətəndaşımız var və onlara hörmətlə yanaşmalıyıq” deyə bildirmişdi. AKP administrasiyası qadınların da nəzərə çarpacaq dərəcədə işlə təmin olunmasına nail oldu ki, əvvəlki rəhbərliklərin heç biri bunu edə bilməmişdi. AKP iqtidarı zamanı Erməni Apostol Kilsəsinin Konstantinopol Patriarxlığı da bərpa edilərək, açılışa Ermənistandan qonaqlar dəvət edildi. 2005-ci ildə Türkiyə Ermənistan ilə sərhədlərin açılmasına da çox yaxınlaşmış, lakin bu, baş verməmişdi. AKP həmçinin, Avropanın xristiyan-demokratlarının çoxluq təşkil etdiyi Avropa mühafizəkar partiyalarının bloku EVP-yə də qoşulmuşdur. Avstriyalı jurnalistin “Bu bloka niyə qoşulmusunuz?” sualına AKP sədrinin müavini Murat Mercan belə cavab vermişdi: “Biz hamımız demokratıq, sekulyarlığın olmadığı yerdə demokratiya da ola bilməz. Avropa mühafizəkarları ilə bizi tarixi, insani və ailəvi dəyərlər eyniləşdirir.”
Bəşər Əsədin Türkiyəyə ilk dəfə gəldiyi dövrdə Suriya diplomatik mənada təklənmiş bir ölkə idi. Ərdoğan bu ölkəni blokadadan çıxarmağa nail olmasa da, Yaxın Şərq ilə əlaqələrini genişləndirmə yoluna gedirək, blokadanın ağrılarını kifayət qədər zəiflətmişdi. Anadolu coğrafiyası hər zaman periferiya ərazilərinə bilavasitə təsir imkanlarına malik olmuş, istər Bizans imperiyası, istər Rum Dövləti, istərsə də Osmanlı dövründə bu torpaqları idarə etmişdir. Təsir məkanına hətta Şimali Afrikanı da əlavə etmək mümkündür. Son dekadada isə NATO ilə Türkiyənin maraqlarının ziddiyətli məcraya girməsi bir faktdır. Türkiyənin son 60 ildə Qərbə inteqrasiya üçün etdiyi cəhdlər heç bir effekt verməmiş, xüsusilə ABŞ ilə Türkiyənin region müstəvisində cəbhələşməsi getdikcə kəskin hal almışdır. Nəhayət, Fransa və Almaniyanın 2007-ci ildə birmənalı olaraq Türkiyənin Avropa ailəsinə üzvlüyünü bloklaması, Türkiyəninin üzünü Şərqə çevirmişdir.
Osmanlının süqutundan sonra siyasi və mədəni olaraq parçalanan müsəlman ölkələri, əsasən ərəb Şərqi, 1920-ci illərdən etibarən türklərə ənənəvi olaraq kolonialist gözü ilə baxmaqda idi. Lakin son 10-20 ildə prestiji artan və iqtisadiyyatı güclənən Türkiyə yenidən “İslamın səsi” statusunu qazanmış və bir növ, müsəlmanların müdafiəçisinə çevrilmişdir. Türkiyə, müsəlmanlara qarşı pis rəftarına görə Hindistanı, Avropa ölkələrini, hətta Çini açıq şəkildə tənqid edir. Geopolitik məkandakı yerini aktiv şəkildə yenidən formalaşdıran Türkiyə özünü və müttəfiqlərini qorumaq uğruna ciddi cəhdlə hərbi gücünü artırmaq, müdafiə arsenalını gücləndirmək strategiyasını izləməyə başlayıb.
Lakin Türkiyə hər şeydən əvvəl NATO üzvü olan ölkədir, deməli ordusunu və komandanlığını alyansın standartlarına uyğun inkşaf etdirməli, müttəfiqləri ilə ortaq inteqrasiya xətti tutmalı və maddi-texniki bazasını yalnız bu bloka mənsub silah-sursatla təmin etməli idi, bu isə Türkiyənin birbaşa Avropa və ABŞ-dan asılılığı mənasına gəlirdi. Soyuq müharibə illərində ABŞ strateji əhəmiyyətə malik bu coğrafiyanın mərkəzində, yəni Türkiyədə nüvə başlıqlı Yupiter raketlərini yerləşdirmişdi. Dönəmin türk siyasətçiləri bu raketlərin idarəsinin Türk ordusuna verilməsində israr etsələr də, ABŞ bu tələbi rədd etmişdi, halbuki isti müharibənin başlayacağı təqdirdi SSRİ-nin ilk zərbə vuracağı nöqtələrdən biri məhz Türkiyə idi. Tarix günümüzdə də təkrar olunur – Suriyada müharibə başlayandan NATO (ABŞ) Almaniyada yerləşən Patriot HM sistemlərini oradan Türkiyə-Suriya sərhədinə daşımış və bu dəfə də onların idarəsini türk ordusuna etibar etməyərək, informasiya üzərində tam monopoliyanı əlində saxlamışdır.
