Erməni ordusu aprel ayında Kəlbəcəri aldıqdan sonra yay hücum kampaniyasına hazırlaşmağa başladı. Bu məqsədlə qoşunların yenidən qruplaşdırılması üçün Ermənistandan Dağlıq Qarabağa böyük həcmdə silah-sursat və canlı qüvvə gətirildi. Hücum əməliyyatına hazırlıq diplomatik danışıqların müşayiəti ilə həyata keçirilirdi. 15 may 1993-cü ildə Ermənistanın Moskvadakı səfirliyində Azərbaycan Baş naziri Pənah Hüseynov və Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadə ilə Ermənistan rəhbərliyi arasında danışıqlar aparıldı.
Bu danışıqlarda tərəflər Qarabağ münaqişəsinin tam həllinə dair razılığa gəldilər. 22 May 1993-cü ildə Azərbaycan və Ermənistanın Baş nazirləri Pənah Hüseynov və Qrant Baqratyan erməni qoşunlarının Qarabağdan çıxarılması və Dağlıq Qarabağın erməni icmasının Azərbaycan daxilində respublika statusu alması barədə müqavilə imzaladılar. (Vəliməmmədov, 2018:133).
Ancaq bu müqavilə Gəncədə baş verən qiyam səbəbi ilə baş tutmadı. Bu müqaviləyə görə Ermənistan ordusu könüllü olaraq Kəlbəcəri tərk edir, bunun əvəzində Azərbaycan Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət təklif edirdi. 1993-cü ilin fevral-mart aylarında Ağdərədəki məğlubiyyət və 1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğalından sonra AXCP hökuməti artıq müharibə aparmaq istəmirdi. Elçibəy sülh müqaviləsinin imzalanması ilə müharibəni bitirəcəyinə inanırdı. Ermənistan tərəfdə isə tamamilə başqa fikirlər hakim idi. Robert Koçaryan bu barədə belə yazır: “Biz ölüm və qalım mübarizəsi aparırdıq. Kəlbəcərin qaytarılması bizim üçün intihar ola bilərdi. Bir sözlə biz Kəlbəcəri ona görə götürməmişdik ki, sonra da Azərbaycana təhvil verək. BMT-də əleyhimizə çıxarılan qətnamədən sonra Ermənistana heç bir sanksiyanın tətbiq olunmayacağına əmin idim. SSRİ-nin dağılması o qədər sürətlə baş verdi ki, dünyanın aparıcı dövlətləri Cənubi Qafqazdakı maraqlarını müəyyənləşdirməyi bacarmamışdı. Vaxtımız az idi. Buna görə də SSRİ-nin dağılmasının geosiyasi cəhətdən hamı tərəfindən həzm ediləcəyi vaxta qədər hərbi uğurları möhkəmləndirməyə və maksimum üstünlük əldə etməyə tələsirdik. Samvel Babayan və mən artıq növbəti addımımız olan “Ağdam əməliyyatı”nı müzakirə edirdik. Ağdamdan daimi olaraq şəhərlərimiz və kəndlərimiz atəşə tutulurdu. Bu səbəblə Ağdamın ələ keçirilməsi Qarabağ ətrafında təhlükəsizlik sahəsi yaratmaq planımızın bir hissəsi idi. Bundan başqa Ağdamın götürüləcəyi təqdirdə vasitəçilərin dərhal diqqətinin ona yönəldəcəyini və Kəlbəcəri unudacağını ümid edirdik”. (Koçaryan, 2019:104).
Beləliklə, Bakıdakı AXCP hökuməti yaxın vaxtlarda Kəlbəcərin erməni qoşunları tərəfindən könüllü şəkildə azad olunacağını gözləyərkən Ermənistan rəhbərliyi artıq Ağdamı ələ keçirmək üçün planlar hazırlayırdı.
