Son dövrlər bir çox dövlətlər yaranmış vəziyyətlə əlaqədar iqtisadi dəstək paketlərini açıqlamaqdadırlar. Bu paketlərin ümumi dəyəri trilyonlarla dollar həcmindədir. Yəni, dünya qlobal tibbi böhranla yanaşı, həm də qlobal iqtisadi böhran yaşamaqdadır. Müxtəlif regionlarda hər zaman iqtisadi problemlər yaşayan ölkələr olsa da, 2008-ci ildəki maliyyə böhranı bir çoxlarımızın yaşadığı ilk qlobal böhran olduğundan, ictimai fikirdə də silinməz izlər qoyub. O səbəbdən son günlər həm yaranan iqtisadi vəziyyət, həm də dövlətlərin açıqladıqları dəstək paketləri 2008-ci ildə atılan addımlarla müqayisə edilir.
Amma bu iki böhran və dəstək paketləri arasında ciddi fərqlər mövcutdur. 2008-ci ildə yaşanan böhran konkret olaraq maliyyə sektoru ilə əlaqədar idi, bu səbəbdən, ABŞ başda olmaqla böyük iqtisadiyyata sahib olan ölkələr adekvat addımlar ataraq, yəni, faiz dərəcələrini endirərək, qiymətli kağızları alaraq və likvidliyi artıraraq müəyyən müddət sonra vəziyyəti nisbətən stabilləşdirə bildilər və iqtisadi fəaliyyəti canlandırdılar. Hazırda içində olduğumuz böhranın səbəbi isə istehlakın durması ilə əlaqədardır. Yəni, insanlar ona görə investisiya və ya alış-veriş etmir ki, faiz dərəcələri və vergilər yüksəkdir, onlar sadəcə evlərini tərk edə bilmirlər, bu da bir çox məhsul və xidmətə olan tələbin azalmasına səbəb olur. Azalan tələb fonunda istehsalın həcmi də aşağı düşür və beləcə bütün iqtisadi fəaliyyət zəifləyir. Ona görə də, hazırda əksər ölkələrin açıqladıqları dəstək paketləri daha çox insanların sosial müdafiəsinə yönəlib, nəinki iqtisadiyyatın canlanmasına. Əlbəttə orta və uzunmüddətli zaman müstəvisində iqtisadi fəaliyyəti canlandırmaq üçün də tədbirlər görüləcək, ancaq bunun üçün ilk növbədə məsələnin tibbi tərəfləri həll edilməlidir.
Azərbaycanda da son günlər ən çox müzakirə edilən məsələ dövlətin ehtiyacı olan vətəndaşlara yardım etməsi ilə bağlıdır. Ancaq, təəssüf ki, Azərbaycan iqtisadiyyatının bəzi özünəməxsus cəhətləri var ki, uzun illərdir həll edilməyən həmin problemlər ucbatından indiki halda hökümət səmimi olaraq istəsə belə bütün sosial qruplar üçün effektiv hesab ediləcək dəstək paketinin hazırlanması çətin görünür. Bu çətinliyi yaradan başlıca amil kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluqla bağlıdır. Bu baxımdan ümid edək ki, bu günlərdə yaşananların gətirəcəyi bir dəyişiklik də o olar ki, insanlar əmək müqaviləsinin nə qədər əhəmiyyətli olduğunu dərk edər və işə girərkən rəsmiləşdirilməsini tələb edərlər. Yəqin ki, bu günlərdə nisbətən rahat insanlar rəsmi iş yeri olanlardır, çünki işə getməsələr belə, müəyyən qədər gəlir əldə edəcəklərini bilirlər. Ancaq təbii ki, rəsmiləşməni vətəndaşların istəməsi qədər, gərək dövlət də “oyun qaydaları”nı elə müəyyən etsin ki, qeyri-rəsmi işçi qəbul etmək üçün heç bir səbəb olmasın.
Rəsmi statistikaya görə hazırda ölkədə iqtisadi fəal əhalinin sayı 5.2 milyondur. Onların 4.9 milyonunu məşğul əhali təşkil edir. İlk problem də elə buradan başlayır. Çünki məşğul əhalinin 1.7 milyon nəfərinin, başqa sözlə hər üç nəfərdən birinin kənd təsərrüfatı ilə məşğul olduğu qeyd edilir. “Məşğulluq haqqında” qanuna əsasən vətəndaşın mülkiyyətində istifadə edib-etməməsindən asılı olmayaraq pay torpağı varsa, o məşğul hesab edilir. Amma nəzərə alsaq ki, heç də hər kəs pay torpağını əkib-becərmir, onda pay torpağı olan hər kəsin məşğul hesab edilməsi işsizlərin real sayına təsir edə bilir. Ölkədə muzdla çalışanların sayı isə 1.6 milyon nəfərdir. Xidməti müqavilə ilə çalışanlar və sahibkarlarlar, muzdla işləyənlərlə birlikdə iqtisadi fəal əhalinin ən yaxşı halda yarısına yaxınını təşkil edir. Bu səbəbdən, iqtisadi fəal əhalinin digər yarısı üçün hansısa əlavə mexanizmlər tətbiq edilməsə, koronavirusun iqtisadiyyata mənfi təsirinə görə ayrılan vəsaitdən bu adamlara pay çatması da çətinləşəcək.
