Konformizm, yəni ətrafa uyğunlaşma, hamıdan biri olma – adi haldır. Müəyyən bir sosial qrupda qəbul olunmuş qaydalara, zövq meyarlarına uyğunlaşmaq üçün biz hamı kimi geyinir, hamının dinlədiyi bayağı musiqiləri dinləyir, populyar məkanlara, kafe və restoranlara üstünlük veririk. Bir sözlə, asanlıqla təqlid edirik, bundan narahat olmuruq və ətrafımızdakıların davranışlarını, sanki belə də lazım imiş kimi, təkrarlayırıq. Beynimiz üçün “mən hamı kimi olmaq istəyirəm” əmri nə üçün kifayət qədər normal əmrdir və bu əmrə tabe olmamaq hansı əsaslarla “davranış səhvi” kimi yozulur?
Doxsanların, iki mininci illərin dəbini xatırlayın…
İdman kostyumunda gəzən, “mokrı şolk” adlı materialdan eybəcər şalvarlar, köynəklər geyinən oğlanlar; qəribə saç düzümlü, iri sırğalı, əcaib dodaq boyalı, iri kəmər toqqalı, saqqız çeynəyən qızlar… Bu gün “ətimizi tökən” bu görkəmi o vaxtlar özümüzə necə rəva görürdük? Nə fikirləşirdik ümumiyyətlə? Niyə bir qram individuallığın olmadığı, hamının bir-birinə oxşadığı həmin mühitdə yaşamaq bizə əzab vermirdi?
Konformizmin müxtəlif təzahüləri, zərərli və zərərsiz aspektləri var. Hər evdə valideynlərin dediyi bu sözü yəqin hamı eşidib: “İndi hamı damdan tullansa, sən də tullanacaqsan?” Doğrudan da, bəzən hamı kimi olmaq, sürünü sorğu-sualsız izləmək faciələrə də gətirib çıxarır.
1978-ci ildə, Cim Consun yaratdığı və minlərlə müridi olan “Xalqlar məbədi”nin 900-dən çox sakini, hamı bir nəfər kimi rəhbərin kalium sionid və diazepam qarışığından hazırladığı üzüm şirəsini içərək, gözlərini qırpmadan kütləvi intihar etmişdilər. Eyni sürü psixologiyasını biz, nasizm Almaniyasında da müşahidə edirik – yüz minlərlə, milyonlarla insan komandanın üzvü, yəni hamıdan biri olmaqdan ötrü nasistlərin partiyasına qoşulurdu. “Hamı kimi olmaq”la onlar sistemin düşmən saydığı insanlara əziyyət etmək, sataşmaq, öldürmək haqqı əldə edirdilər.
Beləliklə, bəzən konformizm, sürünün bir parçası olmaq həvəsi, dəhşətli nəticələrə gətirib çıxarır.
Monkey see — monkey do
Konformizmin hətta heyvanlarda da müşahidə olunması, bu fenomenin təkamül ilə dərindən əlaqəli olduğunu göstərir. Primatlar üçün çoxluğu izləmək, həm də öyrənmə prosesidir. Şimpanze başqa meymunların nəyisə üç dəfə təkrarladığını görsə, onlar kimi davranmağa başlayacaq (iki yaşlı insan da eyni cür davranır). Məsələn, bir meymun iri, əzələli meymunun dava elədiyini və zəif meymunları əzişdirdiyini görsə, heç vaxt həmin meymunla davaya girişməz. Zəif primat ona davasız, müqavimətsiz tabe olacaq. Şimpanzelər alət hazırlamağı da, başqa meymunları izləyərək öyrənirlər. İngilis dilində bu sosial öyrənmə fenomenini təsvir edən deyim də var: meymun görür – meymun edir.
Əlbəttə, uyğunlaşma heç də hər zaman xeyir gətirmir. Bir təcrübə zamanı alimlər meymunlara bir çəhrayı və bir mavi səbətlərdə qarğıdalı verirlər. Çəhrayı səbətdəki qarğıdalılar ləzzətli, mavi səbətdəkilər isə acı idi. Bir ay keçdikdən sonra, bütün meymunlar yalnız “dadlı” rəngli səbətdəki qarğıdalıları yeyir, obiri səbətə tərəf heç baxmırdılar. Alimlər mavi səbətdəki qarğıdalıları acılaşdırmağı dayandırsalar da, meymunlar o səbətdən çəkinir, qarğıdalıların dadına baxmağa cəhd eləmirdilər.
