Azərbaycanda müstəqil dövlətin yaradıldığını dünyaya elan edən 28 may 1918-ci il tarixli “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın Türk və Müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk demokratik, parlamentli respublika üsul-idarəsinə malik dövlət olduğu qeyd edilirdi. Azərbaycan torpaqlarının 97,3 min km2 ərazisi mübahisəsiz, 16,6 min km2i isə Ermənistan və Gürcüstan ilə mübahisəli idi (Mahmudov, 2004, s. 12).
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və dövlətlərlə sülh münasibətləri qurmağı niyyət edir, öz sərhədləri içərisində yaşayan insanların milliyəti, dini, sinfi, irqinə görə fərq qoymadan hamısının siyasi və vətəndaşlıq hüquqlarını təmin etməyi öhdəsinə götürürdü. Parlament qurulana qədər ölkəni xalqın seçdiyi Milli Şura və bu Şura qarşısında məsul olacaq Keçici Hökümət idarə edəcəkdi (İstiqlal Bəyannaməsi, 1918). Milli Şuranın rəhbəri M.Ə. Rəsulzadə, köməkçisi Həsən bəy Ağayev, baş katib isə Mustafa Mahmudov təyin olunmuşdu. 28 may tarixində qurulan 9 nazirdən ibarət Nazirlər Şurasının rəhbəri isə Fətəli xan Xoyski idi.
28 may-17 iyun 1918-ci il tarixlərində mövcud olan birinci hökümətin (Nazirlər Şurasının) tərkibi aşağıdakı kimi idi (Nağıyeva, 2008, s.10):
- Nazirlər Şurasının rəhbəri və Daxili İşlər Naziri – Fətəli xan Xoyski (bitərəf)
- Hərbi nazir – Xosrov bəy Sultanov (müsavat)
- Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat)
- Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat)
- Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat)
- Ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov (bitərəf, daha son müsavat)
- Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamzadə (Hümmət)
- Yollar, poçt və teleqraf naziri – Xudat bəy Məlikaslanov (bitərəf)
- Dövlət müfəttişi – Camo bəy Hacınski (sosialist)
Göründüyü kimi birinci hökümətin tərkibində dövləti quran müsavatçılar əsas yeri tutsa da, digər partiyaların nümayəndələrinə də yer verilmişdi. Lakin 1918-ci ilin may ayında Nuru Paşa komandanlığında “Qafqaz İslam Ordusu” adı daşıyan Osmanlı-Azərbaycanlı ortaq hərbi qüvvələri Gəncəyə gəldikdən sonra Nuru Paşa Azərbaycanın daxili işlərinə müdaxilə etməyə başlamışdı. Onun əmri ilə Azərbaycan Nazirlər Şurasındakı sosialist nümayəndələr vəzifələrindən uzaqlaşdırılmış, həmçinin millətçi olan lakin osmanlıyönümlü olmayan nazirlər də vəzifədən uzaqlaşdırılmaqla hədələnmişdilər (Pipes, 1964, s. 205). Əlavə qeyd edim ki, 18 min nəfərlik Qafqaz İslam Ordusunun 1/3 hissəsi Osmanlı İmperiyasının 5-ci piyada qoşun hissələrindən, qalan hissəsi isə Əliağa Şıxlinskinin rəhbərliyi altında Müsəlman Korpusunun üzvlərindən təşkil olunmuşdu (Swietochowski, 1985, s. 130). Bu korpusun əsasında 26 iyun 1918-ci il tarixində Azərbaycan Əlahiddə Korpusu yaradılmış, bu isə Azərbaycanın ilk nizami ordusunun yaranması günü olaraq tarixə keçmişdir (26 iyun hazırda Silahlı qüvvələr günü olaraq qeyd edilir).
