Türk romanı niyə yoxdur? Əvvəla bu sualı yaxşıca aydınlaşdırmaq lazımdır. Şübhəsiz ki, türk romanı var, üstəlik bu roman öz cəmiyətimizin içində qalmaqla yanaşı, olduqca geniş oxucu çoxluğuna xitab etməkdədir; hətta bu oxucu çoxluğu ilə roman müəllifləri arasında qarşılıqlı təsir də mövcuddur.
Bununla yanaşı, qərb dillərindən hər hansı birini bilən, əcnəbi ölkələrdə yaranan roman sənətinin ən yaxşı örnəklərini oxuyan və həyatla bağlı az-çox fikir sahibi olan ziyalılarımızın zövq aldığı bir roman hələlik yoxdur. Bu ortaq cəhətlərlə yanaşı, cəmiyyətimizlə və həyatımızla, türk insanına və onun problemlərinə münasibətdən doğan, eyni zamanda, öz atmosferinə görə bir-birindən çox fərqlənən ədəbi nümunlər arasında belə bütöv görünən türk romanı yoxdur. Konkret əsərlərdə zaman-zaman hamımızı razı salan gözəllikləri bir kənara qoyub ümumi nəzərlə bu sənət növünə baxmağa çalışanlar da romanın yoxluğunu asanlıqla inkar edə bilmirlər.
Hamımızın az-çox etiraf etdiyi bu çatışmazlığın səbəbləri nələrdir və görən niyə kitab bollu olsa da, əsər kasadlığı var?
Bu sualı ilk soruşan mən deyiləm. Bu əzəldən bəri məmləkətdə dilə gətirilən və müzakirə olunan sualdır. Problem konkret şəkildə ortaya qoyulmasa da, gah bugünkü türk ədəbiyyatına ümumi nəzər salanda, gah da fikir həyatımızla cəmiyyətimiz arasındakı münasibətlərə dair müzakirələrdə gizli və ya aşkar şəkildə bu suala rast gəlirik; üstəlik bu məsələ bütün oxucu-yazıçı qruplarının əsas müzakirə mövzularından biridir, cavablar da adətən iki cür olur.
Birinci cavabı artıq hamımız əzbər bilirik: “yazıçılarımız cəmiyyətimizlə, həyatımızla maraqlanmır, türk millətini, onun həyatını bilmir, oxuduqları qərb müəlliflərinin təsiri altındadırlar, əsərlərində səmimi deyillər.” Bu acı qənaət idealistlərimizin ağzından çıxan kimi hamı susur, üzlər qızarır, başlar əyilir.
İkinci cavab deterministlərindir. Onlar deyirlər ki, “istədiyimiz kimi türk romanı yoxdursa, bunun günahı həyatdadır. Həyatımız dərin deyil, keçid ərəfəsindəyik, bu vəziyyətdə güclü bir romançının çıxmağı mümkün deyil.”
Hər iki cavabda da böyük həqiqət payı olsa da, bir-bir bu cavabların üstündə düşünmək, elə bilirəm ki, sözügedən məsələni anlamağın ən yaxşı yoludur. Lakin əvvəlcə qeyd etməliyəm ki, bu tənqidləri səsləndirənlərin, bu hökmləri verənlərin heç biri təfərrüata varmaq zəhmətinə qatlaşmaq istəmirlər.
Məsələn, yoxluğundan şikayət etdiyimiz “həyatla əlaqə” nə cür əlaqədir, yaxud təsir, təqlid nə qədərdir, səmimiyyət deyəndə nəzərdə tutulan nədir? Digər tərəfdən, həyatımızın səthilikləri nələrdir ki, yaxşı yazmağımıza mane olur? Bu qansızlıq hardan gəlir? Bütün bunlar cavabsız qalıb. Ən nəhayət ikinci məsələ də var: Nümunə məsələsi. Bu tənqidlər səsləndiriləndə həmişə rus romanını nümunə gətirirlər. Bütün mükəmməliyinə baxmayaraq, rus romanı dünyada yeganə roman deyil. Bir də ki, niyə bir sənət növündən bu qədər çox şeyi birdən istəyirlər axı? Bunu yaxşıca izah etmək üçün gərək əvvəlcə tənqidlərin obyektivliyinə baxaq. Gəlin birinci cavabı irəli sürdüyü hökmlərə görə aşağıdakı bəndlərə ayıraq:
Türk romançısının cəmiyyətimizlə, həyatımızla bağları qopuqdur.