Ən maraqlısı budur ki, 1993-cü ilin iyun ayında Ağdam istiqamətində erməni hücumu başladıqdan sonra da AXCP hökuməti erməni qoşunlarının atəşkəs razılığını pozduğuna inanmadı. 708-ci briqadasının 2-ci motoatıcı taborunun komandiri Xətai Baxışov bu barədə belə deyir: “O günlərdə Ağdam istiqamətində aktiv döyüş əməliyyatları yox idi, lakin tezliklə bizə Əsgərandan ermənilərin hücuma keçdikləri bildirildi. Briqadamız hücumun qarşısını almaq üçün tədbirlər gördü. Tezliklə bu hücumun manevredici bir həmlə olduğunu anladıq. Ermənilər böyük qüvvələrlə Novruzlu-Mərzili istiqamətində hücuma başladılar. Bu istiqamətdə əsgər sayımız az idi, bu səbəblə canlı qüvvəni evaukasiya etdik. Hər iki kənd ermənilər tərəfindən tutuldu.“ (Vəliməmmədov, 2018:134).
708-ci briqadanın komandiri Talıb Məmmədov prezident Elçibəyə zəng edərək ermənilərin atəşkəs razılığını pozduqlarını və geniş miqyaslı hücuma keçdiklərini söylədi. Elçibəy dərhal Ter-Petrosyanla əlaqə saxladı. Petrosyan hücum barədə məlumatların həqiqətə uyğun olmadığını bildirdi. Elçibəy Petrosyanın sözlərini briqada komandirinə çatdıranda Talıb Məmmədov qəzəblə ermənilərə aid tankın gözünün qarşısında yandığını söylədi və dəstəyi asdı.
1993-cü ilin yayında hərbi əməliyyatların gedişatına təsir göstərən ən ciddi amil Azərbaycanda baş verən ciddi daxili siyasi böhran və xaos idi. 4 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynova sadiq sayılan hərbi hissələrə qarşı cəza əməliyyatı uğursuzluqla başa çatdı. Hökumət qüvvələrinin bir hissəsi keçmiş korpus komandirinə təslim oldu, bir hissəsi Gəncədən qaçdı. Hüseynov əlində olan ordu ilə Bakı istiqamətində hərəkət etməyə başladı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranırdı. AXCP hökuməti dərhal 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilən Heydər Əliyevə kömək üçün müraciət etdi. 17 iyun 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Komandanı Əbülfəz Elçibəy Bakıdan Kələki kəndinə qaçdı.
Heydər Əliyev hakimiyyətə gəldiyi zaman ölkədə xaos hökm sürürdü. Ölkənin şimalında və cənubunda separatçı hərəkatlar yaranmışdı. Demək olar ki, hər siyasi qrupun özünə aid silahlı dəstəsi var idi. Orduda özbaşınalıq hökm sürürdü. Baş Qərargah rəisi, general-mayor Nurəddin Sadıqov 5 iyun 1993-cü ildə, Müdafiə naziri Dadaş Rzayev isə 16 iyun 1993-cü ildə istefa verdi. Cəbhə bölgələrinin müdafiəsini təşkil etmək üçün kifayət qədər qüvvə və vasitə yox idi.
