Bir-neçə saat öncə, daha doğrusu bu məqaləni yazmağa başlamamışdan qabaq kiçik bir qəza keçirdim. İdman etdiyim vaxt müvazinətimi itirdim və yıxılıb başımı divara çırpdım. Bayaq ağrıyırdım, ancaq indi bu yazını yaza-yaza məni gülmək tutub. Yox, başıma “hava” gəlməyib (buna çox ümid edirəm). Sadəcə yıxılandan sonra anamın həyəcanla o biri otaqdan qaça-qaça gəlib, “o nə gup səsi idi elə?!” deməsi yadıma düşdü. Qadın elə bilib nəsə dağılıb-eləyib, ya da başı üstə yerə dəymişəm. Elə az qalmışdı başım divar qonşunun evindən çıxsın. Yəni, elə möhkəm yıxıldım (hələ də gülürəm). Deyəsən əcəl hərləyir, nədir, dünən də qız dostum əlil arabamı sürəndə aparıb məni divara çırpmışdı. Onda heç yerim zədələnmədi. Bu, başqa tanışların yanında baş verdi və həmin tanışlar gülə-gülə dostumu “pis sürücü” olmağına görə məzəmmət etdilər.
Bu gün nəhayət ki, qan çıxdı. İndi düşünürəm ki, bu hadisə həm də içimdə yığılıb qalmış mənfi enerjinin buxarlanmasına da səbəb oldu. Faktiki ümumiyyətlə enerjim çoxdur. Enerji tutumunun içində bir az mənfi “inqrediyent”lərin olduğunu müəyyən etmişdim. Bu kiçik qəzadan sonra indi tamamilə rahatam. Enerjim yenə də var, sadəcə xaoitik əhvaldan xilas olduğumu düşünürəm. Daxilimi çuğlayan harmonik əhval indi ruhumda mütləq hakimiyyət qurub. Sanki bir-neçə gündür zehnim sürətli və səs-küylü avtomobillərin meydançasına dönmüşdü. Qayğılar və qarışıq duyğular orda sabitliyi radikal şəkildə pozan avtoxuliqanlar kimi meydan sulayırdılar. Buna görə “hər işdə bir xeyir var” fəlsəfəsinə inamımda yanılmadığıma bir daha əmin oldum.
Hər gün fiziki məşğələlər edirəm. Bu, artıq həyat normama çevirilib. İdmansız, hərəkətsiz özümü təsəvvür edə bilmirəm. Realistəm, bir daha əvvəlki kimi yeriməyəcəyimi bilirəm. Aldığım onurğa travmasının ciddiliyindən xəbərdaram. “Möcüzə” yoxdur, əsl möcüzə elə kainatın zərrəsi hesab olunan biz insanlarıq. O, filmlərdə olur e, kimsə ağır qəza keçirir və illər keçəndən sonra hansısa dramatik hadisələr fonunda adam ayağa durur. Belə tipik “möcüzə”lər adətən dənizdə boğulan sevgilisini xilas etmək anında ya da hər hansı ədalətsizliyə mənəvi dirəniş fonunda ortaya çıxır. Filmin qəhrəmanı tibbin və təbiətin qanunlarına şıllaq atır və ayağa durur, “qəhrəmnlıq” nümayiş etdirir.
İllərdir adamların “bəs, həkimlər nə deyir?” sualına oxşar cavabı verməkdən yorulmuram (inşallah insanlardan yorulmaram). 2008-ci ildə qəzadan sonra xəstəxananın ağır reanimasiyasında süni nəfəs aparatına qoşulu olduğum 24 gün ərzində çox qısa zamanda əvvəlki sağlamlığıma qovuşacağımı və yenidən gəzəcəyimi düşünürdüm. 19 yaşım vardı və mən onda bilmirdim ki, onurğanın C5, C6 (boyun nahiyəsinin) kompression sınığı kimi ciddi travmadan sonra insan gəzə bilməz. İndi həmin sadəlövhlüyümü və cahilliyimi xatırlayıb gülürəm. Onda elə rahat idim ki, sanırdım ki, xəstəxanadan çıxanda yeriyəcəyəm. Ağır reanimasiyadan, intensiv reanimasiyaya keçməyimə iki-üç gün qalmış ordakı bir qadın həkimdən soruşdum ki, “həkim, mən nə vaxt yeriyərəm?” (səbəbini bilmirəm amma nədənsə bu sualı öz həkimimə heç vaxt ünvanlamadım). Həkim qadın dedi ki, bu 3 ilə, 5 ilə ya 10 ilə də ola bilər və əlavə etdi ki, baxır onurğanın sağalmasına.
İndi həmin hadisənin üzərindən 11 il keçib və mən bir addım belə ata bilmirəm (2019-cu il qeydləri). Düzü həkimlə dialoqumuzun ardını xatırlamıram. Ancaq yaxşı yadımdadır ki, qadının verdiyi proqnoz mənə çox ağır gəldi. Hətta üç il də mənə çox uzun period kimi gəldi. İlk fürsətdə xəstəxanadan çıxıb böyük həvəslə məşğul olduğum kapoeyra döyüş yarışlarına qoşulmağı və məndən uzaqda olan dostlarımla görüşməyi arzulayırdım. Hiperaktiv həyatdan, hiperpassiv yaşayışa keçən adam üçün həkimin dediyi “3 il” belə qulağa ağır gəlirdi.