Qərb müəlliflərinin təsiri altındadır.
Səmimi deyil.
Əvvəlcə birinci hökmə baxaq: bir romançının cəmiyyətlə, həmin cəmiyyətin insanıyla, o insanın həyatıyla maraqlanmasını nəyə əsasən təyin edirik? Təsadüfi bir türk romanını açıram, içindəki adlara baxıram: türk adlarıdır. Yaşayışa baxıram: bizim məmləkətin yaşayışıdır. Mənzərəyə baxıram: Anadolu və ya İstanbul mənzərələridir. Yazıçı bacardığı qədər öz mühitini ifadə etməyə çalışıb. Mövzu: Öz həyatımızdan seçilib. Üstəlik, əsərdə həll edilməyə çalışılan problemlər var, bunlar cəmiyyətimiz problemləridir – yeri gəlmişkən, bu problem söhbətindən də ayrıca danışmaq lazımdır. Kəsəsi, yaşayışında təzadlar olsa da, bu məmləkətin insanı, bu məmləkətin peyzajında, bu xalqın diliylə öz kədərli və məsud macərasını yaşamaqdadır. İndi biz necə iddia edə bilərik ki, bu roman cəmiyyətimizlə bağlı deyil? Bir az da irəli gedib deməliyəm, qəzetlərimizdə və həyatımızda yer tutan məsələlərin təxminən hamısı türk romanında var. Türk romançısı başqa məmləkətlərdə təzə-təzə sınaqdan keçirilən kənd romanı belə yazmağa çalışıb. Qadın-kişi məsələsi, cəhalət məsələsi, yenilik məsələsi, ziyalının maddi vəziyyəti məsələsi… daha qatı realistlərin əlində kəndlinin həyatı, cəhalət, tənbəllik – bütün bunlar romanlarımızda var. Deməli, türk romanı birəbir şəkildə öz həyatımızla bağlıdır. Bütün bunlara baxmayaraq, doğurdan bu romanların süniliyinə, oxuyarkən cansızlığına üsyan etməmək, hətta reallıqla arasında bir bağ qurmaq çətindir. Bu, ayrı məsələdir.
Keçirəm ikinci hökmə: “Türk romançıları qərb müəlliflərinin təsiri altındadır.” Bu fikrə qarşı “əlbəttə, romanı onlardan öyrənmişik” deyə bilərdim və söhbətin məcrası dəyişərdi. Amma məqsədimiz bəsit polemika olmadığı üçün daha geniş düşünərək belə bir mülahizə irəli sürə bilərik: dünyada hansı sənət hərəkatı başqa bir sənətin, başqa bir dilin və başqa bir mədəniyyətin təsiri ilə yaranmayıb ki? Burda bəsit ensiklopedik bilgilərə ehtiyac yoxdur. Az qala hər millətin ədəbiyyatında, hər dövrdə xaricdən gələn bir peyvəndin təsiri altında yeni həmlələr olub. Bizdə adı çox çəkilir deyə götürək Dostoyevskini: şübhəsiz ki, inqilabdan əvvəlki rus cəmiyyətini, rus insanını onun qədər ifadə edən romançı az olar. Bu cümləmi oxucular məzur tutsun, Dostoyevskiylə bağlı belə danışmaq istəməzdim, amma burada onun həqiqətlərindən birinə ehtiyac var. Üstəlik o, qərb düşüncəsinin istilasına baxmayaraq, rus qalmağın əsas fiquru sayılır. Halbuki onun əsərlərinin modeli xaricdən gəlmə idi.