Beləlikə, regional təhlükələrdən qorunmağın yeganə yolunun müstəqil müdafiə sənayesinin inkişafından keçdiyini hələ illər öncə anlayan Türkiyə, son 15 il ərzində bu sahəyə külli miqdarda dövlət investisiyası ayıraraq, aktiv döyüş testlərindən keçən modern maddi-texniki baza yaratmağa nail oldu. 2005-ci ildə müdafiə ehtiyaclarının yalnız 15 faizini təmin edən Türkiyə, hazırda bu rəqəmi 70 faizə çatdırmışdır.
Sadəcə özünün silahlı qüvvələrinin ehtiyaclarını ödəməklə kifayətlənməyən Türkiyə, eyni zamanda qlobal arenada da ciddi silah tədarükçüsünə çevrilib. 2019-cu ilin statistik göctəricilərinə görə Türkiyə silah satışında dünya üzrə 14-də yerdə qərarlaşıb. Türkiyənin müdafiə sənayesi hazırda yüngül 4×4, 6×6, 8×8 tipli Xüsusi Məqsədli Taktiki Təkərli Zirehli Vasitələr, Yaxın Şərq coğrafiyası üçün nəzərdə tutulmuş Altay və Kaplan tankları, çox çeşidli roket və mərmi, sualtı qayıq, insansız kater, ağır və orta çəkili friqatlar və döyüş gəmiləri istehsal etməkdədir. 2002-ci ildə 1 milyard dollar gəlir əldə edən Türkiyə müdafiə sənayesi, 2020-ci ildə bu rəqəmi 11 miliyard dollara qədər artmışdır. 2002-ci ildə silah ixracından 248 milyon dollar gəlir əldə edən Türkiyə, hazırda bu rəqəmi ortalama olaraq 3 milyarda çatdırmış, müdafiə sənayəsində iştirak edən şirkətlərin sayı isə 56-dan 1500-ə yüksəlmişdir. Bu gün 75 min insanın çalışdığı müdafiə sanayesi sahəsindəki dövlət layihələrinin sayı son 15 ildə 66-dan 700-ə qədər artmış, gələcək tədqiqatlar üçün 66 milyard dollar vəsait ayrılmışdır.
Türkiyənin hərbi potensialını digər qlobal güclərdən fərqləndirən cəhət, onun kontinentlərarası roket və nüvə başlıqlarına sahib olmaması və daim ekzistensial təhlükə qarşısında müdafiəsiz qalmasıdır. Lakin son otuz ildə yaşanan inkişaf vəziyyətin yaxın 10-20 ildə dəyişəcəyini deməyə əsas verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində:“Bəzi ölkələrin nüvə başlıqlı roketləri var, özü də bir neçə dənə. Lakin bizə imkan tanınmır. Mən bunu qəbul edə bilmərəm” demiş, Türkiyə SQ-nin Qərargah rəisi, General Hilmi Özkök isə “Şimali Koreyadan tutmuş Yaxın Şərqə qədər nüvə silahına malik olan ölkələr bizə qarşı təhlükədir və əgər yaxın gələcəkdə nüvə silahının yayılmasının qarşısını diplomatik yollarla ala bilməsək, kifayət qədər ciddi addımlar atmağa məcbur olacağıq” deyə bildirmişdir.
Türkiyə rəsmilərinin bu çıxışları sözdə qalmır, məqsədyönlü addımlar ilə müşayiət olunur. Misal üçün, Türkiyə 2017-ci ildə Rusiya ilə birlikdə Akkuyu nüvə reaktorunun inşasına başlayır. İlk reaktor ROSATOM tərəfindən maliyyələşdirilsə də, növbəti üç reaktoru Türkiyə özü maliyyələşdirməlidir. Beləliklə, ruslar tərəfindən inşa edilən nüvə stansiyası, onlar tərəfindən də idarə olunacaq, reaktor üçün yanacaq Rusiyadan gətiriləcək, tullantıları isə Türkiyə ərazisindən çıxarılacaq. Yəni Türkiyə ərazisində heç bir nüvə yanacağı qalmayacaq.