AXCP-Müsavat hakimiyyəti dövründə bölgədəki ən nüfuzlu hərbi siyasi qüvvə olan Rusiya Federasiyası ilə münasibətlər tamamilə korlandı. Bu dövrdə Ermənistan Rusiya meylli xarici siyasət yürüdürdü. Bu faktiki olaraq bölgədə bir Ermənistan-Rusiya hərbi-siyasi ittifaqının yaranmasına gətirib çıxardı. Bundan başqa Azərbaycanın millətçi çıxışlar səbəbi ilə qonşu İran və Özbəkistanla münasibətləri də korlandı. 1992-ci ilin oktyabrında ABŞ Konqresi Azərbaycana qarşı embarqo qoyan 907-ci düzəlişi qəbul etmişdi. Erməni ordusunun Ağdərə-Ağdam hücumu Azərbaycanın siyasi blokadada qaldığı bir dövrdə başladı. Yeni hakimiyyətə gələn Heydər Əliyevə ölkədə özbaşınalığın aradan qaldırılması və orduda disiplin yaratmaq üçün vaxt lazım idi. Bu səbəblə ölkənin müdafiəsini gücləndirmək və cəbhə üçün lazımi ehtiyatları hazırlamaq üçün vaxt qazanmaq üçün Heydər Əliyev atəşkəs təklif etdi. 1-2 gün davam edən atəşkəs Ermənistan qoşunları tərəfindən pozulurdu. Erməni komandanlığı uğurlu bir hücum üçün fürsət tapdığını, Azərbaycandakı qarışıqlığın gec-tez sona çatacağını və daha mütəşəkkil bir düşmənlə qarşılaşacaqlarını başa düşürdü. Buna görə də fürsətdən istifadə edib mümkün qədər çox ərazini ələ keçirmək istəyirdilər. Robert Koçaryan bu barədə belə deyirdi: “Vəziyyət bizim üçün işləsə də, bunun əbədi olmayacağını başa düşürdük. Bu səbəbdən üstünlüyə sahib olduğumuz andan istifadə etməli və irəliləməyə davam etməliydik.” (Koçaryan, 2019:105).
1993-cü ilin yayında cəbhədə komandanlıq yenidən təşkil edildi. 1-ci və 2-ci ordu korpusları əvəzinə Qarabağ cəbhəsinin komandanlığı yaradıldı. Müdafiə nazirinin müavini olan general-mayor Zaur Rzayevə bu cəbhənin komandiri, general-mayor Nəcməddin Sadıqov isə cəbhənin qərargah rəisi təyin edildi.
1993-cü il iyun ayının əvvəlində cəbhədə olan Azərbaycan qoşunlarının təşkilati quruluşu belə idi:
– Murovdağ silsiləsi boyunca komandanı İlqar Əliyev olan 701-ci motoatıcı briqada və komandiri Rasim Əkbərov olan 157-ci motoaatıcı polk;
– Tərtər rayonu , komandiri Altay Mehdiyev olan 703-cü motoatıcı briqada;
– Ağdam rayonu, komandiri Talıb Məmmədov olan 708-ci briqada;
– Xocavənd rayonu, komandiri Mikayıl Hacıyev olan 704-cü motoatıcı briqada;
– Füzuli rayonu, komandiri Heydər Piriyev olan 702-ci motoatıcı briqada;
– Cəbrayıl rayonu, komandiri Mahir Həsənov olan 896-cı motoaatıcı polk;
– Qubadlı rayonu və Laçın rayonunun cənubu, komandiri Rasim Muxtarov olan 706-cı motoatıcı briqada;
– Zəngilan rayonu, komandiri Firudin Şabanov olan 865-ci motoaatıcı polk.
Cəbhədə olan erməni qoşunları isə aşağıdakı regionlarda yerləşirdi:
– Mardakert müdafiə sahəsi, komandir Norayr Danielyan;
– Şuşa müdafiə sahəsi , komandir Vaçaqan İşxanyan;
– Mərkəzi müdafiə sahəsi, komandir Samvel Karapetyan;
– Martuni müdafiə sahəsi, komandir Monte Melkonyan;
– Hadrut müdafiə sahəsi, komandir Artur Ağabekyan;
– Şaumyan müdafiə sahəsi, komandir Sergey Çalyan.
(Vəliməmmədov, 2018:138).
