Yelizavetpol quberniyası 1868-1917-ci illərdə şimaldan Zaqatala okruqu və Dağıstan oblastı, cənubdan Qacar dövləti, şərqdən Bakı quberniyası, qərbdən Tiflis və İrəvan quberniyası ilə həmsərhəd olan Rusiya imperiyası ərazisi idi.
Quberniyanın 60,8%-ni tatarlar (azərbaycanlılar), 33,3%-ni ermənilər, 1,7%-ni ruslar, 1,6%-ni ləzgilər, 0,8%-ni udinlər, 0,39%-ni tatlar və 0,26%-ini isə almanlar təşkil edirdi. Yelizavetpol quberniyasında 552.822 nəfər müsəlman, 298.685 nəfər qriqorian, 10.429 nəfər pravoslav xristian, 9507 nəfər paqanist idi. Quberniyada əhalinin 36,3%-i şiə, 36,3%-i qriqorian, 25,2%-i sünni, 0,24%-i yəhudi, 0,21%-i isə pravoslav idi. Quberniyada əhalinin 89,84 faizi kəndlərdə, 10,16 faizi isə şəhərlərdə yaşayırdı (Troynitskiy, 1904:IV). Yaşam baxımından əhalinin çox hissəsi oturaq olsa da, xüsusən də azərbaycanlılar və kürdlər arasında köçərilərə rast gəlinirdi. Ümumilikdə Yelizavetpol quberniyasına 8 uyezd daxil idi: Yelizavetpol, Ərəş, Cəbrayıl, Cavanşir, Nuxa, Şuşa, Zəngəzur və Qazax. 1897-ci ildə quberniyada 878.415 nəfər yaşayırdı ki, bunlardan 480.012 nəfəri kişi, 398.403 nəfəri qadın olmuşdur.
Yelizavetpol quberniyasının əksəriyyəti hazırda Azərbaycan Respublikasının sərhədləri içərisindədir.
Əhalinin sıxlığı
Regionda əhalinin sıxlığı Qafqaz quberniyaları arasında ən aşağı idi, 1 kvadrat verstə[1] 22,6 nəfər düşürdü. Uyezdlərin ayrı-ayrı göstəriciləri isə belə olmuşdur:
Cədvəldən də göründüyü kimi regionda ən sıx yaşayış olan uyezd Nuxa, əhalinin ən az məskunlaşdığı uyezd isə Cavanşir idi. Nuxa uyezdində məskunlaşma Cavanşir uyezdi ilə müqayisədə 2 dəfədən çox olmuşdur.
Qadın kişi nisbəti
Çar Rusiyasında kişilərin sayı ilə qadınların sayı arasında ən böyük disbalans Yelizavetpol quberniyasında müşahidə edilir. Quberniyada yaşayan 878.415 nəfər əhalinin 480.012 nəfəri kişi, 398.403 nəfəri qadın olmuşdur. İrəvan quberniyasında olduğu kimi Yelizavetpol quberniyasında da uyezdlərin mərkəzi şəhərlərində qadın sayı uyezdlərin özü ilə müqayisədə xeyli az idi. Aşağıdakı cədvəldə bunu daha yaxşı görmək mümkündür:
Cədvəldən göründüyü kimi Ağdaşın 82, Qazaxın 76, Cəbrayıl şəhərinin 70 faizini kişilər təşkil edirdi. Ağdaş bu baxımdan Çar Rusiyasında qadına nisbətdə ən çox kişilərin yaşadığı şəhər olmuşdur. Şəhərdə kişi sayının çox olmasına baxmayaraq uyezdlərdə qadın sayı kişiləri üstələyirdi. 1897-ci ilə görə, yalnız Şuşa uyezdində və mərkəzi Şuşa şəhərində qadın kişi nisbətində balans müşahidə edilir.
Regionda əhali nisbətinə təsir edən faktorlar
Yelizavetpol quberniyası bu ərazidə mövcud olan Qarabağ, Şəki xanlıqları və Şəmşəddil, Samux mahalları ərazisində qurulmuşdur. Qarabağ xanlığı həm ərazisinin böyüklüyünə görə, həm də etnik rəngarənglik baxımından digər mahallardan fərqlənirdi.
Qarabağ xanlığı indiki Azərbaycan ərazisində Rusiya imperiyasına daxil olan ilk region idi. 1805-ci il Qarabağ xanı İbrahimxəlil xan və general Sisianov arasında imzalanan Kürəkçay müqaviləsi bu keçidi rəsmiləşdirir. İbrahimxəlil xan bu müqaviləni Qacarların hücumundan qorunmaq və Qarabağda mövcud olan 5 erməni məlikliklərinin ruslarla ittifaqına mane olmaq üçün imzalamışdı. Lakin İbrahimxəlil xanın polkovnik-leytenant Lisaneviç tərəfindən öldürülməsi və onun yerinə İranmeylli Mehdiqulu xanın taxta çıxması ilə münasibətlər korlanır. Beləcə, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək Rusiyaya birləşdirilir.