Hələ 2015-ci ildə alman mətbuatı Almaniya kəşfiyyatına (BND) istinadla, Türkiyənin nüvə silahı əldə etmək niyyətinin olduğunu yazırdı. Region ölkələrinin Türkiyə ilə Pakistanın yaxınlaşmasına skeptik münasibəti isə bu yaxınlaşmaya zərrə qədər təsir etmir. 1972-ci ildə nüvə proqramını başladan Pakistan kritik ehtiyaclarını ABŞ-dan təmin etmiş, artıq 1978-ci ildə orta zənginləşdirilmiş uranium əldə etməyə başlamış və 1983-cü ildə ilk nüvə testini, 1998-ci ildə isə nəhayət ilk bölünmə (fission) testini həyata keçirmişdir. Təbii ki, bu prosesi daha sürətli həyata keçirən dövlətlər də var, məsələn Hindistan bölünmə testini hələ uzaq 1972-ci ildə keçirmişdi. Hətta minimal resurslara malik Şimali Koreya belə, nəzərə çarpacaq miqyasda nüvə arsenalına malikdir. İlkin texnologiyaları Pakistandan əldə edən Türkiyə bu gün özü elmi və maddi baxımdan nüvə silahı əldə etmək potensialına malikdir. Hazırda Rusiyada nüvə mühəndisliyi sahəsində təhsil xarici tələbələrin siyahısında ikinci yeri türklər tutur, bu isə Türkiyənin yaxın gələcəkdə nüvə ailəsinə üzv olacağından xəbər verir.
Müdafiəni tam təşkil etmək üçün Türkiyə nüvə başlıqlı, uzun mənzilli interkontinental roketlər əldə etməlidir. Hələlik Çin, ABŞ, Rusiya, İngiltərə, Hindistan və Şimali Koreya kimi ölkələrin malik olduğu bu üstünlüyə çatmaq üçün Türkiyə ilkin addımları artıq atmaqdadır. Ortamənzilli roketlərin istehsalına nail olan Türkiyənin Aselsan və Roketsan şirkətləri uzaq mənzilli roketlərin istehsalı üçün daha çox zaman və texnoloji azadlığa ehtiyac duyur. Bununla belə, Türkiyənin S-400-lərə sahib olması, həmçinin texnoloji tərəqqi üçün də zəmanət yaradır. Havadan müdafiə sahəsində boşluqları olan Türkiyənin, bu texnologiyanı əldə etməsi yerli HMS və uzaqmənzilli roketlərin istehsalı istiqamətində atılmış önəmli addım hesab olunmalıdır.
Körfəz müharibəsi zamanı ilk dəfə, rəsmi olaraq NATO-dan HM sistemləri istəyən Türkiyə Hollandiya və Almaniyadan bir neçə sistemin Türkiyənin şərqində yerləşdirilməsinə nail olmuşdu. Uzun illər sürən bu geostrateji ticarətin kulminasiya nöqtəsi Obamanın birinci administrasiyası dönəmində yaşanmış, Türkiyə HMS əldə etmək üçün tender elan etmiş, ABŞ, Rusiya və hətta Çin istehsalı sistemlər ətrafında müzakirələr aparılmışdı. Lakin türklər sistemləri əldə etməklə yanaşı, bəzi komponentlərin Türkiyədə istehsal olunmasını da istəyirdi, bu isə zamanla yerli sistemlərin inkşafı üçün aralı qapı saxlayırdı. Yəni, Türkiyə qərb dövlətlərindən hərbi asılılığından azad olmaqdan başqa, nəinki regional, hətta qlobal oyunçuya çevrilməyi də hədəfləyir.
Qarabağ müharibəsi bir daha sübut etdi ki, hərbi potensial və güclü ordu diplomatik məsələlərin həllində effektiv alətdir və Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin nüvə silahına malik olması Azərbaycanın maraqları baxımından da əlverişlidir. Onu da qeyd edək ki, nüvə silahına sahiblənmək niyyətini gizlətməyən Türkiyənin qərb dövlətləri ilə ciddi problemlər yaşayacağı və sanksiyalarla üzləşəcəyi də bir gerçəkdir. Buna rəğmən, nüvə silahı və kosmik texnologiyalar Türkiyənin gələcək planları içərisində ən vacib keyslər olaraq qalmaqdadır.