Müasir dünyada “Avropa” coğrafi anlayışdan daha çox tarixi-mədəni və siyasi anlayış kimi başa düşülür. Coğrafi olaraq Avropa hər zaman mövcud olsa da, sözün yeni qavranan mənası son bir neçə əsr ərzində formalaşıb. Fransız tarixçisi Pierre Chaunu “Klassik Avropa Sivilizasiyası” əsərində yazır ki, 1620-ci illərdən başlayaraq “Avropa” sözü vərdiş olunmamış şəkildə daha çox gözə dəyməyə başlayır. 1750-ci illərdən bu yana “xristian dünyası” ifadəsi arxaizmə çevrilir. Onun mənası dəyişir, daha “Avropa”nın ekvivalenti kimi işlənmir. Fransa, Hollandiya və İngiltərədə bu əvəzlənmə çox tez – 1630-1660-cı illərdə baş verdi.
1660-cı ildə “Avropa” qərb leksikonunda görünməyə başlayır. Ancaq İspaniyada, İtaliyanın cənubunda, Avstriyada, Macarıstanda, Polşada, türklərlə üz-üzə duran, Səlib yürüşlərinin havasını yaşadan hər yerdə “xristian dünyası” ifadəsi əvvəlki kimi üstünlük təşkil edirdi. “Klassik Avropa” 1750-ci illərin və Maarifçilik dövrünün törəməsidir ki, bu da iki məqamdan – 18-ci əsrin 1660-cı illərin fransız fikri ilə dərin həmrəyliyindən, bir də 1620-1640-cı illərdəki böyük intellektual inqilabın həqiqi miqyasından qaynaqlanır. Bu yeni yaranan Avropa həm iqtisadi, həm mədəni, həm siyasi olaraq inteqrasiya mərkəzinə çevrilməyi bacardı. Artıq bir çox ölkənin dövlət siyasətinin əsas istiqaməti məhz Avropa ailəsinə qatılmaqla bağlıdır.
Azərbaycanın ictimai fikrində də tarixi və mədəni anlayış olaraq Avropaya tez-tez istinad edilir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan M.Ə. Rəsulzadə öz çıxışında demişdi ki, yeni yaranmış cümhuriyyətin üç rəngli bayrağındakı qırmızı rəng “müasir Avropa demokratik əsaslarının simvoludur”. Azərbaycan kimi bayrağın bir rəmzdən daha artıq məna ifadə edildiyi ölkədə müasir Avropa əsaslarının bayraqda əks olunması çox maraqlı hadisədir. Müasir dövrdə isə Azərbaycan-Avropa əlaqələri çox müxtəlif səviyyələrə yüksələ və enə bilir. Müstəqillikdən bu yana Avropayla bağlı ən yüksək rəsmi səviyyədə “indi politbüro Brüsseldədir” ifadəsini də eşitmək mümkün oldu, kişi və qadın arasında fərq qoymadığı üçün Avropanın tənqid edilməsini də.
Şəxsən mənim Azərbaycanda Avropa məsələsi müzakirə ediləndə ağlıma gələn ilk şəxs qətlə yetirilən mərhum yazıçı Rafiq Tağıdır. Çünki onun məqaləsindən sonra İrandakı məşhur ayətullahlardan biri yazıçı haqqında ölüm fətvası vermişdi və bu məqaləyə görə Rafiq Tağı üç il azadlıqdan məhrumetmə cəzası almışdı. Yazıçı özü də həmin məqalədə qeyd edir ki, “Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır”. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq 400 ildir ki, Avropa “xristian dünyası” anlayışını ifadə etmir, ancaq yazıçını bu fikirlərinə görə ittiham edənlər özləri 1400 il əvvəlki ideyalarda ilişib qaldıqları və 14 əsrdir yerlərində saydıqları üçün, onların təsəvvüründə Avropa hələ də, “xristian dünyasıdır” və onların 4 əsr əvvəlki reallığı dərk etməsi üçün ən yaxşı halda 1000 il daha gözləmək lazım olacaq.