“Cinayət və cəza”dakı, “Karamazov qardaşları”ndakı qəhrəmanların bənzərlərini ondan əvvəl yetişmiş fransız romançılarında – Balzakda və Stendalda tapmaq mümkündür.
Napoleondan sonra Avropada üst-insan olmaq istəyənlər dəbə minmişdi. Bu nümunə bütün Avropanı gəzdi və hər yerdə, XIX əsrin axırına qədər fikir və sənət dünyasının başlıca məsələsi oldu, bütün ədəbiyyatçılar bundan qidalandı, bu müəlliflərin hamısı bir-birini oxuyurdu, təkrarlayırdı, bir-birini tamamlayırdılar. Deməli, qeyri-adi intriqanı, balaca mövzunu, yaxud bir kitabın mahiyyətini ifadə edən problemi çox asanlıqla başqa yerdən də götürmək olar. Texnika və həyata baxış məsələsinə gələndə isə rus romanının fransız romanı ilə olan münasibətləri bir ayrıca müzakirə mövzusudur. Özü də axı biz bunları hələlik ancaq fransız dilinə olan tərcümələrdən oxuyub qavraya bilirik.
Tolstoy uzun müddət hər səhər bir fransız müəllifindən tərcümələr edərmiş; sırf onun sənətini başa düşmək üçün. Bəs onda biz niyə öz romançılarımızı qərb müəlliflərini oxumaq və onların təsiri altında qalmaqda ittiham edirik? Təsir etməyən, iz buraxmayan mütaliə kimə lazımdır axı? İnsan özünə nəsə qatmaq, əlavə etmək üçün oxuyur, unutmaq üçün yox.
Burada özlüyündən bir etiraz yarana bilər və mən bunu gözləyirəm. Kimsə deyə bilər ki, təsirə düşməklə kopyalamaq arasında fərq var. Mən də belə cavab verirəm: Xeyr, bu məsələni o qədər böyütməyək, şübhəsiz ki, belə fərqlər var, amma bu alındırmaq məsələsidir, yəni müvəffəq olmaq, ya da olmamaq. Bu paradoksu izah edim:
Məsələn, təsəvvür edək ki, Dostoyevski kimi Balzakı və Stendalı oxumuş, amma onun dühasına sahib olmayan bir müəllifin eyni temaları işləyir. Biz həmin ehtimal olunan müəllifin yazacağı, yaxud yazdığını təsəvvür etdiyimiz əsərlərinə, əlbəttə ki, böyük yazıçının əsərlərinə olan heyranlıqla yanaşmayacağıq və ondan Dostoyevskidən danışdığımız kimi danışmayacağıq.
Halbuki tema eyni, sxemlər eynidir. Aradakı fərq fərdiyyət fərqidir; Dostoyevskinin şəxsiyyəti, ürəkkeçməsi, müvazinətsizliyi, xəstəlikləri və xilqətin o əlçatmaz sirri olan dühasıdır. Problem təsir və təqlid deyil. Biz Dostoyevskini tanıyırıq, özü də uzaqdan, uğur qazanmış cəhdi, ən yüksək təpəni görürük; yarı yolda qalanları heç düşünmürük.
Bunlar heç, qayıdaq əsas lazımlı fikrə; demək istəyirəm ki, kopya ilə orijinal əsər arasındakı fərq çox vaxt adicə alındırmaq məsələsidir. Sənətkarlarımızın uğursuzluğunun səbəbi qərblilərin təsirində qalması deyil. Alındıra bilmir deyə, qərb müəllifləri olan münasibətləri bu qədər çox gözə batır.
