İrəvan quberniyası 1849-1917-ci illərdə formalaşdırılan Rusiya imperiyası ərazisi idi. Bu quberniya şimaldan Tiflis və Yelizavetpol, cənubdan Osmanlı və Qacar dövləti, şərqdən Yelizavetpol, qərbdən isə Tiflis quberniyası və Qars oblastı ilə əhatə olunmuşdu.
İrəvan quberniyası 1828-1840-cı illərdə qurulan Erməni oblastının sərhədləri çərçivəsində formalaşdırıldı. İrəvan quberniyasında 1897-ci il statistikasına əsasən 432.042 nəfər qriqorian, 350.099 nəfər müsəlman, 16.396 nəfər pravoslav xristian, 13.817 nəfər paqanist, 7884 nəfər erməni katoliki yaşayırdı. Quberniyanın 53,16%-ni ermənilər, 37,75 %-ni tatarlar (azərbaycanlılar), 5,8%-ni kürdlər və 2,3%-ni ruslar təşkil edirdi (Troynitskiy, 1897:51).
İrəvan quberniyasına 7 uyezd daxil idi. Bunlar Aleksandropol, Naxçıvan, Yeni Bəyazid, Sürməli, Şərur-Dərələyəz, Üçmüədzin və İrəvan idi. 1897-ci il statistikasına əsasən quberniyada 829.556 nəfər yaşayırdı. Ermənilər say olaraq Aleksandropol, Üçmüədzin və Yeni Bəyazid uyezdlərində, azərbaycanlılar isə Naxçıvan, İrəvan, Sürməli, Şərur-Dərələyəz uyezdlərində çoxluqda idi. Bundan əlavə Sürməli uyezdində azərbaycanlı və ermənilərdən başqa çox sayıda kürd yaşayırdı.
Regionda əhalinin sıxlığı da yüksək deyildi, 1 kvadrat verstə (1 verst 1,0668 kilometrə bərabər idi) 35,71 nəfər düşürdü. Uyezdlərin ayrı-ayrı göstəriciləri isə belə idi:
Göründüyü kimi, İrəvan uyezdində məskunlaşma Naxçıvan uyezdi ilə müqayisədə iki dəfə çox olmuşdur. Bundan başqa regionda qadın və kişi sayında disproporsiya mövcud idi. 829.556 nəfər əhalinin 441.889 nəfəri kişi, 387.667 nəfəri isə qadın idi. Maraqlıdır ki, uyezdlərin mərkəzi şəhərlərində qadın sayı uyezdlərin özü ilə müqayisədə xeyli az idi. Bunu hər 100 kişiyə düşən qadın sayısı baxımından aşağıdakı cədvəldə daha yaxşı görmək olar:
Cədvəldən göründüyü kimi kişilər bütün uyezdlərdə və şəhərlərdə qadınlardan sayca çox idi. Xüsusən də kəndlərlə müqayisədə şəhərlərdə qadınların azlığı diqqəti cəlb edir. Nisbətən balans Yeni Bəyazid uyezdində, ən yüksək disbalans isə Aleksandropol uyezdində müşahidə olunur. Qeyd edim ki, bu 2 uyezddə əhalinin çox hissəsini ermənilər təşkil edirdi. İrəvan quberniyasında qadınların az olmasını şəhərlərdə ordu hissələrinin yerləşməsi ilə də izah etmək olar. Əsgər və zabitlərin siyahıdan çıxarılacağı təqdirdə İrəvan quberniyasında hər 100 kişiyə düşən qadın sayı təxminən 86-ya yaxın olacaqdı.