Beləliklə, təəccüblü deyil ki, 17 iyun – 7 dekabr 1918 tarixlərində mövcud olan ikinci hökümətin tərkibində yuxarıda adları qeyd edilən nazirlərdən sadəcə 4-ü yer almışdır. Maraqlıdır ki, ikinci hökümətdə Hərbi nazir vəzifəsi ləğv olunmuş, X. Sultanov isə əkinçilik naziri təyin olunmuşdu. Məhz Osmanlı Ordusu Azərbaycanı tərk etdikdən sonra, öncə Hərbi işlər üzrə müvəkkil vəzifəsi yaradılmış, daha sonra Hərbi nazir vəzifəsi (3-cü hökümət kabinetində) bərpa edilmiş, Səməd bəy Mehmandarov isə AXC-nin süqutuna kimi bu vəzifəni daşımışdır (Nağıyeva, 2008, s 10). Şıxlinski Mehmandarovun köməkçisi olaraq təyin olunmuşdu. Onu da qeyd edim ki, 28 aprel 1920-ci il tarixində AXC höküməti Sovet hökümətinə təhvil verdikdən bir gün sonra Azərbaycan SSR-in hərbi və dəniz işləri üzrə xalq komissarı Şıxlinskinin yanına gələrək, ona müavini olaraq çalışmağı təklif etmiş, lakin ön şərt olaraq AXC dövründə daşıdığı paqonları çıxarmağı tələb etmişdi. Şıxlinskinin cavabından sonra o, hərbi işlər üzrə komissar müavini olaraq təyin olunmasa da, Azərbaycan ordusunun qurucularından biri olaraq hərbi rəhbər təyin olunmuşdu (Şıxlinski, 1984, s. 176).
Maraqlıdır ki, Osmanlı ordusu I Dünya Müharibəsində məğlubiyyətə uğrayaraq 30 oktyabr 1918 tarixində imzaladığı Mudros müqaviləsinin şərtlərinə əsasən Qafqazı və Azərbaycanı tərk etdikdən sonra, noyabr 1918-də İngilis ordusu ikinci dəfə ölkəyə daxil olmuşdu. Məhz ingilislərin təzyiqi altında formalaşan 3 və 4-cü hökümət kabinetlərinin tərkibi daha rəngarəng olmuş, nəinki qeyri-müsavatçılar, hətta qeyri-müsəlman nazirlər də vəzifələrə təyinat almışdılar. Məsələn, 3-cü kabinetdə (26 dekabr 1918-14 mart 1919) maliyyə naziri (İ. Protasov), ədliyyə naziri (T. Makinski), xalq səhiyyəsi naziri (Y. Gindes), ərzaq naziri (K. Lizqar) qeyri-müsəlman olmuş, 4-cü kabinetdə (14 mart-22 dekabr 1919) digər qeyri-müsəlman nazirlərlə yanaşı hətta erməni əsilli portfelsiz nazir (Daşnaksütun partiyasından X. Amaspür) də yer almışdır.
Yenə ingilislərin Azərbaycana ikinci gəlişi zamanı açılan (7 dekabr 1918) Parlamentin tərkibində yer alan türk-müsəlman fraksiyasından (80 nəfər) başqa, 10 əlavə fraksiya fəaliyyət göstərirdi ki, onlar da əsasən ermənilər (21 nəfər), ruslar (10 nəfər), almanlar, yəhudilər, gürcülər, polyaklar (hər birindən 1 nəfər), Bakı Həmkarlar İttifaqı (3 nəfər), Bakı Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı (2 nəfər) ilə təmsil olunmuşdu. Osmanlı ordusu Azərbaycanda olduğu müddətdə Azərbaycan bayrağı Osmanlı bayrağı ilə eyni idisə də (qırmızı bayraq, ortasında ay-ulduz), ingilislər gələndən sonra Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağı (9 noyabr 1918) qəbul edilmişdi. Bu həm də Azərbaycanın Osmanlı ilə əlaqəsinin kəsilməsini simvolizə edirdi.
Maraqlıdır ki, 13 iyun 1919-cu ildə Bakıda ingilis qoşunlarına qarşı göstərişlərdən iki ay sonra, yəni 24 avqust 1919 tarixində ingilislər ikinci dəfə Azərbaycanı tərk etdikdən sonra qurulan 5-ci (sonuncu) hökümət kabinetində (24 dekabr 1919-1 aprel 1920) artıq müxtəlif partiyalardan (müsavat, bitərəf, əhrar, ittihad, sosialist) olan yalnız müsəlman nazirlər yer almışdı. Beləliklə, Azərbaycan hökümətlərinin tərkibinin müəyyən olunmasında müxtəlif dövrlərdə burada mövcud olan xarici qüvvələrin birbaşa təsirlərinin olduğunu deyə bilərik.