Həmin sürüdə doğulan balalar və sonradan qrupa daxil edilən yeni meymunlar da ənənəni “sorğu-sualsız” davam etdirmiş, mavi rəngli səbətdəki qarğıdalılara toxunmamışdılar. Beləliklə, qida seçimində “hamı kimi olmağı” üstün tutan meymunlar, mavi səbətdəki ləzzətli qarğıdalıları zay etmişdilər.
Konformizm, təkcə bizimlə qohum olan primatlarla da məhdudlaşmır. Robert Sapolsky “Xeyir və şərin biologiyası” kitabında qazların da çoxluğun davranışını təqlid etməsinə dair sübutlar gətirir. Dişi qaz tərəfindən rədd edilən erkək qaz, həqiqi quşlardan seçilməyən maket qazların mühasirəsinə salınır və elə bir təəssürat yaradılır ki, sanki bütün dişi qazlar bir erkəyin başına dolanıblar. Bir az əvvəl erkəyi rədd etmiş dişi qaz bu mənzərəni görən kimi, tez özünü hadisə yerinə yetirərək, erkək quşun “qoynuna girir”.
Niyə sürü hissinə ehtiyac duyuruq?
“Hər kəs kimi olmaq” bir neçə motivə bağlı instinktdir. Uyğunluşmanın səbəblərindən biri, başqalarının razılığını qazanmaq arzusu ola bilər. İnsan üçün sürünün içində olmaq vacibdir, çünki təkamül prosesində bu, qida tapmağın, soyuqdan qorunmağın, vəhşi heyvanlara yem olmamağın zəmanəti idi. Sürüyə bağlı olmaq, təməl ehtiyaclarımızdan biri olan özünü identifikasiyanı təmin etmək baxımından da vacibdir.
Sürü instinkti – təkamül çərçivəsində, sabit davranış strategiyaları nəzəriyyəsi ilə izah edilir. Milyonlarla ildir qrup halında yaşayan insanlar, qrupdakı fərdlərin müəyyən davranışlarını görür və olduğu kmi tətbiq edir: “Mamontun dərisini geyin ki, soyuq olmasın. Qaranlıqda bayırda gəzmə, mağarada otur ki, səni yeməsinlər. O kolda bitən giləmeyvəni yemə, yoxsa ölərsən”. Sürünün davranışından kənar istənilən addım təbii seçmə ilə cəzalandırılır: ya donursan, ya bir yırtıcı tərəfindən yeyilirsən, ya da zəhərlənib ölürsən. Ayrı-ayrılıqda hər bir fərdin davranışı hər gün təbii seleksiya ilə sınaqdan keçirilir, bununla da yaşamaq və çoxalmaq şansını artıran strategiya, yəni ən doğru alternativ tapılırdı. Beləliklə, əksəriyyətin sınaqdan keçirdiyi müxtəlif həll yolları, başqaları üçün təqlid imkanı yaradır, həmin səhvi təkrarlamaq təhlükəsindən azad edirdi. Çünki, başqasını təqlid etmək sadəcə olaraq sərfəli olurdu.
Məhz bu səbəbdən, qürurlu dişi qaz butafor qazların rəyinə boyun əyərək, bir az əvvəl rədd etdiyi erkəyin yanına qaçmağa məcbur oldu: “Bu qədər dişi onu mühasirəyə alıbsa, deməli erkəkdə nəsə var, qoy elə o “nəsə”, mənə qismət olsun.”
Əcdadımız mamont dərisi geyinirdi, biz də bu gün hamının geyindiyini geynir, dəblə ayaqlaşırıq. Məsələnin kökündə estetika yox, sağ qalma strategiyası yatır. Biz hələ də qədim instinktlərlə hərəkət edirik və bunu özümüzə etiraf etməkdən, böyük mənada primitiv olmaqdan utanmamalıyıq.