Köç siyasətinin İrəvana təsiri
Çar Rusiyası 1828-ci ildə ləğv edilmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində əhalinin böyük hissəsinin müsəlman olmasına baxmayaraq “Erməni oblastı”nı formalaşdırdı. 1829-1832-ci illərdə hazırlanmış kameral təsvir bölgə əhalisinin tərkibinin necə kəskin şəkildə dəyişdiyini göstərir. Regionda əhalinin hərəkəti xüsusilə Rusiya və İran (1826-1828) və Rusiya və Osmanlı (1828-1829) müharibələrindən sonra aşkar şəkildə nəzərə çarpırdı. Türkmənçay sülh müqaviləsinin XV maddəsinə görə bir il müddətinə İran (sadəcə indiki Cənubi Azərbaycan) ərazisindəki ermənilər Rusiya imperiyasının sərhədini keçə bilərdi. Beləcə, Salmas, Xoy, Urmiya, Marağa və Təbriz xanlıqları ərazisində yaşayan ermənilərin Zaqafqaziyaya köçü başladı. Təkcə 3,5 ayda 8 mindən çox erməni ailəsi (ümumilikdə 40 min nəfər) sərhədi keçərək İrəvan və digər bölgələrə yerləşdi (Fomiçev,1989:159). 1829-cu ildə Osmanlı ilə bağlanmış Adrianopol müqaviləsinə görə isə 1 il sonra Ərzurumdan və Qarsdan təxminən 45 min erməninin Göyçə gölünün sahillərinə köçü başlandı (Volkova, 1969:7-8). Qeyd etmək lazımdır ki, bu köçlər təbəə xarakterli idi. Ermənilər Osmanlı və İran hakimiyyətində yaşamaq istəmədikləri üçün Rusiyaya, azərbaycanlılar isə Rusiya hakimiyyəti altında yaşamaq istəmədikləri üçün İran və Osmanlıya köç edirdi. Beləcə azərbaycanlıların tərk etdiyi 300-dən çox kəndlərə yeni gələn ermənilər yerləşdi. Ümumilikdə, İrəvan quberniyası ərazisinə İrandan 35 min, Osmanlıdan isə 22 min erməni köçdüyü qeyd edilir (Potto,1901:229). Digər regionlara olan köçləri də nəzərə alsaq bu rəqəm daha da böyüyür. Belə ki, general Paskeviç xatirələrində Rusiya imperiyasının cənub quberniyalarına Ərzurum, Bəyazid, Qars və Topraqqala ərazisindən 90 min, Xoy, Salmas, Urmiya, Maku, Təbriz şəhərlərindən isə 40 min erməninin köçürüldüyünü qeyd edirdi (Xudobaşev, 1859: 397).
Beləliklə, 1828-1829-cu illərdə regionun etnik tərkibi böyük ölçüdə dəyişdi. 1832-ci ilin kameral təsvirinə görə, İrəvan quberniyasında mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən 49.875 müsəlman var idi. Bu kameral təsvirdə regiona köçən ermənilərlə yerli ermənilər arasında ayrı-ayrı statistika verildiyi üçün regionda etnik dəyişimin miqyasını rahatlıqla görmək olur. Belə ki, 1832-ci il statistikasına əsasən regionda 25.151 yerli erməni, 57.226 isə erməni mühacir yaşayırdı (Suny,1996:79). Beləcə 1832-ci ildə ermənilər quberniyada say olaraq üstünlüyü ələ keçirdi. Köç siyasətinin regiondakı etnik mənzərəni necə dəyişdirdiyini İrəvan şəhərinin əhalisinə baxaraq da görmək mümkündür.
İrəvan şəhərinin 1829[1] və 1897[2]-ci il statistikasına əsasən müqayisəsi
Köç siyasətinin Naxçıvana təsiri
1828-ci il Türkmənçay müqaviləsi imzalandıqdan sonra ilk erməni köçü Naxçıvana başladı. Burфda isə İrəvan və Zəngəzur bölgəsi ilə müqayisədə müsəlman əhalinin böyük bir qismi öz torpaqlarını tərk etmədi. Bu, regionda yerli müsəlmanlarla ermənilər arasında qarşıdurmalara səbəb oldu. Bu qarşıdurmalar barədə Rusiyanın İrandakı səfiri Qriboyedov da məlumatlı idi. 1 oktyabr 1828-ci ildə Aleksandr Qriboyedovun general Paskeviçə yazdığı məktubda erməni köçlərinin İrəvanla müqayisədə Naxçıvanda yaşayan tatarlar arasında narazılıq yaratdığını bildirirdi. Belə ki, burada baş verən qarşıdurmalar zamanı Sədərək əhalisinin bir qismi öz mülklərini və təsərrüfatını qoyaraq İrana qaçmaq məcburiyyətində qalır. Qriboyedov Naxçıvan regionunda bəzi kəndlərin statistikasını apararaq bu narazılığın səbəbini göstərir.