Lakin bu təsirlərin Azərbaycan lehinə vəya əleyhinə olması əsas məqamı təşkil edir. Məsələn, Osmanlı təsiri ilə Azərbaycan hökümətinə tam loyal qüvvələr kabinetdə təmsil olunurdularsa, ingilislərin təsiri ilə kabinetə daxil olan qeyri-müsəlman və qeyri-müsavatçı təmsilçilər heç də Azərbaycan hökümətinə loyal sayılmazdılar.
Bununla yanaşı, Osmanlı türkləri və ingilislərin türk/tatar-erməni milli davasına yanaşmaları da tam fərqli idi. Osmanlı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ, Zəngəzur və Naxçıvan kimi mübahisəli ərazilərdə azərbaycanlıların idarəçiliyini dəstəkləyir, bunun üçün hərtərəfli yardım edirdisə, ingilislər ikili siyasət yürüdürdü. Məhz ingilislərin, xüsusilə general Tomsonun təzyiqi ilə ilk vaxtlarda daşnaklar sakitləşdirilmiş və Xosrov bəy Sultanov (keçmiş Hərbi nazir) Qarabağ və Zəngəzura idarəçi təyin olunmuşdusa da, daha sonra yerli erməniləri sakitləşdirmək üçün general Tomson və digər rəsmi ingilis nümayəndələri onlarla görüşdə belə bir ifadə səsləndirmişdilər:
“Azərbaycan administrasiyasının və qoşunlarının Qarabağ və Zəngəzurda olması bu ərazilərin Azərbaycana məxsus olacağı demək deyil, belə ki, bu ərazilərin son taleyi sülh konfransında müəyyən olunacaq” (Mikaelyan, 1992, s. 62).
Daha sonra, elə məhz ingilislərin dolaylı yardımları ilə Qarabağın Erməni Şurası fəaliyyətini aktivləşdirərək bölgəni öz idarəsinə keçirə bilmişdi. Hətta Naxçıvanın da erməni idarəsinə keçməsi haqda 1919-cu ilin aprelindən etibarən çox saylı məsələlər qaldırılırdı. Həmin ilin may ayında ingilislərin dəstəyilə daşnaklar bu ərazidə peyda olmuşdu. Bu vəziyyət ingilis ordusunun iyun-avqust 1919 arasında Azərbaycanı tərk etməsinə qədər davam etmiş, daha sonra Azərbaycan ordusu bu ərazilərdə öz nəzarətini təkrar bərpa etmiş, 15 avqust 1919-cu il tarixində isə Qarabağ və Zəngəzurun Erməni Şurası (7-ci konqresi) belə bir qərar qəbul etməli olmuşdu:
“Qarabağın ermənilərlə məskunlaşmış dağlıq hissəsi, sülh konfransı keçirilənədək özünü Azərbaycan Respublikasının tərkib hissəsi olaraq görür” (Mikaelyan, 1992, s. 323).
Beləliklə, Azərbaycan adı çəkilən ərazilər üzərində nəzarətini bərpa etmişdi.
İngilislərin erməni yönümlü davranışlarının əsasında Böyük Britaniyadakı erməni milli təşkilatlarının fəaliyyətinin əsas rol oynadığını deyə bilərik. Daha öncəki araşdırma zamanı Osmanlı, Rusiya və İran kimi imperial dövlətlərin ərazisində yaşayan ermənilərin vahid “böyük Ermənistan” dövlətini yaratmaq kimi plan/proqramları (vəya xəyalları) olan milli təşkilatlarını Avropa dövlətlərində qurduqlarından və bu təşkilatların aktiv fəaliyyətindən (xüsusilə Fransada) bəhs etmişdim. Eyni şəkildə erməni milli təşkilatlarının Böyük Britaniyadakı aktiv fəaliyyəti də mövcud olmuşdu.