Məşğul əhalinin sayı ilə bağlı danışarkən qadınlara da xüsusi toxunmaq lazımdır. İqtisadi cəhətdən qeyri-fəal olan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən qadınların təxminən 45 faizi, yəni, 630 mini “evdar” statusu daşıyır. Eks Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri də müsahibəsində qeyd etmişdi ki, ölkədə əmək qabiliyyətli 890 min (!) qadın heç yerdə işləmir. Doğrudanmı 1 milyona yaxın qadın öz istəyi ilə “evdar” statusu daşıyır yoxsa uyğun və ya ümumiyyətlə iş yeri tapa bilməməyin də buna təsiri var? Uzun sözün qısası, böhranla bağlı çıxarılacaq ən vacib dərs əmək bazarı ilə bağlı statistikada qarışıqlığa son qoymaq, işləyən və işsiz statusundakı əhalinin real səviyyəni müəyyən etmək olmalıdır.
Burada vurğulanmalı bir məqam da rəsmi statistikanın etibarlılığı və əhatəliliyi məsələsidir. Dolğun və etibarlı statistika təkcə hökümətə problemin miqyasını düzgün qiymətləndirməyə imkan verdiyi üçün önəmli deyil, bu statistik məlumatlar həm də alternativ təkliflər və analizlər hazırlayan müstəqil eskpertlətin, akademik fəaliyyət göstərən institutların da daha məhsuldar işləməsinə şərait yaradır ki, son nəticədə bu prosesdən fayda götürən bütün cəmiyyət olur. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin daha efektiv hazırlanması üçün tək əmək bazarı ilə bağlı yox, ümumilikdə bütün sosial-iqtisadi sahələrlə bağlı keyfiyyətli statistik məlumat bazalarının hazırlanmasına və yayımlanmasına ciddi ehtiyac var.
Karantin rejiminin tətbiq edildiyi dövrdə əskikliyi hiss edilən daha bir sahə yerli özünüidarəetmə orqanlarının səlahiyyətsizliyi ilə bağlı idi. Əgər yerli özünüidarəetmə qurumlarının daha çox səlahiyyəti olsaydı bu gün karantin rejiminə əməl edilməsindən tutun, ehtiyacı olan insanlara yardımların çatdırılmasına qədər bir çox məsələ daha çevik və effektiv həll edilə bilərdi. Çünki yerli özünüidarəetmə orqanları texniki olaraq dövlətin bir parçası olsa da, fiziki və psixoloji olaraq yerli icmaya daha yaxındır. Bu baxımdan yerli özünüidarəetmə orqanlarının lokal idarəetmə siyasətinin hazırlanmasında və tətbiqinidə əsas söz sahibi olmasının bu siyasətin uğurla həyata keçirilməsinə böyük təsiri mövcuddur. Azərbaycanda yerli özünüidarəetmə qurumları kimi tanınmış bələdiyyələrin regional idarəetmə prosesində aktiv və səmərəli iştirak edə bilməməsinin əsas səbəblərindən biri yerli icra hakimiyyətlərinin və digər dövlət qurumlarının yerli əhəmiyyətli məsələlərdə geniş səlahiyyətlərə sahib olmasıdır. İdarəetmədəki bu paralellik həm əlavə resurs itkisinə səbəb olur, həm də bütün qərarlar bir mərkəzdən verildiyi üçün daha çevik reaksiya tələb edən məsələlərin operativ həll edilməsi uzanır. Digər tərəfdən bələdiyyələr seçki institutu ilə formalaşdıqları üçün, bu sistem effektiv qurulduğu zaman daha hesabatlı və şəffaf fəaliyyət göstərməyə məcbur olurlar, çünki onlar bu vəzifəyə təyin edilmirlər, vətəndaşlar tərəfindən seçilirlər və seçiciləri qarşısında məsuliyyət daşıyırlar.
“Parçala və idarə et” ifadəsi əksər hallarda mənfi mənada işlədilsə də, regional idarəetmə baxımından bu yanaşma daha uğurlu nəticələrə yol açır. Əslində yerli özünüidarəetmə qurumlarının səlahiyyətlərinin artması belə böhranlı vəziyyətlərdə mərkəzi hakimiyyətin siyasi məsuliyyəti bölüşməsi baxımından onlara fayda da gətirə bilər, ancaq digər tərəfdən yerli özünüidarə qurumları həm də cəmiyyətə yeni liderlər qazandırması ilə xarakterikdir. Uzağa getmədən, Türkiyə və Gürcüstanı qeyd edə bilərik. Ərdoğanın və Gürcüstanın eks-prezidenti Saakaşvilinin siyasi kariyeralarının daha da parlamasında bu şəxslərin İstanbulun və Tbilisinin meri kimi çalışmalarının xüsusi yeri var. Hətta Rusiyanın prezidenti Putin də, Sankt-Peterburq şəhər meriyasında məsul vəzifə tutaraq siyasətə atılmışdı. Son dövrlər sərgilədiyi mövqeyə görə Ankaranın hazırki meri Mansur Yavaşın da reytinqi durmadan yüksəlməkdədir.