Azərbaycanlı əhalinin narazılığını nəzərə alan Qriboyedov 500 erməni ailəsinin Naxçıvana yox, Dərələyəz mahalına köçürülməsini təklif edir. Beləcə İrəvan, Zəngəzur və Dərələyəzlə müqayisədə Naxçıvana erməni köçü daha az olur. 1829-1831-ci illərdə İrandan Naxçıvana 10.652, Ordubada 1340 erməni köçürülmüşdü. Bundan əlavə, Osmanlıdan Naxçıvana isə 27 nəfər erməni gəlmişdi (Şopen,1852: 635-638). 1831-ci ildə aparılan kameral təsvirə görə, Naxçıvan əyalətində müsəlmanların sayı 17.138, yerli erməni sakinlərin sayı 2690, mühacir ermənilərin sayı isə 10.670 nəfər idi. Naxçıvan əyalətindən ayrılmış Ordubad mahalında müsəlmanların sayı 7247, yerli ermənilərin sayı 2388 , mühacir ermənilərin isə sayı 1340 nəfər idi (Potto,1901:229). Regiona erməni köçü ilə bağlı etirazlar Çar Rusiyasının bu regiondakı siyasətini dəyişdirdi və beləcə Naxçıvanda ermənilər azlıqda qaldı.
Regionun milli xüsusiyyəti
Ən çox sayıda erməni İrəvan quberniyasında yaşayırdı. Ermənilərin quberniya ərazisində say çoxluğunu xüsusən də 1828-ci ildə regionun Çar Rusiyası tərəfindən ələ keçirilməsindən sonra İran və Osmanlı ərazisindən kütləvi erməni köçü ilə izah etmək lazımdır. 1-ci dünya müharibəsindən sonra regionda başlanan müharibələr nəticəsində İrəvan quberniyasında ermənilərin sayı daha da artdı. 1918-ci ildə quberniyanın mərkəzi İrəvan yeni qurulmuş Ermənistan Demokratik Respublikasının paytaxtı oldu. 1918-1920-ci illər ərzində Azərbaycan Xalq Cümhuriyyəti, Osmanlı (TBMM) və Ermənistan Demokratik Respublikası arasında başlayan müharibələr Naxçıvan bölgəsindəki ermənilərin sayının azalmasına, Sürməli uyezdində isə tamamilə yox olmasına gətirib çıxardı. 1988-ci ildə Azərbaycanla başlayan Qarabağ müharibəsi və müharibədən sonrakı dövrlərdə Naxçıvan uyezdində və Şərur-Dərələyəz uyezdinin Naxçıvan MR hissəsində qalan ermənilər öz yaşadıqları yerləri tərk etmək məcburiyyətində qaldı. 1999-cu il Azərbaycan statistikasına əsasən Naxçıvan MR-də 17, 2009-cu il statistikasına əsasən isə 6 erməni yaşayır.
İrəvan quberniyasında yaşayan ikinci böyük millət azərbaycanlılar idi. İrəvan quberniyası 1747-1828-ci illərdə Azərbaycan türklərinin idarə etdiyi İrəvan xanlığı ərazisində qurulmuşdu. 1828-ci ildə İrəvan və Naxçıvan xanlığının 78,8%-i müsəlmanlardan (azərbaycanlılar 69,3%-ini təşkil edirdi) ibarət idi (Kabuzan, 1998:85). Ermənilərin köçü ilə İrəvan əyalətində azərbaycanlıların sayı azalmağa başladı. 1918-1920-ci illərdə kütləvi qətliam və köç nəticəsində azərbaycanlıların sayı minimuma düşdü. 1926-cı il Sovet siyahıyaalmasına görə, azərbaycanlılar Ermənistan SSR-in 8,8%-ni təşkil edirdilər (Saparov, 2003:183). Bundan əlavə, 1948-1951-ci illərdə Ermənistandan təxminən 100.000 azərbaycanlı deportasiya edildi. Qarabağ münaqişəsi başlayanda Ermənistanda qalan son 200.000 azərbaycanlı Azərbaycan Respublikasının müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qaldı. Hazırda Ermənistan rəsmi statistikasına görə ölkədə azərbaycanlı yaşamır. İrəvan quberniyasının Sürməli uyezdində yaşayan azərbaycanlılar hazırda Türkiyə respublikasının vətəndaşları olaraq həyatlarını davam etdirirlər. Türkiyə respublikasında yaşayan etnik qruplarla bağlı rəsmi statistika olmadığı üçün İğdırda yaşayan azərbaycanlıların sayı haqqında məlumat vermək mümkün deyil.