Ölkədə əsas müxalifət partiyaları Azərbaycanın xarici siyasətində Avrointeqrasiya istiqamətinin alternativsiz olduğunu bəyan etsə də, iqtidar partiyası daha çox neytral və balanslaşdırılmış siyasətə üstünlük verilməli olduğunu ifadə edir. Bəs, mütləq əksəriyyəti apolitik olan ortastatistik azərbaycanlının Avropaya qarşı münasibəti necədir və gözləntiləri nədən ibarətdir? Əfsuslar olsun ki, ölkəmizdə siyasi və ideoloji meyllər başda olmaqla demək olar ki, heç bir ictimai mövzuda rəy sorğuları və araşdırmalar aparılmadığı üçün bu məsələylə bağlı təsəvvürləri hansısa konkret məlumatlarla əsaslandırmaq çox zaman çətin olur. Ancaq bugünlərdə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq etdiyi altı ölkədə (Azərbaycan, Gürcüstan, Ermənitan, Ukraniya, Belarus və Moldova) 2020-ci ildə keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqladı. Sorğuyla bağlı müəyyən tənqidlər səslənsə də, düşünürəm ki, Azərbaycandakı meyllər haqqında təsəvvür sahibi olmaq və azərbaycanlıların digər qonşularımızla müqayisədə mövqelərindəki fərqlilikləri görmək baxımından bu sorğunun müzakirə edilməsində fayda var. Qeyd etmək lazımdır ki, illik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.
1000 nəfər arasında keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 44 faizi Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürlərə malikdir. Maraqlıdır ki, bu rəqəm 2016-cı il ilə müqayisədə 17 faiz artıb. Əhalinin cəmi 9 faizi Avropa İttifaqı haqqında mənfi təsəvvürə malikdir. Daha 35 faizlik qrup Avropa İttifaqına qarşı mövqeyini “neytral” olaraq dəyərləndirib. “Bilmirəm” cavabı verənlər isə iştirakçıların 12 faizinə bərabərdir.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, şərq tərəfdaşlığı ölkələri vətəndaşlarının ortalama 57 faizi Avropa İttifaqının öz ölkələrinə göstərdiyi maliyyə yardımlarından xəbərdar olsa da, Azərbaycanda bu rəqəm iki dəfəyə yaxın az, yəni 30 faizdir. Azərbaycan mətbuatında Azərbaycana edilən yardımlarla bağlı xəbərlər çox gündəm olmasa da, qeyd etmək lazımdır ki, müstəqillik dövründə Avropa İttifaqı tərəfindən Azərbaycana 600 milyon avrodan çox yardım ayrılıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Avropa İttifaqının ölkəmizə ayırdığı vəsaitin həcmi isə 14 milyon avroya bərabərdir.
Sorğunun ən pozitiv göstəricilərindən biri isə odur ki, Avropa İttifaqı Azərbaycanda ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir. 2018-ci ilə nəzərən Avropa İttifaqına etibar edən vətəndaşların sayı 13 faiz artıb. Rusiya meylli Avrasiya İqtisadi Birliyinə isə respondentlərin cəmi 26%-i etibar edir. Əslində bu da kifayət qədər ciddi göstəricidir. Yəni, potensial “beşinci kolon” ölkə əhalisinin dörddə birinin dəstəyini ala bilər. Avropa İttifaqı şərq tərəfdaşlığı proqramına daxil olan bütün ölkələrdə Azərbaycanda olduğu kimi ən çox etibar edilən xarici qurum olsa da, maraqlıdır ki, bu ölkələr arasında ən az faiz Azərbaycanda qeydə alınıb. Avropa İttifaqına inam faizi Gürcüstanda (69%), Ukraynada (66%), Moldovada (63%) , Ermənistanda (60%), Belarusda (45%) və Azərbaycanda (41%) təşkil edir. Bu nəticəni Belarus istisna olmaqla digər ölkələrdə Avropa İnstitutlarının və onlarla əməkdaşlıq edən yerli təşkilatların Azərbaycana nəzərən daha rahat və geniş çərçivədə fəaliyyət göstərə bilməsi ilə də əlaqələndirmək olar.