Burada bir nöqtə də var: görən biz həqiqətən oxuyuruq ki, şikayət etdimiz qədər qərbin təsirində olaq? Mən buna inanmıram. Bizdə oxuyan adam o qədər azdır ki, barmaqla göstərirlər. Bizdə dünyanın heç bir yerində olmayan elit bir zümrə formalaşıb: oxuyanlar zümrəsi. Bir cümlə yazmasa da, bir cümlə söz dilə gətirməsə də hörmət görən adamların olduğu məmləkətdə yəqin ki, oxuyan az olar. Fəqət biz bu mütaliə məsələsinə də ayrıca toxunacağıq. İndi ümumiləşdirək:
Türk romançısı deyildiyi kimi, bizə, öz məmkələtimizə üz çevirməyib; sadəcə bizi özünə çəkə bilmir, cəlb edə bilmir.
Türk romançısının boynuna qoyulan qərblilərin təsirində qalmaq məsələsi başqa şərtlər altında hətta arzuolunandır, üstəlik, bu təsir elə də güclü formada alınmır. Deməli ortada sadəcə müvəffəqiyyətsizlik məsələsi var ki, bunun da səbəblərini başqa yerdə axtarmaq lazımdır.
Bura qədər gəldiksə, müzakirə etdiyimiz hökmün üçüncü bəndi özü-özünə çıxdaş olur. Məncə, alınmamış əsərin səmimiyyətsizliyindən danışmaq olmaz. Fikrimcə, xətalarını örtə bilməyən, bütün iplərini bizə göstərən, şikəstliklərini və zəifliklərini ələ verən bir əsər səmimilikdən də o yanadır, birbaşa səmimiyyətin özüdür. Bəlkə biz səmimiyyət deyəndə böyük yazıçıların birinci xüsusiyyəti olan təsiretmə qüdrətini nəzərdə tutmalıyıq?
İndi deterministlərin yanaşmasına keçək. Onlar deyirlər ki, “həyatımız məhduddur, səthidir, biz keçid dövründəyik; həqiqi türk romanı ancaq məmləkətin özünəməxsus həyatı olandan sonra yazıla bilər.” Bu iddiada şübhəsiz ki, doğru məqamlar var. Fəqət ilk ağlıma gələn şey odur ki, elə bu iddianın özündən mükəmməl bir roman yazmaq olar.
Həyatımız məhduddur, qarışıqdır. Yaxşı, amma nəticədə bu həyat var və biz onu yaşayırıq, nifrət edirik, iztirab keçiririk, ölürük. Bir romançı üçün bunlar bəs deyil? Bircə insanın iztirab çəkdiyi yerdə insanlığa deyiləcək hər şey var. Bəli, bunlar doğrudur… Bəs niyə alınmır? Bunu ikinci məqalədə izah etməyə çalışacam.
II
Birinci hissədə başladığım düşüncələr silsiləsinə qayıtmamışdan qabaq bir sual vermək istəyirəm.
Görəsən həqiqətən istədiyimiz kimi bir roman yazılsa, onun fərqinə varardıqmı? Bu sualın cavabı kimi daşıdığı ağır hökmdən qorxmadan “xeyr…” deyə bilərəm. Bizim intellektuallarımızın, sənətkarlarımızın bir pis cəhəti də budur ki, yerli müəllifləri oxumurlar, hətta öz ədəbiyyatımızdan danışmağa belə yaxın durmurlar.