Erməni qoşunlarının Dağlıq Qarabağdakı ümumi komandanlığını Samvel Babayan həyata keçirirdi. Seyran Ohanyan isə Qərargah rəisi idi. 12 iyun 1993-cü ildə erməni silahlı birləşmələri Ağdam və Ağdərə regional mərkəzi istiqamətində şiddətli bir hücuma başladı. Əməliyyatda 6000-dən çox hərbçi, haubitsa və özüyeriyən artilleriya, Mi-24 döyüş helikopterləri iştirak edirdi. Ordunun əsas vəzifəsi Azərbaycan bölmələrinin müdafiə xəttini yarmaq, ardından Ağdamın mühasirəyə alınması və orada cəmləşmiş qüvvələrin, silah-sursat anbarının, zirehli texnika təmir bazasının məhv edilməsi idi. Erməni ordusuna qarşı sayca 11 min nəfərdən ibarət olan 708-ci briqada və ona daxil olan DİN qoşunları müqavimət göstərməli idi. Ümumi komandanlığı Talıb Məmmədov həyata keçirirdi. Ancaq qeyd etmək lazımdır ki, prezident Elçibəy 1-2 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynova sadiq qoşunlara qarşı döyüşmək üçün Ağdamdan 12 ədəd D-30 haubitsası və 21 ədəd “Qrad” çıxarmışdı. Ağdam istiqamətində hücumda Əsgəran, Martuni və Mardakert müdafiə bölgələrinin qoşunları iştirak edirdi.
Ağdama əsas zərbə cənubdan Mərzili – Yusifcanlı kəndləri istiqamətində, mərkəzdən Əhmədavar – Şelli kəndləri istiqamətində və şimaldan Əlimədədli – Qalayçılar kəndləri istiqamətində endirildi. Hücumun ilk 3 günü erməni qoşunları Ağdam cəbhəsinin şimal və cənub istiqamətində müdafiə xəttini yardılar.
Cənub istiqamətindən hücumda Mərzili, Novruzlu, Yusifcanlı və Qiyaməddinli, şimal istiqamətindən isə Qalayçılar, Əliağalı, Əlimədədli, Kürdlər kəndi ələ keçirildi. Mərkəzdə isə erməni ordusunun bütün hucumları dəf edildi.
Erməni qoşunlarının ilk uğurlarına baxmayaraq Azərbaycan ordusu inadkar müqavimət göstərdi. Əsas mövqelər qorunub saxlanıldı, düşmən xeyli itki verdi. İlk hücumu dəf edən Azərbaycan ordusu əks hücuma keçərək bölgənin şimalındakı Kürdlər, Mollalar və Əlimədədli kəndlərini geri aldı, cənubda isə ermənilər tərəfindən ələ keçirilmiş bütün kəndlər – Mərzili, Novruzlu, Yusifcanlı və Qiyaməddinli geri alındı.
12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlər zamanı Martuni müdafiə bölgəsinin komandiri Monte Melkonyan və kəşfiyyat rəisi Saribek Martirosyan öldürüldü. Xətai Baxışov Melkonyanın ölümünü belə təsvir edir: “Top atışından sonra Mərzilidəki erməni mövqelərinə hücuma başladıq, əsgərlərimiz böyük şücaət göstərirdi. Briqada artilleriya divizonunun komandiri baş leytenant Vüqar Qurbanov bu döyüşlərdə xüsusilə fərqləndi. Piyada döyüş maşınlarımızdan biri düşmən piyadaların döyüş maşınlarını və canlı qüvvə ilə dolu olan Kamazını vurdu. Təzyiqimizə dözə bilməyən düşmən Mərzilini tərk etməyə başladı. BMP-1 heyəti Şaiq Kəlbiyev, Asif Mütəllimov və Əhliman Muxtarov (Monte Melkonyanı öldürən bu əsgərin adı daha sonra dəyişdirildi. Bu şəxs hələ də Azərbaycan Silahlı Qüvvələrində xidmət edir) geri çəkilən düşmən qüvvələrini atəşə tutmağa davam etdi. Bu anda atəş xəttində bir UAZ avtomobili peyda oldu. BMP həmin maşını nişan aldı, bu zaman avtomobildə və onun yanındakı ermənilər səpələnərək qaçdılar. İkinci atəşdən sonra altı erməni başını qaldırmadı. Bu anda Şaiq və Asif düşmənin tərk etdiyi BMP-ni ələ keçirərək kənara çəkməyə başladı. Bunu görən ermənilər öz BMP-lərini tankla vurdular. Şaiq və Asif yerindəcə həlak oldu. BMP-də tək qalan Əhliman UAZ istiqamətində intensiv atəşi davam etdirdi. Ermənilərin onu susdurmaq cəhdləri isə baş tutmadı.” (Vəliməmmədov, 2018:139).