Pandemiya nəticəsində iqtisadi fəaliyyətin zəifləməsi ev təsərrüfatlarına olduğu kimi, şirkətlərə də ciddi zərbə vurur. Bu baxımdan həmin zərbənin təsir gücünü azaltmaq və şirkətlərin daha dayanıqlı fəaliyyət göstərmələrini təmin etmək üçün ölkədə ixtisaslaşmış inkişaf və investisiya banklarının olması bir neçə səbəbə görə faydalı ola bilərdi. Bu səbəblərdən ilki maliyyələşdirmə ilə bağlıdır. Ölkə iqtisadiyyatının miqyasını böyütmək üçün investisiyaların həcminin artırılması vacib şərtlərdən biridir. Ancaq bu vəsaitin iqtisadiyyata cəlb edilməsi inkişaf etməkdə olan ölkələr üçün o qədər də asan başa gəlmir. İnkişaf etməkdə olan ölkələrdə əhali gəlirlərinin yığıma ayrılan hissəsi inkişaf etmiş ölkələrdə olduğu qədər böyük olmadığı üçün tək bu vəsaitlər hesabına investisiyaların həcmini artırmaq mümkün olmur. Bu ölkələrdə maliyyə bazarlarının da zəif inkişaf etməsi daxili vəsait hesabına investisiyaların artırılmasını çətinləşdirir.
Bu tip problemlərlə qarşılaşmamaq və inkişaf layihələrini maliyyələşdirmək baxımından bir çox ölkələrdə tətbiq edilən çıxış yollarından biri müəyyən sahələrdə ixtisaslaşdırılmış inkişaf və investisiya banklarının yaradılmasıdır. Bu banklar təkcə sahibkarların maliyyələşdirilməsi baxımından vacib deyil. Bu bankların fəaliyyətinin davamlılığı üçün kreditləşdirilən layihələrin uğurlu olması və kreditlərin geri qaytarılması əhəmiyyət kəsb edir. Ona görə də, banklar kreditləşdirəcəyi layihələri seçərkən həyata keçirilməsi daha real olan layihərə üstünlük verirlər. İnkişaf Bankları müəyyən bir sahədə ixtisaslaşdırıldığı üçün maliyyələşdirdiyi layihələrin fəaliyyət göstərdiyi sahədə böyük təcrübəyə malik olurlar və bu amil müştərilərə konsultasiya xidmətinin göstərilməsinə, texniki dəstək verilməsinə və onların düzgün seçim edib uğurlu fəaliyyət göstərməsinə də kömək edir.
İxtisaslaşdırılmış inkişaf banklarının daha bir funksiyası istehsal texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki, digər kommersiya bankları yeni texnologiyaların tətbiqinin həmin sahədə yarada biləcəyi təsiri tam müəyyən edə bilməyəcəyi üçün bu tip layihələrin maliyyələşdirilməsini riskli hesab edə bilər, ancaq inkişaf bankları həmin sahədə ixtisaslaşdığı üçün o sənaye sahəsindəki texnoloji yeniliklərə də, bələt olduğundan bu tip layihələrin maliyyələşdirilməsində də maraqlıdır. Eyni zamanda, bəzən elm və texnologiya tutumlu layihələrin gəlir gətirməsi uzun müddət çəkdiyi üçün kommersiya bankları bu tip layihələrin kreditləşdirilməsinə o qədər də həvəsli olmur. İnkişaf baklarının bu sahəyə də maliyyə ayırması ümumilikdə ölkə iqtisadiyyatında istifadə edilən istehsal texnologiyasının inkişaf etdirilməsinə və daha çox məhsuldarlığa təkan verir. İxtisaslaşdırılmış sahə banklarında dövlətin aktiv iştirakı bu qurumlara daha geniş imkanlar yaradır.
Bu günlərdə banklarla bağlı diqqət çəkən bir məqam da, ölkədə təqaüdlərin və büdcə təşkilatlarının əməkdaşlarının maaşlarının sadəcə iki bank tərəfindən əhaliyə çatdırılması məsələsidir. Düzdür, sonradan verilən qərarla əhalinin bankomatların qarşısında sıxlıq yaradıb karantin rejimini pozmaması üçün təqaüdlərin bütün bankların bankomatlarından komissiya tutulmadan çıxarılması ilə bağlı qərar verildi, ancaq digər zamanlarda da bu sıxlığın qarşısını almaq, digər bankların da bankomat şəbəkəsini inkişaf etdirməsinə stimul yaratmaq və iqtisadi durğunluqdan öz tövhəsini almış banklara müəyyən qədər yardım etmək üçün həmin vəsaitlərin insanlara çatdırılmasında daha çox bankın xidmətindən istifadə etmək lazımdır.