Türkiyədə aşağı-yuxarı 60 illik keçmişi olan bir roman ənənəsi var və ən durğun illərində heç olmasa iyirmi roman yazılır. Bu gün yaşayanlar arasında xalq tərəfindən əsərləri tanınmış 6-7 romançımız var. Belə olan halda hələlik türk romanını avropalı bir gözlə tədqiq edən, mövcud təmayyülləri ifadə edən, zəif və dinamik nöqtələri göstərən, bizdəki və xaricdəki ədəbiyyat bağlarını təsbit edən tənqid təcrübəmiz yoxdur. Bircə yazıçımız belə türk romanını düz-əməlli oxumaq zəhmətinə qatlaşaraq onu anlamağa çalışmayıb. Bunu keçdik, bu gün yazılan əsərlərlə bağlı da ciddi bir müzakirə açıldığını görmürük. Romançılar da öz əsərlərindən başqa roman sənətiylə bağlı və həmkarlarının əsərləri barəsində yazmırlar, ya da çox az yazırlar. Mən bu vəziyyətə baxıb xeyli düşünmüşəm ki, bəlkə bizdə roman “oxucu ilə yazıçı arasında çox xüsusi qalması lazım gələn bir növ ailəvi məsələdir?” Son illərdə öz ədəbiyyatımızla münasibətlərimiz o dərəcəyə gəlib çıxıb ki, öz ədiblərimizdən bir az geniş şəkildə bəhs etmək üçün zavallı gərək ölmüş olsun. Tənqidin mərsiyə ilə qoşa addımladığı yeganə sənət mühiti bizdədir.
Bununla yanaşı, haqqında heç kimin danışmadığı həmin romanlar oxunur, əvvəla pis-yaxşı qəzet səhifələrində oxunur, sonra çap olunur, ən azı iki-üç min arası satılır və hər nüsxəsi əldən-ələ gəzir.
Uzatmıram, bu qədər az reaksiya verdiyimiz sənətin bizi ifadə edərkən möcüzələr göstərməyini necə istəyə bilərik axı?
Baxın, Yahya Kamala “məktəbdən məmləkətə” söhbətinə haqq qazandıran nöqtələrdən biri də budur; bir az özümüzlə maraqlanmaq məsələsi… Bu sadəcə bizə özümüzlə bağlı hökm vermək səlahiyyətini gətirməyəcək, həm də problemlərimizi meydana çıxaracaq, yəni onların qarşılığı olan potensial əsərləri hazırlamış olacaq.
Bu həvəskar sualımla ifadə etmək istədiyim şey budur: bir məmləkətdə bir sənət növünün tək başına inkişaf etməyi mümkün deyil. Ona lazımlı alətləri verəcək bütöv bir ədəbiyyat həyatı olmalıdır. Türk romanı tək-tək əsərlər şəklində qaldıqca irəliləməsi çətin məsələdir. Bizdə bəlkə də roman yazmaq üçün lazım olan hər şey var. Amma romançını qidalandırmaq üçün bütün məmləkət həyatını birdən qavrayan elektrikli ədəbiyyat havası yoxdur. Sənət həyatımız əvvəla dağınıq, sonra isə kasıbdır.
Fərd məsələsindən burda danışmaq istəmirəm, o xilqətin anlaşılmaz bir sirridir; bütün səbəblər ortaya tökülər, müzakirə edilər, həll olunar. Amma yenə bir düyün qalar ki, tək başına məchulu qalar: Yaradılış. Cəmiyyət filan saatda, filan böyük sənətkarı yetişdirmək üçün bütün imkanlara malikdir. Amma bunu ancaq həmin böyük sənətkar yetişəndə öyrənmiş oluruq. Bir romançı bir insandır, amma bütün kütləni, bütün potensial insanlığı içində daşıyan insandır. Belə yanaşanda, məsələ büsbütün dəyişir. Lakin biz bilirik ki, bir cəmiyyət içində bir ənənənin davam etməsi bəzən bu cür möcüzələri təbiiləşdirir. Bu mənada qəbul etmək lazımdır ki, hələlik türk cəmiyyəti roman adlandırılan vadidə özünü təzə-təzə ifadə etməyə başlayıb. Orasını da unutmayaq ki, yaradılış sirrdir. Amma insanı yetişdirmək həm də bilgi və proqram işidir, bu isə öz əlimizdədir.