Qarabağ xanlığının əhalisinin böyük bir hissəsi azərbaycanlı idi. 1823-cü il Qarabağın kameral təsvirinə əsasən regionda 20.095 ailə yaşayırdı ki, bunlardan 15.729-u azərbaycanlı, 4366-sı erməni ailəsi idi. Beləliklə bu təsvirə əsasən əhalinin 78,3 faizi azərbaycanlı, 21,7 faizi isə erməni idi. (Köçərli, 2009:30). Ancaq qeyd edilməlidir ki, azərbaycanlılar Qarabağın düzən hissəsində yaşayırdı, dağlıq olan regionlarda isə ermənilər əhalinin mütləq əksəriyyətini təşkil edirdi. (Petruşevski, 1949:28). Bundan başqa regionda ermənilərin azalmasına bir digər səbəb Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumları olmuşdu. Belə ki, bu hücumlar zamanı regiondan 700 erməni ailəsi indiki Bolnisiyə köç etməyə məcbur oldu. (Volkova, 1969:6).
1828-ci il Türkmənçay müqaviləsinin imzalanması sonrası İrəvan quberniyasında olduğu kimi Yelizavetpol quberniyasına da erməni köçü baş verir. Ancaq İrəvan quberniyası ilə müqayisədə Yelizavetpol quberniyasına köçən ermənilərin sayı xeyli az idi. Türkmənçay müqaviləsi imzalandıqdan sonra ilk aylarda Arazı keçən 8 min erməni ailəsindən minə yaxını Qarabağa yerləşdi. (Gottemoeller, Walker və Kelleher, 1996:229). Ermənilərin Qafqaza köçürülməsində əsas rol oynayan Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov da Qarabağa köçün əleyhinə idi və məktubunda general Lazarevi buna görə ciddi tənqid etmişdi. (Qriboyedov, 1971:339). İrəvan quberniyası ilə müqayisədə Qarabağda erməni köçünün az olmasını aşağıdakı statistikalarda da görmək mümkündür.
Qarabağ regionunda müsəlman və erməni əhalinin illərə görə faiz nisbəti
Qarabağa köçən ermənilərin qurduqları yaşayış məntəqəsi kimi keçmiş DQMV-nin Mardakert rayonuna daxil olan Marağa kəndini qeyd etmək olar. 1828-ci ildə Cənubi Azərbaycanın Marağa şəhərindən gələn 200 erməni ailəsi bura yerləşərək Marağaşen kəndinin əsasını qoyur. Sovet dövründə Leninavan adlanan məntəqənin sakinləri 1978-ci ildə Qarabağa gəlişin 150-illiyi şərəfinə kənddə abidə inşa edirlər (Cəlalyan, 1989:3). Bu faktdan hazırda Azərbaycan tərəfi propaqanda aləti kimi istifadə edir.
Regionda 1918-ci ilin ortalarından etibarən əhalinin həm milli tərkibində, həm də say baxımından kəskin dəyişikliklər baş verdi. Rusiyada baş verən inqilablar Osmanlı – Rusiya müharibəsində cəbhənin çökməsinə gətirib çıxardı. Osmanlının regiona müdaxiləsi ilə on minlərlə Osmanlı ermənisi İrəvan və Yelizavetpol quberniyasına axın etdi. Osmanlıya qarşı vuruşan daşnak Andranik paşa geri çəkilərək Zəngəzurda yaşayan müsəlmanlara qarşı qətliamlar törətməyə başlayır. Erməni əsilli ABŞ tarixçisi Riçard Hovhanisyan öz əsərində Andranikin qətliamlarını Zəngəzurun bir erməni torpağına çevrilməsi prosesinin başlanğıcı kimi izah edirdi. Andranikin Zəngəzurda apardığı etnik təmizliyi Qarabağda həyata keçirməsinə müharibədə qalib gələn Britaniya komandanlığı mane oldu. Bununla belə, regionda artıq etnik durum dəyişmişdi. Andranik özü ilə birlikdə Muş və Bitlisdən olan 30.000 erməni qaçqınını azərbaycanlılardan təmizlənmiş Zəngəzura yerləşdirdi (Bloxham, 2005:103-105). Zəngəzurdan qovulan 50.000 azərbaycanlı isə qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə sığınmaq məcburiyyətində qaldı. Ümumilikə öldürülən müsəlmanların sayı 10.000 nəfərə çatırdı. (Baberovski, 2010 :166).