Monte Melkonyanın qardaşı Markar Melkonyan bu hadisəni öz kitabında belə anladır: “12 iyunda günortadan sonra Monteyə Mərzilidə vəziyyətin ağır olduğu bildirildi. O öz müavini ilə birlikdə maşınla həmin istiqamətdə getdi. Onlar kəndə girəndə ermənilərin və azərbaycanlıların hansı istiqamətdə olduğunu müəyyənləşdirə bilmirlər. Bu anda bir piyada döyüş maşını UAZ-a təxminən 40 metr məsafədən atəş açır. Bu zaman maşındakılar qaçıb gizlənirlər. İkinci mərmi isə Montenin gizləndiyi yaşayış yerinin divarını dağıdır və onun üzərinə düşür. Bu zərbədən onu başı yarıdan ayrılır. Onun müavini polkovnik Saribek Martirosyan da həlak olur. Sağ qalanlar radiodan kömək istəyirlər və böyük çətinliklə Montenin cəsədini döyüş meydanından çıxarırlar. ” (Melkonian,1993: XVII: XVIII).
İyunun 18-dək Azərbaycan qoşunları düşməni praktik olaraq Ağdam bölgəsinin bütün ətrafı boyunca əvvəlki mövqelərinə geri çəkilməyə məcbur edir. Erməni ordusu Ağdərə şəhərinə də bir neçə dəfə uğursuz hücumlar təşkil edirlər. Ermənilər Dəmirli, Nerkin Oratağ, Canyataq və Gülyataq kəndlərini ələ keçirməyi bacarsalar da Ağdərəni ələ keçirməyi bacara bilmirlər. Azərbaycan ordusunun müdafiə xəttinin cəbhə boyu qırılmanın qarşısını alır. Ağdamda uğur qazana bilməyən erməni komandanlığı əməliyyat istiqamətini Ağdərə yönünə çevirir. Ağdərəni şimaldan Akop – Kamari istiqamətində və cənubdan Papravənd – Boyəhmədli istiqamətində iki hücumla mühasirəyə almaq üçün əməliyyat başladılır.
20 İyun 1993-cü ildə erməni qoşunları Ağdam istiqamətində yeni bir hücuma başladılar, Ağdam bölgəsinin mərkəzi və cənub hissəsində olan Azərbaycan qüvvələrini sıxışdırmaq üçün Ağdam istiqamətinin mərkəzinə manevredici hücum edilir. Əsas zərbə isə Ağdam və Ağdərə rayonlarının Papravend və Boyəhmədli kəndləri qovşağına endirildi. Mühüm yüksəkliklərə qalxan ermənilər Qalayçılar kəndi yaxınlığında cəbhəni yararaq 25 iyun 1993-cü ilə qədər Kürdlər, Mollalar, Papravənd, Boyəhmədli, Qarapirimli, Sofulu kəndlərini tuturlar. Bununla da Ağdam-Ağdərə yolunu kəsilir.
Bu kəndləri aldıqdan sonra erməni ordusu Ağdərəyə müdafiə olunmayan cənub istiqamətdən çata və şəhəri mühasirəyə ala bilərdi. 24 iyun 1993-cü ildə erməni qoşunları Akop-Kamari kəndini tutaraq Cerabert kəndinə doğru irəliləməyi bacardılar. Bu Ağdərənin şimaldan və cənubdan mühasirəyə alınması təhlükəsini yaratdı. Azərbaycan komandanlığı Ağdərədən geri çəkilməyə və Tərtər kanalı boyunca müdafiə mövqeləri qurmağa başladı. 26 iyun 1993-cü ildə erməni qoşunları Ağdərə şəhərini ələ keçirdi. Ağdərə işğal edilən ərəfədə Ermənistan ordusunun “Səlibçilər” batalyonunun komandiri Karo Kaxkedjyan öldürüldü. 1993-cü il iyun ayında Ağdərə bölgəsindəki cəbhə xətti Madagiz-Levonarx xətti və Tərtər kanalı boyunca sabitləşdi. Ağdərəni ələ keçirərək Ağdam bölgəsinin şimalında möhkəmlənən erməni komandanlığı yenidən qüvvələrini topladı. 1993-cü il iyul ayının əvvəllərinə qədər erməni komandanlığı Ağdam istiqamətində böyük qüvvələr cəmləşdirdi: dörd piyada alayı (6000-ə qədər hərbçi), iki tank batalyonu (60 tank), beş top diviziyası (120 top), 10 Mi-24 helikopteri. (Araslı, 1995:25).
