Gedənin ardından xoş sözlərin deyilməsi adətdir. Bəs, mərhumun bu sözlərə layiq olub-olmadığını, onun gerçək kimliyini və mahiyyətini necə bilmək, tanımaq olar? Hər halda yaşayışına, həyat tərzinə, insanlarla münasibətlərinə baxmaqla.
Bu gün, biz, bir həmyerlimizin mümkünsüzü mümkün etməsinin şahidi olduq. Atamız Rüstəm Aşina (1928-2020) bir neçə gün əvvəl Kopenhagendə vəfat etdi. Onun son arzusu vətənində dəfn edilmək idi. Amma bu arzunun yerinə yetirilməsi həyatımızı bilavasitə və ya dolayı yolla dəyişmiş pandemiya səbəbindən alınan tədbirlərə görə mümkün görünmürdü. Danimarkadan Azərbaycana heç bir təyyarə uçmurdu və biz hüzn, çarəsizlik içində nə edəcəyimizi bilmirdik.
Lakin qəfildən sanki möcüzə baş verdi, üfüqdə yaxşı insanlar göründü, biz, onların böyük ürəkliliyinin şahidi olduq. Ailəmiz, dostlarımız atamızın son arzusunu yerinə yetirmək üçün misilsiz bir iş gördülər – atamızı ana vətəni Azərbaycana apararıb torpağa tapşırdılar. Bu işdə bizə yardım edən həmvətənlərimizə hər zaman minnətdar olacağıq. Sizin etdikləriniz bizim üçün çox dəyərlidir. Bu, bir daha göstərdi ki, Azərbaycan ruhu, onun coğrafi sərhədlərindən çox-çox genişdir.
Atamız Azərbaycanı və Azərbaycan insanını sevirdi. Onun həyat yolu burada başa çatsa da, əbədi xatirəsi sizin həmrəyliyiniz və xoş niyyətiniz sayəsində təmin olundu. Ən qaranlıq zamanlarda belə bizim qəlbimizin işığı heç vaxt sönməyəcək.
Sizə əbədi minnətdarlıqla,
Xaqan, Məsud və Səid Aşina
Kopenhagen, 25 aprel 2020