Bu ərəfədə Yelizavetpol quberniyasında azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil etsələr də, ermənilər Dağlıq Qarabağ əhalisinin təxminən 70 faizini təşkil edirdi. 1919-cu ilin yanvarında general-mayor Tomsonun həm Zəngəzuru, həm də Qarabağı sülh konfransı qərarları qəbul edilənə qədər Azərbaycanın idarəetməsinə verməsi bu dəfə ermənilər yaşayan yerlərdə qətliamların həyata keçirilməsi ilə nəticələndi. (Qaybalıkənd qətliamı). Bu kimi qarşılıqlı qətliamların qarşısını almaq üçün Britaniya komandanlığı Yelizavetpol ermənilərinin Ermənistana köçürülməsini və onların əvəzinə Ermənistandan gələn müsəlmanların yerləşdirilməsini təklif etdi. (Bloxham, 2005:160). Bu təklif həm ermənilər, həm də azərbaycanlılar tərəfindən rədd edildi.
Regionda qarşılıqlı gərginlik hər iki respublikada Sovet hakimiyyətinin qurulması ilə aradan qaldırıldı. Yelizavetpol quberniyasının Zəngəzur və Qazax uyezdinin bir hissəsi istisna, digər ərazilərində Azərbaycan SSR quruldu. Zəngəzurun Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan rayonları Azərbaycanda, uyezdin mərkəzi Gorus, Sisian və Meğri rayonları isə Ermənistanda qaldı. Yelizavetpol quberniyasına daxil olan Şuşa, Cavanşir və Cəbrayıl uyezdlərinin bir hissəsində DQMV quruldu. Bununla belə Sovet dövründə də regionda etnik vəziyyətə təsir edən bəzi proseslər baş verdi. İkinci dünya müharibəsindən sonra Türkiyəyə qarşı torpaq iddialarının həll edilməməsindən sonra Ermənistan Kommunist Partiyasının birinci katibi Qriqori Arutyunov ölkə xaricində yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı müraciət etdi. (Ehtimal olunan 400 min əvəzinə yalnız 90 min erməni Sovet Ermənistanına qayıtdı). Mövcud vəziyyətdən çıxış yolu olaraq Arutyunov Ermənistanda yaşayan eyni sayda azərbaycanlı kəndlinin Azərbaycana köçürülməsini və Dağlıq Qarabağın Sovet Ermənistanına daxil edilməsi təklifi ilə çıxış etdi. 1947-ci ilin dekabrında Stalin Arutyunovun Azərbaycan kəndlilərinin Ermənistandan çıxarılması təklifi ilə razılaşdı, ancaq respublikaların sərhədlərini dəyişdirmə təklifi rədd edildi. (Zubok, 2011:99). Beləcə 3 il ərzində Ermənistandan (o cümlədən keçmiş Zəngəzur uyezdi olan ərazilərdən) 100 min azərbaycanlı Azərbaycan SSR-ə köçürüldü.
Zəngəzurda qalan sonuncu azərbaycanlılar isə Azərbaycan və Ermənistan arasında başlayan Qarabağ münaqişəsi sonrası öz yaşadıqları ərazini tərk etdilər. Bundan başqa müharibənin digər qurbanları Şuşa, Cəbrayıl, Cavanşir uyezdində yaşayan yerli azərbaycanlılar idi. Bu münaqişə eyni zamanda Yelizavetpol quberniyasında yaşayan ermənilərin (Dağlıq Qarabağ istisna) evlərini tərk etməsi ilə nəticələndi. Hazırda Azərbaycanda ermənilər, Ermənistanda isə azərbaycanlılar tamamilə regiondan təmizlənib. 120 il əvvəl regionda olan rəngarənglikdən hazırda əsər-əlamət yoxdur.
Şuşa şəhəri əhalisinin 1823[2], 1897[3], 1926[4] və 2015[5]-ci illər üzrə müqayisəsi
Mərkəz Yelizavetpoldan sonra Yelizavetpol quberniyasında ən böyük ikinci şəhər Şuşa idi. Şuşa təkcə quberniyada yox, ümumilikdə o dövrdə regionun əsas mədəni və iqtisadi mərkəzlərindən biri sayılırdı. Sovet dövründə olduğu kimi, Çar Rusiyası dövründə də Qarabağın dağlıq hissəsində azərbaycanlıların sayca ən çox olduğu yaşayış məntəqəsi Şuşa olmuşdur. Şəhərin əsasını da Qarabağ xanı Pənahəli xan qoymuş və bir müddət şəhər onun şərəfinə Pənahabad adlandırılmışdı. (Mirzə Camal Cavanşir Qarabaği, 2006:23).