1870-ci illərdən etibarən Avropa ölkələrində aktivləşən ermənilər 1880-ci illərdə artıq ingilis xarici siyasətinə də təsiretmə gücü qazanmışdılar. 1885-ci ildə Londonda Erməni Patriotik Komitəsi qurulmuşdu. Bu komitə həm propoqanda, həm də təşkilatlanma işlərini koordinasiya edirdi. Londonda “Haiasdan” adlı qəzet də çap olunurdu. 1886-cı ildə iki Britaniya höküməti parlament tərəfindən erməni məsələsinə daha ciddi yanaşmaq üçün təzyiqlər alırdı. Bu, oradakı ermənilərin ingilis parlamentinə təsir mexanizmini qura bildiklərini göstərirdi. Lakin 1886-cı ildə Gladstone höküməti bu təzyiqlərə uyğun xarici siyasət xətti qururdusa, ondan sonra (həmin ilin iyulunda) hakimiyyətə gələn Salisbury (1886-1892-ci illərdə ilk Baş nazirlik dönəmi) daha ehtiyatlı siyasət yeritməyə başladı. Onun üçün ingilis maraqları, erməni maraqlarından daha önəmli idi. Məsələn, daha bir regional güc olan Rusiyanın Osmanlını məhv etməsi, onun daxili işlərinə müdaxilə edəcək qədər bölgədə irəliləməsi Britaniya üçün qəbuledilməz idi. 1877-ci ildə türk-erməni qırğınını bəhanə edərək 1877-1878-ci illərdə Osmanlıya müharibə edən Rusiya İstanbula daxil olduqdan sonra Avropa dövlətləri ona təzyiqlərini artırmağa başladılar. Rusiya Osmanlı torpaqlarından çıxmaq üçün San-Stefano sülh müqaviləsinin 16-cı maddəsi olaraq Şərq vilayətlərin xristian təbəələrinin özünü idarəetməsinə dair reformların həyata keçirilməsi şərtini irəli sürmüşdü. Lakin məhz ingilislərin təzyiqi nəticəsində 13 iyul 1878-ci il tarixli Berlin müqaviləsinə görə Rusiya qeyd-şərtsiz Osmanlı torpaqlarını tərk etməyə məcbur olmuşdu. Bu isə erməniləri çox məyus etmişdi. Doğrudur, yeni müqavilədə də Osmanlının xristianlara qarşı münasibətində müəyyən reformlar öz əksini tapmışdı, lakin bu ermənilərə hərhansı özünü idarəetmə haqqı verməyəcəkdi (Zeidner, 1976, s. 473). Lakin Salisbury bu siyasətini ikinci Baş nazirliyi dönəmində (1895-1902) dəyişmiş və Abdül Həmidin reformları həyata keçirməkdə istəksizliyini bəhanə edərək Osmanlıya qarşı bir rəftar sərgiləməyə başlamışdı. İş o yerə çatmışdı ki, Salisbury 1896-cı ildə böyük güclərin erməniləri müdafiə etmək bəhanəsi ilə Osmanlıya birgə hücum etməsinə və imperiyanı parçalamasına çağırış edirdi. Lakin nəticə etibarilə onun bu siyasəti öz dövründə həyata keçmədi (Rayburn, 2002, s. 20-21).
Göründüyü kimi böyük güclər öz maraqları daxilində erməniləri istədikləri qədər dəstəkləyir, yenə öz maraqları daxilində erməniləri onlara lazım olan anlarda tək qoyurdular. Çünki ermənilər beynəlxalq siyasətin subyetki deyil obyekti olaraq nəzərdən keçirilirdilər. Hətta onlar böyük güclərin Yaxın Şərq siyasətinin tərkib hissəsində bir parça idilər. Məhz bu səbəblə də Qafqazda enerji maraqları olan ingilislər 1918-1920-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir, ermənilərə isə yardımı sadəcə gizli xarakter daşıyırdı. Məsələn Türk ordusu Bakını tərk edəndən sonra general Tomsonun komandanlığı altında ingilis ordusu şəhərə girdikdən sonra “Britaniya Neft İdarəsi” adlı bir təşkilat qurulmuşdu. Bu təşkilat o vaxtkı qiymətlərə uyğun olaraq 114 milyon rubl dəyərində nefti Ənzəli, Batum yolları ilə Azərbaycandan çıxararaq ölkə iqtisadiyyatına böyük zərbə vurmuşdu. İngilislər Xəzər sahilində Azərbaycanın özünə aid hərbi birlik yaratmasına icazə verməmiş, bir çox hərbi təsis ingilislər tərəfindən yağmalanmış, Bakı-Batum neft boru xəttini nəzarətə keçirərək bu yolla Azərbaycanın xaricə neft satışını kontrol etmiş, hətta ölkəyə başqa ölkələrin neft şirkətlərinin girməsinə belə nəzarət etmişdilər. Məsələn, Qərb şirkətləri Parisdə Azərbaycan neft sahələri ilə bağlı konsorsiumun yaradılmasına dair toplantı keçirmiş, bu toplantıya Baş nazir Fətəli xan Xoyskini dəvət etmək istəmiş (Gökçe, 2014, s. 943), lakin ABŞ-ın Standard Oil şirkətinin 3 milyon dollar dəyərində təklif verməsi ilə Xoyskinin iştirakı olmadan daha öncə Nobel şirkətinə aid 11 sahə Amerikan şirkətinə satılmışdı. Lakin məhz ingilislərin təzyiqi ilə (ingilis şirkətlərinin amerikan şirkətləri ilə rəqabəti səbəbilə) bu anlaşma ləğv edilmişdi (Gökay, 2001, s. 8).