Mənim gördüyüm ikinci problem sinif, təbəqə məsələsidir. Bizdə təbəqələrin açıq və qəti şəkildə mövcud olmamağı ziyalını ayrı bir sinif halına gətirir ki, bu da onun cəmiyyətlə olan əlaqəsini mübhəm şəklə salır. Türk romançısı konkret bir həyat tərzinin adamı ola bilmir, sadəcə fikirlərlə yaşayır. Və bu bizdə nadir hadisə olduğu üçün, o, ümumi həyata istiqamət verən fikirlərin içində ilişib qalır.
Məşrutiyyətdən bəri ədəbiyyat ümumi həyatın dalınca düşüb; halbuki başqa məmləkətlərdə ümumi həyat, ədəbiyyatı güclə izləyir.
İdealın üfüqləri əvvəlcə ədəbiyyatda gülümsəyir, biz çox vaxt məşəlin keçib-getdiyimiz yerləri işıqlandırmağını istəyirik. Bu vəziyyət türk romanını bəzən süniliyə sürükləyib. Hər şeydən əvvəl bunu unuduruq: romanda ifadə ediləcək ən böyük şey fərddir, konkret cəmiyyətdə, konkret zümrənin nümayəndəsi kimi, konkret tarixi dövrü yaşamış fərd. Bu fərd elə romançının özüdür.
Roman yazmaq istəyən gənc dostum bir gün mənə dedi ki, Anadoluya gedib kəndləri gəzmək, kəndlilərin və xalqın psixologiyasını tədqiq etmək istəyir. Soruşdum ki, neyləcəksiniz? Dedi: Roman yazacağam və bu xalqı həmin romanda dilə gətirəcəm. Yadıma Zolyanın Parisin fəhlələr yaşayan məhəllələrində üstü açıq zərif bir maşınla gəzməsi düşdü. Sözsüz ki, bu alicənab arzu qarşısında heç nə deyə bilməzdim. Hətta bu Anadolu uşağına demədim ki, axı Anadoludan yeni gəlmisən. Dostum Anadolunu uzun-uzun gəzdi. Kəndləri gördü, balaca qəsəbələrin sakinləri ilə danışdı, qeydlər götürdü, şəkillər çəkdi. Amma romandan əsər-əlamət yox idi, xəbər almaq istədim, mübhəm bir işarə və bir neçə kəlməylə söhbəti bağladı. Həqiqət bu idi ki, dostum bir xəyala qapılmışdı. Əvvəla onun başa düşdüyü kimi kəndli romanı yazıla bilməzdi, bəlkə yeni dövr rus müəlliflərinin yoxladığı kimi, kəndin bir növ epopeyavari romanı yazıla bilərdi. Kəndlilərdən, yaxud balaca şəhər sakinlərindən tiplər meydana çıxa bilərdi, xüsusilə Qorkinin etdiyi kimi. Bunun üçün isə Anadolunu gəzmək kifayət etmirdi. Çünki həyatı süni sənət müqaviləsi ilə görmək başqa şeydir, onu təbii şəkildə yaşamaq, yəni başqa cür yaşamaq mümkün olmadığı üçün yaşamaq tamam başqa şey. Bir də ki, həqiqətən romançı kimi doğulan adam bunu öz otağında da yarada bilərdi. Dostum Anadolu 3-4 xalq nağılına qulaq asdı və bir növ etnoqrafik tədqiqat apardı, nəhayət mövsümə, iqlimə, rast gəldiyi ruhi vəziyyətlərə və öz əhvalına uyğun gələn bir yığın da hökm peyda edib geri qayıtdı, romanı yazmadı. Özünə bütün kütləni danışdırmaq vəzifəsini layiq görən dostum bu səyahətdənsə özünü dərinləşdirsəydi, öz həqiqətlərini ortaya atsaydı, əminəm ki, türk romançılığı diqqətəlayiq bir əsər qazanacaqdı və o, bəlkə də etmək istədiyi şeyi özü də bilmədən edəcəkdi.