İrəvan quberniyasında yaşayan üçüncü böyük etnik qrup kürdlər idi. 1897-ci il statistikasına əsasən İrəvan quberniyasında 49.389 nəfər kürd yaşayırdı. Bu kürdlərin 35.675 nəfəri müsəlman şiə, 13.647 nəfəri yezidi, 25 nəfəri yəhudi, 13 nəfəri isə pravoslav idi (Troynitskiy, 1905:15). Yezidi kürdlərin böyük bir hissəsi 1877-1878-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsindən sonra bölgəyə köç etmişdilər. Yezidilərin ikinci böyük köçü isə Birinci Dünya müharibəsi ərəfəsinə təsadüf edir. Ermənistanın 2011-ci il statistikasına əsasən bu ölkədə 35.272 nəfər kürd yaşayır. Hazırda kürdlər Ermənistanda ermənilərdən sonra yaşayan ikinci böyük etnik qrupdur. Ermənistanda yaşayan kürdlərin demək olar ki, hamısı yezididir. 1989-cu ilə regionda yaşayan müsəlman kürdlər azərbaycanlılarla birgə regionu tərk etmək məcburiyyətində qaldı. Azərbaycanın 2009-cu il statistikasına əsasən İrəvan quberniyasına daxil olan Naxçıvan və Şərur-Dərələyəz uyezdində isə hazırda 1321 nəfər kürd yaşayır.
Naxçıvan kürdləri Ermənistan kürdlərindən fərqli olaraq islam dininə etiqad edir. İrəvan quberniyasının Sürməli uyezdində yaşayan kürdlər hazırda Türkiyə respublikasının vətəndaşları olaraq həyatlarını davam etdirirlər. Türkiyə respublikasında yaşayan etnik qruplarla bağlı rəsmi statistika olmadığı üçün İğdırda yaşayan kürdlərin sayı haqqında da məlumat vermək mümkün deyil.
İrəvan quberniyasında yaşayan dördüncü böyük etnik qrup isə ruslar idi. Regionda rəsmi qeydiyyata alınan rusların 74%-ni əsgərlər təşkil edirdi. Ruslar quberniya ərazisində ən çox Aleksandropol uyezdində məskunlaşmışdı (3,43%). Regiona rusların gəlişi 1828-ci ildən sonrakı illərə təsadüf edir. İrəvan quberniyasına daimi yaşayışa gələn ilk ruslar molokanlar idi. Hal-hazırda Ermənistanda 11.862 rus yaşayır və onlar yezidilərdən sonra ikinci böyük etnik azlıqdır. Türkiyə respublikasına daxil olan keçmiş Sürməli uyezdi ərazilərində hazırda ruslar yoxdur. Naxçıvanda isə 2009-ci il statistikasına əsasən 101 nəfər rus yaşamaqdadır.
İrəvan quberniyasında yaşayan beşinci böyük etnik qrup isə aysorlar (assuriyalılar) idi. 1897-ci il Çar Rusiyası siyahıyaalınmasında aysorların ən çox yaşadığı uyezd İrəvan uyezdi idi (1,5%). İrəvan quberniyasında bu dövrdə ümumi olaraq 2862 aysor yaşayırdı ki, onların 2428 nəfəri pravoslav idi. Ermənistanın 2011-ci il statistikasına görə, Ermənistanda hazırda 2769 nəfər aysor yaşayır.
Din
İrəvan quberniyasında ermənilər sayca çox olduğu üçün ən geniş yayılmış din xristian dini olmuşdur. Aleksandropol uyezdində yaşayan əhalinin 80,47 faizi qriqorian inanca malik idi. Bu anlamda İrəvan quberniyasında ən çox xristian yaşayan uyezd bu bölgə idi. Müsəlmanlar isə bu regionda azlıq təşkil edirdi (5,13 faiz). Müsəlman əhalinin ən çox yaşadığı region isə Şərur-Dərələyəz uyezdi olmuşdur (72,28 faiz). (Andreyevskiy, Arsenyev və Petruşevski, 1903:192).