Sorğuda ən çox diqqət çəkən məqamlardan biri də vətəndaşların fikrincə hansı sahədə Avropa İttifaqının dəstəyinə ehtiyacın olması ilə bağlıdır. Azərbaycanda bu istiqamət üzrə siyahıda sonuncu yerləri demokratiya, hüquq mühafizə və ədliyyə sisteminin keyfiyyəti istiqamətləri tutub. Ölkəsində hüquq-mühafizə sisteminin yaxşılaşdırılması ilə bağlı dəstəyə ehtiyacı olduğunu düşünən ermənilərin sayı azərbaycanlılara nəzərən 1.5, gürcülərin sayı 2 dəfə çoxdur. Ədliyyə (məhkəmə) sistemi ilə bağlı bu qənaətdə olan erməni və gürcülərin sayı isə azərbaycanlılardan 4 dəfə çoxdur. Halbuki mövzuyla bağlı əksər hesabatlarda qonşuların mövqeyi Azərbaycanla müqayisədə daha yaxşı olur.
Azərbaycanlıların Avropa İttifaqından ən çox dəstək gözlədiyi sahələr təhsil, məşğulluq imkanları və turizmdir. Eyni mövzuda Ermənistanda ən çox dəstək gözlənilən sahə ilk olaraq səhiyyə sisteminin inkişafı, daha sonra isə iqtisadi inkişaf və təhsildir. Gürcülər üçün isə prioritet istiqamətlər ilk olaraq iqtisadi inkişaf, daha sonra səhiyyə sisteminin inkişafı və məşğulluq imkanları ilə bağlıdır. Maraqlıdır ki, həm Ermənistanda, həm də Gürcüstanda respondentlərin 40 faizindən çoxu ölkələrindəki səhiyyə sisteminin inkişafı ilə bağlı dəstəyə ehtiyacları olduğunu düşünsə də, bu qənaətdə olan azərbaycanlıların sayı 25 faizdir. Yəqin ki, azərbaycanlıların əksəriyyəti ciddi tibbi müalicə üçün əksər hallarda qonşu ölkələrin tibb xidmətlərinə müraciət etdiyi üçün, yerli səhiyyə sistemlərinə olan ümidlərini birdəfəlik üzüblər.
Sorğu nəticəsində üzə çıxan digər maraqlı məqamlar isə əhalinin 67 faizinin işsizlikdən, 33 faizinin maaşlardan narazı olması ilə bağlıdır. Ölkənin gələcəyi ilə bağlı optimist olanların sayı 58 faiz olsa da, bu ötənilki göstəriciyə nəzərən 10 faiz azalma deməkdir. Korrupsiya ilə bağlı narahatlıq ifadə edən vətəndaşların sayında isə 5 faiz artım müşahidə edilir. İnformasiya mənbəyi baxımından isə, sorğuda iştirak edənlərin 70 faizi hər gün telekanalları izləyir, 44 faiz internet (ötən ilə nəzərən 9 faiz çox), 42 faiz isə sosial media istifadəçisidir. Daha bir maraqlı rəqəm sorğu iştirakçılarının 82 faizinin hökümətə, 61 faizinin yerli idarəetmə qurumlarına (ötən ilə nəzərən 6 faiz aşağı), 57 faizinin parlamentə (ötən ilə nəzərən 13 faiz daha aşağı) güvənməsi ilə bağlıdır ki, bu istiqamət üzrə Azərbaycan digər şərq tərəfdaşlığı ölkələrindən daha yüksək göstəricilərə malikdir.