Erməni komandanlığı şəhərə birbaşa hücumdan imtina edərək Ağdərədə olduğu kimi mühasirəyə almağı düşünürdü. Robert Koçaryan bu barədə yazırdı: “Biz Ağdama birbaşa frontal hücum planlaşdırmırdıq. Bölmələrimiz ərazi şəraitindən istifadə edərək şimaldan və cənubdan Ağdamı mühasirəyə almağa başladı . İstehkamların olmaması lehimizə idi. Bölmələrimizdən biri Ağdama suvarma kanalı istiqamətindən yaxınlaşdı. Şəhər istiqamətində mühasirəni tamamlaya bilmədik. Bunun üçün gücümüz yox idi. Ancaq əhalidə şəhərin mühasirəyə alındığı təəssüratı yaratdıq. Əməliyyatımız buna hesablanmışdı və bu da alındı. Əhali tələm tələsik şəhəri tərk etməyə başladı. Bu da şəhərin müdafiəçilərində ciddi ruh düşkünlüyü yaratdı və müqavimətlərini zəiflətdi” (Koçaryan,2019:105).
Azərbaycan komandanlığının diqqətini Ağdamdan yayındırmaq üçün 2 iyul 1993-cü ildə erməni qoşunları Füzuli və Cəbrayıl istiqamətlərində hücuma başladılar. İki gün davam edən döyüşlər zamanı Azərbaycan qoşunlarının müdafiə xətti yarılsa da tezliklə əks hücumla ermənilər əvvəlki mövqelərinə geri atıldılar. 3 iyul 1993-cü ildə mövcud qüvvələrdən istifadə edən erməni qoşunları Ağdamı mühasirəyə almaq məqsədi ilə güclü bir hücuma başladılar. Əsas zərbə Ağdam rayonunun şimalından Qızıl Kəngərli, Maqsudlu kəndləri istiqamətində və cənubdan Muğanlı, Saybalı, Novruzlu istiqamətində vuruldu. Məqsəd Ağdam-Bərdə yolunu kəsərək Azərbaycan ordusunu mühasirəyə almaq idi. Erməni qoşunları ağır döyüşlərdən sonra şimal istiqamətdən Qızıl Kəngərli, Salahlı Kəngərli, Maqsudlu kəndlərini Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar, İsmayılbəyli, Novruzlu, Mərzili, Yusifcanlı kəndlərini ələ keçirməyi bacardılar.
4 iyul 1993-cü ildə erməni qoşunları eyni zamanda cənubdan hücuma keçərək Ağdam-Bərdə yoluna yaxınlaşdı. Ağdam uğrunda gedən ağır müdafiə döyüşləri ilə eyni vaxtda Azərbaycan komandanlığı polkovnik leytenant Eldar Əliyevin rəhbərliyi altındakı 709-cu motoatıcı briqadasının bölmələrinin Ağdama köçürülməsinə başladı. Bu bölmələrə şəhərin şimalında Xıdırlı kəndi yaxınlığında və şəhərin cənubunda Muradbəyli kəndi yaxınlığında irəliləyən düşmən qruplaşmalarına qarşı əks hücuma keçərək məhv etmək tapşırığı verilmişdi. 709-cu motoatıcı briqadanın üç batalyonu Ağdama yerləşdirildi. Bu qoşunlara Dostəli Hacıyevin komandanlığı altında 1-ci motoatıcı batalyon, Tacir Adıgözəlovun komandiri olduğu 3-cü batalyon, Bahadur Zeynalovun komandanlığı altında 4-cü tabor, Altay Bayramovun komandiri olduğu tank batalyonu daxil idi. 709-cu motoatıcı briqadanın bölmələri şəhərə çatdıqdan dərhal Xıdırlı kəndini və Yeddixırman yüksəkliyini nəzarətə götürdülər. 5 iyul 1993-cü ildə 709-cu briqada bölmələri ilə birlikdə 708-ci briqadanın bölmələri erməni qüvvələrinin hücumunu dəf etməyə müvəffəq oldular və əks hücuma başladılar.
