Bir məkan necə bu qədər uzaq, necə bu qədər tənha, necə bu qədər təsirli ola bilər? Bu dəfə urban dizaynında heyrətamiz ziddiyyətlərlə dolu “Murou sənət meşəsi” haqqında danışacağıq. Yaponiyaya gedirik, ən böyük şəhərlərindən biri olan Naraya. Çöldə rahatlıqla gəzə bilən maralları ilə məşhur Nara şəhərinə..
“Murou sənət meşəsi” Yaponiyanın Nara vilayətinin Uda bölgəsində yerləşən bir açıq hava muzeyidir. Meqapolislərin xaotik dinamizmindən uzaqlaşmaq və bir müddət beyni dincəltmək üçün olduqca gözəl bir məkandır. Meşəyə girəndə sadəcə zehni rahatlıq tapmırsınız, eyni zamanda özünüzü sanki fəlsəfə və sənət düzünün ortasında, sehrli bir məkanda hiss edirsiniz. Şam meşələri ilə əhatə olunmuş ərazidə müxtəlif heykəllər, abidələr, qurğular və bədii abadlıq yaradıcılığı var.
Sənət meşəsinin ilk dizaynı bölgənin məşhur heykəltəraşı Bukiçi İnoue (1930-1977) tərəfindən hazırlanıb.
Inoue, “Murou Art Forest” layihəsini Nara vilayətini inkişaf etdirmək və əhalinin azaldılması kampaniyasına dəstək vermək üçün öhdəsinə götürmüşdü. Nara torpaq sürüşməsi təhlükəsinin olduğu bir ərazidir. Layihənin sonunda dizaynerlərin hədəflərindən biri də bu sürüşmələrin qarşısını almaq və insanların təhlükəsizliyini təmin etmək idi. Bununla paralel, sənətdən istifadə edərək insan, mədəniyyət və təbiətin ahəngdar birləşməsini təmini əsas hədəflər sırasında idi. İnoue-dən sonra layihəni heykəltəraş Dani Karavan tamamlayıb (2006).
Bir kompleks kimi dizayn edilmiş Murou İncəsənət Meşəsi, 12 hissədən ibarətdir:
1 – Kompleks mərkəzi
2 – Dalğalı torpaq
3 – Spiral bambuk meşəsi
4 – Spiral su yolu
5 – Günəş qülləsi və qapısı
6 – Teraslı düyü tarlası
7 – Dəstlər
8 – Birinci ada
9 – İkinci ada
10 – Üçüncü ada
11 – Gəzinti parkuru
12 – Ziyarət mərkəzi
Kompleks Mərkəzi
Murou İncəsənət Meşəsində Dani tərəfindən dizayn edilən bina ziyarətçilər üçün istirahət zonasıdır. Bina ətrafdakı albalı ağaclarının mənzərəsi ilə uyğunlaşır və ağ daxili pəncərələrlə parlaq, geniş bir atmosfer yaradır. Dani-nın sənət texnikaları sayəsində binaya fərqli bucaqlardan baxıldığında fərqli görünür.
Dalğalı zəmin
Bu dalğalı cığırlar və xətt ağacları ziyarətçilər qədim zamanlara aparır. Murou İncəsənət Meşəsindəki yosun yolunun eni yolun əvvəlindən daha genişdir. Yolun sonunda quyuya yaxınlaşdıqda isə daha dar görünür. Bu texnika Bukichi-nin bir sənət əsərində istifadə olunub. Dani burda ona hörmət naminə bu tərzdən istifadə edib. Qeyri-adi dizayn edilmiş ərazidə gəzmək olduqca xoşdur. İstifadə olunan ağac növü: Red Robin.
Spiral Bambuk Meşəsi
17 m diametrdə və 4 metr dərinlikdə zirzəmiyə enən bambukdan hazırlanmış spiral pilləkənlər, tədricən, onları yer səviyyəsinə aparır. Tunelə bənzər bir keçid var. Bura bir çox təzad yaşaya biləcəyiniz bir yerdir: açıq -qapalı, yeraltı-yerüstü, işıq- kölgə.
Spiral su yolu
Qıvrılmış kanaldan axan su, uşaqların təhlükəsiz oynaya biləcəyi qədər dayazdır. Əfsanəyə görə, aşağıya doğru əyilən spiral dizayn Murou Sənət Meşəsi dizayn edilərkən bir ilanın qaçmasından ilhamlanaraq yaradılıb. Su yolunun ortasında günəş saatı var. Dizaynın sonunda olan ağac isə Ətirli Zeytun Ağacıdır.