Şuşa, şəhər olaraq qurulana qədər bu ərazi Vərəndə məliki Şahnəzərin ərazisi idi. Digər erməni məlikləri ilə mübarizə aparan Şahnəzər Pənahəli xanla ittifaqa girərək Şuşa qalasının əsasını qoydu. (Qarabaği, 2006:127-131). Şəhər salınandan sonra bura öz rəiyyətindən olan azərbaycanlıları köçürən Pənahəli xan regionda təsirini yaymaq üçün Şuşanı əsas dayaq kimi istifadə etməyə başladı. Türkmənçay müqaviləsinin imzalanmasından sonra tam olaraq Çar Rusiyası ərazisinə çevrilən Şuşada əhalinin çox hissəsi azərbaycanlı idi. Çar Rusiyası dövründə ermənilərin sayı artaraq azərbaycanlıları keçdi. Şuşa 1918-1920-ci illərdə regionda əsas rolu oynayan şəhərlərdən biri idi. 1920-ci ilin martında şəhərdə baş verən erməni qiyamı Müsavat qoşunlarının sərt müdaxiləsi ilə yatırıldı. Bu qiyamın yatırılması 500 erməninin ölümünə (10 mindən çox erməninin isə Şuşanı tərk etməsinə) və şəhərin tamamilə azərbaycanlılaşmasına gətirib çıxardı. (De Waal, 2003:190). Misal üçün qeyd edək ki, 1897-ci ildə Şuşada 14.420 nəfər erməni yaşayırdısa 1926-cı ildə bu rəqəm 93-ə bərabər idi. (Qardanov,1978:64).
Sovet dövründə də əhalinin milli nisbətində ciddi bir dəyişikliklər baş vermədi. Belə ki, 1989-cu ildə Şuşanın 98 faizini azərbaycanlılar təşkil edirdi. (Nəcəfov, 2005:207). Azərbaycan və Ermənistan arasında başlayan Dağlıq Qarabağ münaqişəsi Şuşaya son 70 ildə ikinci ağır zərbəni vurdu. Şuşa şəhəri 1992-ci ildə erməni qoşunları tərəfindən işğal edildi, şəhərin azərbaycanlı əhalisi ordu ilə birlikdə regiondan geri çəkildi. 2015-ci il rəsmi məlumatına görə, Şuşada mütləq əksəriyyətini ermənilər təşkil edən 4064 nəfər əhali yaşayır.
Regionun milli xüsusiyyəti
Yelizavetpol quberniyasında yaşayan ən böyük iki etnik qrup azərbaycanlılar və ermənilər idi. Quberniyanın Şuşa, Qazax, Cəbrayıl və Zəngəzur uyezdlərinin mərkəzlərində ermənilər, digər uyezdlərin mərkəzlərində isə azərbaycanlılar üstünlük təşkil edirdi. 1920-ci ildə Azərbaycan Demokratik Respublikası ilə Ermənistan arasında başlayan müharibə Şuşa uyezdi istisna olmaqla bütün quberniyada ermənilərin, Zəngəzur uyezdində isə tatarların sayının azalmasına təsir etdi. Sovet dövründə Şuşa uyezdi ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Hazırda bu ərazi Azərbaycanla Ermənistan arasında böyük problem olaraq qalır.
Yelizavetpol quberniyasında yaşayan üçüncü böyük etnik qrup ruslar idi. Ruslar əsasən quberniyanın Yelizavetpol, Qazax və Şuşa uyezdində yaşayırdılar. Yelizavetpol uyezdində yaşayan rusların sayı 10.428, Qazax uyezdində 3444, Şuşa uyezdində isə 1504 nəfərə çatırdı.(Troynitskiy, 1897:81). Yelizavetpol uyezdində ruslarla yanaşı 2835 nəfər belarus əhali də qeydə alınıb. Rusların ən az yaşadığı uyezd Ərəş (162 nəfər) və Cavanşir (208 nəfər) uyezdləri olmuşdur. Bundan başqa regionda az sayıda ukraynalılar da qeydə alınıb. Onlar əsasən Cəbrayıl (183 nəfər), Zəngəzur (154 nəfər) və Nuxa (27 nəfər) uyezdlərində yaşayırdı. 2009-cu il Azərbaycan rəsmi statistikasına əsasən ölkədə 119.300 nəfər rus yaşayır. Bunlardan 2 mini keçmiş Yelizavetpol quberniyası ərazisində yaradılan rayonların payına düşür.
Yelizavetpol quberniyasında yaşayan dördüncü böyük etnik qrup isə ləzgilər (kürilər) idi. Çar Rusiyası siyahıyaalmalarında ləzgi xalqları olan ləzgi, saxur və rutullar ümumiləşdirilmiş formada “kürilər” adlanırdı. İstisna kimi Qafqaz toplusu statistikasını göstərmək olar. Belə ki, 1880-cı ildə Qafqaz haqqında məlumat toplusunda Nuxa uyezdində 1973 ləzgi, 865 isə rutul yaşadığı qeyd edilir. (Zeydlitz, 1880:XXIV). Ləzgilər 1897-ci il statistikasına görə əsasən Yelizavetpol quberniyasının Nuxa uyezdində (8506 nəfər) və Ərəş uyezdində (5869 nəfər) yaşayırdılar. (Troynitskiy, 1897:81). Nuxa uyezdində qeydə alınan ləzgilərin bir hissəsi hazırda Şəki rayonunda yaşayan rutullardır. Azərbaycan rəsmi statistikasında rutulların ayrıca bir xalq olaraq statistikası göstərilmədiyi üçün müasir dövrdə rutulların sayı ilə bağlı rəsmi məlumat vermək mümkün deyil.
