Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Abbas Mirzə Şərifzadənin güllələnməsi

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
16 Avqust 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Sharifzade as Sheykh Sanan
Paylaş

O ilk “aktyorluq” təcrübəsini 9 yaşında, özü də “uğursuzcasına” yaşamışdı: öz dövrü üçün geniş yayılan dini tamaşada – şəbehdə əsir qız uşağı rolunu canlandırmalı idi. Şəbehin kulminasiyasında Şümür əlindəki qılıncla onun üstünə yeriyincə balaca Abbas Mirzə qorxudan qışqıra-qışqıra qadın tamaşaçıların arasında dayanan anasına doğru qaçmışdı. Tamaşanı hazırlayan əmisi Məmməd Tağı pərt olmuş, izləyici kimi ətrafa toplaşanlar isə cin atına minmişdilər. Yerbəyerdən 9 yaşlı uşağa qəzəb püskürmüş, qınaq yağdırmışdılar. Nə var, nə var, şəbeh baş tutmamışdı!

Balaca Abbas Mirzənin o ankı həyəcanı, qorxusu həmin adamların veclərinə də deyildi.

Lakin nə bu hadisə, nə də atasının kəskin etirazları yazımızın qəhrəmanını aktyorluq sevdasından çəkindirmədi. Sonda isə adını yalnız teatr yox, ümumilikdə mədəniyyət tariximizə, bir az ənənəvi, şablon da səslənsə, qızıl hərflərlə yazdırmağı bacardı.

Vaxtilə Cəfər Cabbarlı Azərbaycan teatrını “dizin-dizin sürünən kimsəsiz cocuğa” bənzədir və iki görkəmli simanın onu “qollarından tutaraq ayaq üstə qaldırdığını, qarşıdakı yolların ən işıqlısını göstərdiyini” yazırdı. Həmin iki simadan biri Hüseyn Ərəblinski, digəri isə Abbas Mirzə Şərifzadə idi.

Sharifzade_as_Hamlet
Hamlet tamaşasından. 1926-27

Bu yazıda görkəmli aktyorun həyat və yaradıcılıq tarixçəsinə işıq tutmaq fikrindən uzağam.

Niyyətim səhnəmizdə ilk dəfə Hamlet rolunu oynayan, ilk kino rejissorumuz ünvanını alan, Oqtay Eloğludan Otelloya, Aydından Maqbetə, Şeyx Sənandan Don Kixota, Dəli Knyazdan İblisəcən zəngin obrazlar qalereyası yaradan, hələ sağlığında Şərq teatrının qəhrəmanı kimi təqdim edilən Şərifzadənin dəhşətli sonluğundan danışmaqdır.

Çünki bu acı və kədərli sonluqda bir az da bütöv bir xalqın faciəsi əks olunur…

 

***

“Qırmızı terror” dalğası – 37-ci il repressiyası başlayanda ilk hədəfə gələnlərdən biri Abbas Mirzə Şərifzadə idi.

1937-ci ilin dekabr ayının 3-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin rəis müavini baş leytenant Borisovun imzaladığı arayışdan çıxarış: “Əldə оlunаn məlumаtа görə, Şərifоv Аbbаs Mirzə Rəsul оğlu хаrici dövlətlərdən birinin хеyrinə cаsusluqdа ifşа edilir. Yuхаrıdа göstərilənlərə əsаsən… həbs оlunmаlıdır”.

Elə həmin gün həmin şöbənin müvəkkili, leytenant Kovrijenko görkəmli sənətkarın həbs olunması barədə qərar verir. Qərar “yuxarılar” tərəfindən təsdiqlənir və “Şərq teatrının qəhrəman”ı zindana atılır. Özü də tamaşadan çıxıb evinə gələrkən yoldaca həbs edilərək!

Abbas Mirzənin “xeyrinə casusluqda” ittiham edildiyi ölkə İran idi. Niyə İran?

Bunun iki “əsaslı” səbəbi vardı. Birincisi – Şərifzadənin dindirmə protokolundan:

“– Хаricdə qоhumlаrınızdаn kim vаr?

– Qаrdаşım Qulаm аiləsiylə 1921-ci ildən Tеhrаndаdır.

– Bu illər ərzində əlаqəniz оlubmu?

– Yох, hеç bir əlаqə sахlаmаmışаm.

– İrаn kоnsulluğundа оlmusuzmu?

– 1932-ci ildə Kirovabadda Vəfi kоnsul оlаndа. О dеmək оlаr ki, hər ахşаm tеаtrdа оlurdu, аrtistləri qоnаq dəvət еdirdi. Оnlаrın аrаsındа mən də vаrdım…”

İkincisi – Şərifzadənin üzünə qoyulan şahidlərin istintaqda ifadələridir.

Əlihəsən Аbbаs оğlu: “Azərbaycan Dövlət Dram Tеаtrının kеçmiş аrtisti Şərifzаdəni mən 1928-ci ildən tаnıyırаm. О mənimlə tеz-tеz söhbət еdərdi və bu dаnışıqlаrdа əksinqilаbi bахışlаrını аçıq-аydın bildirirdi. Biz mənim sаtıcı işlədiyim qəzеt köşkünün qаrşısındа söhbətləşirdik. 1936-cı ildə Şərifzаdə mənə bildirdi ki, İrаn kоnsulu оndаn Ruhullа Ахundоvun rеdаksiyаsıylа çıхmış türk lüğətini istəyib. Şərifzadə mənə tаpşırdı ki, həmin lüğəti tаpıb kоnsulа şəхsən təqdim еdim. Tаpşırığı yеrinə yеtirdim və lаzımıncа mükаfаtlаndırıldım”.