5-7 iyul 1993-cü il tarixində başlayan əks hücum zamanı Azərbaycan qoşunları şəhərin şimalındakı Qızıl Kəngərli, Maqsudlu kəndlərini və şəhərin cənubundakı Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar, Novruzlu kəndlərini azad etməyi bacardı. Ciddi itkilərə məruz qalan erməni qoşunları şəhərin cənubundakı mövqelərinə çəkilmək məcburiyyətində qaldılar. 3-4 iyul tarixlərində Ermənistan qoşunlarının Ağdama hücumunun dəf edilməsi və 5-7 iyul 1993-cü il tarixlərində həyata keçirilmiş uğurlu əks hücumlar Azərbaycan komandanlığında erməni qoşunlarına ciddi ziyan dəydiyinə və bundan sonra hücuma keçə bilməyəcəkləri barədə inam yaratdı. Bu düşüncə daha sonra komandanlığa baha başa gələcəkdi. 8 iyul 1993-cü ildən sonra Ağdam istiqamətində sakitlik hökm sürürdü , aktiv döyüş əməliyyatları dayandırılmışdı. 12 iyul 1993-cü ildə Mario Rafaellinin rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupunun bir komissiyası vəziyyəti yoxlamaq və qiymətləndirmək üçün bölgəyə gəldi. Şəhərin özünü və ətraf kəndləri araşdırdıqdan sonra Mario Rafaellinin rəhbərlik etdiyi komissiya geri qayıtdı. Şəhərin taleyinin həll edildiyi ərəfədə Ağdamda hakimiyyət uğrunda mübarizə başladı. 15 iyul 1993-cü ildə Ağdam tikinti materialları kombinatının direktoru Qasım Kərimovun rəhbərlik etdiyi bir qrup silahlı şəxs Ağdam rayon icra hakimiyyətinin başçısı Nadir İsmayılovu devirdi və rayon rəhbərliyinin binasını ələ keçirərək Qasım Kərimovu Ağdam rayon icra hakimiyyətinin başçısı elan etdi. Bu hadisədə 709-cu motoatıcı briqadasının hərbçiləri də daxil olmaqla, Azərbaycan ordusunun bəzi zabitlərinin iştirak etməsi ordudakı hərc mərcliyi göstərirdi. (Vəliməmmədov, 2019:142).
Bəzi hərbçilər icra hakimiyyəti başçısının təyin edilməsinə kömək etdiklərinə görə rüşvət almışdı. Yəni bir tərəfdən ermənilər Ağdama hücum edirdilər, digər tərəfdən də Ağdamın özündə hakimiyyət uğrunda şiddətli mübarizə gedirdi. 15-16 iyul 1993-cü il tarixlərində ATƏT-in Minsk qrupunun komissiyasının getməsindən sonra qüvvələrini yenidən toplayan erməni ordusu yenidən hücuma keçdi və Ağdamın şimalında tutulan mövqelərini geri ala bildi. Hücum zamanı ermənilər Qızıl Kəngərli, Maqsudlu, Şahbulaq, Tarnöyüt kəndlərini, habelə Çobandağ, Yeddixırman və Bozdağ yüksəkliklərini ələ keçirməyi bacardılar. Beləcə Azərbaycan qoşunları şəhər yaxınlığında əsas mövqeləri əlində saxlasa da şəhər ətrafında olan bütün yüksəkliklər erməni qoşunlarının əlində idi.
