Hər şey çox gözlənilməz başladı. Yatsam yuxuma girməzdi ki, bütün bu həngaməyə Çe Gevara səbəb ola bilər. «Çe Gevara – Fidelin sevimli cəlladı» yazısı, ideal hesab etməsək də, səviyyəsi bizi qane edən lenta.ru saytından hər ay birini seçib çevirdiyimiz, populyar dil və üslubda yazılmış, sanballı məqalələrdən biridir. Onun AzLogos-da dərcindən sonra başlayan və bu günə qədər davam edən massiv solçu hücumu, bizi qəfil yaxaladı.
Özündən razı, hər şeyi bildiyini sanan mən, sən demə xəbərsizəmmiş ki, şiələr İmam Hüseynə ağlayan kimi, bunlar da Çeyə ağlayırmış.
Sizi əmin edirəm, əgər lenta.ru-da İmam Hüseyn, ya da Həzrəti Əli haqqında bu səviyyədə yazı çıxsaydı (və o yazıda imamların necə başkəsən, müşriklərə qarşı amansız olduğu, hakimiyyət uğrunda bir-birlərinin qanını tökdüyü yazılsaydı belə), şiələrin çoxu minnətdarlıq edər, uzaqbaşı iradlarını yazardılar. Birmənalı deyirəm – dindar dostlarım var, amma heç vaxt solçu dostum olmayıb. Bəlkə də olubdur, xəbərimiz yox. Əli Novruzov solçudursa, onda var. Əli, ilk növbədə adekvat adamdır, gerisi təfərrüatdır.
«Ya Çe!» qışqırıb facebook səhifəmizə daraşanlar, çox gülməli görünürdülər deyə bloklandılar. Burada gülməli görünmək olmaz. Həddini aşmadan fikir bildirənlər indiyə qədər qalıb və hamısı, azərbaycanlıların sevimlisi Qriboyedovun «Ağıldan bəla» pyesində Famusovun dillər əzbəri «Ба! Знакомые все лица!» hayqırtısındakı tanış simalardır. İllərdir gic-gic danışırlar, baş açmaq olmur nə istəyirlər. Başdan ayağa klişelər, doyumsuzluq və məişət tərbiyəsizliyi. Bir neçəsinə bəlkə də lazımından sərt cavab verildi, ola bilər. Günel Mövlud məni ittiham etdi ki, sənin bu reaksiyan qeyri-etikdir, hələ bir video da çəkib aləmə göstərdi. Bir-iki yaramaza görə məni az qala «redaksiya krizisi» çıxarmaqda günahlandırdı.
Amma bütün bu solçular qrupu içərisində bir isim vardı ki, yazdıqları ilə məni dərin düşüncələrə qərq etmiş, eqzistensiyamı sarsıtmışdı. Bu isim Şura Əmiraslanovadır və biz onu heykəl məhbuslarından birinin – Qiyas İbrahimovun anası kimi tanıyırıq. Bu qadın, bizim yaddaşımızda Cahangir Yusifin fotosundakı kimi sınıxmış, pəjmürdə halı ilə qalmış, «dərdli ana» simvoluna çevrilmişdi.
«Çe Gevara – Fidelin sevimli cəlladı» yazısı bəhanə edilərək AzLogos-a qarşı başlanan hücumun fiqurantlarından biri olduğunu bilənə qədər, mən də belə düşünürdüm. Onun yazdıqlarını, ya da onun adından yazılanları oxuduqca ikili hisslər keçirirdim, bilmirdim Azərbaycanda belə ustalıqla ergən obrazına bürünməyi bacaran orta yaşlı qadının varlığına sevinim, yoxsa kədərlənim ki, bir başqası onun adından yazacaq qədər alçalıb? Bu başqası oğludursa, lap pis. Burada əxlaqçılıq etməyəcəm əlbəttə. «Qadın», «ana» arxetiplərimizə toxunmayacam. Mən adamlıqdan danışıram – bizi primat əcdadımızdan fərqləndirən kültür və əhliləşmişlik təcrübəmizdən.
Biz bu transformasiyanı necə izah edə bilərik? Məsələn, qəmli obrazlı Şura Əmiraslanova yazanda ki: «Zahid Oruc ilə Erkin Qədirlinin arasında nə fərq var ki? Birinci o vaxt seçki debatında Adam Smith utopik sosialistdi demişid, ikinci də bu gün İlham reformistdi deyir», biz nə düşünməliyik?
Bu ki, əməlli başlı qroteskdir. Sanki, Sikstin Madonnası dişləri ilə qumbaranın qoruyucu tıxacını qoparıb, bir qrup baxça uşağının üstünə atır və partlayış sonrası sifətinə çırpılan uşaq içalatını dili ilə yalayıb, bəyaz dişləri ilə ucadan qəşş edir. Sikstin Madonnası bu görkəmdə çox kitç görünəcək, burada isə hər şey çox harmonikdir. Burada həyatın özü var. Diqqət edin, tanımadığım Şura Əmiraslanova məni Alik, AzLogos-u isə liberalşüvən adlandırır. Burada biz həm də öyrənirik ki, o “heç vaxt Guevarist olmayıbmış”.