Təkamül nöqteyi-nəzərindən konformizm yaxşı şeydir. Bütün yaxşı şeylər isə beyin tərəfindən təyin və təqdir olunur.
Proqnoz xətası
Çoxluğun davranışına və ya fikirinə zidd hər hansı bir hərəkəti, sürüdən seçilən hər hansı bir fərqi aşkar etmək üçün beynimizin sadəcə 300 milisaniyəyə ehtiyacı var. Təsəvvür edin ki, bir insanın “Çaşma, sən sürünün bir parçasısan, sürüdə qal!” siqnalını alması üçün, bir saniyədən də az zaman tələb olunur. Bəs, sürüdən qopduğumuzu beynimiz bizə necə xəbər verir?
Nevroloqlar, razılaşma prosesində qətiyyətin öyrənilməsinin, yəni çoxluğun fikrinə uyğun olaraq öz davranaşını dəyişdirməyin və bunun da yaxşı, yaxud pis olduğuna dair dəqiq məlumatlı olmağın rol oynadığını irəli sürürlər. Axı, bir insan öz hərəkətinin nəticəsindən asılı olaraq nəyisə, tutaq ki, düyməni basıb-basmamağı, elektrik cərəyanının onu vurub-vurmayacağını öyrənir. Konformist olmağı da həmin qaydada öyrənirik. Hərəkətimiz sosial normaya uyğun gəlmirsə qınanılırıq, uyğun gəlirsə təqdir olunuruq.
Qətiyyətin öyrənilməsi nəzəriyyəsində, mükafatın proqnozunda yanılma vacib məqamlardan biridir. İstənilən hərəkətəmiz üçün gözləntimiz və o hərəkətə görə əldə etdiyimiz nəticə var. Gözlənti ilə real nəticə arasındakı uyğunluq dərəcəsini isə beyin siqnalı kodlayır. Bunun üçün isə qətiyyətə cavabdeh sistemin neyronları – “xoşbəxtlik molekulu”, dopaminlə zəngin strukturlar məsuliyyət daşıyır. Nəticə gözləntilərə uyğundursa, şəbəkə neyronlarının fəaliyyəti artacaq; nəticə pis olarsa, neyronlar “kədərlənəcək” və aktivlik azalacaq.
Alimlər öz fərziyyələrində haqlıdır: bir insanın fikri çoxluğun fikrindən seçiləndə, beyin “səhv” siqnalı göndərir. Deməli, “hamı kimi olmamaq”, əslində davranış səhvidir.
Konformist beyin necə işləyir?
Uyğunlaşma neyrobiologiyası sahəsində ilk tədqiqatlardan birini, Vasiliy Klyuçarovun rəhbərliyi ilə, Hollandiyada yerləşən Donders Beyin, İdrak və Davranış İnstitutunun əməkdaşları aparıb. Qızlardan ibarət könüllülər qrupuna müxtəlif qadın fotoları verilib və onlardan şəkildəkilərin cəlbediciliyini qiymətləndirmək xahiş olunub. Amma eksperiment zamanı onlara guya başqa bir qrupun, əslində isə alqoritmin fotolara dair verdiyi yüzlərlə qiymətləndirmə də təqdim olunub və respondentlərdə “çoxluğun fikri bu cürdür” təəssüratı yaradılıb. Alimlərin məqsədi xəyali çoxluqla respondentlərin rəyləri arasında ziddiyyət yaratmaq və o əsnada beynin fəaliyyətini MRI vasitəsilə izləmək idi. Nəticə, elm adamlarında heyrət doğurmuşdu: hamı, yəni çoxluq kimi düşünməyənlərin beynində daxili ziddiyyət və səhvlərin aşkarlanmasına cavabdeh olan sahənin – sinqulat korteksin fəaliyyəti artır, həzzalma mərkəzi isə öləziyirdi. Bir müddət sonra isə həmin könüllülərdən fotoları bir daha qiymətləndirmələri xahiş olunanda, nəticələr tamam fərqli olurdu: “Yox, bunun nəsə dodaqları çox nazikdir, burnu asimmetrikdir, heç də gözəl deyil…” və s.