Günəş qülləsi və qapısı
Qüllənin eni 8 m, diametri 9 m-dir. Qapının hündürlüyü isə 6 m-ə çatır. Abidə qədim yapon inancı olan günəşə sitayişə istinadən “Günəş Yolunu” təmsil etmək üçün dizayn edilib. Günəş yolu Naradan İse məbədinə qədər uzanır. Giriş bərabər hündürlükdəki qapılardan keçir və qapılar bir xətt təşkil edir. Abidə bu xətt üzərində yerləşir. Qüllə hava şəraitinə davamlı olan poladdan hazırlanıb. Layihənin bu hissəsi kölgə və işığın yaratdığı təsiri ən gözəl bir formada qonaqlara çatdıra bilir.
Teraslı düyü tarlası
Bölgənin yerli əhalisi ənənəvi olaraq terraslı düyü tarlalarında əkinçilik edir. Dani bu məkanı həmin ənənəni unutdurmamaq məqsədilə dizayn edib.
Oturma pilləkənləri
Amfiteatr şəklindəki oturma sahəsi istirahət etmək və gölün mənzərəsini seyr etmək üçün hazırlanıb. Mənə elə gəlir ki, bura sadəcə oturmaq yox, düşünmək, yaradıcılığı inkişaf etdirmək və insanın özünü həddindən artıq sehrli bir aləmdə hiss etməsi üçün xüsusi əl gəzdiriblər.
Birinci ada
Quşları seyr etmək üçün dizayn edilən bu adanın diametri14 m-dir. Quşların təbii həyatına töhfə vermək və onları müşahidə etmək üçün hazırlanıb. Bölgədəki vəhşi quşları cəlb etmək üçün adada meyvə ağacları əkilib. Bu olduqca geniş yayılmış üsuldur. Müəyyən ağacları müəyyən yerlərə əkməklə bir çox canlıları həmin əraziyə cəlb edə bilərsiniz. (Nümunə üçün deyək ki, bu heç də hər zaman uğurlu alınmır. Məsələn, Taxus baccata adlı ağacı hava limanlarına yaxın yerlərdə əkmək təhlükəlidir. Çünki onun üzərindəki qırmızı meyvələr quşları özünə cəlb edir. Bu isə eniş edən, qalxan təyyarələr üçün olduqca ciddi riskdir.)
İkinci ada
Piramida adasının diametri 16 m-dir. Kama şəkilli piramida çardağı gəzinti, istirahət və düşüncə ərazisi hesab olunur. Bu ada əslində Daninin sənət əsərlərində tez-tez görülən kama şəkilli, yarı qapalı bir ev və bir çadırı təsvir edir.
Üçüncü ada
Açıq hava adası 18 m diametrdədir. Adada tədbirlər təşkil etmək üçün platforma səhnəsi yerləşdirilib. Bu platforma “selangan batu” adlanan ağacdan hazırlanıb.
Gəzinti parkuru
Bu keçidin döşəməsi təkrar emal olunmuş taxta çipləri və qatranla qarışdırılmış materiallarla döşənib. Bir növ təkrar emal məsələsinə mesaj göndərirmiş kimi. Döşəmənin rəngi və teksturası ətrafdakı təbii mənzərə ilə uyğunlaşdırılıb. Bu olduqca vacib nüansdır. Bu qədər kontrastın içində harmoniyanı tuta bilmək, doğrudan, istedad və təcrübə tələb edir.
Ziyarət Mərkəzi
Bu mərkəz sənət meşəsinin məlumat mərkəzidir. Bina, ətrafdakı mənzərə ilə ahəngdar olsun deyə xüsusi dizayn edilib. Klassik “qutu kimi” düzbucaqlı binalardan fərqli olaraq, Mərkəzin binasə informal forması ilə digər strukturlardan seçilir. Binanın torpaq rəngi bütövlük effekti yaradır. Ziyarət mərkəzinin qarşısında üstünlük verilən bitki növləri: Magnolia kobus.
Başda dediyim kimi, bir məkan necə bu qədər uzaq, necə bu qədər tənha, necə bu qədər təsirli ola bilər? Yapon memarlar bu məsələni özünəməxsus bir formada cavablandıra biliblər. Bizə isə bu yazını oxuduqdan sonra google-da “Murou art forest” yazıb axtarmaq qalır. Onsuz da meşələrdən hansısa kabab sevən məmura ya villa, ya da istirahət mərkəzi tikərək istifadə edirik.