Bu region eyni zamanda erməni qriqorian inancına malik əhalinin ən az olduğu uyezd idi (27,06 faiz). İrəvan quberniyasında yaşayan kürdlərin böyük hissəsi islam, az hissəsi isə yezidi dininə inanırdı. Quberniya ərazisində yaşayan yəhudilərin 4,47 faizinin islam dininə inanmasını maraqlı fakt kimi qeyd etmək olar. Bu və ya digər xalqların dini inancını aşağıdakı cədvəldə daha ətraflı müşahidə etmək mümkündür.
Savadlılıq göstəriciləri
1897-ci il statistikasına əsasən İrəvan quberniyasında savadlılıq göstəricisi ümumi əhalinin 6,4 faizi səviyyəsində olmuşdur (Kaqanoviç,1957:9). Kişilər arasında bu göstərici 10,33, qadınlar arasında isə 2 faizə çatırdı. Şəhərlərdə savadlılıq göstəriciləri uyezdlərə nisbətən yüksək idi. Uyezdlərin mərkəzi şəhərlərində kişilərin 37,36, qadınların isə 12,75 faizi savadlı idi. Uyezdlərdə isə kişilərin 6,55, qadınların 0,62 faizi yazıb-oxuma bilirdi. Bu göstəriciləri etnik olaraq bu formada qruplaşdırmaq olar:
Cədvəldən göründüyü kimi İrəvan quberniyasında ən savadlı xalq ruslar idi. Ermənilər ikinci, tatarlar üçüncü, kürdlər isə sonuncu yeri tuturdu. Say baxımından erməni kişilər azərbaycanlı kişilərdən 3 dəfə, erməni qadınlar isə azərbaycanlı qadınlardan 6 dəfə çox savadlı olmuşdu.
Quberniyanın inzibati ərazi vahidləri
Aleksandropol uyezdi 1840-cı ildə 3759,8 kv. verstlik bir ərazidə qurulmuşdur. İlk qurulduğu zamanlarda Aleksandropol uyezdi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi. 1846-cı ildə inzibati reformla Tiflis quberniyasına birləşdirilən uyezd son olaraq 1849-cu ildə qurulan İrəvan quberniyasının bir hissəsinə çevrildi. 1920-ci ildə Ermənistan Demokratik Respublikasının bir hissəsi olan Aleksanropol uyezdinin adı 1924-cü ildə dəyişdirildi və ona Leninakan adı verildi. Bu regionda yaşayan ermənilərin əksəriyyəti 1828-1829-cu il Osmanlı-Rusiya müharibəsindən sonra gəlmişdi (Andreyevskiy, Arsenyev və Petruşevski, 1903:74). 1897-ci il siyahıyaalması zamanı uyezddə 165.503 nəfər yaşayırdı. Əhalinin 89.482 nəfəri kişi, 76.021 nəfəri qadın idi. Uyezdin 85,5%-ini ermənilər, 4,7%-ni tatarlar (azərbaycanlılar), 3,4%-ini ruslar, 3%-ini kürdlər, 0,7%-ni ukraynalılar, 0,6%-ni isə yunanlar təşkil edirdi (Troynitskiy, 1897:83). 1897-ci il statistikasına əsasən uyezdin mərkəzi olan Aleksandropol (indiki Gümrü) şəhərində 30.616 nəfər yaşayırdı. Aleksandropol eyni zamanda quberniyanın ən böyük şəhəri idi.
Uyezdin mərkəzi Aleksandropol şəhərinin statistik göstəriciləri
Naxçıvan uyezdi 1840-cı ildə 3858,8 kv. verstlik bir ərazidə qurulmuşdur. İlk qurulduğu dövrdə Naxçıvan uyezdi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi. 1846-cı ildə inzibati reformla Tiflis əyalətinə birləşdirilən uyezd son olaraq 1849-cu ildə qurulan İrəvan quberniyasının bir hissəsinə çevrildi. 1897-ci il siyahıyaalması zamanı Naxçıvan uyezdində 100.771 nəfər yaşayırdı. Bunlardan 52.984 nəfəri kişi, 47.787 nəfəri qadın idi. Uyezdin 63,6%-ni tatarlar (azərbaycanlılar), 34,4%,-ni ermənilər, 0,8%-ni ruslar, 0,6%-ni kürdlər təşkil edirdi (Troynitskiy, 1897:83). 1897-ci ilə görə, uyezdin mərkəzi olan Naxçıvan şəhərində 8792 nəfər yaşayırdı. Bu gün Naxçıvan muxtar respublika kimi Azərbaycan Respublikasının bir hissəsidir.