Həsən Ərşаdi: “Аrtist Şərifzаdənin İrаn impеriyаsınа məхsus “Təminаt” аdlı gizli хəfiyyəsinin аgеntlərindən biri Qulаm Bаğırzаdəylə əlаqəsi vаrdı. Аrtistin qоhumu, dаhа dоğrusu, qаrdаşı qızı оnun еvində qаlır. Bundаn bаşqа, Şərifzаdə vitsе-kоnsul Vəli ilə də münаsibət yаrаdıb və İrаn kоnsulluğu vаsitəsilə öz qаrdаşıylа əlаqə sахlаyır”.

Şərifzadə ittihamları qətiyyətlə rədd edir.

Sonradan Həsən Ərşadi Abbas Mirzəni şərlədiyini boynuna alacaq, onun barədə söylədiklərinin “uydurma” olduğunu söyləyəcəkdi.

Lakin bu zaman artıq çoxdan iş işdən keçmiş olacaqdı.

Şərifzadə də bir çox digər görkəmli sənət, ədəbiyyat, elm adamları kimi aradan götürülməliydi; buna “hüquqi don” geyindirmək üçün isə iftira və iftiraçılar hazırdı.

Cəmi 15 dəqiqəlik “məhkəmə” ilə barəsində güllələnmə hökmü çıxarılmış və 17 gün sonra hökm icra edilmişdi.

***

Bəs niyə 17 gün sonra?

Axı bir çox repressiya qurbanları barədə güllələnmə hökmü ya elə həmin gün, ya da uzaqbaşı bir gün sonra yerinə yetirilirdi.

Məsələ burasındadır ki, Şərifzadə nə istintaqda, nə də məhkəmədə ona yönəldilən heç bir ittihamı qəbul etməmişdi, kimsənin üzünə durmamış, kimsənin əleyhinə “ifşaedici” ifadə verməmişdi. Baxmayaraq ki, həbsdə olduğu təxminən 10 ay müddətində dəhşətli fiziki və mənəvi işgəncələrə məruz qalmışdı. Döyülmüşdü, həqarətlərə uğramışdı, alçaldılmaq istənmişdi.

Lakin təslim olmamışdı.

Düzdür, arada bir dəfə işgəncələrdən bezib “casus” olduğunu boynuna alır. İstisna deyil ki, həmin vaxt o hətta yarıhuşsuz vəziyyətdə olub, yaxud bu “etirafı” onun ağzından istintaqçılar özləri yazıblar. Çünki cəmi üç gün sonra bu ifadəsini rədd edir.

Və görünür, güllənmə hökmündən sonra 17 gün boyunca onun qorxacağını, iradəsinin sınacağını, axır ki, “etirafedici ifadələr” verəcəyini gözləmişdilər. İstisna deyil ki, bu cür ifadə verəcəyi təqdirdə hətta ona bağışlanacağını da vəd ediblər.

İntəhası, bunun da bir işə yaramadığını görüncə, güllələnmə qərarını yerinə yetiriblər.

***

Casusluq ittihamını qəbul etməyincə Şərifzadəyə yeni ittiham fikirləşib tapdılar. Bu dəfə onu əksinqilabi burjua-millətçi təşkilatın üzvü olmaqda günahlandırdılar. Müsavatçı olub-olmadığını sorğulamağa başladılar.

Şərifzadə əsla müsavatçı olmadığını söylədi, müsavatçıların mövqeyinin ürəyincə olmadığını dedi.

Davudova_and_Sharifzade_playing_Macbeth
Mərziyyə Davudova və Abbas Mirzə Şərifzadə “Maqbet” tamaşasında.

“Hüseyn Cаvidin, Əhməd Cаvаdın, Mikayıl Müşfiqin əksinqilаbi mеyllərini bildiyi hаldа, nəyə görə оnlаrın əsərlərinin təbliğini dаvаm еtdirdiyi” barədə soruşulanda isə Abbas Mirzə ən optimal cavabı fikirləşib tapmışdı: “Mən tеаtrdа işləyirdim, nə rоl tаpşırırdılаr, mən də оnu ifа еdirdim…”

Beləcə: yenə təzyiqlər, yenə təhdidlər, yenə həqarətlər, yenə işgəncələr.

Ancaq bu dəfə də heç nə dəyişmədi: Şərifzadə sonadək bu içi boş, quru söz yığınından ibarət ittihamın da qurama olduğunu bildirdi. (Yəqin həm də ona görə ki, heç bir “etiraf”ın onu güllələnmədən xilas etməyəcəyinə əmindi. “Qırmızı terror” zamanı bunun saysız örnəkləri vardı).

Beləliklə, teatr səhnəsində faciə qəhrəmanlarını misilsiz ustalıqla canlandıran Şərifzadə sonda öz faciəsini, üstəlik, həyat səhnəsində və eyni məharətlə oynadı…  

***

Abbas Mirzə haqda “məhkəmə” qərarında güllələnməsi ilə bərabər əmlakının müsadirə olunmasına da hökm verilmişdi.

Di gəl, evindəki axtarışlarda müsadirə edilmək üçün vur-tut bir teatr qılıncı ilə iki teatr tapançası tapılmışdı.

Sovet repressiv rejimi ya insaf hissini tam itirməmişdi, ya da ümumiyyətlə ağlına gəlməmişdi ki, Abbas Mirzəni həmin qılınc və tapançalarla hökuməti devirməkdə ittiham etsin. Bu yazdığıma, bəlkə də, təəccüblənəcəksiniz. Ancaq günümüzdə siqaret belə çəkməyən adamların narkotiklə, evində yeməyə, az qala, çörəyi olmayanların xaricdən pul alıb iğtişaş yaratmaqda günahlandırıldığını görüncə adamın ağlına belə “şeytani” fikirlər mütləq gəlir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör