30/03/2020
Gecəyə aparan uzun yol
Bu ana qədər yazmaqdan imtina eləyirdim. Özünütəcridin ilk günlərinin məndə yaratdığı duyğular haqqında yazılı dəlil-sübut qoymaq istəmirdim. Yəqin, ona görə ki, az qala, dərhal bu vəziyyətin vərdiş elədiyim həyatdan o qədər də fərqlənmədiyini hiss eləmişdim: mən, demək olar ki, fövqəladə vəziyyət halında və tək yaşayıram – bu, sevindirici kəşf deyildi.
İlk doqquz gün bir kəlmə də yazmadım. Amma bu səhər qara yumora iddialı jurnal başlığına bənzəyən bir xəbər çıxdı: “Buz sarayı improvizasiya olunmuş morqa çevrilir”. İtalyan callosundan (giallo- italyan qorxu filmləri) səhnəni xatırlatsa da, bu, hazırda Madriddə baş verir, “Günün qorxunc xəbərlərindən biri”.
Bu gün dustaqlığın 11-ci günüdür, mən özümü cümə günü, martın 11-də təcrid eləmişəm. O vaxtdan da gecəyə və qaranlığa müqavimət göstərirəm, vəhşi kimi pəncərələrdən və terrasdan gələn işığın verdiyi ritmlə yaşayıram. Artıq baharın ən qızğın çağları gəlir! Bu, hər gün hiss elədiyim möhtəşəm duyğulardan biridir, hərçənd bu duyğunu artıq unutmuşam. Gün işığı və onun, gecə düşənə qədər sürən rəngarəng səyahəti… Gecəyə aparan uzun, amma qorxulu yox, fərəhli yol… (ya da mən belə olmasını istəyirəm, faktların aqoniyasını inkar eləyirəm). Daha saata baxmıram. İndi bunu sadəcə evimin köndələn dəhlizində neçə addım atdığımı öyrənmək üçün eləyirəm. O dəhlizdə ki, Xulyetta Serrano Antonio Banderası yaxşı oğul olmamaqda (məni nəzərdə tuturdu) qınayırdı. Bayırdakı alatoran gecənin tezliklə gələcəyinə işarə vurur, amma indi gündüz də, gecə də öz sırasını itirib.
Mən daha tələsmirəm və bütün bu vaxt ərzində bu gün ilk dəfə günlərin uzandığını hiss eləyirəm.
Ruhən hələ də nəsr yazmağa başlayacaq qədər gümrah deyiləm – hər şeyin öz vaxtı var – amma ağlıma cürbəcür süjetlər gəlir, bəziləri də intim xarakterlidir. (Əminəm ki, bütün bunlar bitəndən sonra bebi-bum başlayacaq, eyni zamanda çoxları da ayrılacaq – Sartrın dediyi kimi, “Cəhənnəm- başqalarıdır”. Elə cütlüklər olacaq ki, eyni anda hər iki halla üz-üzə qalacaqlar: ayrılıq və ailənin yeni üzvünün gəlişi. Dağılmış ailənin).
Hazırda olanları fantastik əsər kimi qavramaq daha asandır, nəinki reallıq kimi. Yeni qlobal yoluxma situasiyası 50-ci illərin, soyuq müharibə dövrünün elmi fantastikasından, kommunizm əleyhinə qaba təbliğat aparan qorxu, B kateqoriyalı amerikan filmlərindən götürülmüş süjeti xatırladır. Yeri gəlmişkən, istehsalçılarının pis niyyətlərinə baxmayaraq, onların əksəriyyəti əla filmlər idi (ələlxüsus da Riçard Matisonun romanları əsasında çəkilənlər: “Ağlasığmaz dərəcədə balacalanan adam”, “Mən- əfsanəyəm”, “Alatoran bölgə”). O cümlədən “Yerin dayandığı gün”, “Gələndə ölü idi”, “Qadağan olunmuş planet”, “Bədən oğrularının işğalı”, bir də marslılar haqqında bir neçə film yadıma düşür.
Bu filmlərdə şər həmişə kənardan gəlirdi (kommunistlər, qaçqınlar, marslılar) və çox kobud populizmə xidmət eləyirdi. (Hərçənd sadaladığım filmləri israrla tövsiyə eləyirəm, çox gözəldilər). Əslində, virusu “çin malı” adlandırmaqla Tramp indi yaşadıqlarımızın 50-ci illərin horroruna bənzəməsinə nail olub. Tramp – zəmanəmizin nəhəng xəstəliklərindən daha biridir.
Başımı qatmaq qərarına gəlirəm. Adətən, improvizasiya eləyirəm, amma indi istirahət günləri deyil, dustaqlıq və yalqızlıq günləridir.
Axşam üçün film seçirəm – Melvilin “Bir polis” filmi ən uğurlu variantdır. Gecə üçünsə, öz təəccübümə rəğmən, seçimim Ceyms Bonddan bəhs eləyən “Qoldfinqer” filminin üzərinə düşür. Belə günlərdə ən yaxşısı (mən belə düşünürdüm) sadəcə əylənmək, reallıqdan tamamilə qaçmaqdır.
“Qoldfinqer”ə baxıram və onu seçdiyimə görə sevinirəm: mən filmi yox, film məni seçib. Kannda Şon Konneri ilə tanış olanda – bir şam yeməyində yan-yana oturmuşduq – onun kinoyla bağlı bilgilərinə heyran qalmışdım. Mənim filmlərimin onu necəsə maraqlandıracağını isə qətiyyən gözləmirdim. O vaxtlar Konneri artıq Marbelyedə yaşamırdı, amma İspaniyanı əvvəlki kimi çox sevirdi.
Biz, az qala, dost kimi ayrıldıq, telefon nömrələrimizi dəyiş-düyüş elədik. Hərçənd əmin idim ki, o nömrələrdən heç vaxt heç birimiz istifadə eləməyəcək. Amma bir neçə aydan sonra- 2001-2002 arasında – o, mənə zəng vurdu və indicə “Onunla danış” filminin nümayişindən çıxdığını dedi. Mən qətiyyən nə fetişistəm, nə də mifoman, ancaq həmin an qəfil yaxalandım – onun, filmim haqqında danışması, yaxşı aktyora və yaraşıqlı kişiyə xas dəruni səsi məni həddindən artıq vəcdə gətirdi.
Gecə “Qoldfinqer”ə baxa-baxa bütün bunları xatırlayırdım. Karantin, gecə, Şon Konneri və mən.
Kinoseansların arasında qısa müddətlik televizoru açıram və haqqında adından başqa heç nə bilmədiyimiz bu fırtınanın Lüçiya Bozeni apardığını öyrənirəm. Gün boyunca ilk dəfə gözlərimdən yaş axır. Mən Lüçiyaya həm aktrisa, həm də qadın kimi valeh idim. Onun, Antonioninin “Sevginin xronikası” filmindəki rolunu xatırlayıram. Öz dövrü üçün nadir sayılan, inanılmaz gözəlliyə sahib qadın və onun o androgin, şəhvani yerişi… Sabah Antonioninin filminə baxmağı planlayıram.
Janna Moro, Çavela Varqas, Pina Bauş və Loren Bekolla yanaşı Lüçiya da müasir qadınların məskən saldığı Olimpin zirvəsindəydi; onların hər biri ətraflarındakı kişilərdən qat-qat güclü və daha “maço” idilər. Bu ad selinə görə bağışlayın, amma mən onların hamısını yaxından tanımaq xoşbəxtliyini yaşamışam. Bax, qapalı qalmaq buna görə pisdir – asanlıqla nostalgiyanın qurbanına çevrilirsən.
İzolyasiya dövründə gündəlik qrafikin olmamasının ən müsbət cəhəti odur ki, artıq tələsmirsən, daimi gərginlik və stress yoxa çıxır. Hələ heç vaxt sakitlik mənə indiki qədər hakim olmamışdı. Hə, bilirəm, pəncərəmin o tayındakı gerçəklik qorxunc və qeyr-müəyyəndir. Elə bu səbəbdən, düşkünləşməməyim məni təəccübləndirir. Mən, saman çöpü kimi bu yeni qorxu və paranoyanın öhdəsindən gəlmək hissindən yapışmışam. Nə ölüm, nə də ölənlər barədə düşünmürəm. İndi mənim ən əsas məşğuliyyətim – mənim üçün o da yenidir, çünki mesajlara cavab verməmək, ya da nadir hallarda cavab vermək kimi bərbad bir vərdişim var – mənə yazan, mənim, ailəmin, dostlarımın əhvalıyla, işləriylə maraqlanan hər kəsə cavab verməkdir. İlk dəfədir ki, məişət dilimiz iltifat mübadiləsi üzrə bayağı razılaşma rolunu oynamır, kəlmələr öz gerçək anlamını qazanır.
Bu işə son dərəcə ciddi yanaşıram və hər gecə planlı şəkildə onlara cavab yazıram, ailəmin, dostlarımın vəziyyəti ilə maraqlanıram.
Pəncərələrdən düşən işıq öləziməyə başlayanda “Qoldfinqer”i açıram.
Amma filmi yarımçıq saxlamalı oluram. Bacım Çus (Mariya-Xesus) zəng vurub “La2” kanalında gedən sənədli filmdə məni göstərdiklərini deyir. İkinci kanala keçirəm və Dareşi Çji ilə Ketrin Qundun “Çavela” filminə rast gəlirəm. Gördüyüm, eşitdiyim hər şey məni qəhərləndirir. Vaxtilə onu izlədiyimə rəğmən, film məni qəfil yaxalayır. İndiki dövr yaşadığım dövrlərin hamısından fərqlənir.
Filmi əvvəllər də izlədiyimə baxmayaraq, içimdə elə bir duyğu seli yaradır ki, onları saxlamağı bacarmıram, heç saxlamaq istəmirəm də. Sonuncu kadra qədər ağlayıram.
Çavelanı “Karakol” konsert zalının, ya da “Albenis” teatrının səhnəsində (o, müğənni kimi ilk dəfə, məhz, teatrın səhnəsinə addım atmışdı, amma lənətə gəlmiş meksikan maçizmi ona şalvar və ponçoda çıxış etməyə imkan verməmişdi: “Əsl qadın belə geyinmir!”) təqdim elədiyim gecələrə aid xatirələr üzərimə axır. Parisdə “Olimpiya” konsert zalında da onu tamaşaçılara mən təqdim eləmişdim. Çətinliklə də olsa, teatrı doldura bilmişdik. Səhər səsi yoxlayanda Çavela işçilərin birindən bu teatrdakı çıxışları zamanı madmuazel Edit Piafın, adətən, səhnənin hansı hissəsində dayandığını soruşmuşdu. Çavela Varqas da həmin yerdə dayanıb oxumuşdu. Çavela mənim Piafım idi və həmin gecədən etibarən mən öz ayinimi yerinə yetirir, səhnənin, sonra onun ayağı dəyəcək santimetrlərini öpürdüm.
Ceyms Bondun əyləncəli əhvalatını kəsib telekanala keçəndə dahi Şamanın səsini yenidən eşitməyə, onunla birlikdə “Vámonos” oxuyan özümü görməyə, Madriddə, Meksikada yaşadığımız anları təkrar xatırlamağa hazır deyildim.
Üzüm göz yaşlarından islanmış halda Ceyms Bonda qayıtmazdan əvvəl azacıq fasilə vermək qərarına gəlirəm, amma La2 kanalı bu gecə rəhmsizdir. Çavela haqqında filmdən sonra başqa bir sənədli film – “Antonionun işığı” başlayır. Antonio – La Mançili rəssam Antonio Lopes, onun gözlərinin işığı isə həyat yoldaşı, hər zaman kənarda, Antoniodan və 50-ci illərin realistlər qrupundan bir addam arxada dayanan dahi rəssam Mariya Morenodur. O, bir neçə həftə əvvəl vəfat eləyib. Ekranda onun, Viktor Erisin “Heyva ağacının yarpaqlarındakı günəş” filmində improvizasiya prodüseri qismində işləməsindən də danışılır. Bu film 1992-ci ildə – mənim münsiflər heyətində olduğum il Kann kinofestivalının ortabab müsabiqəsinə düşmüşdü. Film haqlı olaraq münsiflər heyətinin xüsusi mükafatını qazanmışdı – hərçənd mən heyətin sədri Jerar Depardye ilə dalaşmalı olmuşdum. Film onun xoşuna gəlməmişdi. Xoşbəxtlikdən, münsiflər heyətinin qalan üzvləri məni dəstəkləmişdilər.
Nəhayət, “La2” kanalını bağlayanda artıq çox gec idi, amma mənim vecimə deyil. İzolyasiyada zaman dairəboyu hərəkət eləyir, mənsə Ceyms Bondla yaxşı ayrılmaq istəyirəm, üstəlik Şon Konneri gombul makiavelliçi Qoldfinqerin bütün planlarını pozub hamımızı xilas eləməyincə gözümə yuxu getməz.
01/04/2020
Uorren Bitti, Madonna və mən
Bütün bunlar hazırda yaşadığımız özünütəcridin gündəliyindən daha çox, Patti Difusun (Patti Difus uydurma personaj, porno-roman ulduzudur. 1980-ci illərdə Pedro Almodovar bu təxəllüs altında “La Luna” qəzeti üçün porno-ulduzun gecə gəzintilərindən bəhs eləyən gündəlik-köşələr yazıb-red.) yüngül xronikaları kimi təsir bağışlaya bilər. Ancaq yaddaş xatirələri seçəndə absurdlaşır.
Bazar ertəsi axşamı karantini sərtləşdirən yeni qaydalar elan olunanda mən klaustrofobiyanın ilk simptomlarını hiss eləməyə başladım. Onlar bir az gecikmişdi. Mən çoxdandır, klaustrofobiyadan da, aqorafobiyadan da əziyyət çəkirəm. Bilirəm, bunlar bir-birinə zidd patologiyadır, amma bu mənim orqanizmimin paradoksal özəlliklərindən biridir, həmişə belə olub.
Həmin gecə artıq bilirdim ki, ertəsi gün bayıra çıxmağa cəhd eləyəcəm. Özümü elə hiss eləyirdim, elə bil qəsdən cinayət törətməyə, yasaq həzzi dadmağa hazırlaşıram və buna qarşı çıxa bilmirəm. Ucuz bulvar ədəbiyyatındakı kimi səslənir, amma eynilə beləydi və bunda dustaqlıq təqsirkardır.
Planım son dərəcə minimal idi: yemək almaq. Bu, real alış-veriş və real ehtiyacdır – çünki mən tək yaşayıram. Odur ki, ikinci gün səhər evdən çıxmaq üçün geyindim və qəflətən hiss elədim ki, nəsə müstəsna bir iş görmüşəm: mən geyinmişəm! On yeddi gün bu gündəlik ayin olmadan yaşayandan sonra o, qəflətən mənə həddindən artıq intim və özəl təsir bağışladı. Yaddaşımda evdən çıxmaq üçün eynilə beləcə geyindiyim bir neçə əhvalat canlandı. Yaddaşıma həkk olunmuş, çox vacib anlar. Bunu indi anlayıram.
Məsələn, yadıma düşdü ki, 1980-ci ildə Lope de Rueda küçəsində “Pepi, Lyüsi, Bom və digər qızlar” filminin “Penyalver” kinoteatrındakı pyemyerasına getmək üçün geyinmişdim. Özümü elə hiss eləyirdim, elə bil premyera Los-Ancelesdəki “Kodak Theatre”də keçirilirdi. Həyatımda ilk dəfə tamaşaçılarla birlikdə öz filmimə baxırdım. Həyatımda ilk dəfə – əsl kommersiya kinoteatrında, ağzına qədər dolu zalda, il yarımlıq çəkiliş müddətində dostlarımla birlikdə yaratdığım orbazları seyr eləyən tamaşaçılarla bərabər. Zalı tərk eləməyənlər yıxılana qədər gülmüşdülər. Yadımdadır ki, onda Londonda Portobellodan aldığım qırmızı atlas gödəkcə geyinmişdim.
Biz nə geyinəcəyimizi həmişə əvvəldən planlamırıq, hər halda bunu həmişə bilmirik. Yadımdadır ki, “Pepi”nin premyerasından iki il sonra Movidanın qızğın çağlarında (Madrid movidası – 1980-ci illərdə İspaniyada andeqraund mədəniyyətin çiçəklənmə dövrüdür-red) Malazanyedəki bir bara getmək üçün Mao tərzində dik yaxalığı olan boz pencək geyinmişdim. Barı saxlayan oğlana gözüm düşmüşdü. Mao tərzində dik yaxalıq mənlik deyil. Bax, Perkinsin (Entoni Perkinsin “Psixoz” filmindəki qəhrəmanı Norman Beytsin geyim tərzi – uzun yaxalıqlı pulover) ikiqatlı buxağı gizlədən tərzi mənlikdir. Maosayağı dik yaxalığı indi ona görə xatırladım ki, haqqında danışdığım oğlan iki, ya da üç illik həyatma daxil olmuşdu. Və onda iz qoymuşdu.
Bir də modelyer Antonio Moradonun çin ipəyindən hazırladığı bənövşəyi smokinqimi və pərçimli ayaqqabılarımı xatırladım. 1989-cu ildə həyatımın ilk “Oskar” mərasiminə gedəndə əynimdə bunlar vardı. Biz qalib gəlmədik, Karmen Maurayla münasibətim də paramparça oldu. Amma həmin Los-Anceles səfəri möcüzələrlə dolu hadisə kimi yadımda qalıb.
Deməli, mərasimin ertəsi səhəri otağımdakı telefon zəng çaldı, dəstəkdən qadın səsi gəldi. Səsin sahibi elə danışırdı, sanki məni necə karıxdırdığını anlamırdı, ancaq güclü effekt yaratdığına əmin idi: “Salam. Danışan Madonnadır. Biz burda “Dik Treysi”ni çəkirik. Məmnuniyyətlə sizə çəkiliş meydançamızı göstərmək istəyərdim. Mən bu gün çəkilmirəm, bütün günümü sizə həsr eləyə bilərəm”.
… Zəng vuran saxta Madonna, ya da məni Ceyms Ellroyun öz romanlarında çox gözəl təsvir elədiyi çöllüklərdən birində doğramaq istəyən psixopat da ola bilərdi. “Qara georgin”i oxumusunuzsa, nədən danışdığımı anlayacaqsınız. Ellroyun anasını elə çöllüklərdən birində parçalara ayırmışdılar. Çox sevdiyim Brayan de Palmanın əsər əsasında çəkdiyi filmə də baxa bilərsiniz. Skarlet Yohansonla Hilari Suonk oynayır. Hərçənd düzünü desəm, rejissorun bu filmi uğursuz alınıb. Karantin üçün pis deyil, amma məsləhət görərdim ki, ondan əvvəl de Palmanın başqa filmlərinə – “Bacılar”, “Cənnətin kabusu”, “Karlitonun yolu”, “ Saxta cəsəd”, xüsusilə də, Al Paçinonun oynadığı “Çapıq üz” filmlərinə baxasınız. Bu silsiləni “Qara səhləb çiçəyi” ilə birlikdə izləsəniz, mənə təşəkkür eləyəcəksiniz. Onların hamısı super aydın, super əyləncəli incidir. Üstəlik mən də onlara öz zəmanətimi verirəm.
Madonnanın zənginə qayıdıram. Bəlkə də, kimsə mənimlə məzələnirdi. Amma oskarsız qalmağıma baxmayaraq, özgüvənim, zəngin gerçəkliyinə şübhə eləməyəcək qədər yüksək idi. Madonnanın səsi filmin çəkildiyi studiyanın ünvanını diktə elədi və mən fərəhdən işıq-saça-saça ora yollandım.
Uorren Bittidən tutmuş operator Vittorio Storaroya qədər bütün çəkiliş heyəti mənə qarşı çox mehriban idi. Bitti, növbəti epizodun necə çəkildiyini görüm deyə məni öz kreslosunda oturtdu. Az qala, ona uşaqkən ilk seksual istəyi “Otların üzərindəki gözəllik” filminə baxanda hiss elədiyimi deyəcəkdim (onda “Şöhrət və ağrı”dakı bənna hələ yox idi), amma təbii ki, özümü saxladım. Onlar tanınmaz dərəcədə dəyişmiş Al Paçinonun fasiləsiz çərənlədiyi epizodu çəkirdilər. Növbəti il aktyor bu rola görə “Oskar”a namizəd olmuşdu, film özü isə üç heykəl almışdı.
Əgər “Oskar” almadığınız günün ertəsi Madonna sizə zəng eləyirsə, bu, o deməkdir ki, “material girl” sizinlə həddindən artıq maraqlanır. Biz bir il sonra, onun “Blonde Ambition Tour”-u ilə bağlı təkrar görüşdük. Madriddə qaldığı bütün günləri onunla keçirdim. “Palace-otel”də onun şərəfinə La Polakanın iştirakı ilə (La Polaca – ispan aktrisası və flamenko ifaçısı) möhtəşəm şənlik təşkil elədim. Məclisə Rossi de Palma, Bibi Andersen, Loles Leon da dəvət olunmuşdu, ancaq Madonna açıq şəkildə bildirdi ki, qonaqların arasında onu məndən başqa maraqlandıran biri varsa, o da Antonio Banderasdır. Madonnaya, Banderasın da gələcəyinə dair söz verdim, amma onu, həyat yoldaşı və müğənninin qızğın fanatı Ana Lesasız çağırmağın imkansız olduğunu söyləmədim.
Kimin harda əyləşəcəyinə Madonna özü qərar verdi (mənim dostlarım üçün bir neçə dairəvi masa ayrılmışdı). Təbii ki, o özü əsas masada əyləşdi, sağında məni, solunda da Antonionu oturtdu. Ana Lesanı isə böyük zalın ən uzaq yerindəki masaya göndərdi. O, bizim ikimizdən, qismən də La Polakadan başqa heç kimi diqqətinə layiq görmədi. Müğənninin komanda üzvlərindən birinin əlində əla bir kamera vardı və hər şeyi çəkirdi. “Xatirə qalsın deyə”, – Madonna mənə belə dedi. Kameralı oğlanın yanında əlində elektron taraqqa (beləsini ilk dəfə görürdüm) olan bir nəfərin də gəzməyi məni təəccübləndirdi, ancaq qonaqpərvər ev sahibi belə şeylərə fikir verməməlidir. Üstəlik mən onun Antonioya verdiyi sualları tərcümə eləməliydim. O vaxtlar Antonionun karyerası sürətli yüksəlişə hazırlaşırdı: o, artıq “Məni bağla” filmiylə ABŞ-da debüt eləmişdi və özünü hollivudlu tənqidçilərə (həmçinin Madonnaya) sevdirmişdi. Lakin 1990-cı ilin həmin axşamında aktyor, hələ ingilis dilində bir kəlmə də bilmirdi. Bütün bunları ona görə danışıram ki, bir il sonra “Madonna ilə yataqda” filminin ekranlara çıxdığını eşitdim. O filmin ki böyük hissəsi, məhz, mənim “Palace-otel”də verdiyim ziyafətdə çəkilmişdi, Antonionu yoldan çıxartmaq isə filmin əsas süjet xətlərindən biriydi. Təbii ki, Madonnanın qısa bir cümlə ilə Ana Lesanı necə məhv elədiyini də çəkmişdilər. Deməli, məclisin sonunda Ana cəsarətini toplayıb bizim masaya yaxınlaşdı və yüngülvari sarkazmla sarışın ilahəyə “Görürəm, ərim sənin yaman xoşuna gəlib. Amma buna heç bir etirazım yoxdur, çünki mən müasirəm” dedi. Madonna da ona “”Get lost!” deyə cavab verdi (“əgər belə müasirsənsə, yox ol!”).
İndi yazdıqlarım haqq-hesab çürütməyə bənzəyə bilər, amma bu, məni qətiyyən narahat eləmir. Çünki hər şey tərsinə olsaydı (Mən Madonna ilə dəstəsini çəksəydim, sonra da həmin materialdan film montajlayıb bütün dünyaya izlətsəydim), məni daşa basardılar, məhkəmələrdən özümə gələ bilməzdim.
Öz filmində kadrlarımızdan istifadə etmək üçün icazə almamaqla Madonna bizi əfəl yerinə qoymuşdu – bunu nə vaxtsa söyləməliydim. Üstəgəl, məni dublyaj eləmişdilər: yəqin, ingiliscəm o qədər də yaxşı deyilmiş.
Yeri gəlmişkən, məclisin hansısa məqamında Madonna mənə sualla müraciət elədi: “Antoniodan soruş gör, qadınları bişirməkdən xoşu gəlir?” (And içirəm ki, elə belə də soruşdu). Sualı tərcümə elədim. Antonio heç bir cavab vermədi, nəsə mızıldandı və üzü “mən- ispan kabalyerosuyam, qadının xətrinə hər şey eləməyə hazıram” deyən bir ifadə aldı. Mənim üçün onun səssizliyi və bu jest həddindən artıq aydın cavabdır, amma Madonnaya daha çoxu lazım idi. “Soruş gör, – yenə mənə sarı çevrildi – bəs qadınlar onu bişirəndə də xoşuna gəlir?”. Bunu da tərcümə elədim. (90-larda “to hit” və “women” sözlərini artıq bilirdim). Antonionun üzü yenə eyni ifadəni aldı. Yəni, nə “hə”, nə də “yox”, amma ispan kabalyerosu xanımın istənilən arzusunu yerinə yetirməyə hazırdır.
Bunu ona görə danışıram ki, əslində hər şey, məhz, belə olmuşdu və bu, o gecənin ən məzəli məqamıydı. Ancaq Madonna onu filmə salmaq istəməmişdi. Yəqin, dünyanın, o məclisdə əslində nələr baş verdiyini öyrənməsi üçün pandemiya olmalıymış.
Hə, mən on yeddi günlük tam təcriddən sonra ilk dəfə küçəyə çıxmağımdan danışırdım. Yeni duyğular yaşamaq imkanını əldən qaçırmaq istəmirdim, bunun üçün yaxşı bəhanəm də vardı: yaşadığım rayondakı çoxsaylı qədim mağazaların birindən yemək almaq lazım idi. Sonsuz hüzur, səssizlik və həzz verən boşluq duyğuları ilə dolu əcaib bir şey hiss eləyirdim. Mən nə ölülər, nə də yoluxanlar haqqında düşünmürdüm. Mənə elə gəlirdi ki, Madridin yeni siması qarşısında, qeyri-adi situasiyada dayanmışam – hələ də onu təsvir eləməyə söz tapmıram. Qurbanlar haqqında düşünməməyə üstünlük verirəm (hərçənd tam belə deyil, onlara bacardığım qədər yardım eləməyə çalışıram). O qorxunc rəqəmləri hamımız bilirik. Diptixə bənzər bu mətnləri də onları unutmaqdan ötrü yazıram. Bu mənim qaçmaq, irəliyə doğru hərəkət eləmək üsulumdur. Düşünürəm ki, əgər gerçəkliyə təslim olsam, vurulacam. Mənsə bunu istəmirəm.
06/04/2020
Film tövsiyələri
Son vaxtlar tamamilə əzgin halda oyanıram. Deyəsən, təcrid hələ bir həftə də uzadılacaq. İlk günlərdəki yenilik duyğusu artıq yoxa çıxıb. Bu gün mənə elə gəlir ki, evim bütün enerjimi sorur, gündüzlərə və gecələrə müqavimət göstərmək üçün ehtiyacım olan gücümü məndən alır. Amma həmişə mütaliə və DVD-lərim var. Artıq ssenarilərim üzərində işləməyi də dayandırmışam, onlara istirahət vermişəm. Fikirlərin də dincəlməyə ehtiyacı var – bu, dəm almaq və böyüməyin təbii üsuludur.
Və sonda, sevincli və sanballı bitirməkdən ötrü bəzi film tövsiyələri yazıram. Onlar bu həftə – ki, ən ağır həftələrdən biri olacaq – melanxoliyanın, sıxıntının, bezginliyin ən xırda əlamətlərini belə birdəfəlik yox eləyəcək. Siyahıya, əsasən, maraqlı amerikan filmləri, ekssentrik komediyalar daxildir. Amerikalılar bu janrda uğurlu işlər yaradıblar:
- Hovard Houks “Meymun əməlləri”
- Corc Kyukor “Filadelfiya əhvalatı”
- Mitçell Leyzen “Gecəyarısı”
- Ernest Lyubiç “Olum, ya ölüm”
- Billi Uaylder “Birinci zolaq” (və daha erkən versiyası – “Onun sevgilisi Cümə”)
- Billi Uaylder “Cazda yalnız qızlardır”
- Corc Kyukor “Varlılar və məşhurlar”
- Hovard Houks “Ətəkli əsgər”
- Corc Kyukor “Ulduz doğuldu” (baş rolda Cudi Qarlend)
- Ernest Lyubiç “Üç qəlbin serenadası”
- Ramon Ernandes “Kasa Florad”, baş rolda Lola Flores
Belə bir xəzinə ilə bizə bircə evdə oturmaq, filmlərarası fasilələrdə dəhlizdə gəzmək və telefon, ya da skaypla dostlarımız, qohumlarımız və sevdiklərimizlə danışmaq qalır.
11/04/2020
Yaşasın kədər!
Daha bir kədərli gün; axşam 6-ya qədər özümü ələ ala bilmədim. Niyə dünən yox, bu gün? Bəlkə səbəb gərgin atmosferdir? Çünki aydın görünür ki, Avropa Birliyi ona ən ehtiyac olan zamanda işləmir. Ya da bəlkə səbəb odur ki, bu gün müqəddəs cümə axşamıdır, amma möminlər və müqəddəslər küçələri doldurmayıblar? Ya da bəlkə səbəb dünənki 683 ölüdür? Hətta bu, ötən günkü göstəricilərlə – 700 ölü- müqayisədə daha optimist rəqəm olsa belə…
Sosial həyatın yoxluğu ilə üzə-üzə qalanlar tədbirlər, bayramlar üçün darıxmağa başlayırlar. Təcridə qədər mən kütləvi Müqəddəs Həftə yürüşlərinə fikir vermirdim (möminlər məni bağışlasınlar). Mən dindar və bütpərəst deyiləm, amma düşünürəm ki, gələn il ya bu ənənələrin güclü olduğu doğma şəhərimdə, ya da Malaqada keçirilən bəzi yürüşlərə qatılacam. Antonio məni dəfələrlə dəvət eləyib.
Baxış bucağından asılı olaraq, on minlərlə reaksiya mövcuddur. Hətta bəziləri üçün izolyasiya çıxış yoludur: “Karantin bizə faydalı oldu: nə qədər ki davam eləyir, başımızın üstündə dam olacağına zəmanət var. Sonrasını bilmirik; heç bu barədə düşünmək də istəmirik. Biz bu günü yaşayırıq”. Bunu deyən şəxs il yarım əvvəl Valensiyaya gəlmiş kubalı mühacirdir; o, şəhərin mərkəzində, Kolumbiyadan, Nikaraquadan və Rumıniyadan gəlmiş digər ailələrlə birlikdə “Per amor a l’art” (“Sənətə sevgi naminə”) fondunun ayırdığı mənzildə yaşayır. Hərdən iş tapsa da (pitsa çatdırılması, gecə növbəsində gözətçi), hələlik sənədləri yoxdur. Hazırkı vəziyyət onu damla təmin eləyib, amma hər şey normallaşanda həm özü, həm də ailəsi üçün böyük macəra başlayacaq.
Aktyor dostum da, təxminən, eyni vəziyyətdə olduğunu deyir. Özünün, partnyorunun və pişiklərinin səhhətiylə maraqlanandan sonra özünütəcridə keçəndən bəri libidosunun nə vəziyyət olduğunu soruşdum. Dostum cavab verdi ki, normaldır, hətta daha yaxşıdır. Stressin yoxluğu, həmçinin nə qısa, nə də uzunmüddətli planlar qurmamaq partnyoru ilə münasibətinə yaxşı təsir eləyirmiş. O, heç bir müqayisə aparmadan söylədi ki, psixoloq dostunun pasientlərinin əksəriyyəti özlərini həmişəkindən daha yaxşı hiss eləyirlər.
Ümumi xaos və narahatlıq (stressin yoxluğu ilə paralel) müsbət simptomlar yaradır; gündəlik ehtiyaclara reaksiya verməyə ehtiyac qalmır və insanlar özlərini azad hiss eləyirlər. Başa düşürəm, belə narahat, xəstə dünya özüylə müqayisədə onların problemlərini kiçildə bilər. Bilmirəm, bunu necə izah eləyim, amma anladığım odur ki, hər şey məhv olanda psixoloqun pasientləri özlərini daha yaxşı hiss eləyirlər.
Özünü yaxşı hiss eləməyənlərsə seksual baxımdan da təcrid olunanlardır (xüsusən, çoxlu seksual əlaqələri olan, daimi partnyorsuz yaşayan adamlar).
Dostuma zəng vurub libidosu haqqında soruşmağımın səbəbi qəzetdə oxuduğum, “insanlarla ünsiyyət zamanı aclıq hissinin azaldılması strategiyaları”ndan bəhs eləyən məqalə idi. Həmin məqaləyə əsasən, insanlar seks oyuncaqlarından daha tez-tez istifadə eləməyə başlayıblar. Adətən, sərbəst olan, amma indi karantin ucbatından seksual istəklərini ödəmək imkanları da məhdudlaşan bəzi insanlar çarəsiz vəziyyətdə qalıblar. Deyəsən, indi sekstinq də əvvəlkindən daha çoxdur: telefon xətləri və mesajlar porno materiallar və porno ədəbiyyatla dolub-daşır.
Məqalədə deyilir ki, indi klitor soranlar, kişi masturbatorlar və cütlüklər üçün nəzərdə tutulmuş çoxlu oyuncaqlar bestsellerə çevrilib.
Məqaləni oxuyandan sonra bir neçə dostuma – kişilərə və qadınlara zəng vurub seksual iştahlarının vəziyyəti ilə maraqlandım.
Çarəsiz halda olduğunu, supermarketlərin tualetlərində “seksləşmək” üçün onlayn görüşlər təyin elədiyini deyən bir nəfəri çıxsaq, ümumilikdə, pandemiya və onun gətirdiyi özünütəcrid zəng elədiyim insanların çoxunda erotik tələbatı azaldıb.
Məsələn, mənim libidom təcridin lap başından məni tərk eləyib. Düşünürəm ki, kədər və narahatlıq erotik fantazıyaları sıxışdırıb.
Amma onu da başa düşürəm ki, seks həm zərurət, həm də biznesdir. Qəzetdə seks işçilərinin ağır vəziyyəti barədə məqalə oxumuşdum. Onların bəziləri daha ucuz qiymətə karantini müştəri ilə birlikdə keçirirlər. Belə şeylər oxuyanda peşəkar vərdişlə mövzuya ssenari üçün ideya kimi yanaşıram. Praqmatik həll tapan müştəri və fahişə karantini birlikdə keçirmək qərarına gəlirlər. Bu, o demək deyil ki, müştəri bütün istəklərini həyata keçirəcək. Çox güman ki, onlar evliliyə bənzəyən bir situasiyaya düşəcəklər: sutkanın 24 saatı birlikdə olmaq, söhbət etmək, paylaşmaq, öz uşaqlıqları, ailələri barədə danışmaq, bir-birinin qarşısında həm fiziki, həm də psixoloji çılpaqlaşmaq. Həqiqətən, çox zəngin bir situasiyadır. Əgər karantindən sağ çıxsalar, belə cütlüklərin gələcəkdə son dərəcə möhkəm münasibətləri olacağına əminəm.
Amma gəlin, özünütəcridə və onunla mübarizə üsullarına qayıdaq. Mən kinoya, bizi əyləndirən və zənginləşdirən filmlərə çox inanıram. Və bir halda ki bu mətnə kədərdən danışmaqla başladım, onda yarımçıq sevgi hekayələrindən bəhs eləyən filmlər tövsiyə eləyəcəyəm.
– Riçard Kuin “Qarşılaşsaq, tanış deyilik” (“Strangers when we meet”1960)
– Nil Cordan “Romanın sonu” (“The End of the Affair” 1999)
– Maks Ofyüls “Naməlum qadının məktubu” (“Letter from an unknown woman” 1948)
– Lui Mall “Eşafota aparan lift” (“Elevator to the Gallows” 1958)
– Otto Preminger “Salam, kədər” (“Hello, Sadness” 1958)
– Mikelancelo Antonioni “Gecə” (“La notte” 1961)
– Federiko Fellini “Ana uşaqları” (“I vitelloni” 1953)
– Fransua Trüffo “Zərif dəri” (“The soft skin” 1964)
– Nikolas Rey “Xəlvət yerdə” (“İn a Lonely Place” 1950)
***
Küçələri boş qalan pasxa həftəsi ilə vidalaşırıq və başqa çoxlu bayramlar gözləyirik, çox güman ki, küçələr yenə də boş olacaq. Buna alışa bilmirəm.