Çünki çoxluqla ziddiyyətdə olduğumuz zaman kəlləmizin içindəki qaranlıq dəhlizlərdə gizlənmiş sinqulat korteks panikaya qapılır: “Səhv edirsən! Düzgün deyil! Dayan!”; zövq mərkəzi dopamin dozasını azaldır, corpus amygdaloideum adlı bölgə aktivləşir, bu isə birbaşa narahatlıq, qorxu və aqressiya kimi mənfi duyğularla əlaqəlidir. Beləliklə, beynimizdə baş verən bu neyron “vur-çatlasın”ı bizi narahat edir.
Bəs, transkranial maqnit stimullaşdırılması ilə sinqulat korteksdən gələn bu “səhv” siqnalını boğsaq nə baş verər? O zaman da insan, “hamı kimi olmaq” arzusuna daha az qapılar. Bunun əksi də var – bir ədəd metilfenidat həbi içsəniz, yəni dopamin konsentrasiyasını dərmanla artırsanız, razılaşmağa daha çox meylli olarsınız. Təbii ki, transkranial stimullaşdırma, metilfenidat həbləri üçün laboratoriya şəraiti lazımdır, gündəlik həyatımızda bunlar yoxdur, ona görə də, adi həyatda konformist beyinlə çox da bacara, onu yönləndirə bilmirik.
Non-konformist azlıq
Yuxarıda sözügedən cəlbediciliyin qiymətləndirilməsi üzrə eksperiment zamanı o da bəlli oldu ki, insanların beyindən aldığı yanılma siqnalı da öz gücünə görə fərqli ola bilər. Sinqulat korteksi aktivləşdirə, nüvə akumbenslərini (mükafat duyğusu, ləzzət, gülüş, asılılıq, aqressiya, qorxu və plasebo effektinin meydana gəldiyi, mezolimbik yolun vacib hissəsi olan zolaqlı bölgənin ventral hissəsindəki neyronlar qrupu) isə deaktiv edərək, şəxsin öz fikrini çoxluğun fikrinə uyğun olaraq dəyişdirməsinə nail olmaq mümkündür. Beləliklə, bəzi insanların beyni çoxluğun fikri ilə ziddləşməyə zəif reaksiya verdiyinə görə, daha az konformist olurlar. Sosial normalara uyğunlaşmayan və nəticədə xəstəxanada, həbsxanada təcrid edilən psixopatlar – ifrat qeyri-konformistlərdir. Psixopatik xüsusiyyətlər zövq mərkəzindəki siqnalın pozulması ilə əlaqəli də ola bilər. Bir başqa araşdırma isə, unikallığa, fərqli olmağa, hamıdan seçilməyə meyil göstərən insanların beyinlərində sinqulat korteksin normadan daha nazik olduğunu aşkarlayıb. Bu cür insanlar hamı kimi olmayanda, hamı kimi davranmayanda, başqalarına nisbətən daha zəif səhv siqnalı alırlar. Ümumiyyətlə, qeyri-konformistin beyni fərqlidir, bu səbəbdən də çoxluğun, sürünün, kütlənin yanında olmamaq onun üçün əsla problem təşkil etmir.
Fərqli beyinə sahib insanlar müəyyən strategiyalara, fikirlərə dair alternativ yollar təklif etməklə səciyyələnirlər. Bu cür insanlar əsasən sistemi pozan insanlardır. PayPal-ın həmtəsisçisi, Facebook-un da ilk investorlarından olan Peter Thiel bir dəfə demişdi:
“Silikon vadisində ən uğurlu sahibkarların əksəriyyəti Asperger sindromunun yüngül formasına sahibdir və təqlidçi sosiallaşma genindən məhrumdur.”