Yelizavetpol quberniyasında yaşayan beşinci böyük etnik qrup udinlər idi. Udinlər Qafqazda yaşayan yeganə xristian ləzgi xalqıdır. Qafqazın ən qədim millətlərindən biri olan udinlər Qafqaz Albaniyasının varisi hesab edilir. 1897-ci il əhalinin siyahıyaalınmasına görə, Nuxa uyezdində yaşayan udinlərin sayı 7030 nəfərə çatırdı. (Troynitskiy, 1897:81). Ümumilikdə, udinlər indi Azərbaycanın Qəbələ rayonunun Nic kəndində və Gürcüstanın Zinobiani kəndində yaşayırlar. XX əsrə qədər udinlərin Dağlıq Qarabağda və Tovuzda yaşadıqları qeydə alınıb. Bu regionda yaşayan udinlər müxtəlif səbəblərdən assimilyasiyaya uğrayıblar. Udinlərin yaşadıqları ilk yaşayış bölgələrindən biri Vartaşen (indiki Oğuz) idi və rayonun adı da udinlərdən qalmışdı. Soyadlarındakı ermənilərlə bənzərliyə görə bir çox udin 1989-1992-ci illərdə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. 2009-cu il Azərbaycan statistikasına görə, ölkədə 3800 nəfər udin yaşayır.
Yelizavetpol quberniyasında yaşayan altıncı böyük etnik qrup almanlar idi. Azərbaycan almanlarının əksəriyyəti 1819-cu ilin əvvəlində Almaniyanın Şvabya bölgəsindən regiona gəlmişdi. Almanların Azərbaycanda ilk yerləşdiyi bölgə Şəmkir və Göygöl rayonu əraziləri idi. Burada onlar iki böyük koloniya Helenendorf və Annenfeldi qurdular. Bundan başqa almanlar Azərbaycan ərazisində Qrinfeld, Traubenfeld, Yelizavetinka, Eygenfeld, Georgsfeld və Alekseyevka adlı koloniyaların əsasını qoydular. (Cəfərli, 2003:63). İndiki Göygöldə qurulan Helenendorf koloniyası Qafqazdakı ən böyük alman koloniyası idi. Yelizavetpol quberniyasında yaşayan Azərbaycan almanları kəndli idi və əkinçiliklə məşğul idilər. 1897-ci il siyahıyaalması zamanı Yelizavetpol uyezdində 3086 nəfər alman yaşayırdı (Troynitskiy, 1897:81). Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan almanlarından Lourens Kun azlıq fraksiyasının deputatı kimi Milli Məclisdə təmsil olunmuşdu. Nasistlərin 1941-ci ildə Sovet İttifaqına hücumu ilə Azərbaycan almanlarının hamısı Stalin tərəfindən Orta Asiyaya və Sibirə sürgün edildi. Hal-hazırda Azərbaycanda həmin almanların nəsillərindən olan əhali qalmayıb.
Yelizavetpol quberniyasında yaşayan yeddinci böyük etnik qrup kürdlər idi. Kürdlərin Qarabağa yerləşməsi 1807 və 1816-cı illər ərzində baş verib. Bu zaman İranda yaşayan kürdlərin Qarabağ və Zəngəzura böyük köçü baş tutdu. 1897-ci il siyahıyaalması zamanı Yelizavetpol quberniyasının Zəngəzur uyezdində 1807 kürd yaşayırdı. (Troynitskiy, 1897:81).İrandan köç edən kürdlərin əksəriyyəti indiki Laçın, Qubadlı və Kəlbəcər regionlarında məskunlaşır. Sovet dövründə kürdlərin mərkəzi Laçın olan Kürdistan uyezdi mövcud idi. Bu muxtar vilayət 1929-cu ildə Stalin tərəfindən ləğv edildi. Dağlıq Qarabağda müharibə kürdlərin demək olar ki, hamısının yaşadığı torpaqları tərk etməsi ilə nəticələnir. Evlərini tərk etməyə məcbur qalan kürdlərin əksəriyyəti hazırda Ağcabədi rayonunda yaşayırlar. 2009-cu il əhalinin siyahıyaalınmasına görə, hazırda Azərbaycanda 6100 kürd yaşayır.
Dil
Yelizavetpol quberniyasında əsasən tatar (Azərbaycan dili) və erməni dili işlədilirdi. Administrativ olaraq rus dili geniş yayılmışdı. Əhalinin ana dili baxımından bölgüsü aşağıdakı kimi idi.