Erməni ordusu Azərbaycan ordusunun əməliyyat sahəsini maksimum daraltmışdı. Bu, faktiki mühasirə idi. Erməniləri şəhərin ətrafında olan yüksəkliklərdən atmadan Ağdamın müdafiəsi təşkil oluna bilməzdi. Vəziyyəti yalnız əks hücum xilas edə bilərdi, lakin bu əməliyyat üçün qüvvələr artıq yox idi. İyulun 21-də güclü artilleriya zərbələrindən sonra erməni qoşunları Şahbulaq, Əsgəran və Martuni istiqamətindən Ağdama yeni bir hücuma başladılar. Hücumun ilk günü düşmən şəhərin cənubundakı Muğanlı və Saybalını tutmağı bacardı. 22 iyul 1993-cü ildə erməni ordusu şəhərin şimalındakı Qiyaslı kəndini, şəhərin qərbindəki Xıdırlı, Qasımlı və Şelli kəndlərini və şəhərin cənubundakı Sarıcalı, Muradbəyli, Novruzlu və Yusifcanlı kəndlərini də ələ keçirməyi bacardı. Şəhər faktiki mühasirəyə alındığı üçün 23 iyul 1993-cü ildə Azərbaycan qoşunları şəhəri tərk etməyə başladı. 23 iyul 1993-cü il tarixdə saat 17 radələrində Ağdam və ona bitişik kəndlər düşmən tərəfindən atəşə tutulmağa başladı. Azərbaycan ordusunun hissələri Göytəpə – Eyvazxanbəyli və Zəngişalı – Afətli kəndləri istiqamətində geri çəkildi.
43 günlük şiddətli döyüşlərdən sonra erməni qoşunları Ağdamı və şəhərə yaxın kəndləri işğal etməyə müvəffəq oldular.
Nəticə
Ağdamın itirilməsi ilə Azərbaycan ordusu DQMV-nin mərkəzi Xankəndiyə yaxın olan strateji baxımdan ən əhəmiyyətli şəhərini itirdi. Ağdam uğrunda müharibədə erməni tərəfi 1500, Azərbaycan isə 5000-ə yaxın itki verdi. Azərbaycan ordusunun şəhər müharibələrində ən çox itki verdiyi ərazi də Ağdam oldu. Ağdamı qaytarmaq üçün bir neçə dəfə şəhərə hücum edilsə də bütün cəhdlər uğursuzluqla nəticələndi. Əvəzində erməni ordusu əks hücuma keçərək Azərbaycan ordusunu Ağdamdan 6 km məsafəyə qədər uzaqlaşdırdı. Ağdamın işğalı ölkədə baş verən xaosun gətirdiyi nəticə idi. Ağdamın itirilməsindən sonra o dövrdə Azərbaycanın Müdafiə naziri vəzifəsini icra edən Səfər Əbiyev Kazimirov vasitəsi ilə hərbi əməliyyatların dayandırılması üçün ordu komandiri Samvel Babayana müraciət etdi. İlk dəfə Rusiyanın vasitəçiliyi ilə iyulun 25-dən 28-dək Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılaşma imzalandı. (Koçaryan,2019:106).
Lakin bu razılaşma da çox qısa sürdü. Ermənistan ordusu Koçaryanın da qeyd etdiyi kimi Azərbaycanda siyasi qarışıqlıqdan maksimum istifadə etməyə çalışırdı. Bu dəfəki hədəf cənub rayonları idi.
İstifadə olunan ədəbiyyat
Велимамедов, Мамед (2019), Очерки по Карабахской войне.
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха.
Melkonian, Monte (1993) The Right to Struggle: Selected Writings by Monte Melkonian on the Armenian National Question.
Араслы, Джангир, (1995) Армяно-азербайджанский конфликт: военный аспект.