Şura Əmiraslanovanın ReAL-a marağı Erkin Qədirli ilə məhdudlaşmır, İlqar Məmmədov da siyasət dərsi payını alanlar sırasındadır.
Burda da qəlbi qəmli neydir, bir başqa ReAL-çıdan gileylidir.
Şura bizə koqnitiv dissonans yaşatmağa davam edir. Onun burada, «dəyərli bəy» Lenin babanı təbrik eləməyi gəlib.
Burada isə Şura Bəhram Bağırzadəyə sataşır, onu degenerat adlandırır:
Şura xala bizə musiqi zövqü barədə də ip ucları verir və bir “bebi”yə müraciət edərək, onu harasa nəyisə kanalizə etməyə səsləyir.
Bu fenomeni AzLogos kollektivi ilə müzakirə etmək istədiyimdə bir istehza, bir istehza ilə qarşılaşdım, gəl görəsən. Deyirlər “ay ağıllı, bəs görmürsən ki, özü deyil oğludur?”
Doğrudan? Yəni mən bunu ehtimal edə bilmədiyim üçün, ağlımdan şübhə etmək lazımdır? Belə bir şeyi ehtimal etməmişəmsə, deməli kifayət qədər sinik deyiləm. Qaldı ki, bu profili işlədən oğludursa, toy arvadlarının fotosessiyasını niyə paylaşır, yəni bu qədərmi bir-birlərinin içində əriyiblər ana-oğul?
***
Qiyas İbrahimovun adı hər gələndə, beynimdə üzü bir ovuc qalmış, sınıxmış anası canlanırdı. Adamları tutmaqdan, ölkədən çıxışına stop qoymaqdan başqa əyləncə tanımayan hökumətin haqsız yerə həbsə atdığı bir yeniyetmənin yaşadığı evin balaca, kasıb otağını xatırlayırdım. Bu otaqdanmı çıxmışdı bir kilo heroin? Hökumət bu zavallı qadına, bu zülmü necə rəva görmüşdü? Sonra oxuduq ki, oğlan elə ağıllıdır, belə zəkalıdır. İntellektual oyunların qalibidir.
Bu eyforiya əfv fərmanına qədər sürdü, sonra maskalar düşdü.
Budurmu sizin ağıllınız? Qəfil çıxır adamın qarşısına adı və soyadı ilə, işin arxaplanını bilmədən, mən necə fəhmlə bilə bilərəm ki, bu əsl Şura Əmiraslanova deyil, başqasıdır? Oturub bunları düşünəcək qədər bekar olsaydım dərdim nəydi. Yenə deyirəm, ana-oğul münasibətləri, ailə dəyərləri mövzulu yanıqlı segah oxumaq fikrində deyiləm, mənə bu şəxsiyyət ikiləşməsini zəruri edən səbəblər maraqlıdır. Siz debilsiniz, yoxsa nədir?
Mən bu uşaqlara, bu sektaya qarşı, kinoşünas Ülvi Mehdinin sözü olmasın, «həmişə indiferent» olmuşam. Uğurlarına sevinmişəm, şitliklərinə üzülmüşəm. Həmişə istəmişəm ki, bizim solçularımızın hamısı Green card udub USA-ya birdəfəlik getsinlər, çünki ora gedəndə xoşbəxt olurlar. Nə qədəri gedib bitcoin tarlaları qurur, biri telefon dükanı açır, hərəsi bir işin qulpundan yapışır. Bizə də nə lazımdır – ağlı başında azərbaycanlılar xaricdə yüksək yerlərə gəlsinlər, inkişaf etsinlər, elə özlərinə faydalı olsunlar bəsdir. Öz sahəsində uğur qazanmış, özünü tapmış, təsdiq etmiş bir azərbaycanlı, dünyanın harasında olur olsun bizim kapitalımızdır. Yoxsa, özlərinə solçu deyən adamlar Azərbaycanda yaşadıqca başları qaçır. Xoşbəxtlikdən, ya da bədbəxtlikdən, tək onların yox.
Yatıb-çıxmaq istəyən, türmə romantikası ilə alışıb-yanan, içəridə «vor» adı almağı arzulayan subkulturanı yaxşı tanıyıram, bakılıyam. Bəs yatıb çıxmaq üçün adam bıçaqlayanlarla, yatıb çıxmaq üçün heykəl yazanlar arasında hansı fərq var? Qəribə olsa da var. Adam bıçaqlayan gedir yatır, sənin heç xəbərin olmur. Heykəl yazıb yatanın isə dərdi həm də sənin dərdin olur. Sönük, heç bir məna kəsb etməyən adamlar yatıb-çıxırlar, legitimizasiya və mənəvi üstünlük oreolu qazanırlar. Bıçaqlayıb yatıb-çıxan heç olmasa öz kruqunda avtoritetə çevrilir, bu qavroşlar isə yatıb-çıxandan sonra bütün ölkənin başına avtoritet kəsilirlər.
Bu neybət adamları başımıza çıxardığına, qəhramana çevirdiyinə, ölkə gəncliyinin inkişaf orientirlərini saptırdığına görə, el dilinə sığınıb bu hökumətin də başına «daş düşsün» deyirəm.