Quberniyanın iki ən böyük xalqı olan tatarlar və ermənilərin demək olar ki, hamısı öz dilində danışırdı. Dil və xalq nisbətindəki balans quberniyanın 1,6 faizini təşkil edən ləzgilərdə pozulduğu görünür. Statistikaya əsasən quberniyada yaşayan ləzgilərin sayı 1,6 faiz olsa da, dil statistikasına əsasən quberniyada yaşayan əhalinin 2,57 faizi ana dili kimi ləzgi dilini qeyd etmişdir. (Troynitskiy, 1904:VII)
Din
Yelizavetpol quberniyasında azərbaycanlılar sayca çox olduğu üçün ən geniş yayılmış din islam dini olmuşdur, əhalinin 62,93 faizi müsəlman, 34 faizi isə qriqorian idi.(Troynitskiy, 1904:VII) Quberniyada müsəlmanların azlıqda olduğu yeganə region Şuşa uyezdi idi. Burada yaşayan əhalinin 52,8 faizi erməni qrioqrian inanca malik olmuşdur. (Troynitskiy, 1897:46). Bundan başqa regionda ermənilərdən başqa tamamı qriqorian inanca malik udinlər də yaşayırdı. Bu səbəbdən ləzgi xalqlarının ümumiləşdirilmiş formada rəsmi statistikada qeyd edildiyi cədvəldə 28 faiz ləzgi qriqorian kimi göstərilib. Regionda yaşayan ukraynalılar istisna digər bütün xalqlarda islam dininə inananların olmasını isə maraqlı fakt kimi qeyd etmək olar. Bu və ya digər xalqların dini inancını aşağıdakı cədvəldə daha ətraflı müşahidə etmək mümkündür.
Savadlılıq göstəriciləri
Yelizavetpol quberniyasında İrəvan quberniyasında olduğu kimi savadlılıq göstəricisi ən yüksək olan xalq ruslar olmuşdur. Almanlar ikinci, ermənilər üçüncü, azərbaycanlılar isə dördüncü yerdə idi. Bu və ya digər uyezdlərin və mərkəz şəhərlərin savadlılıq göstəricilərini aşağıdakı kimi qruplaşdıra bilərik.
Ümumilikdə quberniyada qadınların savadlılıq göstəricisi kişilərlə müqayisədə 4 dəfə azdır. Uyezdin kəndlərində bu fərq 7-yə qədər qalxır. Yalnız uyezdlərin mərkəzlərində qadınlarla kişilər arasındakı savadlılıq fərqi nisbətən azalır. (3 dəfə). Maraqlısı odur ki, statistikada 40 yaşdan yuxarı qadınların savadlılıq göstəricilərində xeyli artım qeyd edilib, eyni yaş dövründəki kişilərdə isə bu müsbət göstərici müşahidə edilmir. (Troynistkiy, 1904:IX). Regional olaraq quberniyada Şuşa uyezdinin savadlılıq göstəricisində digər uyezdləri qabaqladığını görürük. Şəhərlərdən isə Cəbrayıl və Qazax savadlılıq göstəricisində fərqlənir. Maraqlıdır ki, Cəbrayıl və Qazax Bakı şəhərini də bu göstəricidə qabaqlayırdı. Beləliklə, 1897-ci il statistikasına əsasən azərbaycanlılar yaşayan bütün bölgələri nəzərə alsaq savadlılıq göstəricisində Cəbrayılın 1-ci, Qazaxın isə ikinci yeri tutduğunu qeyd edə bilərik.
Quberniyanın inzibati ərazi vahidləri
Ərəş uyezdi 1873-cü ildə 2829,6 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Ərəş uyezdində 67.277 nəfər yaşayırdı, əhalinin 36.623 nəfəri kişi, 30.654 nəfəri qadın idi. Uyezdin 70,1%-ni tatarlar (azərbaycanlılar), 20,5%,-ni ermənilər, 8,7%-ni ləzgilər, 0,2%-ni ruslar təşkil edirdi. (Troynitskiy, 1897:81). Ərəş uyezdinə daxil olan ərazilərdə daha sonra Mingəçevir şəhəri, Ağdaş, Yevlax rayonu formalaşdırıldı. Hazırda bu ərazilərin tamamı Azərbaycan ərazisindədir. 1897-ci ilə görə, uyezdin mərkəzi Ağdaş kəndində 528 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Ağdaş kəndinin statistik göstəriciləri
Cavanşir uyezdi 1869-cu ildə 4818,4 kv. verstlik bir ərazidə qurulmuşdur. Cavanşir uyezdi əvvəlcə Şuşa uyezdinin tərkibində olsa da daha sonra inzibati reformla müstəqil bir uyezdə çevrilir. 1897-ci il siyahıyaalması zamanı Cavanşir uyezdində 72.719 nəfər yaşayırdı, əhalinin 41.039 nəfəri kişi, 31.680 nəfəri qadın idi. Uyezdin 71,6%-ni tatarlar (azərbaycanlılar), 26,8%-ni ermənilər, 0,8%-ni kürdlər təşkil edirdi.(Troynitskiy, 1897:81). Cavanşir uyezdinə daxil olan ərazilərdə Tərtər, Bərdə, Kəlbəcər və keçmiş DQMV-yə daxil olan Mardakert rayonunun bir hissəsi formalaşdırıldı. Hazırda bu ərazinin təxminən yarısı işğal altındadır. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Tərtər kəndində 752 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Tərtər kəndinin statistik göstəriciləri