Amma dostum bu yalnış addımı atmaqda haqlı idi. Gəncliyində ona bunu tövsiyə etmişdilər. “Xalqa qarışın, kəndə, qəsəbəyə gedin… həqiqət yalnız orda var…” Heç kim ona deməmişdi ki, “Sən tək başına bir reallıqsan, bizə bu reallığı anlat. Yaşadığın saatı, hiss etdiyin günü, hər gün içini sıxan sızıltıları və hər axşam sənə yaşamaq eşqi verən ümidlərini anlat, ayrıldığın üzlər, gördüyün mənzərələr… həsrətlərin və qürbətin bizə bəsdir, çünki biz bilirik ki, sənin mənliyində bütöv bir türk iqlimi, bütöv bir türk cəmiyyəti, hətta bunların içində bütöv insanlıq var, onları danışdır, yəni özünü. Deyəcəyin yalan belə bizim üçün qiymətlidir. Yetər ki, yaxşı yazasan. Madam ki, romançı olacaqsan, əvvəla romanın fəhləsi ol.”
Xeyr, bunları ona heç kəs deməmişdi.
Ölkənin intellektual həyatının kasıblığından yuxarıda bəhs etmişəm. Bizdə ancaq roman yazan adam təsəvvür edə bilmirəm. Bir romançı, bir şair, bir dramaturq… Bütün bunların yetişməsi üçün əvvəlcə özümüzlə, sonra isə bütöv ölkəylə maraqlanan bir ədəbiyyat olmalıdır. Halbuki bunlar bizdə yoxdur. Türk dili hələ ki, fərdlə başlayan təcrübə dediyimiz şeyi tanımır.
Vətənimiz yeni üfüqlərə doğru gedir, 12 ildən bəri hər gün görkəmli hadisələrin səhnəsinə çevrilir, bütöv cəmiyyət kökündən dəyişir. Etiqadlar, yaşayış formaları, iqtisadi həyat… hamısı dəyişir. Amma bütün bunların bizim milli kitabxanamızda əks olunduğunu görmək mümkün deyil. Yeri gəlmişkən, girmək istədiyimiz Avropa cameəsinin fikir həyatını türk dilində oxumaq istəyinin vay halına!
Düzünü deyək ki, fikir həyatımız gündəlik qəzetlərin əlindədir. Bu elə yoxluq deməkdir. Belə bir ədəbiyyat mühitində romançıların və sənətkarların işindəki ağırlığı təsəvvür etmək asandır. Arada vasitəçi olmadığı üçün hər şeyi özü etmək məcburiyyətindədir.
Üçüncü məsələ daha maddidir; romançılıq peşə olmayıb. Bir ölkədə bütöv bir romanın ərsəyə gəlməsi üçün bu sənətlə məşğul olanlar gördükləri işlə dolanmalıdır. Bizdə roman jurnalistikanın bir şöbəsidir. Bir romançı, lap olsun məşhur romançı, bir az pul qazanmaq üçün romanını çap etdirməyə məcburdur. Bu heç, üstəlik, dolanmaq üçün jurnalistikayla da məşğul olmağa məcburdur, ya da məmur olmağa. Halbuki bir qəzetin romançıya göstərdiyi qonaqpərvərlik bəzi şərtlərə tabedir və bu şərtlərin əksəriyyəti elədir ki, hətta Fransada Anatol Frans kimi bir adam kitab satışından şikayət edir, bizim gərək fəryadımız göylərə çıxsın. Bu problemlə bağlı düşünməyə dəyər.
Gördüyünüz kimi roman məsələsi təkcə özündən ibarət deyil. Əvvəla fərdin yetişməsində, ikincisi ölkənin ümumi sənət anlayışında və nəhayət kitabçılıq həyatımızda dəyişiləsi xeyli şey var. Bu xüsusda tam və səlahiyyətli bir çıxış etmək üçün əlimizdə olanları yaxşı bilməliyik. Mən ən faydalı şeyin konkret romanlarımız və romançılarımızla bağlı danışmaqdan keçdiyinə inanıram.
(1936)
Tərcümə: Qismət