İndi düşünürəm ki, görəsən elə öz həkimim səhər konsultasiyaları vaxtı ya axşam iş növbəsində onu gördüyüm vaxtlarda mənə “Orxan, təəssüf edirəm, sən bir də heç vaxt yeriməyəcəksən” sözlərini desəydi, onda nə hiss edər, necə olardım…
Tom Kruzun baş rolda oynadığı, resissor Oliver Stounun çəkdiyi “Born on the fourth of July” (“4 iyulda doğulanlar”) filmində Vyetnam müharibəsində yaralanan və onurğasından zədə alan əsgərə hospitalda həkim birbaşa “təəssüf edirəm, siz bir daha yeriməyəcəksiniz” deyəndə Tom Kruzun üz ifadəsinin dəyişməsi səhnəsini heç vaxt unutmayacağam.
Bir çox hallarda Qərbdə həkimlər bunu birbaşa pasiyentlə bölüşməyi üstün tuturlar. Bu yanaşmanın ideal olub-olmadığını deyə bilmərəm, ancaq onu bilirəm ki, araşdırma nəticəsində məlum olub ki, bir insanın həyatındakı radikal dəyişiklikdən sonrakı əhvalı təqribi bir il ərzində köhnə stabil əhvala qayıdır. Misal üçün, lotoreyada külli miqdarda pul qazanan şəxsin yüksək sevinci və aşırı xoşbəxtliyi, həmçinin bir adam üçün çox dəhşətli bədbəxtçilik hesab olunan qəza və ya xəstəlik sonrası bədənin müəyyən hissəsinin iflic olması, bir ildən sonra həmin iki şəxsin də yenidən orta, stabil, yəni əvvəlki əhvala gəlib qayıtması ilə nəticələnir. İnsan daimi xoşbəxt və ya bədbəxt əhval-ruhiyyədə olmur. Bu hal təbii şəkildə dəyişir.
Təəssüf ki, nə məni əməliyyat edən həkimim, nə mənimlə xəstəxanada yaxşı münasibətdə olan reanimatoloqum, nə də hər hansı həkim, nə o dövrdə, nə də indiki vaxtda barəmdə konkret rəy vermədilər. Onsuz da zamanla travmam, diaqnozum barədə apardığım araşdırmalar nəticəsində məlum oldu ki, mən yeriməyəcəyəm. Ona görə də “həkimlər nə deyir sualına” konkret cavabım olur ki, yeriməyəcəyəm, travmam ciddidir və həyat belə də davam edir.
Əslində oxşar onurğa travması alan adamı, yanındakılar tərpətməməli və təcili yardım maşınının gəlməsini gözləməlidilər. Təkcə mən yox, elə tanıdığım eyni diaqnozdan olan tanışım var ki, hamısını qəza sonrası ora-bura dartışdırıb, zədənin ağırlaşmasına səbəb olublar.
Onurğa travması sonrası mütləq ilk 24 saat ərzində əməliyyat önəmlidir. Statistika da göstərir ki, ilk 24 saat ərzində edilən əməliyyat sonrası zədə almış adamların vəziyyəti, daha gec əməliyyat olunanlardan qat-qat yaxşı olur. Məni isə 3 sutka sonra əməliyyat ediblər. Bunu həkimlər pasiyentin yaxınlarına çatdırmalıdırlar. Mənim həkimim isə bu məlumatı valideynlərimə tövsiyə formasında bildirib. Bu vəziyyətdə qəti fikirlər keçərlidir. Bu da ilkin peşəkar yanaşmadan xəbər verir.
Ardınca əməliyyat sonrası, reanimasiya rejimindən çıxdıqdan sonra qətiliklə travma almış adamın yaxınlarına bildirilməlidir ki, aparın bu adamı fizioterapiyaya. Massaj, müalicəvi bədən tərbiyəsi, elektrostimulyasiya verici müalicələr lazımlı və labüddür. Həkimim başını itirmiş valideynlərimə bunu belə qətiliklə deməyib. Çünki faktiki olaraq oxşar onurğa travması sonrası sanki həmin adama 3 illik “deadline” verilir(!) Bu 3 il ərzində fizioterapiya ilə nə qədər çox, həmçinin peşəkarcasına məşğul olub, nə əldə etdinsə, etdin. Sonrası ancaq “yerində addımlamaq” olacaq. Yəni, ilk 3 ildə orqanizm nə qazandısa qazandı, ondan artıq ciddi böyük nəsə əldə edə bilməzsən.
Mənsə ilk normal fizioterapiyamı 10 ay sonra aldım. Bizi məlumatlandıran olmadı ki, ölkədə (həmçinin ölkədən kənarda) belə diaqnozları olan adamlar üçün nəzərdə tutulan reabilitasiya mərkəzi və sanatoriyalar var və sən mütləq ora getməlisən.
Bütün bunları yazmaqda hər hansı acizlik və ya pessimistlik nümayiş etdirmək niyyətim yoxdur. Həyat davam edir və mən belə də xoşbəxtəm. Məqsəd az da olsa oxşar vəziyyətə yeni düşmüş kəsləri xəbərdar etməkdir. Məktəblərdə, televiziyada onurğa travmaları ilə bağlı ciddi maariflənmə verilişlərinə ehtiyac var. Bu kimi hallar da həyatın bir parçasıdır və heç kim qəzalardan siğortalı deyil.