Uyezdin mərkəzi Naxçıvan şəhərinin statistik göstəriciləri
Uyezdin xüsusi okruq şəhəri Ordubadın statistik göstəriciləri
Yeni Bəyazid uyezdi 1849-cu ildə 4156,8 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Yeni Bəyazid uyezdində 122.573 nəfər yaşayırdı, əhalinin 63.128 nəfəri kişi, 59.445 nəfəri isə qadın idi. Uyezdin 66,3%-ni ermənilər, 28,3%-ni tatarlar (azərbaycanlılar), 2,4%-ni kürdlər, 2,2%-ni ruslar, 0,2%-ni mordvalar təşkil edirdi (Troynitskiy, 1897:83). 1897-ci ilə görə uyezdin mərkəzi Yeni Bəyazid şəhərində 8486 nəfər yaşayırdı.
Uyezdin mərkəzi Yeni Bəyazid (indiki Kəvər) şəhərinin statistik göstəriciləri
Sürməli uyezdi, 1849-cu ildə 3241 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Sürməli uyezdində 89.055 nəfər yaşayırdı, əhalinin 47.269 nəfəri kişi, 41.786 nəfəri qadın idi. Uyezdin 46,5%-ini tatarlar (azərbaycanlılar), 30,4%-ünü ermənilər, 21,4%-ünü kürdlər, 0,8%-ini ruslar, 0,2%-ni mordvalılar təşkil edirdi (Troynitskiy, 1897:83). 1897-ci ilə görə uyezdin mərkəzi İğdır kəndində 4680 nəfər yaşayırdı. Sürməli uyezdinin demək olar ki, hamısı 1921-ci il Moskva müqaviləsi ilə Türkiyəyə verildi.
Uyezdin mərkəzi İğdır kəndinin statistik göstəriciləri
Şərur-Dərələyəz uyezdi, 1849-cu ildə 2611,8 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı Şərur-Dərələyəz uyezdində 76.538 nəfər yaşayırdı, əhalinin 41.055 nəfəri kişi, 35.483 nəfəri isə qadın idi. Uyezdin 67,4%-ni tatarlar (azərbaycanlılar), 27,1%-ni ermənilər, 4,9%-ni kürdlər, 0,4%-ni aysorlar təşkil edirdi (Troynitskiy,1897:83). 1897-ci il statistikasına əsasən uyezdin mərkəzi Baş Noraşen kəndində 867 nəfər yaşayırdı. 1918-1920-ci illərdə bu regionda daşnaklar və müsəlmanlar arasında qarşılıqlı qətliamlar baş vermişdir. Azərbaycan və Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra uyezdin Şərur hissəsi Naxçıvan MR-ə, mərkəzi Keşişkənd olan Dərələyəz bölgəsi isə Ermənistana birləşdirildi.
Uyezdin mərkəzi Baş Noraşen (indiki Şərur) kəndinin statistik göstəriciləri
Üçmüədzin uyezdi 1849-cu ildə 3390,1 kv. verstlik bir ərazidə qurulmuşdur. 1897-ci il siyahıyaalması zamanı uyezddə 124.237 nəfər yaşayırdı, əhalinin 65.072 nəfəri kişi, 59.165 nəfəri isə qadın idi. Uyezdin 62,4%-ni ermənilər, 28,9 %-ni tatarlar (azərbaycanlılar), 7,8%-ni kürdlər, 0,3%-ni tatlar təşkil edirdi (Troynitskiy, 1897:83). 1897-ci il statistikasına görə, uyezdin mərkəzi olan Vaqarşapat kəndində 5267 nəfər yaşayırdı.
Vaqarşapat kəndinin statistik göstəriciləri
İrəvan uyezdi 1840-cı ildə 2644,2 kv. verstlik bir ərazidə qurulmuşdur. İlk qurulduğu dövrdə İrəvan uyezdi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi. 1846-cı ildə inzibati reformla Tiflis əyalətinə birləşdirilən uyezd son olaraq 1849-cu ildə qurulan İrəvan quberniyasının bir hissəsinə çevrildi. 1897-ci il siyahıyaalması zamanı İrəvan uyezdində 150.879 nəfər yaşayırdı, əhalinin 82.899 nəfəri kişi, 67.980 nəfəri qadın idi. Uyezdin əhalinin 51,4%-ni tatarlar (azərbaycanlılar), 38,5%-ni ermənilər, 5,4%-ni kürdlər, 2%-ni ruslar, 1,5%-ni isə aysorlar təşkil edirdi (Troynitskiy, 1897:83). 1897-ci il statistikasına görə, İrəvan şəhərində 29.006 nəfər yaşayırdı.