Silikon vadisindəki non-konformistlərin sinqulat korteksi və ya nüvə akumbensini araşdırmaq doğrudan da maraqlı olardı. İllərlə dünyaya iPhone təqdim edən Steve Jobs konformizmin təzahürü olan dəb, geyim-gecim kimi anlayışları rədd etməklə, eyni cür cins şalvar və qara mayka geyinməklə fərqliliyini göstərirdi. Özəl şirkətin də kosmosa insan göndərə biləcəyini sübut edən Elon Musk isə, təkcə SpaceX-i, Teslanı yaratmadı, həm də moda və bir çox başqa normaları rədd edərək, axırda oğluna X Æ A-XII adını qoydu.
Hamıdan seçilən azlığın çoxluq üzərindəki hakimiyyəti, onların çoxluğu ram etmədəki bacarığı sosial psixologiyanın böyük sirri olaraq qalır. Kor-koranə sürü instinkti ilə yaşayanlar sürüdən seçilənlərə ağız büzsə, onlardan acığı gəlsə də, “quzu balası” kimi həmin seçilən azlığın tilsiminə qapılaraq onları izləyir, onlardan gələn məlumatları təhlil edir, araşdırır. Yəni, azlıq çoxluq üzərində təsirə malikdir.
Müdrik izdiham
Bütün hallarda, hörmətli oxucu gərək “konformizm” sözünə mənfi məna yükləməsin, sürü instinktinə tabe olduğuna görə özünü qınamasın, bunu ayıb saymasın. Sürüdən seçilmək adicə istəklə olmur (bunun nəticəsi də çox eybəcər olur), sürüdən seçilmək bir çox faktorlara bağlıdır. Həm də axı sürünün parçası olmaq, hər şeylə razılaşmaq da pis bir şey deyil. Hamımız qırmızı ışıqda dayanırıq, yəni vahid qaydalara riayət edirik, çünki belə bir mədəniyyətdə yaşamaq daha rahatdır. Qırmızı ışıqda dayanmayan adam, sürüdən seçilən fərd yox, cinayət əməli törədən ünsürdür. Sürüyə uyğunlaşma dünyamızı sabitləşdirən amildir, eyni zamanda sürü instinkti ilə yaşamağımız kollektiv müdrikliyi də aktivləşdirir ki, bu da çox müsbət haldır.
“Kütlə müdrikliyi” haqda ilk dəfə, 1906-cı ildə bir kənd yarmarkasına gedən ingilis alim Frensis Qalton yazıb. Yarmarkada ziyarətçilərdən xahiş edilir ki, bir öküzün çəkisini göz əyarı təxmin eləsinlər. Yüzlərlə adamın verdiyi cavabın arifmetik ortalaması, öküzün həqiqi ağırlığından sadəcə bir funt fərqlənmişdi. Sosioloq Hagel Knight isə, auditoriyadakı tələbələrindən otaqdakı temperaturu təxmin etmələrini istəmiş və ortalama rəqəm həqiqi rəqəmdən yalnız 0,24 dərəcə fərqlənmişdi. Bir neçə tədqiqat isə göstərir ki, kollektiv zəkanın proqnozları mütəxəssis və analitiklərin proqnozlarından 70-80% daha dəqiq alınır. Deməli, kütlənin fikri bəzən bir fərdin fikrindən, proqnozundan reallığı daha çox, daha dəqiq əks etdirir. Yəni təkamül modelləri, sabit bir mühitdə ən doğru davranışın çoxluğun davranışı olduğunu göstərir. Ancaq bu əhəmiyyətli nüans əsla diqqətdən qaçmamalıdır – sabit mühitdə.
Sürətlə dəyişən dünyada yaşayırıq, ətraf aləm də sürətlə dəyişir, deməli çoxluğun fikrində tez-tez qeyri-adekvatlıqlar müşahidə edəcəyik. Problem də budur. Beynimiz konformizmə simpatiya bəsləməyə davam edir və kütlədən seçilən hər bir davranışımıza görə bizə səhv siqanlı ötürür. Bəzən beynimiz haqlıdır, bəzən isə müasirliyin gedişatı beynimizə sona qədər itaət etməyin optimal strategiya olmadığını göstərir. Bəs nə etməli?
Kütlə müdrikliyinə söykənməli və non-konformistləri köməyə çağırmalıyıq – onlar bizə ən doğru yolu göstərəcəklər.
НОЖ