1919-cu ildə ingilis ordusu Azərbaycanı ikinci dəfə tərk edəndən sonra Azərbaycan höküməti neft sektorunu canlandırmaq üçün müəyyən tədbirlər görməyə çalışsa da, alınmamış, həm də buna Sovet işğalı səbəbilə heç vaxtı da qalmamışdı. AXC höküməti ölkənin neft ehtiyatlarının yalnız 1/3 hissəsinə nəzarət edə bilirdi. Qalan hissəsi isə xarici şirkətlərin əlində idi (Mehdiyev, 2000, s. 28). Bununla belə neft gəlirləri sayəsində Azərbaycanın ilk milli dövləti ordu quruculuğu işini həyata keçirə bilmişdi. Məsələn Qırmızı Orduya qarşı savaşan Denikinə satılan neftin əvəzində Azərbaycana 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng göndərilmişdi. Beləliklə ümumi olaraq neft gəlirləri sayəsində Azərbaycanın 2 topçu tüfəng, 1 topçu ordu hissəsi, 3 zirehli qatar, 5 təyyarə, 6 ağır zirehli taborları təşkil edilə bilmişdi (Mustafazadə, 2006, s. 68).
Azərbaycanda Sovet idarəçiliyi qurulandan sonra isə neft sektoru ayrı-ayrı şəxslərin və şirkətlərin əlindən alınaraq milliləşdirilmişdir. Sovet dövründə isə Azərbaycanın siyasi sistemi mərkəz Rusiyayanın birbaşa təsiri altında formalaşmışdır.
İstifadə olunmuş mənbələr:
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi. (1918).
Gökay, B. (2001). The Politics of Caspian Oil, New York: Palgrave Macmillan.
Gökçe, M. (2014). “1. Dünya Savaşı Döneminde Hazar Petrolleri İçin Yaşanan Rekabet”, 12. Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresi, 2. cilt, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı.
Mahmudov, Y. (2004). Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 1-ci cild, Bakı: Lider Nəşriyyatı.
Mikaelyan, V. (1992). Nagorny Karabakh v 1918-1923, Сборник Документов и Материалов, Yerevan: İzdatelstvo Akademii Nauk Armenii.
Mustafazade, R. (2006). Две республики: азербайджано-российские отношения в 1918-1922 гг, Moskva: MİK.
Nağıyeva, Ş. (2008). Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920): Biblioqrafiya, Bakı.
Pipes, R. (1964). The Formation of the Soviet Union: Communism and the Soviet Union, 1917-1923, Cambridge: Harvard University Press.
Rayburn, D. (2002). The Greatest Diaster: The Failure of Great Britain`s Ottoman Empire Policy, 1914, Master thesis, Texas A&M University.
Swietochowski, T. (1985). Russian Azerbaijan, 1905-1920: The Shaping of National Identity in a Muslim Community, New York: Cambridge University Press.
Şıxlinski, A.A. (1984). Мои воспоминания, Bakı: Azərnəşr.
Zeidner, R.F. (1976). “Britain and the launching of the Armenian Question”, International Journal of Middle East Studies, 7(04), 465-483.