Hansısa sahəyə aid problemlə qarşılaşırsan, haqqında düşünürsən. Çox keçmir çarəsiz qalırsan. Bir yerdə olan problemdən yola çıxırsan və yol uzandıqca uzanır. Əlini hara qoysan, boşluq, yerində olmayan nəsə çıxır.
Bir hadisə olur, elə bilirsən indi əksəriyyət onun haqqında düşünür. Çünki hamını narahat etməli mövzudur. Belə olmur, reallıq hissini itirməyə dəyməz, bu mövzular əksəriyyət üçün maraqlı deyil.
İctimai əhəmiyyətli, hamının burnunun ucunda bitən çətinlikləri, problemləri görürük, faciələrə şahid oluruq və bunlara münasibət əksərən “mənlik deyil”, “bizlik deyil” formasında olur.
Mənlik və bizlik olmayanlar.
Yazıya mövuzusu yaxın olmasa da, yazanda Con Steynbekin “Qəzəb Salxımları” romanından bir hissə yadıma düşdü. Romanda “mən”in “biz” olması haqqında bir hissə var. Ailələr öz torpaqlarından qovulur, başqa yerlərə getməyə məcbur qalır. Yollarda günlərlə əziyyət çəkən ailələr yavaş-yavaş bir yerə toplaşırlar. Çadırlar yan-yana qurulur. Artıq “mən torpağımdan məhrum olmuşam” yox, “biz torpağımızdan məhrum olmuşuq” düşüncəsi ortaya çıxır.
Şahidi olduğum hadisə: Xəstəxananın reanimasiya şöbəsində bir adam can verir. Ailə üzvləri təşviş içindədir. Əvvəl deyilənlərin əksi olur. Axı belə olmamalı idi. O, sağalacaqdı. Üstəlik ailə xəstəxanada nələrinsə çatışmadığını görür. İndi mənzərə açıq-aşkar göz önündədir. Adi şeylərin qarşısını ala bilmirlər. Xəstənin ürəyi dayanmaq üzrədir, həkimlər heç nə etmədən otaqda gəzişirlər. Düzələcək deyirlər. Dediklərindən əmin deyillər. Çarə də demirlər. Artıq ailə üzvləri səs-küy edir. Bir yol göstərin, bir söz deyin. Yalanların çoxaldığı hiss olunur. Son söz “səbrli olun”dur. Kənardan hər şeyi diqqətlə izləyən gənc həkim sakitcə ailə üzvlərinə yaxınlaşır, oradan aparmasalar xəstənin tezliklə öləcəyini deyir. Ardınca bunu onun dediyini heç kimə deməməyi tapşırır. Bacarırsınızsa, vaxt itirmədən başqa xəstəxanaya yerləşdirin. Əsas ürəyi dayanmasın. O, özünü həqiqəti demək iqtidarında görmür. Vicdanı rahat buraxmır, amma bu dəfə özündən imtina edir. Əsas odur həqiqəti deyən “mən” olmayım. Sonra digər həkimlər də bunu qəbul edir, qarşısını alacaq nəsə yoxdur. Yol da göstərmirlər. Axır-əvvəl başqa xəstəxanaya yerləşdirilməlidir. Yenə pul. Yenə ümid. Ayrı xəstəxanadan həkim qrupu gəlir, qeydlər aparırlar. Sonra bayıra çıxırlar. Ailə üzvlərindən pul istəyirlər, amma xəstənin yolda olarkən belə ölə biləcəyini deyirlər. Çünki gecikiblər. Bunlar danışılan zaman vəziyyət dəyişir, xəstə həyatını itirir. Artıq gecdir.
Başından bəri aydındır. Ortada böyük yalan var, ailə aldadılıb, pulları mənimsənib və səhlənkarlıq olub.
Son ümidləri xadimələrədir. Kimin yaxasından tutsunlar bilmirlər. Xadimələr, tibb bacıları, heç həkimlər də bu işə qarışa bilməzlər, “böyüklər” bütün məsuliyyəti öz üzərlərindən atırlar.
Xəstə həyatını itirib. Həqiqət dəyişmir.
Eyni otaqda, eyni xəstəlikdən əziyyət çəkən insanlar və ailələri var. Həqiqəti bilirlər, amma laqeyddirlər.
Burada da “biz” itir.
Dilləri ilə deyirlər ki, onun adamı ölüb, bizimki sağdır.
Bizim ictimai əsaslı “mən” və “biz” anlayışımız varmı?
Varsa hansı mövzularda üzə çıxır?
***
Yazıya əlavə: Heyvan haqlarının müdafiəsində azərbaycanlıların tez-tez dediyi bir söz var. “Özümüzü qoruyan lazımdır”. Bu gün bir nəfərin bir iti, bir pişiyi qoruması möcüzə kimi görünür.