Uyezdin mərkəzi İrəvan şəhərinin statistik göstəriciləri
Nəticə
Son olaraq 1897-ci il Çar Rusiyası siyahıyaalmasına görə İrəvan quberniyasında yaşayan xalqların faiz nisbətini aşağıdakı cədvəldə görə bilərik.
Cədvəldən göründüyü kimi ümumi olaraq quberniyada və uyezdlərin mərkəzi şəhərlərində ermənilər çoxluq təşkil etmiş, tatarlar (azərbaycanlılar) isə daha çox uyezdlərin mərkəzdən kənar hissələrində məskunlaşmışlar.
Azərbaycanlıların sayının 1828-ci il ilə müqayisədə 1897-ci ildə ermənilərdən daha az olmasının səbəbi Çar Rusiyası tərəfindən həyata keçirilən köç siyasəti olmuşdur. Lakin bu siyasət çərçivəsində əhalinin də mövqeyi müəyyən qədər nəzərə alınmış (məsələn, Naxçıvan əhalisinin kəskin etirazlarına görə bölgəyə erməni köçü digər bölgələrlə müqayisədə daha az olmuşdur) və ermənilər əsasən öz xoşu ilə İrana və Osmanlıya köç edən azərbaycanlıların yaşadığı bölgələrə yerləşdirilmişdir. Nəticə etibarı ilə 1897-ci il statistikası müasir dövrdən 120 il öncəki etnik mənzərəni görə bilmək üçün ideal qaynaq hesab edilə bilər.
İstifadə olunan ədəbiyyat
Rus dilində ədəbiyyat
Волкова, Наталия (1969), Этнические процессы в Закавказье в XIX-XX вв. /Кавказский этнографический сборник.
Потто, Василий (1901), Къ столѣтію (1801—1901) присоединенія Грузіи къ Россіи. Утвержденіе русскаго владычества на Кавказѣ. том 12
Грибоедов А.С.(2006), Полное собрание сочинений. В 3 томах. Том 3. Письма. Документы. Служебные бумаги
Яновский, Кирилл (1881), Сборникъ матеріалов для описанія мѣстностей и племенъ Кавказа, Вып. 1.
Шопенъ, Иван (1852), Историческıй памятникъ состоянıя Армянской области въ эпоху ея присоединенıя къ Россiйской имперiи.
Фомичев, Сергей (1989), А.С. Грибоедов: материалы к биографии : сборник научных трудов
Худобашев, Александр (1859),Обозрение Армении в географическом, историческом и литературном отношениях
Тройницкий, Николай (1905), Первая всеобщая перепись населенiя Россiйской Имперiи: Эриванская губернiя. Том LXXI.
Кабузан, Владимир (1998), Эмиграция и реэмиграция в России в XVIII-начале XX века
Андреевский И. Е., Арсеньев К. К., Петрушевский Ф. Ф, (1903), Энциклопедический словарь Брокгауза и Ефрона, tom 29.
Андреевский И. Е., Арсеньев К. К., Петрушевский Ф. Ф, (1903), Энциклопедический словарь Брокгауза и Ефрона, tom 1.
Илья Залманович Каганович, (1957), Очерк развития статистики школьного образования в СССР
Тройницкий Н.А. (1897), Первая всеобщая перепись населения Российской империи. Население Империи по переписи 27-го января 1897 года по уездам
İngilis dilində ədəbiyyat
Ronald Grigor Suny, (1996), Transcaucasia, Nationalism and Social Change: Essays in the History of Armenia, Azerbaijan, and Georgia
Saparov, Arseny (2003), The alteration of place names and construction of national identity in Soviet Armenia,Cahiers du monde russe Volume 44, Issue 1, pages 179 to 198.
[1] Яновский, Кирилл (1881), Сборникъ матеріалов для описанія мѣстностей и племенъ Кавказа, s.40
[2] Тройницкий, Николай (1905), Первая всеобщая перепись населенiя Россiйской Имперiи: Эриванская губерния. Том LXXI., s.3