Cəbrayıl uyezdi 1873-cü ildə 2922,6 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Cəbrayıl uyezdində 66.360 nəfər yaşayırdı, əhalinin 36.389 nəfəri kişi, 29.971 nəfəri qadın idi. Uyezdin 74,1%-ni tatarlar (azərbaycanlılar), 23,7%-ni ermənilər, 1,1%-ni ruslar, 0,6%-ni kürdlər təşkil edirdi. (Troynitskiy, 1897:81). Cəbrayıl uyezdinə daxil olan ərazilərdə Sovet dövründə Cəbrayıl, Füzuli, və keçmiş DQMV-yə daxil olan Hadrut rayonu formalaşdırıldı. Hazırda bu regionun böyük bir hissəsi işğal altındadır. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Cəbrayıl kəndində 520 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Cəbrayıl kəndinin statistik göstəriciləri
Yelizavetpol uyezdi 1840-cı ildə 7695,7 kv. verstlik bir ərazidə qurulmuşdur. İlk qurulduğu dövrdə Yelizavetpol uyezdi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi. 1846-cı ildə inzibati reformla Tiflis əyalətinə birləşdirilən uyezd son olaraq 1849-cu ildə yeni qurulan Yelizavetpol quberniyasının bir hissəsinə çevrildi. 1897-ci il siyahıyaalması zamanı Yelizavetpol uyezdində 162.788 nəfər yaşayırdı, əhalinin 90.584 nəfəri kişi, 72.204 nəfəri qadın idi. Uyezdin 63,9%-ni tatarlar (azərbaycanlılar), 26,4%-ni ermənilər, 4,4%-ni ruslar, 1,9%-ni almanlar, 1,7%-ni belaruslar təşkil edirdi. (Troynitskiy, 1897:81). Yelizavetpol uyezdinə daxil olan ərazilərdə Sovet dövründə Gəncə şəhəri, Goranboy, Gədəbəy, Göygöl və Şəmkir rayonları formalaşdırılıb. Bu regionun hazırda tamamı Azərbaycan ərazisindədir. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Yelizavetpol şəhərində 33.625 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Yelizavetpol (indiki Gəncə) şəhərinin statistik göstəriciləri
Zəngəzur uyezdi 1868-ci ildə 6829,7 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Zəngəzur uyezdində 137.871 nəfər yaşayırdı, əhalinin 72.592 nəfəri kişi, 65.279 nəfəri qadın idi. Uyezdin 51,6%-ni tatarlar (azərbaycanlılar), 46,1%-ni ermənilər, 1,3%-ni kürdlər, 0,7%-ni ruslar təşkil edirdi. (Troynitskiy, 1897:81). Zəngəzur uyezdinə daxil olan ərazilərdə Sovet dövründə Ermənistana daxil olan Gorus, Meğri, Sisian və Azərbaycana daxil olan Laçın, Kəlbəcər, Zəngilan rayonları formalaşdırılmışdı. Hazırda uyezdin Azərbaycana aid olan hissəsi işğal altındadır. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Gorus şəhərində 1450 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Gorus kəndinin statistik göstəriciləri
Şuşa uyezdi 1840-cı ildə 4315,6 kv. verstlik bir ərazidə qurulmuşdur. İlk qurulduğu dövrdə Şuşa uyezdi Kaspi oblastına daxil edildi. 1846-cı ildə inzibati reformla Şamaxı quberniyasına, 1859-cu ildə isə Bakı quberniyasına birləşdirilən uyezd son olaraq 1868-cu ildə Yelizavetpol quberniyasının bir hissəsinə çevrildi. 1867-ci ildə Şuşa uyezdinin bir hissəsi olan ərazilərdə Zəngəzur uyezdi formalaşdırıldı. 1897-ci il siyahıyaalması zamanı Şuşa uyezdində 138.771 nəfər yaşayırdı, əhalinin 74.171 nəfəri kişi, 64.600 nəfəri qadın idi. Uyezdin 53,3%-ni ermənilər, 45,3%-ni tatarlar (azərbaycanlılar), 1,0%-ni ruslar təşkil edirdi. (Troynitskiy, 1897:81). Şuşa uyezdinə daxil olan ərazilərdə Sovet dövründə keçmiş DQMV-yə daxil olan Şuşa rayonu, Mardakert rayonu, Martuni rayonu və Azərbaycan respublikası ərazi inzibati vahidinə daxil olan Ağdam, Ağcabədi rayonları yaradılıb. Hazırda Ağcabədi istisna digər rayonlar işğal altındadır. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Şuşa şəhərində 25.881 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Şuşa şəhərinin statistik göstəriciləri