***
Əvvəl bunu bayırda havanın soyuq olmasına bağladım. Verilən tapşırıq belə idi: Hər kəs başını aşağı salıb otaqda gəzişsin. Etiraz yoxdur, hamı gəzişir. Bunu bir isinmə hərəkəti kimi düşündüm. İndi isə başınızı qaldırıb gözlərinizlə bir-birinizə salam verin. Bunu da edəcəklər? Mənim özümə verdiyim sualım cavabsız qalmadı. Gözləri ilə salam verən yaşlı bir qadınla qarşılaşdım. Özümə dedim, sual vermə, gözlərin insan axtarsın.
Bura kiçik otaqdır, on iki nəfər gəzişir, gözlə salamlaşır, çox keçmir əl-ələ salamlaşmaq tapşırığı gəlir. Bu nisbətən rahatdır. Bir az sonra ard-arda yeni tapşırıqlar gələcək. İndi əllərinizi qaldırın, yalnız bir barmağınızı oynadaraq salamlaşın. Sonra başınızla salamlaşın. Yerinizdə dayanmayın, gəzişməyə davam edin.
İndi isə gözlərinizi ayaqlarınıza zilləyib gəzişin, mən fit çalanda başınızı qaldırıb qarşınızda kim olsa onunla özünüz haqqında danışın. Başımı qaldırıram, qarşımda gənc bir qadın durub. Artıq kifayət qədər salamlaşmışıq, ad deməyə, yaş soruşmağa, hansı ölkədən olduğunu qeyd etməyə ehtiyac yoxdur. Nələri sevirsən, gündəlik həyatın necə keçir, hansı işlə məşğulsan və s. bu mövzular tükənməzdir. Söhbət yarımçıq qalır, fit çalınır, yenidən gəzişirsən, yenidən fit çalınır, yeni insanını tapırsan və bayaq yarımçıq qalan söhbəti unudub başqa nələrdənsə danışırsan.
Sonra nəfəsimizlə şar doldurub oynatdıq, həyatımızda olan ən xoşbəxt günümüzü kağıza yazıb bir-birimizə ötürdük. Bunları kimin yazdığını açıqlamadan qruplara bölünüb səhnələşdirdik və o zaman hamı bir-birinin ən xoşbəxt gününü bildi.
Yeni tapşırıq gəldi.
Biz bir psixoloqun iki saatlıq “yaradıcı toplantı” adı altında yaratdığı məclisə yığışmışdıq. Hər birimiz sonunda etiraf etdik ki, gəlib burada bunları edəcəyimiz ağlımıza gəlməzdi.
Bir paraşüt açıb ətrafında toplandıq, dalğalandırıb dənizə bənzətdik. Ortaya kiçik top atdıq, bu top dənizin dalğalarında vurnuxan kiçik balıq idi. Rəngli, dairəvi paraşütü dalğalandırırıq, ortada dəlik var, top (balıq) o dəliyə düşüb xilas olacaq, amma başımızın üzərindən atlanıb çıxsa öləcək. Yəni dalğalandırıb dənizə bənzətdiyimiz paraşütdən kənara atlasa öləcək balıq.
Beş şansımız var. On iki nəfərik. Danışmadan, yalnız gözlərimizlə bir-birimizə təlimat verib dalğanı idarə edərək balığı dəliyə – öz evinə ötürməliyik. Bu oyundur.
Amma o an heç də bir oyuna bənzəmirdi. Orada dəniz var, amansız dalğa var, balıq var. Balığı xilas etməliyik.
Təxminən qırx-əlli arası yaşı olan mağaza sahibi, gənc aktyor, jurnalist, iki uşağı olan orta yaşlı ailə, danışma və eşitmə məhdudiyyətli bir qız, təqaüdə çıxmış müəllimə, fotoqraf, tələbə, satıcı, işini, yaşını unutduğum bir neçə insan və özüm. Paraşüt ətrafında birləşib balığı xilas etməklə məşğul idik. Yaşımızı, işimizi, düşüncələrimizi, prinsiplərimizi, dərdlərimizi, çətinliklərimizi unudub sırf bu işi bacarmaq üçün çalışırdıq. Hamının üzünə bir-bir diqqətlə baxıram, əllərimiz dənizi dalğalandırır, balıq (top) ortamızda fırlanır, gah göyə qalxır, gah dayanır, gah sakit, gah da sürətlə ortamızda dövr edir. Biz onu xilas etmək istəyirik. Hamımızda bu həyəcan, bu istək hiss olunur. Beş şansımız var idi. Dörd dəfə xilas edə bildik. Bir dəfə başımızın üzərindən atlayıb göyə qalxdı, sonra yerə düşüb öldü, amma ən uzun çalışdığımız o oldu. Sonunda balığı xilas etmiş sayıldıq.