Nuxa uyezdi 1867-ci ildə 3346,7 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Nuxa uyezdində 120.555 nəfər yaşayırdı, əhalinin 65.244 nəfəri kişi, 55.311 nəfəri qadın idi. Uyezdin 69,3%-ni tatarlar (azərbaycanlılar), 15,7%-ni ermənilər, 7,1%-ni ləzgilər, 5,8%-ni udinlər, 1,5%-ni tatlar təşkil edirdi. (Troynitskiy, 1897:81). Nuxa uyezdinə daxil olan ərazilər hazırda Qəbələ, Oğuz və Şəki rayonlarının tabeliyindədir və regionun tamamı Azərbaycan ərazisindədir. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Nuxa şəhərində 24.734 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Nuxa (indiki Şəki) şəhərinin statistik göstəriciləri
Qazax uyezdi 1849-cu ildə 6024,2 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Qazax uyezdində 112.074 nəfər yaşayırdı, əhalinin 63.370 nəfəri kişi, 48.704 nəfəri qadın idi. Uyezdin 57,2%-ni tatarlar (azərbaycanlılar), 38,9%-ni ermənilər, 3,0%-ni ruslar, 0,4%-ni gürcülər təşkil edirdi. (Troynitskiy, 1897:81). Uyezdə daxil olan ərazinin 40 faizi hazırda Ermənistanda Dilican, Mixaylovka (indiki Çəmbərək), Tovuzqala (indiki Berd) , 60 faizi isə (Tovuz, Ağstafa və Qazax rayonu) isə Azərbaycan ərazisindədir. 1897-ci ilə görə, uyezdin mərkəzi olan Qazax şəhərində 1769 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Qazax şəhərinin statistik göstəriciləri
Qeydlər
[1] 1 verst 1,0668 kilometrə bərabər idi.
[2] Саркисян, Гамлет (2016) Население Нагорного Карабаха за 100 лет (1823-1923 гг.) (Этнодемографическое исследование), стр. 59-81, s.65
[3] Тройницкий, Николай (1904), Первая всеобщая перепись населения Российской империи 1897 г. Елисаветпольская губерния. Том LXIII , s.3
[4] Гарданов, В.К (1978), Этнические и культурно-бытовые процессы на Кавказе, s.64
[5] http://stat-nkr.am/files/publications/2016/Mardahamar_2015_rus/MAS_2/1_1_45_46.pdf
İstifadə olunan ədəbiyyat
Rus dilində ədəbiyyat
Волкова, Наталия (1969) Этнические процессы в Закавказье в XIX-XX вв. /Кавказский этнографический сборник.
Кочарли, Тофик (2009) К истории карабахского вопроса: (вымыслы и действительность.
Петрушевский, Илья (1949), Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв.
Грибоедов, Александр (1971) Сочинения: Стихотворения. Статьи и заметки. Путевые записки. Письма. Том 2.
Хасан-Джалалян, Есаи (1989) Краткая история страны Албанской: 1702-1722.
Баберовски, Йорг (2010) Враг есть везде. Сталинизм на Кавказе.
Владислав, Зубок (2011) Неудавшаяся империя: Советский Союз в холодной войне от Сталина до Горбачева.
Саркисян, Гамлет (2016) Население Нагорного Карабаха за 100 лет (1823-1923 гг.) (Этнодемографическое исследование), стр. 59-81.
Тройницкий, Николай (1904) Первая всеобщая перепись населения Российской империи 1897 г. Елисаветпольская губерния. Том LXIII.
Тройницкий, Николай (1897) Первая всеобщая перепись населения Российской империи. Население Империи по переписи 27-го января 1897 года по уездам
Гарданов, Валентин (1978) Этнические и культурно-бытовые процессы на Кавказе.
Зейдлиц, Николай (1880) Сборник сведений о кавказе. Т.7.
Джафарли, Мамед (2003) Политический террор и судьба азербайджанских немцев.
Наджафов, Эльдар, (2005) Южный Кавказ: тернистый путь к безопасности
İngilis və Azərbaycan dilində ədəbiyyat
Qarabaği, Mirzə Camal Cavanşir (2006) Qarabağ tarixi/ Qarabağnamələr, I kitab.
Qarabaği, Mirzə Yusif (2006) Tarixi-safi/Qarabağnamələr, II kitab.
De Waal, Thomas (2003) Black Garden: Armenia and Azerbaijan through Peace and War.
Bloxham, Donald (2005) The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians.
Gottemoeller, Rose and Walker, Lee and Kelleher, Catherine (1996) Ethnic Conflict in the Post-Soviet World: Case Studies and Analysis.